SSRİ niyə dağıldı?

1960-cı illərdən etibarən Sovetlərdə sosializmə yad olan elementlər cəmiyyətin həyatında görünməyə başladı. ÜDM artımının zəifləməsi və iqtisadi durğunluq Sovet cəmiyyətinə təsirsiz ötüşə bilməzdi. Mənfi tendensiyalar sosial sahəyə ciddi təsir göstərirdi. Xalqın ideoloji və əxlaqi dəyərlərinin tədricən aşınması başlamışdı. İstehsalatda adi işçilərin və geniş ictimaiyyətin ehtiyacları və fikirləri nəzərə alınmırdı. Sosial elmlərdə sxolastik nəzəriyyə təşviq edilir və inkişaf etdirilirdi, yaradıcı düşüncə sahibləri isə sosial elmlərdən uzaqlaşdırılırdı. İnsanlarda sözdə və əməldə elan olunan şüarlara passivlik və ictimai inamsızlıq yaranmışdı. İctimai əxlaq da tənəzzül edirdi, ilk beşillik planlarda, Böyük Vətən müharibəsində və müharibədən sonrakı reabilitasiya dövründə cəmiyyətdə yaranan böyük həmrəylik hissi zəifləməyə başlamışdı. Dəyişikliklərə ehtiyac yalnız həyatın maddi sahəsində deyil, həm də ictimai şüurda yaranırdı.
SSRİ niyə dağıldı
Reformlar – sosialist cəmiyyətin təcili ehtiyac formuluna çevrilməyə başlamışdı. 1980-ci illərin əvvəllərində SSRİ-də böhranın əlamətləri artıq aydın görünürdü. Ölkə modernləşmənin gətirdiyi yeni iqtisadi problemlərlə qarşılaşmışdı. Qorbaçovun hakimiyyətə gəlməsi əhalidə Sovet sisteminin islah oluna biləcəyi ilə bağlı nikbinlik yaratmışdı. Qorbaçov yenidənqurma ideyasını ilk dəfə 1984-cü ilin dekabr ayındakı çıxışında bildirmişdi. İlk dəfə gündəmə gətiriləndə bütün bunların nə olduğu hələ tam aydın deyildi. Əvvəlcə sadəcə üslüb dəyişikliyinin olduğu hiss edilirdi. Sovet xalqı uzun illər davam edən herontokratik dövlət başçılarından sonra ilk dəfə enerjili, zahirən ağıllı görünən bir liderinin olduğunu görürdü. 11 mart 1985-ci ildə SSRİ KP MK-ın Baş katibi seçilən Qorbaçov əvvəlki liderlər Yuri Andropov və Konstantin Çernenkonun hazırladığı mərkəzi xəttin dəyişməz olduğunu bildirmişdi. Qorbaçov deyirdi: “Bu xətt ölkənin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə, cəmiyyətin hər sahəsinin yaxşılaşdırılmasına yönəlib. Söhbət istehsalın maddi-texniki bazasının transformasiyasından, sosial münasibətlər sistemi və insanların maddi vəziyyətinin, mənəvi rifahının keyfiyyətcə yaxşılaşdırılmasından gedir. İqtisadiyyatın intensiv inkişaf relslərinə köçürülməsində həlledici bir dönüş etmək üzrəyik. Ən qısa müddətdə ən qabaqcıl elmi və texniki mövqelərə çatmalıyıq.”
 
Qorbaçovun komandası
Qorbaçov reformlarını həyata keçirmək üçün komandaya ehtiyac duyurdu. Bu komandanı Qorbaçov əsasən gənclər arasından yığdı. Politbüroya üzv kimi Yeqor Liqaçov, Mərkəzi Komitənin iqtisadi şöbəsinin müdiri Nikolay Rıjkov, KQB-yə rəhbərliyə Viktor Çebrikov təyin olundu. Anatoliy Lukyanov isə Mərkəzi Komitənin ümumi şöbəsinin müdiri oldu. Bundan başqa hökumətdə Valeri Boldin, Vadim Medvedev, Georgi Şahnazarov, Anatoliy Çernyayev kimi şəxslər təmsil olunurdu.
Ən vacib qeyri-rəsmi üzv isə Qorbaçovun həyat yoldaşı Raisa Qorbaçova olmuşdu. Bu xanımın hərəkətləri sonradan Qorbaçova qarşı mənfi münasibətin yaranmasında əsas rollardan birini oynayacaqdı. Qorbaçovun komandasında olan şəxslərdən biri də Boris Yeltsin idi. 1985-ci ilin aprelində Sverdlovsk vilayətinin birinci katibi, Siyasi Büronun üzvlüyünə namizəd olan Boris Yeltsin Yeqor Liqaçovun təklifi ilə Qorbaçov tərəfindən Moskvaya çağırıldı və Tikinti işləri üzrə katib təyin edildi. Yeltsin həmin ilin dekabrında Moskva şəhər komitəsinin rəhbəri vəzifəsinə qədər yüksəldi. Xarici işlər naziri vəzifəsinə isə Gürcüstanın KP MK-ın 1-ci katibi Eduard Şevardnadze seçildi. Şevardnadze rus dilində yaxşı danışmırdı və diplomatik təcrübəsi yox idi. Belə görünürdü ki, Qorbaçovun özü xarici siyasətdə mühüm rol oynamaq istəyirdi.
Qorbaçov öz komandasını qurduqdan sonra Politbüronu mühafizəkar kommunistlərdən təmizləməyə başladı. 1985-ci ilin iyulunda Qriqori Romanov, sentyabr ayında Nikolay Tixonov, dekabr ayında isə Viktor Qrişin vəzifəsindən azad edilərək təqaüdə göndərildi. 27 sentyabrda Nikolay Tixonovun yerinə Baş nazir (SSRİ Nazirlər Sovetinin sədri) Nikolay Rıjkov təyin edildi .

Qorbaçovun ilk islahatı
Qorbaçov 1985-ci ildə Andropov və Çernenkonun formalaşdırdığı partiya xəttinin davam etdiriləcəyini bildirsə də bir müddət sonra Sovet dövlətinin dayaqlarını sarsıdacaq reformlara başladı. Reformların ilki demokratikləşdirmə idi. Bunun üçün ilkin addımlar 1986-cı ilin fevralında keçirilmiş XXVII partiya qurultayında atıldı. Lakin bu addımlara qarşı olan kifayət qədər güclü konservativ kommunistlər vardı. Qorbaçov 27 yanvar 1987-ci ildə keçirilmiş plenumda siyasi islahatın ilk baxışdan göründüyü qədər sadə olmayacağını, problemlərin mənbəyinin Sovet tarixinin dərinliyində olduğunu bildirdi. Qorbaçov demokratikləşdirmə ilə bağlı islahatlarının hələ ki, lazımi səviyyəyə çatmadığını etiraf etdi. Qorbaçov yenilənmiş bir leninizmə inanırdı. O Leninə istinad edərək onun fikirlərinin ölümü sonrası tamamilə təhrif edildiyini bildirirdi. Qorbaçovun “geri çəkilməməli və geri çəkiləcək yerimiz də yoxdur ” ifadəsi yenidənqurmanın qeyri-rəsmi şüarı oldu .
Qorbaçovun bu fikirləri sovet xalqından geniş dəstək aldı. Qorbaçov deyirdi: “Cəmiyyətdə yığılan problemlərin gözləniləndən daha dərin kökləri var. Buna görə də, 1985-ci il aprel plenumundan əvvəlki illərdə partiya və sovet cəmiyyətinin üzləşdiyi problemlərin təhlilinə qayıtmaq, neqativ proseslərin səbəblərini anlamaq və onları başa düşmək tələb olunur. Sosializmin nəzəri konsepsiyaları cəmiyyətin tamamilə fərqli problemləri həll etdiyi 1930-1940-cı illər səviyyəsində qalır. İnkişaf etməkdə olan sosializm, onun hərəkətverici qüvvələrinin dialektikası dərin elmi tədqiqatların mövzusu olmamışdır. Leninin sosializm ideyaları bəsit bir şəkildə şərh edildi, nəzəri dərinliyi və əhəmiyyəti getdikcə aradan qalxdı. Kommunizm haqqında səhv düşüncələr, mücərrəd baxışlar yayılmağa başladı. Yoldaşlar! Yenidənqurma ehtiyacının təxirə salınmayan tədbirlərlə icrasına başlamaq lazımdır. Problemlərimizi nə qədər dərindən araşdırdıqca, yenidən qurulmanın daha geniş bir ictimai-siyasi və tarixi kontekstə sahib olduğu daha aydın oldu. Yenidənqurma yalnız əvvəlki dövrdəki durğunluğun və mühafizəkarlığın aradan qaldırılması və səhvlərin düzəldilməsini deyil, həm də tarixən məhdud, köhnəlmiş ictimai təşkilat və iş metodlarının xüsusiyyətlərinin aradan qaldırılmasını nəzərdə tutur. Bu, sosializmə elmi-texniki inqilabın şərtlərinə və ehtiyaclarına, sovet cəmiyyətinin intellektual tərəqqisinə uyğun ən müasir formaların verilməsini nəzərdə tutur. Bu, cəmiyyətin nisbətən uzun bir inqilabi yenilənmə prosesi, öz məntiqi və mərhələləri olan bir müddətdir. Cəmiyyətin inkişafının iki əsas problemi yenidənqurmanın taleyini təyin edir. Bu, bütün ictimai həyatın demokratikləşməsi və köklü iqtisadi islahatdır. Ölkədə başlanan köklü iqtisadi islahatın məqsədi yaxın iki-üç ildə həddindən artıq mərkəzləşmiş bir idarəetmə sistemindən demokratik bir sistemə keçidi təmin etməkdir. 1917-ci ilin oktyabrında köhnə dünyadan ayrıldıq, onu birdəfəlik rədd etdik. Yeni bir dünyaya, kommunizm dünyasına doğru irəliləyirik. Bu yoldan heç vaxt dönməyəcəyik”. (Sakwa, 1999:424-425).

Alkoqolla mübarizə kampaniyası
SSRİ niyə dağıldı
40d43ad31985-ci ilin aprel ayında alkoqolizmlə mübarizə mövzusunda Politbüronun iclasında çıxış edən Qorbaçov içkinin zərərləri və gələcək nəsillərə təsiri barədə danışdı. Onun fikrincə alkoqollu içkilərin istehsalı kəskin şəkildə azaldılmalı idi. Bununla bağlı Yeqor Liqaçov və Mixail Solomentsevin rəhbərlik etdiyi bir komissiya yaradıldı. Baş nazir Nikolay Rıjkov bu kampaniyanın iqtisadiyyata böyük ziyan verəcəyini bildirsə də onun fikri nəzərə alınmadı. Mərkəzi Komitənin 7 may 1985-ci il tarixli qərarı ilə alkoqolla mübarizə kampaniyasına rəsmən başlandı. Ali Sovet Rəyasət Heyətinin 16 may 1985-ci il tarixli fərmanına əsasən iş yerində, müəssisə və təşkilatların binalarında alkoqollu içkilərin içilməsinə 30 ilə 50 rubl arasında cərimə tətbiq olundu.
Rıjkov araq yerinə şərab və pivə istehsalının genişləndirilməsini təklif etsə də, buna məhəl qoyulmadı. Alkoqollu içkilər istehsal edən bütün fabriklər bağlanmağa başladı. Ölkədəki ən yaxşı konyakın istehsal olunduğu Ermənistanda üzümlüklər məhv edildi. Krımda istehsal edilən və yetişdirilməsi çətin başa gələn məşhur Marsala şərabının istehsal olunduğu məkan da dağıdıldı. Məşhur şərabçı Pavel Qolodriqa Krasnodarda üzümlüklərə qarşı edilən vandalizm hərəkətindən təsirlənərək intihar etdi. 1985-1988-ci illər arasında üzüm bağlarının təxminən 30 faizi tamamilə dağıdıldı. Alkoqola qarşı kampaniya ölkədə samoqonu məşhurlaşdırmışdı. Mağazalarda şəkər, tomat pastası tapılmırdı, hər şey alkoqola çevrilirdi. Ev şəraitində hazırlanan araqdan yüzlərlə insan zəhərlənərək həyatını itirdi. Vəziyyət elə həddə çatmışdı ki, insanların bir qismi odekolonu içki əvəzi içirdi.
1985-ci ildən etibarən SSRİ-də dövlət institutlarının zəifləməsi görünməmiş formada cinayətlərin artması ilə nəticələndi. Daxili İşlər Nazirliyi ölkə daxilində 3000-dən çox cinayətkar qrup aşkarladı. Qorbaçovun antialkoqol kampaniyası isə rus mafiyasını gücləndirdi. Araq tapılmadığı və bahalı olduğu üçün bu sahəni mafia inhisara aldı. Araq verilən xüsusi yerlər təşkil edilmişdi. Adətən çay və qəhvə verilən Moskva kafelərində çay stəkanında araq satılırdı. Qorbaçovun bu addımı xalqda böyük narazılıq yaratdı. Əhali ona Minsek (mineral suların baş katibi) deyirdi. Bu kampaniya nəticəsində büdcə əsas gəlir mənbələrindən birini itirdi. 1985-ci ildə dövlətin alkoqol inhisarından əldə etdiyi gəlirlər büdcə gəlirlərinin təxminən 14 faizini təşkil edirdi. 1985-1988-ci illərdə alkoqolla mübarizə kampaniyası nəticəsində gəlir itkisi SSRİ-yə 67 milyard rubla başa gəldi (Shumilov, 2008:503). 1985-ci ildə 45,5 milyard rubl olan büdcə kəsiri 1988-ci ildə 93 milyard rubla qədər böyüdü.
 
Korrupsiyaya qarşı mübarizə
Korrupsiya 1960-cı illərdə SSRİ-də siyasi və iqtisadi mədəniyyətin bir hissəsinə çevrilmişdi. Demək olar ki, hər bir məmur vəzifəsindən şəxsi maraqları üçün istifadə edirdi. Qorbaçova qədər antikorrupsiya tədbirləri bir qayda olaraq siyasi opponentləri sıradan çıxarmaq məqsədi ilə aparılırdı. Bu dəfə mübarizə topdan həyata keçirilməyə başlandı.
Kampaniyanın ilk hədəfi SSRİ XİN-i oldu. SSRİ-nin Yaponiyadakı səfirliyinin əməkdaşları gənclər üçün maraqlı yapon məhsulları alaraq konteynerlərlə Moskvaya göndərirdilər. Daha sonra bu mallar qara bazarda baha qiymətə satılırdı. Digər ölkələrdəki diplomatlar da təxminən eyni işlərlə məşğul olurdu. Daha sonra bu diplomatlar texniki malları ölkədən kənarda satmağa başladılar. KQB bütün bunlardan xəbərdar idi, lakin bundan əvvəlki rəhbərliyin bu məsələlərə laqeyd yanaşması səbəbi ilə ölçü götürmürdü. Qorbaçovun iqtidara gəlməsi ilə bir çox diplomat işdən çıxarıldı və həbs edildi. Həbs edilənlər arasında Xarici ticarət nazirinin müavini Vladimir Suşkov da var idi. Suşkov Qərb ölkələrində maşın və avadanlıqların satın alınmasından məsul idi. Suşkov Qərb təchizatçılarından rüşvət almaqda günahlandırılaraq Lefortovo həbsxanasına salındı. KQB Xarici ticarət naziri Nikolay Patoliçevin Yaponiya kəşfiyyatı ilə əlaqələri barədə də məlumat əldə etmişdi. Patoliçev Brejnevin kadrı idi, lakin Qorbaçov hələ ki, tez olduğu üçün onun həbs olunmasına icazə vermədi.
Brejnevin katibi olmuş Gennadi Brovinin həbsi isə cəmiyyətdə daha böyük rezonans yaratdı. Onun korrupsiya faktları mətbuatda geniş şəkildə işıqlandırıldı. Mərkəzi Komitənin binasında həbs olunan Brovinə günahlarını qəbul etməyəcəyi təqdirdə məhkəməsiz güllələnəcəyi barədə xəbərdarlıq edilmişdi. Bu kimi tədbirlər müttəfiq ölkələrdə də həyata keçirilirdi. Özbəkistan, Azərbaycan və Qazaxıstanda pambıqçılıq qalmaqalları yaşandı. Pambıq yığımı ilə bağlı verilən məlumatlar saxta idi və real vəziyyəti göstərmirdi. 1988-ci ilin yanvarında Özbəkistan KP MK-nın 1-ci katibi İnamcon Usmanxocayev korrupsiya qalmaqalına görə vəzifəsindən kənarlaşdırıldı və onun yerinə Rafik Nişanov təyin edildi. İnamcon Usmanxocayevə 1989-cu ildə 12 il həbs cəzası verildi. İlk dəfə bir respublika lideri korrupsiyaya görə həbs olunurdu. 1984-1988-ci illərdə Özbəkistanda təqribən 58.000 məmur işdən çıxarıldı. Buraya Özbəkistan KP-nin dörddə üçü və 3000 polis məmuru daxil idi. Daxili İşlər naziri Vitaliy Fedorçuk da bu kampaniya zamanı işdən çıxarıldı.
XXVII partiya qurultayından sonra “Oqonyok” jurnalının redaktoru bir neçə aparıcı partiya liderini korrupsiyada günahlandırdı. Bu artıq son hədd idi. Bundan əvvəlki Sovet rəhbərləri korrupsiya faktları ilə bağlı yalnız bəzi rayon partiya katiblərini işdən azad edərək cəzalar verirdi. Bu dəfə isə bütün idarəedici elita cəzaya məruz qalmışdı. Əvvəlki liderlər Moskvaya sədaqətlərini və itaətlərini gücləndirmək üçün bütün müttəfiq ölkələrdəki məmurları pulla mükafatlandırırdı. İndi isə həmin elita alçaldıldı və həbsxanaya göndərildi. Beləcə müttəfiq respublikalar ilə mərkəz arasında bağlılıq zəiflədi (Pixoya, 1998:414-415).
1986-cı ilin sonunda SSRİ-də o günə qədər heç vaxt görülməmiş dərəcədə millətçilik meylləri baş qaldırmağa başlamışdı.
 
Çernobıl faciəsi
Çernobıl faciəsi
26 aprel 1986-cı ildə Ukraynanın Pripyat şəhərində yerləşən Çernobıl AES-in dördüncü reaktorunun partlaması SSRİ-yə həm maddi, həm də mənəvi olaraq ən ağır zərbələrdən biri oldu. Hadisə barədə Qorbaçova səhər saat 5-də məlumat verildi. Qorbaçov əraziyə dərhal akademik Leqasovun rəhbərlik etdiyi qabaqcıl alimlərdən ibarət xüsusi bir komissiya göndərdi. Ancaq bu qrup vəziyyətin ağırlığını tam olaraq dərk etmədi. 27 apreldə 43 min sakinin hamısı zavoddan 3 km aralıda yerləşən Pripyat şəhərindən təxliyyə edildi. O vaxta qədər əhali 48 saata yaxın radiasiyaya məruz qalmışdı. Politbüro 28 apreldə fəlakəti müzakirə etmək üçün toplandı. Radioaktiv çirklənmə sahəsi 600 kvadrat kilometrə qədər ərazini əhatə edirdi. Buna qədər çirklənmə ehtimalı yüksək olan ərazilərdə (Kiyev şəhəri və s.) 1 May paradları keçirilmişdi.
Rıjkov və Liqaçov 2-3 may tarixlərində Çernobıla gələrək vəziyyəti yerində dəyərləndirdi. 3 mayda Rıjkovun əmri ilə reaktorun ətrafındakı 30 kilometrlik zonadan insanların təxliyyə edilməsinə başlanıldı. Buna baxmayaraq əsas təhlükə qarşıda idi. Dörd nömrəli reaktorda ikinci partlayış təhlükəsi var idi. Çatlamış beton döşəmədən radioaktiv maddələrin sızıntısı davam edirdi. Aşağıdakı su hövzəsinə toxunsaydı Xirosimadan ən az on qat daha güclü bir partlayış baş verə bilər, bu partlayış isə Avropanın böyük bir hissəsinin məhvi ilə nəticələnə bilərdi. Mayın 13-də minlərlə mədənçi sızmanın qarşısını almaq üçün reaktorun altında tunel qazmağa başladı. 14 mayda Qorbaçov nəhayət televiziyada çıxış edərək vəziyyətlə bağlı xalqa məlumat verdi. Əraziyə faciənin fəsadlarının aradan qaldırılması üçün minlərlə əsgər göndərildi. Sentyabr ayında radioaktiv qrafit reaktorun damından əl ilə çıxarılmalı idi. Radiasiya səviyyəsinə görə insan yalnız 45 saniyə işləyə bilərdi. Noyabr ayında reaktorın üstü beton və polad örtüklə bağlandı. Çernobıl faciəsi SSRİ-yə 18 milyard rubla başa gəldi. Hadisə nəticəsində minlərlə insan həlak oldu. Çernobıl ölkənin sosial-iqtisadi böyüməsinə olan son inamı da bitirdi. 1985-ci ildə SSRİ-də 17 milyard rubl olan büdcə kəsiri, 1986-cı ildə 3 dəfə artdı.
 
İqtisadi reform
Qorbaçovun hakimiyyətdə olduğu ilk ildə əhalinin sosial iqtisadi durumu xeyli zəiflədi. Əhali ən çox alkoqol və ətin bahalaşmasına etiraz edirdi. Leninqrad yazıçılarından biri Qorbaçovun daxili siyasətini “çoxlu söz və sıfır hərəkət ” adlandırırdı. Əhalinin inamını qazanmaq üçün hökumət yeni bir iqtisadi reform üzərində işləyirdi. 11 dekabrda Rıjkov sosialist müəssisə haqqında qanun layihəsi barədə məlumat verdi. Bu qanun müəssisələrdə rəhbərliyin işçilər tərəfindən seçilməsinə və iş kollektivlərinin yaradılmasına icazə verdi. Rəhbərliyin seçilməsi nazirliklərlə müəssisə arasında bağlantını qopardı. Bundan başqa müəssisələrin özünümaliyyələşdirməsi nəzərdə tutulurdu. Qiymətlərin aşağı olmasını və maddi xərclərin hökumət tərəfindən təyin olunduğunu nəzərə alsaq bu addım özü özlüyündə çox mənasız idi. Bu qanun layihəsi kimin menecer olması barədə sonsuz mübahisələrə səbəb oldu. Rəhbərliklə əmək kollektivləri arasında qarşıdurmalar yaranmağa başlandı. Bütün bunlar sənaye istehsalının daha da azalmasına səbəb oldu. Bu qanun layihəsi ən ehtiyatsız iqtisadi islahatlardan biri idi. Problemləri həll etmək əvəzinə onları daha da ağırlaşdırdı. Baş nazir Nikolay Rıjkovun iqtisadiyyat və maliyyə biliklərinə sahib olmadığı ortaya çıxdı.
Rıjkov 1987-ci ilin aprelində Politbüroya iqtisadiyyatın vəziyyəti barədə məlumat verdi. Büdcə kəsiri 4 milyard dollara yaxınlaşmışdı. Rıjkov iqtisadi artım zəiflədiyi üçün mənzillərə edilən investisiyaların azaldılmasını, qiymət artımlarının qarşısının alınmasını təklif etdi. Qiymətlər üzrə Dövlət Komitəsinin rəhbəri Valentin Pavlov neft və qaz, kömür sektorlarının zərərlə işlədiyini qeyd edirdi. Bu şərtlər altında özünümaliyyələşdirmə yolu ilə bu sahələrin inkişafı mümkün deyildi. İqtisadi sahədə mənfi proqnozlara baxmayaraq Qorbaçov 1987-ci ilin aprelində Bolqarıstan Baş nazirinə istehsalat sahəsində 1990-cı ilədək 100 faiz dünya standartlarına cavab verəcək məmulatlar hazırlanacağını bildirirdi. Qorbaçov müəssisələrin islahata necə reaksiya verəcəyini anlamırdı. Maaş artımının işçilərdə işə maraq yaradacağı barədə proqnozlar özünü doğrultmadı. Baş nazir Nikolay Rıjkov da səhvini etiraf etdi. Maaş artımının əmək məhsuldarlığını artırmadığını qəbul etdi. Bu nümunələr Sovet rəhbərliyinin iqtisadi sadəlövhlüyünə dəlalət edirdi. Yenidənqurma dövründə taxıl idxalından asılılıq da artmışdı. Ölkə getdikcə xarici kreditlərdən asılı vəziyyətə düşürdü. Bu, daxili siyasətə də təsir etdi. 1988-ci ildə sürətli inkişaf şüarından imtina edildi və onun yerinə güclü sosial siyasət şüarı ortaya atıldı. Bu ildən etibarən dövlət, istehlak malları sektoruna üstünlük verməyə başladı. (Mccauley, 2007:405-409).
 
Qlastnost (aşkarlıq)
Qorbaçovun daxili siyasətində “yenidənqurma” ilə birlikdə “aşkarlıq” siyasəti də əhəmiyyətli yer tuturdu. Qlasnostun arxasında dayanan əsas şəxs Aleksandr Yakovlev idi. Yakovlev ictimai həyatı bürümüş yalanları məhv etmək istəyirdi. Onun fikrincə yenidənqurma qlastnost olmadan məğlubiyyətə məhkum idi. 1986-cı ilin yayında Yakovlev ölkə mediasına nəzarət etməyə başladı. Onun Vitali Korotiçi “Oqonyok” jurnalının redaktoru təyin etməsindən sonra Sovet cəmiyyətində böyük dəyişikliklər başladı. Sovet insanları həmin vaxta qədər gizli qalan SSRİ tarixinin dəhşətli hadisələrindən ilk dəfə Korotiç vasitəsi ilə xəbər tutdular. Jurnalın tirajı 1 ildə 3 dəfəyə qədər yüksəldi.
Aleksandr Yakovlevın bir digər addımı “Moskovskiye novosti” qəzetinə qohumu Yeqor Yakovlevi təyin etməsi oldu. Gürcü kinomatoqrafçılarının çəkdiyi qadağan olunmuş “Tövbə” filmi ilk dəfə Yakovlevin icazəsi ilə Sovet tamaşaçılarının ixtiyarına verildi. Stalinizmi alleqorik formada tənqid edən film Sovetlərdə siyasi təmayülün tam olaraq dəyişdiyini göstərirdi. Bundan başqa dinə qarşı münasibət də dəyişmişdi, ölkədə 400.000-dən çox kilsə, məscid, sinaqoqlar inanclı insanların ixtiyarına verilməyə başladı. Mixail Bulqakov, Nikolay Qumilyov, Boris Pilnyak, Yevgeni Zamyatin və Anna Axmatova kimi on illərdir qadağan olunmuş böyük yazıçı və şairlərin əsərləri yenidən çap olunmağa başlamışdı. 1987-ci ilin sentyabrında Politbüro repressiya qurbanlarının reabilitasiyası üçün bir komissiya qurdu. Bu qərar keçmişlə bağlı həqiqətləri ortaya qoymaq, pis rəftara məruz qalanlara isə bəraət vermək baxımından əhəmiyyətli idi. Bu kimi qərarlar ilk olaraq Lenin siyasətinə dönüş kimi təqdim edilirdi. Ancaq Yakovlevin yaratdığı azadlıq anlayışı tamam başqa formada inkişaf etməyə başladı. Yazıçı Vladimir Solouxin ilk dəfə olaraq Lenini “Qulaqın atası” və alman satqını adlandırdı. (Oqnev, 2003:4). Leninə qarşı açıq tənqidə qarşı cəza verilməsi nəzərdə tutulsa da Solouxinə heç bir xəbərdarlıq edilmədi. Artıq sosialist transformasiyanın yavaş-yavaş fərqli yöndə inkişaf etdiyi görünməyə başladı.
Yakovlev Politbüronu tək partiya hakimiyyətinə son qoymağın sosializmi gücləndirə biləcəyini inandırmağa çalışırdı. Reallıqda bu dövrdə artıq Yakovlev marksizmdən imtina etmişdi. Bu səbəbdən sosialist prinsiplərinə sadiq qalan Qorbaçovdan fərqlənirdi. Artıq 1987-ci ildə dövlət 3 fərqli inkişaf yolu tutmuş fraksiyaya (mühafizəkarlar, mərkəzçilər və radikallar) bölünmüşdü. Mərkəzçi olan Qorbaçov anti-Stalin siyasətini dəstəkləsə belə onunla bağlı təktərəfli tənqidə də razı deyildi. Dövlət içərisində əsas mübarizə isə mühafizəkar Liqaçovla, radikal Yakovlev arasında gedirdi. 1987-ci ilin mayında baş verən bir hadisə isə radikalların mövqeyini gücləndirdi. Həmin vaxt alman pilot Matias Rust Qərbi Almaniyadan SSRİ ərazisinə girərək öz təyyarəsi ilə Qırmızı meydana endi. Hava qoşunları təyyarəni təqib etsə də atəş açmamışdı. Qorbaçov hadisə barədə eşitdikdən sonra dərhal Berlindən Moskvaya gəldi. Müdafiə naziri Sergey Sokolov istefaya göndərildi və onun yerinə Dmitri Yazov gətirildi. Yakovlev orduda aparılan təmizlikdə iştirak etdi. 150 general hərbi məhkəmələrdə mühakimə olundu və ya vəzifələrindən azad edildi. Orduda aparılan təmizlik mühafizəkarların əsas dayaqlarını dağıtdı. (Mccauley, 2007:408).

Yeltsinlə münaqişə
Yeltsin Moskva şəhər komitəsinə rəhbərlik etməyə başladıqdan sonra şəhərdə tarixi binaların hansı məqsədlə olursa olsun sökülməsini yasaqladı. Yenidənqurmanın gətirdiyi siyasi azadlıqlar nəticəsində köhnə Moskvanı qorumaq tərəfdarları bir hərəkat qurdular. Onlara qarşı çıxan yenilikçilik tərəfdarları isə əks hərəkat yaratdılar. Bu tipli hərəkatlar getdikcə siyasiləşdi. 6 may 1987-ci ildə Moskvadakı Manejnaya meydanında təxminən 500 nəfər nümayiş keçirdi. Bu görünməmiş bir hadisə idi. Mitinqdə iştirak edənlərin əllərində “Qorbaçov və Yeltsinlə görüş tələb edirik” şüarları var idi. Yeltsin şəhər komitəsinin rəhbəri olaraq buna necə reaksiya verəcəyinə qərar verməli idi. Yeltsin nümayişçilərin liderlərini onunla görüşməyə və tələblərini səsləndirməyə dəvət etdi. İclas iki saatdan artıq davam etdi. Şikayətlər arasında köhnə Moskvanın dağıdılması və rus həyatının amerikanlaşdırılmasına qarşı etiraz yer alırdı.
Yeltsin etiraz liderlərini qəbul edərək risk etmişdi. Bu nümayişi təşkil edənlər açıq-aşkar müxalifətə (milliyətçi və antisemit) mənsub idi. Politbüronun 10 sentyabr tarixli iclasında isə əhəmiyyətli bir qarşıdurma baş verdi. Qorbaçov məzuniyyətdə olduğu üçün iclasda iştirak etmirdi. Moskva şəhər komitəsi (Mossovet) paytaxtda mitinq və nümayişlərin keçirilməsinin tənzimlənməsinə icazə verdiyi üçün Liqaçov Yeltsini tənqid etdi. Moskvadakı qaydaların ölkənin hər tərəfində tətbiq edilməsi şəhər məclislərinin partiyanın rəsmi iştirakı olmadan istənilən məsələdə müstəqil olması demək idi. Beləliklə Yeltsinə qarşı qarayaxma kampaniyası başladıldı.
12 sentyabrda bu qarayaxma kampaniyasından əsəbləşən Yeltsin Qorbaçova istefa məktubu göndərdi və Qorbaçovu çətin vəziyyətdə qoydu. Krımda olan Qorbaçov “Perestroyka” adlı kitab yazırdı. Yeltsini yanına çağıran Qorbaçov ona özünü müdafiə etməsi üçün nitq hazırlamağı təklif etdi. Yeltsinin məsələsi partiyanın noyabr ayında keçiriləcək növbəti plenumunda müakirə edilməli idi. Yeltsin nitq hazırlamaq istəmədi, ancaq Baş katib onun plenumda çıxışında israr edirdi.
Noyabrın əvvəlində baş tutan plenum 1930-cu illəri xatırladırdı. Politbüronun hər bir üzvü növbə ilə Yeltsinə böhtan atan çıxışlar edirdi. Qorbaçov sonda danışdı və Yeltsinin təəəccüblü baxışları altında onu tənqid etdi. 9 noyabr səhəri Qorbaçova Yeltsinin intihara cəhd etdiyi xəbərini verdilər. Qayçı ilə sinəsinə zərbə endirən Yeltsin sağ qalmışdı. Buna baxmayaraq Yeltsin 2 gün sonra inzibati tənbeh cəzası tətbiq edilərək vəzifəsindən azad edildi. Ertəsi gün Yeltsin Politbürodan da çıxarıldı. Yeltsinin çıxarılması Qorbaçovun siyasi qələbəsi demək idi. Lakin bu addım Yeltsinin nüfuzunun getdikcə yüksəlməsinə səbəb oldu. Yeltsin xarici mətbuata müsahibələr verərək islahatların uğursuz olduğunu elan etmək imkanı qazanmışdı. Tədricən Yeltsin müxalifətin qeyri-rəsmi lideri oldu (Pixoya,1998:454-462).
 
Millətçiliyin meydana çıxması
SSRİ-də Stalin dövründən etibarən millət məsələsinə münasibətdə bəzi dəyişikliklər yarandı. İkinci dünya müharibəsi ərəfəsində artıq dövlətdə sosializmə yad “velikorus” xüsusiyyətlər yaranmağa başlamışdı. Ruslar “böyük qardaş”, digər xalqlar isə “kiçik qardaş” olmuşdu. Bu amil Qorbaçov hakimiyyətə gələnə qədər olduğu kimi saxlanıldı. Brejnev dövründə müttəfiq dövlətlərlə qeyri-rəsmi bir razılaşma var idi. Müttəfiq respublikalardakı elita Moskvaya sədaqətli olacaqları təqdirdə dövlət əmlakının mənimsənilməsinə göz yumulurdu. Andropov korrupsiyaya qarşı ciddi mübarizə apararaq bu qeyri-rəsmi müqaviləni pozdu, lakin qəfil ölümü istədiklərini yerinə yetirməsinə imkan vermədi. Qorbaçov eyni siyasəti davam etdirsə də həyat səviyyəsini yüksəldə bilmədiyi üçün müttəfiq respublikalardakı həm elita, həm də xalqla mərkəz arasındakı bağlılıq itməyə başladı. Rusların “böyük qardaş” üstünlüyü artıq şübhə altına alınırdı. Hər respublika elitası öz dövlətlərini Moskvadan daha yaxşı şəkildə idarə edə biləcəklərinə inanmağa başlamışdı.
Millətçiliyin gücləndiyini KQB rəhbərliyi də görürdü. 1986-cı ilin dekabrında KQB rəhbəri Çebrikov Qorbaçova kadrların yenilənməsi prosesinə milliyyət məsələsini daxil etməyi tövsiyə etdi. Lakin Qorbaçov bu məsələdə konservativ mövqeyə sahib idi və Çebrikovun istəklərini yerinə yetirmədi. Millətçilik qığılcımı ilk olaraq gözlənilməyən bir ərazidən, Yakutiyadan gəldi. 1986-cı ilin aprelində orada Rusiyadan və Yakutiyadan olan tələbələr arasında 3 gün davam edən dava-dalaş baş verdi. Bu hadisə ölkədə yakut millətçiliyini gücləndirdi. Aprelin sonunda təxminən 600 yakut gənc Yakutsk şəhər Soveti binası qarşısında nümayiş keçirdi. Gənclərin əlində tutduqları plakatlar üzərində “Yakutiya yakutlar üçündür, rədd olsun ruslar” şüarları yazılmışdı.
İkinci böyük qarşıdurma isə Qazaxıstanda yaşandı. 11 dekabr 1986-cı ildə Qorbaçovun ölkədə apardığı yenidənqurma siyasətinə etiraz olaraq Qazaxıstan KP MK-nın 1-ci katibi Dinməhəmməd Kunayev istefa verdi. Qazaxıstan Nazirlər Sovetinin sədri Nursultan Nazarbayev Qorbaçova Qazaxıstana Kunayevin yerinə bir qazax təyin etməsini tövsiyə etdi. Baş katib bu tövsiyəyə məhəl qoymadı və ölkəyə Ulyanovsk vilayət partiya komitəsinin keçmiş birinci katibi Gennadi Kolbini təyin etdi. 16 dekabrda Qazaxıstan Partiyası Mərkəzi Komitəsinin plenumu Gennadi Kolbini sədr kimi təsdiq etdi. Ertəsi gün Almatıda qazax tələbələr Qazaxıstan Kommunist partiyası binası qarşısında izdihamlı bir mitinq təşkil etdilər. Nümayişçilərin sayı on min nəfərə çatırdı. KQB və polis izdihamı dağıtmağa çalışdı. Daşlar və taxta parçaları ilə silahlanmış nümayişçilərlə polis arasında şiddətli qarşıdurmalar yaşandı. Hadisə nəticəsində iki polis və bir nümayişçi öldürüldü, 1200-dən çox insan yaralandı. KQB və Daxili işlər nazirliyinə məxsus bir çox avtomobil məhv edildi. Qazaxıstanda millətçiliyin yüksəlməsində əsas səbəb qazaxların çoxluqda olduğu cənubla azlıqda olduğu şimal arasında iqtisadi fərq idi. Cənubi Qazaxıstan şimalla müqayisədə çox yoxsul idi. Bu amil onlarda millətçiliyi gücləndirirdi.
Yakutiya və Qazaxıstanda başlayan millətçilik 1987-ci ildə digər müttəfiq respublikalara da sıçradı. 1987-ci ilin yayında Krım tatarları sürgün olunduqları Orta Asiyadan yurdlarına qayıtmaq üçün kampaniyaya başladılar. 1944-cü ildə Stalin tərəfindən deportasiya edilmiş 50-dən çox millətdən biri olan Krım tatarlarına Xruşşov dövründə bəraət verilmişdi. Ancaq Volqa almanları və Krım tatarları reabilitasiyadan sonra vətənlərinə geri dönmələrinə icazə verilməyən iki millətdən biri idi. Ən qanlı millətlərarası qarşıdurma isə ermənilərin yaşadığı anklav olan Dağlıq Qarabağda yaşandı. 1988-ci ilin fevralında DQMV Ali Soveti Moskvaya bu ərazinin Azərbaycan SSR-dən çıxarılaraq Ermənistan SSR-ə verilməsi barədə müraciət etdi. Dağlıq Qarabağda başlayan separatçılığa Azərbaycan SSR sərt münasibət göstərdi. Bu münaqişə medianın canlı yayımladığı ilk millətlərarası münaqişə idi. Hər iki dövlətin siyasi elitası qarşı qarşıya dayanmışdı. Politbüronun bəzi üzvləri hərbi vəziyyət tətbiq etmək istədi, lakin Qorbaçov həmişə olduğu kimi bir uzlaşma axtarırdı. Qorbaçov həmkarlarına Əfqanıstanı misal çəkərək bu ərazidə hərbi gücün heç bir işə yaramadığını xatırlatdı. Eyni dövrdə Baltikyanı respublikalarda da separatçılıq meylləri başladı. 1988-ci ilin iyun ayında Litvada “Sayudis” hərəkatı yaradıldı. Bütün respublikalarda milli cəbhələr formalaşmağa başladı. Bu milli cəbhələr bir qayda olaraq ruslara və rus dilinə qarşı yönəlmişdi. Belarusda formalaşan milli cəbhə belarus dilinin istifadəsindəki məhdudiyyətlərdən şikayətlənirdi. Moskva ilə münasibətlərindən maddi fayda götürdükləri üçün (Baltikyanı ölkələr istisna) digər müttəfiq respublikalar (hələlik) mərkəzdən ayrılmağa tələsmirdilər.

XIX partiya konfransı: 1988-ci il, iyun
1988-ci ilin iyun ayında başlayan XIX partiya konfransı partiya içindəki ideoloji parçalanmanı açıq-aydın göstərdi. Mühafizəkar Politbüro üzvləri iqtisadi vəziyyətin getdikcə pisləşməsi səbəbilə reformlara qarşı çıxdılar. Daha radikal üzvlər Yakovlev, Şevardnadze, Rıjkov və Medvedev azlıqda idilər. Qorbaçov həmişəki kimi heç bir fraksiyanın fikirlərini qəbul etmir, həmişə orta yol axtarırdı. Partiya konfransında çıxış edən Yakovlev mühafizəkarları hədəf aldı. Yakovlev konfrans iştirakçılarına ya yenidənqurmaya davam edilməsi, ya da geriyə gedilməsi arasında seçim etməyi tapşırdı. Yakovlevin çıxışı radikalların mübahisəni qazandığını göstərirdi. Liqaçovun nüfuzu getdikcə düşməyə başladı və bir müddət sonra katibliyin iclaslarına sədrlik etmək hüququnu itirdi. Partiya konfransında yeni qərarlar qəbul edildi. Qorbaçov yerli partiya sədrinə yerli şuranın sədri olmağı tövsiyə etdi. Beləliklə, partiya və məclis ayrı qurumlar kimi yox, birləşdirildimiş institut kimi fəaliyyət göstərəcəkdi. Lenin dövründən əhəmiyyəti itən SSRİ Xalq Deputatları konqresi yenidən canlandı. Bu islahat Ali Sovet sədrinin rolunu dəyişdirdi. İndiyə qədər Ali Şuranın Rəyasət Heyətinin sədri dekorativ funksiya daşıyırdı. Sədrlik Andrey Gromıko tərəfindən aparılırdı. Qorbaçov bu vəzifəni tutmaq istədiyi üçün Qromıkonu vəzifəsindən kənarlaşdırdı.
Bununla belə məclisdə yenidənqurma kursunun əleyhdarları da var idi. Onlardan biri yazıçı Yuri Bondarev idi. Bondarev yenidənqurmanı havaya qalxdıqdan sonra hara enəcəyini bilməməyən bir təyyarə ilə müqayisə edirdi. Onun fikrincə yenidənqurmanın aydın hədəfləri və istiqamətləri yox idi, yerinə yeni nəsə qoyulmadan hər şey məhv edilirdi. Müxaliflərdən Boris Yeltsin öz çıxışı ilə güclü təsir bağışladı. O, partiyanın bölünməsinin əleyhinə idi və bunu “partiyada xüsusi kommunistlər ola bilməz” tezisi ilə əsaslandırmağa çalışırdı. Yeltsinə, xüsusilə nomenklaturaya etdiyi hücumlar səbəbi ilə kənd ərazilərində güclü dəstək verilirdi. O, kəndlilərin düşdüyü vəziyyəti onların yazdığı məktublardan bilirdi və mövcud durumu öz lehinə çevirməyə çalışırdı. Qorbaçov isə partiya aparatının ölkənin problemlərinin əsas səbəbkarı olduğuna şübhə etmirdi. Buna görə də sentyabr ayında Siyasi Büro partiya aparatının yenidən təşkili və ixtisar edilməsi məsələsinə baxdı. Liqaçov bu dəyişikliklər nəticəsində 800 minə qədər insanın partiyadan çıxarıldığını bildirdi. Bu isə qarışıqlığa və nizam-intizamın tamamilə pozulmasına səbəb oldu. Partiya kadrları tədricən Baş katibə bütün problemlərinin mənbəyi kimi baxmağa başladılar.
Sadə əhalidə isə Mixail Qorbaçovun həyat yoldaşı Raisa Qorbaçovaya böyük nifrət yaranmışdı. Raisa Maksimovna Qorbaçovun səfər etdiyi demək olar ki, bütün ölkə və şəhərlərə onunla birlikdə gedirdi. Səfərdə olduğu zamanlarda isə brend mağazalardan alış-veriş edir, adətən Sovet insanı üçün lüks sayılan geyimlər geyinirdi. Hətta kredit kartının olması barədə şayiələr yayılmışdı. Vəziyyət o həddə çatmışdı ki, 1988-ci ilin dekabrında Mixail Qorbaçov ABŞ-a rəsmi səfəri zamanı rəsmi şəxslər Raisa Maksimovnaya alış-veriş etməməyi və yalnız Sovet İttifaqında istehsal olunan paltarlar geyinməyi tövsiyə etmişdi .
 
Rusiya KP-nin yaradılması və Rusiyanın suverenliyi
1989-cu ildə reformla formalaşdırılmış yeni ali orqan SSRİ Xalq Deputatları konqresinə seçkilər keçirildi. Bu seçkilər SSRİ tarixində ilk azad seçkilər hesab olunur. Formal olaraq seçilən deputatların 86% -i kommunist idi, ancaq partiya onlarla fraksiyaya bölünmüşdü. Deputatların əksəriyyəti müəssisə və idarə rəhbərləri idi. Fəhlə və kəndlilər millət vəkillərinin yalnız 6%-ni təşkil edirdi. Parlamentdə KQB də daxil olmaqla xüsusi xidmət orqanları təmsil olunurdu. Ukrayna SSR-də keçirilən seçkilərdə anti-kommunistlər millət vəkillərinin təxminən dörddə birini təşkil etmişdi. KQB rəhbəri Vladimir Kryuçkov Qorbaçova ölkənin dağılma ərəfəsində olduğunu bildirirdi. Rusiya SFSR Ali Soveti isə Qorbaçovdan getdikcə daha çox səlahiyyət istəyirdi. Bu ərəfədə SSRİ Ali Sovetinin sədri vəzifəsini icra edən Anatoli Lukyanov açıq-aşkar müxalifətə qoşuldu. Əhali də artıq növbələrdə dayanmaqdan bezmişdi. 1 May nümayişlərində minlərlə insan əllərində “Siyasi Büro istefa versin”, “Rədd olsun KPSS”, “Rədd olsun marksizm-leninizm” şüarları yazılmış plakatlar tutmuşdu. Küçələrdə 1917-ci ildən bəri qadağan edilmiş üçrəngli rus bayrağı görünməyə başlamışdı. Rusiyada güclənən müxalifəti sakitləşdirmək üçün Qorbaçov Rusiya Mərkəzi Komitəsinin Bürosunu yaratmağa qərar verdi. Beləliklə 19 iyun 1990-cı ildə Rusiya SFSR Kommunist partiyasının yaradıldığı elan edildi.
Bu dövrə qədər də Rusiya Kommunist partiyasının yaradılması ilə bağlı cəhdlər olmuşdu. Stalin zamanında Leninqrad kommunistlərinin bu istəyi onların repressiya edilməsi ilə nəticələnmişdi. Rusiyanı hər zaman SSRİ Kommunist partiyası təmsil etmişdi, rusların özünə aid partiyalarının olması isə millətçilik və mərkəzdən qaçma kimi qəbul edilirdi. Əvvəlki kommunistlərin bu məsələdə mövqeyinin nə qədər haqlı olduğunu isə zaman göstərdi. Baş katib vəzifəsinə iki əsas namizəd vardı. Mühafizəkar (kommunist) qüvvələrin namizədi İvan Polozkov, liberal qanadın namizədi isə Boris Yeltsin idi. Qorbaçovun müdaxiləsi ilə İvan Polozkov katib seçildi. Sov.İKP-nin bütün rus üzvləri avtomatik olaraq Rusiya SFSR KP-yə üzv oldular. Lakin Polozkovun seçilməsi Sov.İKP-də kütləvi şəkildə istefalarla nəticələndi. İslahatçıların bir çoxu Rusiya SFSR KP-yə qoşulmaqdan imtina etdi. Sov.İKP-dən çıxan görkəmli şəxslərdən biri də Boris Yeltsin idi.
16 may – 22 iyun 1990-cı il tarixlərində keçirilmiş RSFSR Xalq Deputatlarının I Qurultayında RSFSR Ali Sovetinin Sədri seçilməli idi. Burda da Polozkov və Yeltsin mübarizə aparırdı. Qorbaçov Yeltsinin Xalq Deputatları Sovetinin sədri seçilməsinin qarşısını almaq üçün əlindən gələni etdi. İlk turda və ikinci turda nə Polozkov, nə də Yeltsin qələbə qazana bilmədi. Yeltsin Polozkovdan cüzi fərqlə öndə idi. Üçüncü turda isə Qorbaçov Polozkovun yerinə Aleksandr Vlasovu Kremlin namizədi kimi təsdiqlədi. Üçüncü turda baş tutan səsvermədə Yeltsin 535, Vlasov 462 səs aldı. Beləcə 73 səs çoxluğu ilə Boris Yeltsin RSFSR Ali Sovetinin

Sədri seçildi.
Yeni qurulan RSFSR Kommunist partiyasının liberal qanadına Rusiyada formalaşan liberal hərəkat olan “Demokratik Rusiya”nın təsiri var idi. Rəsmi olaraq 1990-cı ilin oktyabrında yaranan bu hərəkat Rusiya şəhərlərində çox böyük dəstək qazanmışdı. Yeltsin RSFSR Ali Sovetinin Sədri seçildikdən sonra Rusiya SFSR prezidenti postunun təsis edilməsini təklif etdi. Yeltsin SSRİ Kommunist partiyasının Rusiyanın işlərinə qarışmaması üçün prezident postunun xalq tərəfindən seçilməsini təklif etdi. Qorbaçov Yeltsinə SSRİ-nin parlament respublikası olduğunu, bu səlahiyyətin xalq tərəfindən deyil, parlament tərəfindən verildiyini bildirdi. Müttəfiq respublikaların bu mövzuda Yeltsinə dəstək verməsi Qorbaçovu təəccübləndirdi. Qorbaçov geri çəkilməyə məcbur oldu və bütün müttəfiq respublikalarda prezident postunun xalq tərəfindən seçilməsinə razı oldu. Yeltsinin RSFSR Ali Sovetinin Sədri seçilməsi Rusiya ilə SSRİ arasında onsuz da yaranmış uçurumu daha da dərinləşdirdi. 12 iyun tarixində RSFSR Ali Soveti RSFSR-in suverenliyinə dair bir bəyannamə qəbul etdi. Artıq RSFSR qanunları Sovet qanunlarından daha üstün idi.
Bu qərar Qorbaçov üçün ağır bir zərbə oldu. Rusiyada bundan sonra yalnız Rusiya üçün faydalı hesab edilən siyasi qərarlar alınacaqdı. Faktiki olaraq Sovet İttifaqının dağılması həmin gün başladı.
 
İqtisadi problemlər
Yenidənqurma başlamazdan əvvəl SSRİ-də 3 bank var idi: Qosbank, Stroybank və Vneştorgbank. (Pixoya,1998:509). 1991-ci ilin ortalarına qədər isə ölkədə 1500-dən çox bank fəaliyyət göstərirdi. 1991-ci ilin yanvarında Rusiya Ali Soveti xüsusi mülkiyyəti qanuniləşdirdi. Bu qanun torpaq, kapital və istehsal vasitələrinə aid idi. Artıq özəl müəssisələr yaratmaq mümkün idi. Müəssisə sahibləri istədikləri qədər işçi götürə bilərdilər. Bu qanun mövcud planlı iqtisadiyyatı alt-üst etdi. Rusiya SFSR öz ərazisindəki ümumittifaq müəssisələrini satın almağa başladı. Tədricən neft, qaz və mədən sahələri RSFSR-in mülkiyyətinə keçdi. Bu kimi tədbirlərlə Sovet iqtisadiyyatının tənəzzülü başladı. İqtisadiyyat tədricən parçalandı. Yüngül yeyinti müəssisələri dövlət sifarişlərini yerinə yetirə bilmədi. Artıq məhsulları pulla deyil başqa tədavül vasitələri ilə dəyişdirirdilər. Xüsusilə tütün və araq üçün hər yerdə növbələr yaranmışdı. Əhali arasında belə bir zarafat yayılmışdı ki, araq növbəsində durmaqdan bezmiş bir adam Qorbaçovu vuracağını söyləyir və əlinə tüfəng alaraq növbəni tərk edir. Bir müddət sonra həmin adam geri qayıdır.
– Vura bildin onu?
– Xeyr, vura bilmədim.
– Niyə vura bilmədin?
– Qorbaçovu öldürmək üçün növbə araq növbəsindən daha uzundur.
Hakimiyyətə qarşı ictimai rəy getdikcə daha çox düşmənliyə çevrilirdi. 1989-cu ilin yazında Moskvada və digər şəhərlərdə hökumətə qarşı 350 mindən çox adamın iştirakı ilə 51 kütləvi nümayiş keçirildi. Qorbaçov vəziyyətdən çıxış üçün daha çox islahatçıların təmsil olunduğu yeni bir hökumət qurdu. Baş nazir (Nazirlər Sovetinin sədri) İvan Silayev təyin edildi. SSRİ Dövlət İqtisadi İslahatlar Komitəsinin sədri və “500 gün” proqramının müəlliflərindən biri olan Qriqori Yavlinski Baş nazirin müavini, Beynəlxalq maliyyə təşkilatlarında iş təcrübəsi olan Boris Fyodorov isə Maliyyə naziri oldu.
İqtisadi böhrandan çıxış yolu üçün hökumət iki plan hazırlamışdı. Akademik Stanislav Şatalin və Qriqori Yavlinskinin hazırladığı “500 gün” proqramı 1990-cı ilin sentyabrında nəşr olundu və tezliklə Rusiya SFSR Ali Soveti onu qəbul etdi. Rusiya SFSR Kommunist partiyası isə “500 gün” proqramını “antisovet və kapitalizmə kapitulyasiya” kimi qiymətləndirdi. Bu proqramın reallaşacağı təqdirdə SSRİ-də faktiki kapitalizm qurulacaqdı. Nikolay Rıjkov və akademik Leonid Abalkin isə sosialist bazar iqtisadiyyatı üçün bir layihə hazırladılar (Pixoya, 1998:506). Qorbaçov bir-birinə zidd iki islahat modeli ilə qarşılaşdı və həmişəki kimi orta bir yol tapmağa çalışdı. Kompromis proqramı hazırlamaq üçün ortaq Sovet-Rusiya komitəsi yaradıldı. Ancaq SSRİ Ali Sovetinin sədri Anatoliy Lukyanov getdikcə islahatlara daha çox müqavimət göstərirdi.
1989-cu ilin dekabrında rəsmi məzənnəyə əsasən 1 dollar 5 rubl idi. Qara bazarda isə 1 dollar 15 rubla dəyişdirilirdi. Təkcə Moskvada 100.000-dən çox valyuta spekulyantı fəaliyyət göstərdiyindən islahatın təsiri çox cüzi oldu. 1990-cı ildə təklif olunan “500 gün” proqramı qara bazar dəllalları üçün yaxşı xəbər idi. Bu planda “bazara keçidin məntiqi, ölkənin bütün sakinlərinin mənafeyi naminə kölgə (qara) kapitaldan istifadəni əhatə edir” deyilirdi. Bazar islahatlarının tərəfdarı Qalina Starovoytova daha da irəli getdi: “Ən dinamik və təşəbbüskar iş adamları qara iqtisadiyyatda fəaliyyət göstərir. Onların xarici ölkələrlə çox yaxşı əlaqələri var”. “Pravda” qəzetinin oxucuları gözlərinə inana bilmirdilər, açıq-aşkar kölgə iqtisadiyyatının rəsmi iqtisadiyyata çevrilməsi təklif olunurdu.
Ölkənin qara bazarında əsas rol oynayanlardan biri azərbaycanlılar idi. Azərbaycanlılar SSRİ-də marka məhsullar satan pərakəndə idxal şəbəkəsi “Beryozka”ya və bəzi valyuta dükanlarına nəzarət edirdilər. Azərbaycanlıların Türkiyə, İran və Pakistanla əlaqələri var idi. Meyvə və tərəvəz bazarlarına və demək olar ki, bütün çiçək ticarətinə onlar nəzarət edirdi.
 
Müttəfiq respublikalarda qarşıdurmalar və Yeltsinin uğuru
Daxili siyasi vəziyyət getdikcə gərginləşirdi. Rusiya suverenliyini elan edənə qədər artıq Estoniya, Litva, Latviya, Azərbaycan və Gürcüstan öz suverenliklərini elan etmişdi. Rusiyanın ardınca digər müttəfiq respublikalar da suverenlik paradına qoşuldu. Qorbaçov bütün respublikaların suverenliyini elan etməsindən sonra ittifaqı qorumaq üçün başqa alternativ metodlar irəli sürdü. Yeni bir birliyin qurulması üçün müttəfiq respublikalarla danışıqlara başlandı. Qorbaçov bu birliyə Suveren Dövlətlər Birliyi adını verdi. Lakin bu danışıqlar gedən ərəfədə parlamentdəki “Demokratik Rusiya” hərəkatı üzvləri Qorbaçovun hakimiyyətdən kənarlaşdırılması və Sov. İKP-nin ləğv edilməsi barədə səsvermə keçirilməsi tələbini qoydu. 21 sentyabrda isə “Demokratik Rusiya”nın qeyri-rəsmi rəhbəri olan Boris Yeltsinin hərəkət etdiyi avtomobil, əks yoldan gələn maşınla toqquşdu. Qəzada Yeltsin yüngül yaralandı. Yeltsin bu qəzanın Qorbaçov tərəfindən təşkil edildiyinə inanırdı. Hadisə, Yeltsinin ABŞ nümayəndə heyətindən prezident Corc Buşla onun arasında görüş təşkil etməsini istəməsindən bir gün sonra baş vermişdi.
1990-cı ilin dekabrında SSRİ Xalq Deputatları qurultayında Qorbaçova etimadsızlıq məsələsi səsə qoyuldu. Təxminən 400 nəfər prezidentin istefasına səs verdi, lakin Yeltsin də daxil olmaqla əksəriyyət əleyhinə səs verdi. (Mccauley, 2007:421). Ən emosional hadisə isə xarici işlər naziri Eduard Şevardnadzenin çıxışı oldu. Şevardnadze ölkədəki idarəetməni diktatura adlandıraraq istefa verdiyini bildirdi. Bu qurultayda deputatlar SSRİ-nin suveren respublikalar ittifaqı kimi saxlanmasının lehinə səs verdilər. Beləcə referendumla bağlı hazırlıqlara başlandı.
SSRİ-dən ilk olaraq ayrılmaq istəyən respublikalar Baltikyanı ölkələr idi. Litva 11 mart 1990-cı ildə müstəqilliyini elan etmiş, Litva Ali Sovetinə isə əksəriyyəti “Sayudis” hərəkatının üzvü olan 111 deputat seçilmişdi. Respublika ərazisində SSRİ Konstitusiyası ləğv edildi və 1938-ci il Litva Konstitusiyası yeniləndi. Litvanın müstəqilliyi SSRİ hökuməti və xarici ölkələr tərəfindən tanınmadı. Litva bu tanınmanı silah yolu ilə qəbul etdirmək istədi. KQB rəhbəri Vladimir Kryuçkovun sözlərinə görə, Qorbaçov Latviya və Litvadakı ekstremistlərə qarşı güc tətbiq etməyə razı oldu. 10 yanvar 1991-ci ildə Qorbaçov Litva Ali Sovetinə oradakı Sovet konstitusiyasının bərpa edilməsi barədə ultimatum göndərdi. Qorbaçov elə həmin gün müdafiə nazirinə, KQB rəhbərinə və daxili işlər nazirinə Vilnüsdə güc tətbiq etməyi tapşırdı. 12 yanvar – 13 yanvar gecəsi ordu və KQB bölmələri Vilnüsdəki televiziya mərkəzini ələ keçirmək üçün hərəkat başlatdı. Münaqişə nəticəsində 1-i Sovet əsgəri olmaqla 14 nəfər həlak oldu. (Pixoya, 1998:541).

Təxminən eyni ssenari 1989-cu ildə Gürcüstanda, 1990-cı ildə isə Azərbaycanda təkrarlandı. Bu hadisələr Sovet İttifaqında sərt reaksiyaya səbəb oldu. Donetsk mədənçiləri Qorbaçovun istefasını və ölkədə demokratik və iqtisadi islahatların keçirilməsini tələb etdilər. Eyni tələblə 1 martda Kuzbas mədənçiləri tətilə başladı. Qorbaçov isə Litvada güc tətbiq etmə əmri vermədiyini müdafiə etdi. Vilnüs hadisələri Sovet hökumətinin ictimai rəydən asılı olmayaraq birliyi qorumaq üçün güc tətbiq etməyə hazır olduğunu göstərdi. Lakin birliyin saxlanması referendumla mümkün idi. 17 Mart 1991-ci ildə baş tutan referendumda seçicilərə “SSRİ-nin bərabər suveren respublikaların yenilənmiş bir federasiyası kimi qorumasını vacib hesab edirsinizmi?” sualı verildi. Estoniya, Latviya, Litva, Ermənistan və Gürcüstan SSR parlamentlərinin rəhbərləri yeni ittifaq müqaviləsi imzalamaq istəmədikləri üçün referendum keçirilməcəyini bildirdilər. Gözlənildiyi kimi əhalinin böyük əksəriyyəti (76 faiz) Sovet İttifaqını qorumaq üçün keçirilən referendumun lehinə səs verdi. Rusiyada 71% ittifaqın qorunmasının tərəfdarı idi. (Sakwa, 1999:460).
Maraqlıdır ki, Moskva və Leninqradda seçicilərin təxminən yarısı, Sverdlovskda isə çoxu əleyhinə səs vermişdi. Bundan başqa referendumda RSFSR prezidentlik postunun təsis edilməsi ilə bağlı ayrıca bölmə var idi. Bu maddə də Rusiya seçiciləri tərəfindən dəstəkləndi. Bununla belə ittifaq qurulması üçün Rusiyanın özündə sabitlik qurmaq lazım idi. Rusiyada prezident seçkiləri keçirilməli idi. Seçkilərdə Yeltsinin qalib gələcəyi təqdirdə Qorbaçovun prezidentliyi dekorativ bir funksiyaya çevriləcəkdi. Bunun üçün Qorbaçov ordudan istifadə etməyə qərar verdi. Bu səbəblə 25 martda SSRİ Nazirlər Kabineti Moskvada nümayiş və mitinqlərin keçirilməsini qadağan edən bir qərar qəbul etdi. Qorbaçov ordunu Rusiya Ali Sovetinin qarşısına yığaraq onlara təsir etməyə çalışdı. Bir çox deputat Qorbaçovdan ordunun geri çəkilməsini tələb etdi. Ali Sovet sədrinin müavini Ruslan Xasbulatov prezidentlə danışıqlar aparmaq üçün göndərildi, lakin Qorbaçov ordunu çıxarmaqdan imtina etdi.

Lakin bu taktika da istənilən nəticəni vermədi. Qorbaçovun silahla təhdidi RSFSR Kommunist partiyasında parçalanma yaratdı. RSFSR Kommunist partiyası Mərkəzi Komitəsinin üzvü Aleksandr Rutskoy partiyadan istefa verdiyini bildirdi və öz parlament qrupunu yaratdı. Bu parlament qrupuna 95 deputat qoşulmağa razılıq verdi. Yeltsin həm Ali Sovet sədri vəzifəsini qorudu, həm də islahatlar aparmaq üçün əlavə səlahiyyətlər aldı. Yeltsin 23 apreldə Moskvadan 35 km məsafədəki bir bağda Rusiya, Ukrayna, Belarus, Özbəkistan, Qazaxıstan, Azərbaycan, Qırğızıstan, Tacikistan və Türkmənistanın liderləri ilə görüşdü. Bunlar 9 + 1 formatında danışıqlar idi. Tərəflər yeni konstitusiyanın və yeni seçkilərin zəruriliyi barədə razılığa gəldilər. Mərkəzi Komitənin 24-25 aprel 1991-ci il tarixli plenumunda Qorbaçov ağır tənqidlərə məruz qaldı və heç kəsin gözləmədiyi halda istefa verdiyini açıqladı.
Lakin Politbüro ondan istefasını geri götürməsini istədi. Geri qayıdan Qorbaçovun taleyi ilə bağlı səsvermə keçirildi. Çoxluq Qorbaçovun prezident kimi qalmasını dəstəklədi. Yeltsini vəzifəsindən kənarlaşdırmaq planı alınmadığı üçün Qorbaçov RSFSR içindəki muxtar respublikalarda prezidentlik səsverməsini boykot etməyə çağırdı. Seçkilər 12 iyun 1991-ci il tarixində keçirilməli idi. Yeltsin “Demokratik Rusiya” və 1990-cı ildə formalaşan sağçı bir çox partiya və hərəkat tərəfindən dəstəkləndi. Kommunistlər isə eks SSRİ Baş Naziri Nikolay Rıjkovu öz namizədi seçdilər. Üçüncü namizəd isə liberal demokratları təmsil edən Vladimir Jirinovski idi. Seçkilərdə Yeltsin 57,3%, Rıjkov 16,9%, Jirinovski isə 7,8% səs aldı. (Sakwa, 1999:455). Yeltsin 10 iyulda Kremldə and içdi. Mərasimdə bütün Rusiyanın patriarxı da iştirak edirdi. 1917-ci ildən bəri ilk dəfə dini xadim prezidentə xeyir-dua verirdi.
 
(Avqust çevrilişi)
Boris Yeltsinin prezident seçilməsi və müttəfiq respublikalarla yeni bir ittifaqın qurulması güc strukturlarını narahat edirdi. KQB rəhbəri Kryuçkov Qorbaçovdan SSRİ-də fövqəladə vəziyyətin tətbiqini istədi. Artıq dövlət içində həm SSRİ hökumətinə, həm də RSFSR-ə qarşı müdafiə naziri Dmitriy Yazov, Daxili işlər naziri Boris Puqo, Baş nazir Valentin Pavlov, vitse-prezident Gennadi Yanayev, SSRİ Müdafiə Şurası üzvü Oleq Baklanovdan ibarət qrup formalaşmağa başladı. 21 iyul 1991-ci ildə Qorbaçov, Boris Yeltsin və Nursultan Nazarbayev görüşərək SSRİ hökumətinin transformasiya olunması, Pavlov, Yazov, Kryuçkov və Puqo kimi şəxslərin daha liberal şəxslərlə dəyişdirilməsi barədə razılığa gəldilər. Bu söhbət KQB tərəfindən dinlənildi və nitqin mətni KQB rəhbəri Kryuçkova göndərildi.
Boris-Yeltsin-reading-a-speech-on-a-tank-during-the-August-1991-communist-coup-one-of4 Avqust 1991-ci ildə Qorbaçov ailəsi ilə birlikdə Krımdakı yaz iqamətgahına tətilə getmişdilər. Qorbaçov 20 avqustda yeni ittifaq müqaviləsi imzalanacağı zaman Moskvaya qayıtmalı idi. 17 avqustda Yanayev, Yazov, Pavlov, Kryuçkov və Puqo KQB binasında toplandı və yeni ittifaq müqaviləsini müzakirə etdi. Bu müqavilənin Sovet İttifaqını məhv etdiyi, bunun qarşısını almaq üçün isə hərbi çevrilişin zəruri olduğuna dair razılığa gəlindi. (Yanayev, 2009 :99). 18 avqustda Oleq Baklanov, Valeriy Boldin, Oleq Şenin və SSRİ Müdafiə nazirinin müavini Valentin Varennikov Qorbaçovla görüşmək üçün Krıma getdilər. KQB ilk öncə Qorbaçovun xarici dünya ilə bütün əlaqələrini kəsdi. Bu, faktiki ev həbsi idi. Nümayəndə heyətinin üzvləri olan Baklanov, Boldin, Şenin və Varennikov Qorbaçovdan ya hərbi vəziyyət elan etməsini, ya da ölkədə asayişi təmin etmək üçün bütün səlahiyyətləri vitse-prezident Gennadi Yanayevə verməsini tələb etdilər.

Qorbaçovun dediyinə görə o bütün tələbləri rədd etmişdi. Varennikov isə Qorbaçovun “Nə istəyirsiniz edin” dediyini bildirir.
Baklanov, Boldin, Şenin və Varennikovun Krımdan qayıdandan sonra Kremldə iclas keçirildi. Gennadi Yanayev, Valentin Pavlov və Oleq Baklanov SSRİ-də hərbi vəziyyətin elan edilməsi və Dövlət Təhlükəsizlik Şurasının (QKÇP) yaradılması barədə bəyannamə imzaladılar. Bunun ardınca Yanayev Qorbaçovun “xəstəlik” səbəbilə vəzifəsini yerinə yetirə bilmədiyi haqqında əmr imzalayır və onun bütün səlahiyyətləri vitse prezidentə keçir. QKÇP-nin bəyannaməsi 19 avqustda səhər saat 07:00-də xalqa elan edildi. RSFSR-ə bağlı olan bütün televiziya, radio, qəzetlərin bağlandığı haqda məlumat verildi. Çevrilişi həyata keçirənlər Qazaxıstana gedən Yeltsinin ölkəyə qayıdan kimi həbs etməyi düşünsələr də, bunu həyata keçirə bilmədilər. Yeltsin RSFSR Ali Soveti binasının qarşısına gələrək hərbi çevrilişin qanunsuz olduğunu açıqladı və xalqı meydanlara çağırdı.
Yeltsinin çağırışından sonra “Ağ ev”in (RSFSR Ali Soveti binası) qarşısına minlərlə müxtəlif ideologiyalara mənsub ruslar toplanmağa başlamışdı. Toplanan insanların böyük əksəriyyəti “Demokratik Rusiya” hərəkatının üzvləri idi. Hətta anarxistlər də Yeltsini dəstəkləmək üçün meydanlara çıxmışdı. Çevrilişə cəhd edənlərin məqsədi RSFSR Ali Sovetini ələ keçirmək və onu ləğv etmək, müqavimət göstərildiyi təqdirdə isə bütün deputatları həbs etmək idi. Bunun üçün Taman tank diviziyası hazırlanmışdı. Lakin Ağ evin qarşısına minlərlə insan gəldiyi üçün tanklarla hücum cəhdi alınmadı. Qarşıdurmanın üçüncü günü ordunun bir hissəsi Yeltsinin tərəfinə keçdi. Bütün bunlara baxmayaraq ordu yenə də binaya hücum etməyi gözləyirdi, lakin müdafiə naziri Yazov qan tökülməsinə razı olmadı, bununla da hərbi çevriliş uğursuzluqla nəticələndi. Beləcə, hakimiyyət tam olaraq RSFSR prezidenti Yeltsinin əlinə keçdi. Bu hadisədən sonra QKÇP, SSRİ Kommunist partiyası, habelə SSRİ KQB-si daxil olmaqla SSRİ-nin digər güc strukturları ləğv edildi. .
 
Belovejsk anlaşması və SSRİ-nin süqutu
Avqust hərbi çevrilişinə cəhddən sonra müttəfiq respublikalar ard-arda müstəqillik haqqında aktlar qəbul etməyə başladılar. Lakin mərkəzin tanımayacağı təqdirdə bu aktların heç bir mənası yox idi. Hələ ki, Suveren Respublikalar İttifaqı gündəmdən düşməmişdi. 5 sentyabr 1991-ci ildə SSRİ Xalq Deputatlarının V konqresi “Keçid dövründə SSRİ-nin dövlət hakimiyyəti və idarəetmə orqanları haqqında” qanunu qəbul etdi. Bununla da yeni dövlət münasibətləri sisteminin formalaşması, Suveren Dövlətlər Birliyi haqqında müqavilənin hazırlanması və imzalanması üçün bir keçid dövrü elan olundu. Bu qərardan sonra Qorbaçovun təklifi ilə Xalq Deputatları konqresi ləğv edildi.
6 sentyabrda SSRİ Dövlət Şurası üç Baltik respublikasının (Latviya, Litva və Estoniya) SSRİ-dən çıxmasını qəbul edərək, onların müstəqilliyini tanıdı. 14 noyabr 1991-ci ildə 12 ittifaq respublikasından yeddisinin başçıları (Rusiya, Belarusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan) və Sovet prezidenti Mixail Qorbaçov Suveren Respublikalar İttifaqı-nın yaradılması ilə bağlı müqavilə bağlamaq niyyətində olduqlarını bildirdilər. Bu dövlətlərin sırasına Ukrayna və Azərbaycan da qoşulmalı idi. Lakin Boris Yeltsin “Avqust çevrilişinə cəhd”dən sonra Suveren Respublikalar İttifaqı barədə də skeptik düşüncədə idi və bu qurumun yaranmasına imkan vermədi. 1 dekabrda keçirilən referendumda Ukraynanın müstəqilliyi elan edildi. Boris Yeltsin isə dərhal Ukraynanın müstəqilliyinin tanıdı və onunla ikitərəfli müqavilə bağlamaq niyyətində olduğunu bildirdi.
5 dekabrda Qorbaçovla görüşündə Yeltsin Ukrayna olmadan Suveren Respublikalar İttifaqının heç bir mənasının olmadığını qeyd etdi. Yeltsin sonralar ABŞ prezidenti Corc Buşa yeddi respublikadan yalnız ikisinin slavyan, qalanlarının isə müsəlman olduğunu, buna görə də razılığa gəlməyin mümkün olmadığını bildirmişdi. Yeltsin SSRİ-ni nəhayət sonlandırmaq üçün üçün Belarus prezidenti Şuşkeviç, Ukrayna prezidenti Kravçukla müqavilə imzalamağa qərar verdi və danışıqlara başladı. 3 respublikanın prezidenti Qorbaçovun xəbəri olmadan “Beloveja” milli parkında görüşdülər. Stanislav Şuşkeviçə görə, bu görüşdə Qazaxıstan prezidenti Nursultan Nazarbayev də iştirak etməli idi. Lakin Nazarbayev Belovejaya yox, Moskvaya getdi. Nazarbayev daha sonralar Belaveja görüşü haqqında “belə bir müqaviləni heç vaxt imzalamazdım” deyəcəkdi.
Beləliklə 8 dekabrda Şuşkeviç, Kravçuk və Yeltsin SSRİ-nin ləğvi, onun yerində isə Müstəqil Dövlətlər Birliyinin yaradılması barədə razılaşmanı imzaladılar. Razılaşmanın ironik tərəfi isə Yeltsinin müqavilə imzalandıqdan dərhal sonra, ilk olaraq ABŞ prezidentinə zəng edib bu haqda xəbər verməsi idi. (Qorbaçovun bundan hələ xəbəri yox idi). Müqavilənin imzalanmasından bir gün sonra Qorbaçov hər bir ittifaq respublikasının ittifaqdan ayrılma hüququna sahib olduğunu, lakin çoxmillətli dövlətin taleyinin üç respublikanın liderlərinin iradəsi ilə müəyyən edilə bilməyəcəyini bəyan etdi.
Hələ də SSRİ-nin saxlanması üçün imkanlar qalırdı. 11 dekabr tarixində Konstitusiya Nəzarət Komitəsi SSRİ rəhbərliyinin mövcudluğunu yalnız “SSRİ-nin taleyi ilə bağlı konstitusiya qərarından sonra” dayandıra biləcəyini bildirdi. Bundan başqa “Beloveja müqaviləsi” imzalansa da bu razılaşma hər 3 dövlətin parlamentindən keçməli idi. 12 dekabr RSFSR Ali Sovetində 201 deputatdan 188-si razılaşmanın lehinə, 6-sı isə əleyhinə səs verdi. 7 deputatın bitərəf qaldığı səsvermə zamanı SSRİ-nin dağılmasının əleyhinə səs verənlər Sergey Baburinin üzvü olduğu mərkəzçi fraksiya idi. (Pixoya, 1998:623). 2 nəfər istisna bütün eks kommunistlər SSRİ-nin dağılmasını dəstəkləmişdi. Ukrayna Ali Sovetində isə cəmi 1 nəfər (Albert Korneyev) razılaşmanın əleyhinə səs verdi. Belarus Ali Sovetində razılaşmanın əleyhinə çıxan yeganə şəxs isə hazırda ölkənin prezidenti Aleksandr Lukaşenko olub.
Lowering_the_Soviet_Flag3 dövlətin parlamenti MDB-nin yaradılmasını ratifikasiya etdikdən sonra digər 8 dövlət ortada qalmışdı. 21 dekabr Almatıda keçirilən konfransda Moldova, Azərbaycan, Ermənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Türkmənistan SSRİ-nin ləğvini, onun yerində isə MDB-nin qurulmasını dəstəkləyən protokolu imzaladılar. (Shumilov, 2008:547). 25 dekabrda saat 19-da televiziya ilə çıxış edən Mixail Qorbaçov prezident vəzifəsindən istefa verdiyini bildirdi. 26 dekabrda SSRİ Ali Sovetinin – Respublikalar Sovetinin palatalarından biri – son dəfə Kremldə toplandı. Bu iclasda ittifaqda sona qədər qalmış 5 Asiya respublikasından olan millət vəkilləri “SSRİ-nin dövlət və beynəlxalq hüququn subyekti kimi mövcudluğuna xitam verilməsi haqqında Bəyannamə”ni imzaladılar.

Beləliklə SSRİ-nin dağılması rəsmiləşdi.
Nəticə (SSRİ-nin dağılma səbəbləri)

Sovet İttifaqının dağılmasının ən vacib amillərini təhlil etməyə başlamazdan əvvəl ölkənin necə idarə olunduğunu başa düşmək lazımdır. Rusiya Çar Rusiyası zamanı yarıfeodal ölkə idi, yalnız böyük şəhərlərdə kapitalist iqtisadi münasibətlər formalaşmışdı. Bu tipli dövlətdə Marksın nəzəriyyəsi tətbiq oluna bilməzdi. Çar Rusiyasında bunun üçün həm burjua demokratik inqilab yolu keçməli, həm də sənayeləşməli idi.
Rusiya marksistlərinin lideri Lenin birinci tezislə razılaşsa da ikincini qəbul etmədi. Leninə görə inqilabi partiya hakimiyyəti ələ keçirə və sənayeləşməyə başlaya bilər, bunun üçün isə keçid dövrünə ehtiyac yoxdur. Bolşeviklər 25 oktyabr 1917-ci ildə hakimiyyətə gəldilər. Təxminən 4 il davam edən vətəndaş müharibəsində bolşeviklər qalib oldular. Lenin SSRİ-nin qurulması ilə Avropada inqilabın zəfər çalacağına inanırdı. Lakin 1918-1920-ci illərdə Avropada baş verən inqilablar bəhrə vermədi. Dövlət artıq yeni bir hədəf seçməli idi. Bu hədəf sosialist iqtisadiyyatının qurulması üçün kapitalizm qarşısında geri çəkilmə (NEP) adlandırıldı.
Leninin ölümündən sonra Stalin iqtidarı ələ aldı. Stalin Buxarinin formalaşdırdığı “bir ölkədə sosializm” şüarı ilə sosializmin iqtisadi baxımdan kapitalizmlə mübarizə apara biləcəyinə inanırdı. Bunun üçün əsas təməl hədəf kollektivləşdirmə və sənayeləşmə idi. Stalin 1936-cı il konstitusiyasında Sovet İttifaqında sosializmin qurulduğunu elan etdi. Növbəti hədəf isə kommunizm idi. 1952-ci ildəki çıxışında Stalin ölkənin 1970-ci ildə kommunizmə keçidin ən yüksək mərhələsinə çatacağını gözləyirdi.
Stalindən sonra iqtidara gələn Malenkov və Xruşşovun dövründə kommunizmin qurulması ilə bağlı proqnozlar daha bədbin xarakter almışdı. Nikita Xruşşova görə kommunizm 1980-cı ildə qurulmalıydı. Xruşşov bundan başqa kommunizmdə dövlət institutunun ölməyəcəyini deyərək Marksa tamamilə zidd gedirdi.
Xruşşovdan sonra iqtidara gələn Brejnevin zamanında kommunizm bir ideal olaraq arxa plana atıldı və onun yerinə “inkişaf etmiş sosializm” şüarı gətirildi. Andropov və Çernenko iqtidarda çox az qaldı və Sovet sistemində nəzərə çarpacaq ciddi dəyişikliklər yarada bilmədilər. 1985-ci ildə iqtidara gələn Mixail Qorbaçova isə 1930-cu ildən etibarən hökumət içində formalaşmış 3 əsas problem miras qaldı:

  •   İqtisadi problem
  •   Hərbi və resurs problemi
  •   İdeoloji problem

1. 1914-cü ildə Rusiya dünyanın ən inkişaf etmiş səkkizinci sənayesinə malik idi. Stalinin dövründə baş tutan sənayeləşmə böyük bir uğur qazandı. Bunun əsas səbəblərindən biri Rusiyanın təbii sərvətlərinin bolluğu idi. SSRİ kauçuk istisna heç bir şey idxal etmirdi. SSRİ bu dövrdə dünya iqtisadiyyatından böyük ölçüdə təcrid olunmuşdu. Stalin marksist sənayeləşmə üsuluna sadiq qaldı, əsas məqsəd bütün ölkədə sənayenin eyni zamanda inkişafı idi. Təcrid olunmuş ərazilərdə böyük sənaye şəhərləri yaradıldı. Bu tipli şəhərlərin tikilməsində məhkumlar, daha sonra isə alman əsirlər işlədilməyə başladı.
Sovet iqtisadiyyatı Stalin dövründə əhəmiyyətli dərəcədə böyüdü və ÜDM baxımından yalnız ABŞ-dan geri qaldı. Lakin Xruşşovun hakimiyyətə gəlməsi ilə 1950-ci illərdə əldə edilmiş artım tempi tədricən azaldı. 1966-1970-ci illərdə ÜDM 7,2 faiz artarkən, 1971-1975-ci illərdə yüzdə 5,1-ə, 1976-1980-ci illərdə yüzdə 3,8-ə, 1981-1985-ci illərdə isə 3,1 faizə kimi düşdü.
1960-cı illərdə Sovet İttifaqı dünya bazarına əsas neft, 1970-ci illərdə isə təbii qaz ixracatçısı kimi daxil oldu. 1973-cü ilin oktyabrında başlayan Ərəb ittifaqı-İsrail müharibəsi və sonrakı ərəb dövlətlərinin neft embarqosu nəticəsində neft qiymətləri 5 dəfəyə qədər bahalaşdı. Neft gəlirlərindəki artımlar sayəsində zəifləmiş Sovet iqtisadiyyatı nəhəng bir hərbi sənaye kompleksinin ehtiyaclarını ödəməyə imkan tapdı. Kənd təsərrüfatı isə getdikcə tənəzzülə uğrayırdı. Xruşşovun hakimiyyəti zamanı SSRİ taxıl idxalına başladı, bu siyasət Brejnev dövründə də davam etdirildi. (Maraqlıdır ki, SSRİ sənayeləşməni məhz taxıl ixracından əldə etdiyi gəlirlər sayəsində apara bilmişdi).
Ərzaq çatışmazlığının və sosial qeyri-sabitliyin qarşısını almaq üçün lazım olan qida idxalına başlandı. Kənd təsərrüfatı ilə bağlı planı doldurmaq üçün neftdən istifadə edilirdi. SSRİ Nazirlər Sovetinin sədri Aleksey Kosıgin Neft və Qaz sənayesi nazirinə zəng edərək “çörəyimiz çatmır, mənə plandan əlavə üç milyon ton neft verin” demişdi (Erqin, 2016:29). Neftin bahalaşması Sovet İttifaqına iqtisadi islahatlara və xarici siyasətdəki dəyişikliklərə əl atmadan əvvəlki kursu izləməyə imkan verdi. Sovet rəhbərliyi neftin qiymətinin enməsi ehtimalı barədə ciddi düşünmürdü və hadisələrin belə inkişafına hazır deyildi. Bu səbəbdən 1985-ci ildə hakimiyyətə gələn Qorbaçov ciddi problemlərlə üzləşdi. 1986-cı ildə həddən artıq təklif və qlobal tələbin azalması neft qiymətlərinin çökməsinə səbəb oldu. Bu səbəbdən ölkə valyuta gəlirlərinin əhəmiyyətli bir hissəsini itirdi. Sovet neft sənayesi hasilatının artırmağa davam etməsinə baxmayaraq batan iqtisadiyyatı xilas etmək üçün bu, kifayət deyildi.
Digər böyük bir problem isə bəzi geyim növlərinin, əşyaların defisiti məsələsi idi. Hətta Qorbaçov hakimiyyətə gəldiyi ilk dönəmlərdə qadın kolqotkası problemini həll etmək üçün komissiya qurmuşdu. Qorbaçov bununla bağlı acı-acı deyinirdi: “Fikir verin, kosmosu fəth edən, dünyanın ən güclü ordusuna malik olan dövlət qadın kolqotkası məsələsini həll edə bilmir”. (Erqin, 2016:30). Bundan başqa diş məcunu, yuyucu toz defisit idi. Ölkədə planlı və kölgə iqtisadiyyatı hökm sürürdü. İkincisi rəsmi iqtisadiyyatdan daha sürətli böyüdü. Qorbaçov Sovet iqtisadiyyatının necə işlədiyini düzgün başa düşmürdü. Bu səbəbdən işləri düzəltmək əvəzinə daha da pisləşdirən bir çox iqtisadi islahatlar həyata keçirdi.
2. Sovetlər bütün dünyada kommunizm qurmaq və özünü qorumaq üçün müdafiə olunmalı idi. Sovet İttifaqının hərbi-sənaye kompleksi milli gəlirin ən azı 40% -ni təşkil edirdi. Dəqiq rəqəmi heç kim, hətta lideri belə bilmirdi (Mccauley, 2007:442). Yalnız Qorbaçovun hakimiyyətdə olduğu dövrlərdə müdafiə xərcləri azaldılmışdı. Silah xərcləri Sovet İttifaqı üçün ziyanlı idi. Silahlanma yarışı ölkənin çöküşünə səbəb olan bir çox səbəbdən biridir.
Digər tərəfdən SSRİ öz resurslarının böyük hissəsini digər respublikalardakı inqilabi hərəkatlara və sosialist dövlətlərə xərcləyirdi. SSRİ-nin ən çox subsidiya verdiyi dövlətlərdən biri Almaniya Demokratik Respublikası olmuşdu. Almaniyada yanacaq az idi və buna görə də SSRİ-dən daim dəstək alırdı. Yenidənqurma dövründə Almaniya Demokratik Respublikası Baş naziri Hans Modrov SSRİ-nin yardımları azaltması səbəbilə Qorbaçova belə bir məktub yazmışdı: “Almaniya Demokratik Respublikası Sovet İttifaqının övladıdır. Xahiş edirəm, bizimlə maraqlanın.” Nə qədər qəribə olsa da “Varşava paktı” ölkələri Sovet İttifaqı ilə ticarət kəsiri yaratmağa can atırdılar. Bu, onlar üçün Moskvadan asan kredit almaq demək idi. Onların nöqteyi-nəzərindən bu, rasional iqtisadi davranış idi. Üçüncü dünya ölkələrində də Sovet İttifaqının nüfuzu yüksək idi. Efiopiya, Anqola, Mali, Konqo Demokratik Respublikası və Mozambik kimi ölkələr Qərb imperializminə qarşı mübarizə aparırdılar. SSRİ internasional dövlət olduğu üçün bu kimi dövlətlərə yardım etməli idi. Laos və Vyetnam kimi digər dövlətlər də Sovetlərin səxavətini gözləyirdi. Sovet İttifaqının yardım etdiyi dövlətlər arasında Kuba xüsusilə fərqlənirdi. Sovet İttifaqı Kubanın şəkər qamışını bazar qiymətindən xeyli yüksək qiymətə alır və onun əvəzində ona demək olar ki, hər şeyi pulsuz verirdi.
7-1Bundan başqa Avropa dövlətləri və ABŞ-da olan kommunist dərnəklərə və partiyalara da yardım edilirdi. SSRİ-nin Qərb kommunist partiyalarından xüsusilə də İtaliya Kommunist Partiyası ilə münasibətləri çox yaxşı idi. ABŞ Kommunist partiyası da birbaşa Moskvadan maliyyələşirdi. Sovet İttifaqına ən çox zərər verən kampaniya isə Əfqanıstan hərakatı oldu. 10 il davam edən bu müharibədə SSRİ həm maddi, həm də insani çox böyük itki verdi. Qorbaçova görə, Əfqanıstan “açıq yara” idi. Bu fəlakətli macəra 1989-cu ilin fevralında sona çatdı. Bütün bu maddi asılılıqdan qurtulmaq üçün SSRİ ordusunu əvvəlcə Əfqanıstandan, daha sonra Şərqi Avropadan çıxardı. Qorbaçov 1 avqust 1990-cı ildə Səddam Hüseynin Küveyti istilası zamanı İraqla müttəfiq olsa da ona heç bir dəstək vermədi. SSRİ artıq son dövrünü yaşayırdı. Dövlətin yaşaması üçün Qərb dövlətlərinin kreditinə ehtiyacı vardı.
Amerikalılar Qorbaçova taxıl almaq müqabilində 1,5 milyard dollar təklif etdilər. 1991-ci il iyul ayında Londonda Qorbaçov prezident Buşdan 100 milyard dollar istəsə də sonuncu bunu qəbul etmədi..
Çöküş artıq qapıda idi.
3. Sovet İttifaqının çöküşündə ən vacib amil kimi ideoloji çöküşü qeyd edə bilərik. İdeoloji çöküşün əsas günahkarı kimi isə Stalini qeyd etmək lazımdır. Məhz Stalinin dövründə Siyasi Büroda demokratik seçim, azad fikir bildirmə, kollektiv idarəetmə sistemi pozuldu. 1930-cu illərdə aparılan repressiya zamanı dövlətin qurucu üzvlərinin böyük əksəriyyəti (Lenin qvardiyası) öldürüldü. Siyasi Büro artıq Stalinin hər dediyini sözsüz qəbul edən, onun hər fikrini alqışlayan iradəsiz insanlar topluluğuna çevrilmişdi. Məhz azad fikrin və plüralizmin olmaması dövlət aparatında real kommunistlərin deyil, karyeristlərin iqtidara gəlməsi ilə nəticələndi.
Bunun real nəticələrini Xruşşov və Brejnevin idarəçiliyində görmək mümkündür. Brejnevin dövründə dövlət aparatı tamamilə korrupsiyalaşdı, sosialist dövlət mülkiyyətini talamaq adi hala çevrildi. Artıq hər fəhlə öz işlədiyi müəssisədən, hər kəndli kolxozdan bir şey oğurlayırdı. İşçi gördüyü işə yadlaşmağa başladı, artıq sosialist dövlət əmlakını özününkü hesab etmirdi. Sosialist rəqabət bazar institutlarını əvəz edə bilmədi. Mühəndis fəhlədən daha az maaş alırdı, növbə rəisi isə tabeliyində olanlarla eyni məbləği alırdı. İşləmək üçün heç bir stimul qalmamışdı. Dürüst insanlar isə bürokratların korrupsioner olması səbəbi ilə vəzifədə təmsil oluna bilmirdi.
Bütün bu amillər özünü daha çox perestroyka dövründə göstərdi. 1990-cı ildə Rusiya maliyyə naziri partiya üzvlərinin cəmi 20 faizinin marksist olduğunu bildirmişdi. Digər bir analitik isə partiya üzvlərinin üçdə birinin marksizmə sadiq olduğunu, dörddə üçünün isə karyerada yüksəlmək üçün partiyada olduğunu qeyd edirdi. İdeolojidə tənəzzülü komsomolların xüsusiyyətində görmək mümkündür. Komsomol vicdanlı, dürüst kommunistlər yerinə ağıllı kapitalistlər yetişdirdi. Mixail Xodorkovski kimi bəzi oliqarxlar komsomol olduğu zamanlardan pul qazanmağa başlamışdılar. Rusiyalı oliqarxların bir çoxu Qorbaçovun dövründə dollar milyonerləri idi. Məsələn, Mixail Fridman qara bazarda bilet sataraq varlanmışdı. Hazırda Rusiyanın ən varlı adamlarından biri olan Fridman “Alfa Bank”ın rəhbəridir.
İdeoloji düşüncənin ölümünü SSRİ-nin dağılması haqqında RSFSR Ali Sovetində keçirilən səsverməyə baxaraq da görmək mümkündür. 86 faizi kommunist olan parlamentdə yalnız 7 nəfər SSRİ-nin dağılmasının əleyhinə səs vermişdi. Bu dövrdə siyasətlə məşğul olanların hər biri 1 il sonra fərqli ideologiyalara malik partiyalar qurdu, həyata, ictimai iqtisadi münasibətlərə tamamilə yad baxışlar yarandı. Necə deyərlər, gəmi batmağa başlayanda, onu ilk olaraq siçovullar tərk edir.
 
 
 
Müəllif: Tural Həmid
Mənbə: azlogos.eu
 

0 şərh