İran tarixi İkinci Dünya Müharibəsindən sonra

İkinci Dünya müharibəsində İran özünü bitərəf elan etsə də, şah hökumətinin Almaniya ilə yaxınlaşması onun ərazisinin 1941-ci ildə SSRİ və İngiltərə qoşunları tərəfindən işğal edilməsinə səbəb oldu. Rza şah devrildi və onun oğlu Məhəmməd Rza (1941–1979) şah elan edildi. Razılaşmaya əsasən, müharibə bitdikdən sonra bu dövlətlər qoşunlarını geri çəkməli idilər. Ona görə də ABŞ və İngiltərə qoşunları 1945-ci ildə İranı tərk etdilər. Lakin sovet qoşunları işğal bölgəsi olan Cənubi Azərbaycanda qalırdı. Cənubi Azərbaycan məsələsi Soyuq müharibənin başlanmasına təsir edən amillərdən biri oldu. Bu məsələ 1945-ci ildə yaradılmış BMT-nin Təhlükəsizlik Şurasında müzakirə edilən ilk hadisə idi.

Şah hökuməti SSRİ-yə güzəştli neft müqaviləsi vəd edərək 1946-cı ildə sovet qoşunlarının İranı tərk etməsinə nail oldu. Bundan sonra İran ordusu hücum edərək Cənubi Azərbaycan muxtar hökumətini işğal edərək ləğv etdi. Bundan sonra ziyalılara və demokratik qüvvələrə qarşı repressiya siyasəti həyata keçirildi. Onlar həbs olunur və İranın cənubuna sürgün edilirdilər. Mətbuat üzərində senzura qoyulmuşdu. Ölkədə iqtisadi böhran güclənir, işsizlik artırdı. Kütləvi nümayiş və fəhlə tətilləri baş verirdi.

1940-cı illərin sonunda ingilislərin inhisarında olan neft sənayesinin milliləşdirilməsi uğrunda mübarizə başlandı. Bu hərəkatın başında Milli Cəbhə lideri Məhəmməd Müsəddiq dururdu. 1949–1953-cü illəri əhatə edən ictimai-siyasi hərəkatın əsas tələbləri İranın siyasi həyatının demokratikləşdirilməsi, neft sənayesi üzərində ingilis inhisarına son qoyulması və bu sahənin milliləşdirilməsi idi. 1951-ci ildə Müsəddiqin təklifi ilə Məclis neft sənayesinin milliləşdirilməsi haqqında qanun qəbul etdi. Xalq arasında böyük nüfuzu olan Müsəddiq Baş nazir təyin edildi. Bu, İngiltərə və ABŞ-ın narazılığına səbəb oldu. Müsəddiq iqtisadi problemləri həll etmək üçün tədbirlər həyata keçirdi. Bu məqsədlə böyük torpaq sahiblərinə məxsus ərazilərin bir hissəsini torpaqsız kəndlilərə paylamaq göstərişini verdi. Ancaq Müsəddiqin bu cəhdləri böyük torpaq sahiblərinin ona qarşı çıxmasına səbəb oldu. 1953-cü ilin avqustunda ABŞ və İngiltərənin köməyi ilə dövlət çevrilişi baş verdi. Müsəddiq hökuməti devrildi.

İranda “Ağ inqilab”

1960-cı illərin əvvəllərində iqtisadi böhranın dərinləşməsi İranda siyasi vəziyyəti gərginləşdirmiş, sosial ziddiyyətləri gücləndirmişdi. Şah hökuməti artıq problemi zor gücü ilə həll edə bilməyəcəyini anlamışdı. Ona görə də hökumət islahatlar keçirməyə məcbur oldu. Bu islahatlar güc tətbiq edilmədən həyata keçirildiyi üçün “Ağ inqilab” adlandırıldı. İslahatlar sosial, iqtisadi və mədəni sahələri əhatə edirdi. Əsasən, aqrar sahədə aparılan bu islahatlar ilk olaraq 1962-ci ildə Cənubi Azərbaycanda həyata keçirilməyə başlandı. Çünki burada sosial ziddiyyətlər daha dərin, narazılıq daha güclü idi. Bu islahat kəndlilərin dövlətdən və iri torpaq sahiblərindən torpaq sahələri satın almasına yardım etməli idi. Aqrar islahatlar nəticəsində kənddə yarımfeodal torpaq mülkiyyətinə son qoyuldu. Kəndlilərin böyük bir hissəsi torpaq sahibinə çevrildi. Lakin aqrar islahatların yarımçıq keçirilməsi, kəndlilərə dövlət tərəfindən maliyyə yardımının edilməməsi bu sahədə problemləri tamamilə həll etmədi. Aqrar islahatlar böyük torpaq sahibləri olan ruhanilərin narazılığına səbəb oldu. Məhkəmə islahatı nəticəsində bu sahədə də nəzarəti itirmələri onların şah hökumətinə qarşı nifrətini daha da artırdı. Həmçinin dünyəvi orta və ali məktəblərin açılması da ruhanilərin nüfuzunu sarsıtmışdı. 1960–1970-ci illərdə reallaşdırılan islahatlarda ölkənin sənayeləşdirilməsinə xüsusi əhəmiyyət verilirdi. 

  • a) “İranda sosial ədalətsizliyə, zülm və istismarı meydana gətirən amillərə və inkişafın önünə keçib cəmiyyəti ibtidai səviyyədə saxlamaq istəyən irticaya son qoyaraq köklü bir düzənə ehtiyac vardır. Köhnənin yerinə yeni bir düzən qoyarkən ...İran xalqının xarakterinə, ölkənin ərazisinə, tarixinə və coğrafiyasına uyğun yol seçilməlidir. İki əsas prinsip bizim üçün müqəddəs sayılmalı idi. Birincisi, mənəvi prinsiplərimiz və dini inanclarımız, digəri isə şəxsi və ictimai azadlığın qorunması idi”.
    Məhəmməd Rza şah Pəhləvi
  • b) “Xalqım, şaha inanmayın. O sizin xilaskarınız deyil. Sizi düşünmür, yalnız özünü və ona əmr edənləri düşünür. Ölkəmizi satır və hamınızı aldadır. Şah getməlidir!”
    M.Xomeyni.

İslam inqilabı

ABŞ-ın köməyi ilə şah ölkədə qərbləşdirmə siyasəti yürüdürdü. Əhalinin böyük hissəsi yoxsulluq və səfalət içərisində yaşayırdı. Kiçik bir qrup isə dövlətin bütün gəlirlərini mənimsəyirdi. Orta təbəqənin olmaması bu iki qrup arasında tarazlığı pozurdu. İslahatların keçirilməsi ilə yanaşı, şah hökuməti demokratik qüvvələrə, ziyalılara və mütərəqqi din xadimlərinə qarşı təqib siyasətini davam etdirirdi. Əhalinin sosial-iqtisadi vəziyyətinin pisləşməsi, cəmiyyətdə islahatlara, qərbləşdirmə tədbirlərinə nifrəti artırırdı. Bu, dini müxalifətin güclənməsinə də səbəb oldu. 1970-ci illərin ikinci yarısından etibarən İranın müxtəlif yerlərində baş verən hadisələr ölkədə sosial narazılığın yüksəldiyini göstərirdi.

Şah rejiminin milli və sosial zülmünə daha çox məruz qalan Cənubi Azərbaycanda bu narazılıq güclü idi. 1978-ci ilin yanvarında ölkənin ən böyük dini mərkəzlərindən olan Qum şəhərində nümayişçilərə qarşı silah işlədilməsi Cənubi Azərbaycanda narazılıqla qarşılandı. 1978-ci il fevralın 18-də Təbrizdə dini başçı Şəriətmədarinin çağırışı ilə əhali nümayişə çıxdı. Nümayişdə cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlar iştirak edirdilər. Dinc etiraz nümayişi mövcud quruluşa qarşı üsyana çevrildi. Şahın devrilməsi ilk dəfə Təbriz üsyanında tələb edilmişdir. Şah İranın başqa şəhərlərindən gətirdiyi hərbi hissələrin köməyi ilə Təbriz üsyanını qəddarlıqla yatırdı. Təbriz üsyanı İranın siyasi və sosial həyatına böyük təsir göstərdi. Üsyanlar bütün ölkəni bürüdü. Əhalinin bütün sosial təbəqələrinin hərəkata qoşulmasına səbəb oldu. İnqilabın əsas xüsusiyyətlərindən biri şah hakimiyyətinə qarşı mübarizənin bütün sosial təbəqələri birləşdirməsi idi. Ona görə də İran İslam inqilabı tarixdə ən böyük kütləvi hərəkatlardan biri olmuş, şah hakimiyyətinin əsaslarını sarsıtmışdır. Bu zaman xaricdə olan və sonralar azadlıq hərəkatına rəhbərlik edən AyətullahMusəvi Xomeyni Təbriz əhalisinə məktub yazaraq onların qəhrəmanlığını alqışlamışdı. Təbriz üsyanının əks-sədası Avropa və Amerikada da çox güclü oldu. Xəbərin “Vaşinqton Post” və “Nyu-York Tayms” kimi qəzetlərdə yayılması ilə Təbriz azadlıq mərkəzi kimi məşhurlaşdı.

1978-ci il sentyabr ayında inqilabın ikinci mərhələsi başladı. Bu dövrdə inqilabda ruhanilərin rolu artdı. Hərəkata sürgündə olan M.Xomeyni rəhbərlik edirdi.

İRan inqilabıÖlkədə tətil və nümayişlərin ara verməməsi, hərəkat rəhbərlərinin “Şah getməlidir!” təkidli tələbi, sayı milyonları ötmüş inqilabçıların təzyiqi nəticəsində şah 1979-cu ilin yanvarında İranı tərk etdi. Fevralda Ayətullah Xomeyni Parisdən Tehrana qayıtdı. İnqilab qalib gəldi. Ümumxalq rəy sorğusu ilə 1979-cu il aprelin 1-də İran İslam Respublikası elan edildi. Bununla da, inqilabın milli-demokratik istiqamətdə inkişafının qarşısı alındı.

İslam inqilabından sonra şah hakimiyyətini müdafiə etdiyi üçün ABŞ-la münasibətlər pisləşdi. Bir qrup tələbə Tehrandakı ABŞ səfirliyini ələ keçirdi və işçilərini girov götürdü. ABŞ kəşfiyyat orqanlarının girovları azad etmək əməliyyatı uğursuz nəticələndi. Yalnız ABŞ İranın bəzi tələblərini yerinə yetirdikdən sonra girovlar azad edildi. İran İslam inqilabının beynəlxalq nəticəsi də oldu. ABŞ prezidenti C.Karter növbəti seçkilərdə məğlubiyyətə uğradı.

Bundan sonra ABŞ İrana qarşı mübarizə taktikasını dəyişdi. O, İranla sərhəd anlaşılmazlığı olan İraqı 1980-ci ildə onunla müharibəyə təhrik etdi. İslam inqilabının ərazisindəki müsəlman xalqlarına təsirlərindən çəkinən SSRİ və Ərəb ölkələri də İraqa kömək edirdilər. 1988-ci ilə qədər davam edən müharibə BMT-nin vasitəçiliyi ilə başa çatdı. Qalibi olmayan bu müharibədə milyondan çox insan məhv edildi.

Müasir dövrdə İran iqtisadiyyatının neft amilindən asılı olması ölkə rəhbərliyi üçün qeyri-neft məhsullarının istehsal və ixracını artırmaq siyasətini əsas məqsədə çevirmişdir. ABŞ və bəzi Qərbi Avropa dövlətləri tərəfindən İrana qarşı tətbiq edilən iqtisadi embarqo ölkə iqtisadiyyatının inkişafı üçün əsas maneələrdən biri idi. Ona görə də son dövrlərdə İran siyasi dairələrində Qərbə qarşı mülayimləşmə, nüvə proqramında güzəştlər və islahatlar təşəbbüsləri ön plana çıxır. Milli ayrı-seçkilik siyasətinin davam etməsi ölkənin daxili vəziyyətində müxtəlif vaxtlarda gərginləşməyə səbəb olmuşdur. Dünyanın ən böyük tamaşaçı kütlələrindən birinə malik olan Təbrizin “Traktorsazi” futbol komandasının oyunları zamanı şüarların səslənməsi milli ayrı-seçkilik siyasətinə dinc etiraz forması mahiyyəti daşıyırdı.

2006-cı ildə İranın nüvə proqramını elan etməsi ABŞ-ın təşəbbüsü ilə BMT-nin ona iqtisadi sanksiya tətbiqinə səbəb oldu. Bunun nəticəsində yaranan iqtisadi problemlər sosial gərginliyi artırdı. İran cəmiyyətində islahat tələbləri yüksəlməyə başladı.

2013-cü il prezident seçkilərində islahat və dialoq tərəfdarıHəsən Ruhani qalib gəldi. Həsən Ruhaninin əsas xarici siyasəti Qərbin İrana tətbiq etdiyi iqtisadi embarqonun aradan qaldırılmasına, Qərbi Avropa ölkələri ilə başlanan çoxtərəfli danışıqlar isə İranı təcridedilmədən qurtarmağa yönəlmişdi. Bu siyasətin məqsədi embarqo nəticəsində ölkə iqtisadiyyatında yaranmış böhranın aradan qaldırılması idi. 2015-ci ildə əldə edilmiş razılaşmalar nəticəsində iqtisadi embarqo yumşaldıldı.

0 şərh