Sovet İttifaqının dağılması səbəbləri

Yer kürəsinin ən böyük dövlətinin - Sovet Sosialist Respublikaları İttifaqının dağılması XX əsrin sonlarında bəşər tarixinin ən mühüm hadisələrindən biri idi. Çox yüksək sənaye istehsalı sürətinə, güclü iqtisadiyyata, ABŞ-ın hərbi-texniki potensialı ilə uğurla rəqabət aparan nəhəng hərbi-sənaye kompleksinə malik olan SSRİ kimi nəhəng imperiya dövləti niyə dağıldı?
SSRİ-nin dağılması ilə bağlı hadisələr müasir tədqiqatçılar tərəfındən olduqca ziddiyyətli şəkildə qiymətləndirilir. Eyni zamanda, artıq bu gün bizim keçilmiş yolu ətraflı şəkildə təhlil etmək, o zaman gözlərimiz qarşısında, bizim fəal, yaxud passiv iştirakımızla sürətlə inkişaf edən proseslərə aid müxtəlif nəzər-nöqtələrini müqayisə etmək imkanımız var.
Sovet İttifaqının dağılması və məhvinin səbəblərinin izahı, sanki tamamilə aydındır: sosialist nəhəngi, əslində, gil ayaqlar üzərində dayanmışdı. bununla belə, zahirən qüdrətli görünən bir dövlətin XX əsrin 80-ci illərinin axırlarında belə bir duruma düşməsinin səbəblərini anlamaq o qədər də asan deyildir.
Dərhal bir haşiyə çıxaq: SSRİ-nin sürətli aqoniyası mövcudluğunun son onilliyində Sovet dövlətinin həyatının bütün sahələrini - iqtisadiyyatı, siyasəti, o cümlədən milli, sosialmədəni və mənəvi həyatını bürümüş kompleks və çoxsahəli böhran baxımından geniş izah olunandır.
XX əsrin 80-ci illərinin ortalarında SSRİ-də partiyadövlət rəhbərliynin təşəbbüsü ilə ölkənin iqtisadi əsaslarının, siyasi quruluşunun və mənəvi mühitinin yeniləşdirilməsi prosesi başlandı.
Başlanğıcını Sov.IKP MK-nın aprel (1985) Plenumunun qoyduğu bu proses yenidənqurma adlandırıldı. Sov.İKP-yə 1985-ci ilin yazından rəhbərlik etməyə başlayan M.S.Qorbaçovun fıkrincə, xalqın və partiyanın maraqları sosializmdə stalinizm və durğunluq dövrlərində meydana çıxan əyintilərin aradan qaldırılmasını, Leninin nüfuzunun, inqilabi, sosialist dəyərlərə hörmətin bərpasını tələb edirdi. Onun fıkrincə, yenidənqurma siyasəti «sosializmi yaxşılaşdırmalı» idi.
Bir çox tarixçilərin fıkrincə, yenidənqurma aşağıdakılara nail olmalı idi:

  1. iqtisadi özünütənzimləmə sistemini mərkəzləşdirilmiş planlaşdırmanın işin öhdəsindən gələ bilmədiyi yerlərə, dövlət və onun rəhbərliyi üçün ikinci dərəcəli əhəmiyyətə malik sahələrə daxil etməklə, əsas strateji vəzifələrin həlli üçün lazım olan quvvə və vaxt əldə etmək;
  2. bunun üçün ideologiyanı iqtisadiyyat və sağlam düşüncə ilə əhəmiyyətli dərəcədə sıxışdıraraq, şəxsi mülkiyyət, bazar və «sex sahiblərinin» - iqtisadiyyatın dövlət üçün təhlükəsiz olan və ilkin mərhələdə formalaşan bazarın təməlini təşkil edə bilən hissəsinin leqallaşdırılması;
  3. cəmiyyət, iqtisadiyyat və dövlət arasında bütün əks əlaqələr sistemini əhəmiyyətli dərəcədə təkmilləşdirmək, həmçinin sonuncu ilə bağlı siyasi demokratiyaya imkan yaradaraq, senzuranın zəiflədilməsi, perspektivdə çoxpartiyalı sistemə imkan verilməsinə və Sov.İKP-nin «partiya» kimi belə bir sistemə, yaxud onun mərkəzi hissəsinə çevrilməsi;
  4. bütün bunlardan ötrü Sov.İKP-nin cəmiyyətdəki rolu və yerini önəmli şəkildə zəiflətmək, onun gələcək iqtisadiyyatın bazar hissəsinə müdaxiləsi risqini minimuma endirmək; mahiyyət etibarilə, pariya aparatının mütləq hakimiyyətini məhdudlaşdırmaq;
  5. bütün sadalananlar partiyanın fundamentalist qanadının neytrallaşdırılması üzrə islahatların başlanması, bunun üçün isə siyasi-təbliğati və ideoloji durumun aradan qaldırılması lazım idi ki, bu da «daha çox sosializm» şüarı, ümumavropa evi və ümumbəşəri dəyərlər ideyaları ilə qismən (bütövlükdə alınmadı) əldə edildi.

SSR İttifaqının partiya-siyasi rəhbərliyi dəyişikliklərin əsas vasitəsi kimi, ölkənin sosial-iqtisadi inkişafının sürətləndirilməsini müəyyənləşdirmişdi. Sürətləndirmənin uğuru elm və texnikanın nailiyyətlərindən daha fəal istifadə, xalq təsərrüfatının idarə edilməsində mərkəzləşdirmənin aradan qaldırılması, müəssisələrin səlahiyyətlərinin genişləndirilməsi, təsərrüfat hesabının tətbiqi, istehsalatda qayda-qanun və intizamın möhkəmləndirilməsilə əlaqələndirilirdi. Əsas diqqət maşınqayırma sahələrinə yönəldilirdi. Onların dirçəldilməsilə bütün xalq təsərrüfatı kompleksinin texniki cəhətdən yenidən qurulmasına nail olmaq, islahatlar aparılmış iqtisadiyyat əsasında mühüm sosial məsələləri, ilk növbədə, mənzil və ərzaq məsələlərini həll etmək nəzərdə tutulurdu.
İctimai-siyasi sahədə dəyişikliklər aşkarlıq siyasətinin həyata keçirilməsilə başladı. Senzura çökdü və yeni qəzetlərin nəşrinə icazə verildi. Bu, əhalinin ixtiyari fəallığının böyük bir dalğasını doğurdu. Yenidənqurmanı müdafıə edən çoxsaylı ictimai birliklər meydana çıxdı. Sürətləndirmə ideyası əhalinin müxtəlif təbəqələri arasında həm razılıq, həm də etirazlarla qarşılandı. Yeni kursun əleyhdarlarına partiya-dövlət aparatı işçiləri arasında da rast gəlinirdi. Yenidənqurmanın vəzifələrinin reallaşdırılması üçün partiya və sovet rəhbərlərinin bir hissəsinin əvəzlənməsi həyata keçirildi.
Sov.İKP-nin XXVII qurultayı (1986-cı ilin fevralı) ölkə rəhbərliyi tərəfındən başlanmış iqtisadiyyatda sürətləndirmə, siyasi qurumların işinin forma və metodlarının yeniləşməsi kursunun düzgünlüyünü təsdiq etdi. Əvvəllər olduğu kimi, bu kurs yenə də sosialst cəmiyyətinin təkmilləşdirilməsi vəzifəsinin həllilə əlaqələndirilirdi.
80-cı illərin sonlarında dəyişikliklər dövlət hakimiyyəti qurumlarına da şamil edildi. Bunun başlanğıcını XIX Ümumittifaq partiya konfransı (1988-ci ilin iyulu) qoydu. Konfransda yenidənqurmanın tərəfdarları ilə əleyhdarları arasında ölkənin inkişaf məsələsi və onun vəzifələrilə bağlı sərt ideya mübarizəsi başlandı. Nümayəndələrin çoxu M.S.Qorbaçovun iqtisadi islahatlara başlanması və cəmiyyətin siyasi sisteminin dəyişdirilməsi zərurəti barədə fıkirlərini müdafıə edirdi. Konfrans ölkədə hüquqi dövlətin yaradılması kursunu təsdiq etdi. Onun formalaşdırılmasında əsas rol siyasi islahatlara verilirdi. Siyasi islahatların mahiyyəti partiya orqanları və sovetlərin səlahiyyətlərinin dəqiq bölüşdürülməsindən, hakimiyyətin kommunist partiyasından alınıb, sovetlərə verilməsindən ibarət idi. Bu qərarın həyata keçirilməsi cəmiyyətin yeni siyasi qurumlarının təsdiq olunmasından sonraya saxlanıldı. Yeni hakimiyyət orqanı - SSRİ xalq deputatlarının qurultayı təsis edildi. Onun iştirakçılarından daimi fəaliyyət göstərən parlament olacaq Ali Sovet seçilirdi. Müttəfıq respublikalarda da müvafıq qurumlar yaradılırdı. Yenidənqurmanın ilk illərinin mövcud iqtisadi sistemə təsiri az oldu.
İqtisadiyyatın ağır durumunun və orada hökm sürən sahibsizliyin göstəricilərindən biri 1986-cı ildə Çernobıl AES-dəki qəza oldu. Qəza barədə məlumat əhaliyə və dünya ictimaiyyətinə heç də dərhal çatdırılmadı. Bu isə fəlakətin nəticələrinin qlobal xarakter almasının səbəblərindən biri oldu.
Çernobıl AES-dəki qəza iqtisadi islahat xəttinin qəbul edilməsini (1987-ci il) sürətləndirdi. Onun əsas istiqaməti inzibati-amirlikdən bazar iqtisadiyyatına keçiddən ibarət idi. Fərdi əmək fəaliyyətinə və bir sıra malların istehsalı üzrə kooperativlərin yaradılmasına icazə verildi. Müəssisələr plandan əlavə istehsal etdikləri məhsulu müstəqil satışa çıxarmaq imkanı əldə etdi. Lakin iqtisadiyyatda bazar mexanizmlərinin olmaması bu müddəanın həyata keçirilməsi yolunda çətinliklər yaradırdı.
İqtisadi islahatlar SSRİ-nin xalq təsərrüfatında vəziyyəti yaxşılaşdırmadı. 1989-1990-cı illərdə sənaye məhsullannın artım tepmləri kəskin şəkildə aşağı düşdü (bax: cədvəl 1).


Cədvəl 1
Sənaye artımının sürəti (keçən illə müqayisədə %-lə)

1985

1986

1987

1988

1989

1990

+3,4

+4,1

+3,8

+3,9

+1,7

+1,2

Cədvəldə göstərilən rəqəmlər əyani surətdə göstərir ki, 80-cı illərin axırlarının sovet iqtisadiyyatı üçün təkcə 19901991-ci illərdə artım sürətinin azalması və istehsal obyektlərinin zəifləməsi yox, həm də milli sərvətlərin «yeməyə sərf edilməsi», dövlət büdcəsinin kəsirinin böyüməsi, işsizlik səviyyəsinin artması (rəsmi məlumatlara əsasən, 1990-cı ilin əvvəlində ölkə üzrə işsizlərin sayı 6 mln. nəfərə çatmışdı) səciyyəvi idi.

Qoznak (pul kəsilməsinə cavabdeh olan idarə- red.) üç növbədə işləyirdi, rublun bir neçə qəpik real dəyəri qalmışdı, qızıl ehtiyatı yeyilib qurtarmışdı, idarəetmə çökmüşdü. 1991-ci ilin sonunda qızıl ehtiyatı son dərəcə aşağı səviyyəyə - 287,9 tona (çar hökuməti iki il yarımlıq ağır müharibədən sonra 1917ci il islahatlarına qədər 1,3 min ton qızıl ehtiyatını qoruyub saxlamış və Müvəqqəti hökumətə təhvil vermişdi) qədər azaldı.
Demokratikləşmə və aşkarlıq siyasəti, mətbuatda əvvəlki qadağa və məhdudiyyətlərin ləğvi Sovet dövləti və Sov.İKP-nin bütün institutlarının ünvanına yönəldilən tənqid dalğası yaratdı. Onlar isə nə cavab verməyə, nə də məsuliyyətə hazır deyildləri. Bu, rejimin legitimliyi barədə şübhələrin sürətlə yayılmasına gətirib çıxardı. 1980-cı illərdə Sov.İKP rəhbərliyində olan şəxslərin böyük bir qismi onsuz da sosializm ideyalarının fanatlarından deyildi, bir çoxları isə Sov.İKP-nin və onun ideologiyasının dağılmasını özləri üçün şans hesab edirdi. Təkcə ehkamçılıq yox, həm də Sov.İKP kadrlarının önəmli hissəsinin çökməsi partiyanın müqavimət gücünü məhv etdi. 80-cı illərin sonlarında Sovetlər ölkəsində marksizm-leninizmin ideoloji düstüturuna az adam inanırdı. Bu isə bütün zahiri qüdrətinə baxmayaraq, Sov.İKP-ni olduqca çətin vəziyyətə salırdı. Sadalanan amillərin məntiqi nəticəsi kimi, 1990-cı ilin martında SSRİ Konstitusiyasında Sov.İKP-nin cəmiyyətdə aparıcı rolu barədə 6-cı maddə ləğv edildi. Bu vaxt artıq ölkədə çoxlu siyasi partiya və liberal sosial-demokrat yönümlü təşkilatlar fəaliyyət göstərirdi.
1980-cı illərin axırlarındakı demokratikləşmə və aşkarlıq Sovet İttifaqında milli problemlərin müzakirəsinə imkan yaratdı (halbuki əvvəllər rəsmi ideologiya SSRİ-də milli problemlərin tam və birdəfəlik həll olunduğunu iddia edirdi; Sov.İKP MK stmkturunda milli məsələlərlə məşğul olan şöbə və bölmələr ləğv edilmişdi, Elmlər Akademiyası sistemində isə yalnız Etnoqrafıya İnstitutu qalmışdı).
Tezliklə Baltikyanı ölkələrdə, Gürcüstanda və Ukraynanın qərb bölgələrində həm ziyalıların, həm etnonomenklaturanın bir qisminin, həm də adi vətəndaşların əksəriyyətinin müstəqilliyə meylli olduqları meydana çıxdı.
1989-cu ilin avqust-sentyabr aylarında Baltikyanı ölkələrdə nümayişlər başlandı. Nümayişçilər respublikalarının SSRİ-nin tərkibindən çıxmasını tələb edirdilər. 1990-cı ilin fevralında Litva SSR parlamenti mütləq səs çoxluğu ilə müstəqil Litva Respublikasının bərpasını və Litva SSR, həmçinin SSRİ Konstitusiyasının Litva ərazisində fəaliyyətinin dayandırıldığını bəyan etdi. Bununla əlaqədar, SSRİ xalq deputatlarının III qurultayı 15 mart 1990-cı ildə Litva SSR Ali Sovetinin qərarının hüquqi qüvvəyə malik olmadığını elan etdi və İttifaq rəhbərliyinə Litva SSR ərazisində SSRİ-nin hüquq və maraqlarının təmin edilməsini tapşırdı. Bədnam İctimai Qurtuluş Komitəsinin xahişilə Vilnüsə Sovet Ordusunun Baltikyanı ölkələrdə yerləşən qoşun hissələrinin yeridilməsindən sonra durum daha da təhlükəli oldu. 13 nəfər öldürüldü, 160 nəfərdən çox adam yaralandı.
SSRİ-nin digər bölgələrinə gəldikdə, onların əksəriyyətinin SSRİ-dən ayrılmaq uğrunda radikal üsullarla mübarizə etmək üçün nə istəyi, nə də imkanı vardı. Qərbi Ukraynada güclü antirus millətçiliyi baş qaldırmışdı, gürcü millətçiliyi osetinlər və abxazlara qarşı yönəlmişdi, Ermənistan Azərbaycana qarşı Dağlıq Qarabağla bağlı tamamilə əsassız iddia irəli sürdü, Moldaviya və Tacikistanı daxili ziddiyyətlər sarsıdırdı. Bütün respublikaların təmsilçiləri xalq deputatlarının ilk qurultaylarında və Ali Sovetin iclaslarında iştirak edir, onların ən radikallarının da tələbləri vahid dövlət çərçivəsində təsərrüfat müstəqilliyindən uzağa getmirdi. Bu zaman xırda tələblər və kiçik şəxsi güzəştlər taktikası seçilmişdi.
1990-cı ildə Ali Sovet respublikaların SSRİ tərkibindən çıxması ehtimalı ilə əlaqədar qayda və proseldurlar barədə xüsusi qanun qəbul etdi. Qanun bu məsələ ilə bağlı mütləq referendum keçirilməsini, respublika vətəndaşlarının 2/3 səs çoxluğunu və sivil «ayrılma» üçün 5 illik müddət nəzərdə tuturdu. Həmin müddətin sonunda daha bir referendum keçirilməli idi. Qanunun hazırlanması və müzakirəsi zamanı sovetlər ölkəsinin rəhbərliyi inanırdı ki, ayrılma hüququndan birinci Baltikyanı respublikalar istifadə edəcək. Lakin ideoloji böhran və yenidənqurmanın 90-cı illərin ortalarında artıq aydın müşahidə edilən süqutu digər respublikalarda da əhalinin böyük hissəsinin əhval-ruhiyyəsini dəyişdi. Millətçiliyə həm də Rusiyanın bir çox bölgələrini bürümüş separatçılıq da əlavə olundu. Tatarıstan, Çeçenistan, Kalmık Respublikasında müstəqillik uğrunda hərəkatlar başladı, «Ural», «Sibir» və «Primorsk» respublikaları layihələri meydana çıxdı. Bir çox, bəlkə də bütün hallarda, separatçılıq və millətçilik irrasional və emosional xarakterə malik idi, çünki Mərkəzdən tam müstəqillik tələb edən bölgələrin əksəriyyəti müstəqil dövlət kimi mövcud ola bilməzdi.
Baltikyanı respublikaların, Gürcüstan, Moldaviya, Orta Asiya respublikalarının rəhbərliyi Moskvadan narazılığnı bildirir, yerli əhaliyə Mərkəz hər şeyi əllərindən almasa («əslində, bu elə belə idi»), daha yaxşı yaşayacaqlarını açıqlayırdılar. Bunun ardınca, millətlərarası münaqişələr baş qaldırdı, İttifaqın idarə olunması pozuldu. Səbəb yenidənqurma ideya və layihələrinin uğursuzluğu, ölkədə iqtisadi və maliyyə böhranı, siyasi iradənin tənəzzülü, müttəfıq respublikalarda və Sov.İKP MK-da hakimiyyətin iflici idi. On beş respublikanın hər birinin İttifaqdan çıxmaq imkanı olduğu bir ölkədə ali təbəqə arasındakı təlatüm və ziddiyyətlərin dağıdıcı nəticələrə gətirib çıxarması qaçılmaz idi. Bu təhlükələr, üstəlik, SSRİ-nin idarə olunması imkanlarının itirilməsi ölkə rəhbərliyini dövlət idarəçiliyinin, ittifaqdaxili münasibətlərdə islahatlar aparılmasının yeni formalarının axtarmasına gətirib çıxardı. Müttəfıq respublikaların elitasının zəiflədilməsinə təşəbbüs göstərildi. 1990-cı ilin noyabrında dövlətin əsasını təşkil edən müqavilələrin təzələnməsi qərara alındı. Bütün muxtar respublikalar yeni İttifaq müqaviləsinin yeni iştirakçıları olmalı idi. Onları Federasiya Sovetinə daxil etdilər. Beləliklə, İttifaqdan çıxmaq hüququna malik 15 respublika əvəzinə, bu hüquqa malik olmayan 35 subyektdən ibarət İttifaq yaranacaqdı Bu subyektlərdən 20-si Rusiya Federasiyası, ikisi Gürcüstan, biri Özbəkistan, biri Azərbaycanda idi.
İttifaq müqaviləsinin ilk layihəsinin Novooqaryovoda müzakirəsi zamanı müttəfıq respublika rəhbərlərindən bir qismi yeni İttifaq Müqaviləsinin əleyhinə çıxmışdı.
B.Yeltsin, L.Kravçuk, N.Nazarbayev, İ.Kərimovun simasında Rusiya, Ukrayna, Qazaxıstan, Özbəkistan rəhbərliyi bildirdi ki, layihə beynəlxalq hüquq normalarını kobud şəkildə pozur: 1922-ci ildən sonra ittifaq müqaviləsinin iştirakçısı hüququna yalnız həmin müqavilənin subyektləri malikdi və müqaviləyə yalnız onlar düzəliş edə bilərlər.
Bu sənədin qəbulu digər respublikalar üçün fəlakət doğurmadığı halda, Rusiya üçün «muxtariyyətlərlə, yaxud onlarsız?» sualı olduqca önəmli idi, çünki o zaman Rusiya Federasiyasının tərkibində 16 muxtar respublika vardı, onlar Rusiya ərazisinin 51%-dən çoxunu tuturdu, burada 18 milyon insan yaşayırdı və təbii sərvətlərin demək olar ki, üçdə ikisi həmin ərazilərdə yerləşirdi.
SSRİ-nin «muxtariyyətləşdirilməsi» planı əməli surətdə Rusiya Federasiyasının ləğvi anlamını verirdi. 1990-cı ilin iyununda RSFSR xalq deputatlarının I qurultayı Rusiyanın dövlət müstəqilliyi haqqında Bəyannamə qəbul etdi. Bəyannamədə respublika qanunlarının ittifaq qanunları
üzərində üstünlüyü qanunvericilik səviyyəsində təsbit edilirdi..
Tezliklə «müstəqilliklər paradı» başladı - bütün keçmiş ittifaq respublikaları «dövlət müstəqilliyi haqqında bəyannamə»lər qəbul etdi (Azərbaycan Respublikası müstəqillik haqqında bəyannaməni 30 avqust 1990-cı ildə qəbul etdi). Hüquqi baxımdan, müttəfıq respublikaların dövlət müstəqilliyi haqqında bəyannamə qəbul etmələri vahid sovet dövlətinin dezinteqrasiya prosesinin 1990-cı ilin axırlarında böhran nöqtəsini keçməsi demək idi: ittifaq həm faktiki, həm də hüquqi baxımdan mərkəzdən və bir-birindən də asılı olmayan 15 suveren hissəyə parçalandı.
Dövlətçilik böhranının öhdəsindən federal qanunlar və konstitusiyaya dəyişikliklər vasitəsilə gəlmək imkanları tükəndikdə, əvvəlcədən uğursuzluğa məhkum bir təşəbbüsə yeni, müstəqil respublikaları yeniləşmiş federasiyasının təməlini təşkil edəcək İttifaq müqaviləsini imzalamağa inandırmağa cəhd göstərildi.
1991-ci ilin yayında Sovetlər ölkəsi o vaxta qədər görünməmiş bir hadisə - dövlət çevrilişi siyasətilə üzləşdi. Avqustun 19-na keçən gecə SSRİ prezidenti hakimiyyətdən uzaqlaşdırıldı. Bir qrup dövlət xadimi səhhətilə əlaqədar, M.S. Qorbaçovun prezident səlahiyyətlərini icra etməsinin mümkün olmadığını, ölkədə 6 ay müddətinə fövqəladə vəziyyət elan edildiyini, FVDK - SSRİ-də Fövqəladə Vəziyyət üzrə Dövlət Komitəsi yaradıldığını bəyan etdi. Komitənin tərkibinə vitseprezident Q.İ.Yanayev, baş nazir V.S.Pavlov, DTK sədri V.A.Kryuçkov, müdafıə naziri D.Q.Yazov və hakimiyyət strukturlarının, digər nümayəndələri daxil oldu. FVDK iqtisadi və siyasi böhranın, millətlərarası və vətəndaş qarşıdurmalarının və anarxiyanın aradan qaldırılmasını öz vəzifələri elan etdi. Bu sözlərin arxasında 1985-ci ilədək SSRİ-də mövcud olıııuş münasibətlərin bərpası vəzifəsi dururdu.
Avqust hadisələrinin mərkəzi Moskva idi. Şəhərə qoşun yeridildi, komendant saatı tətbiq edldi. Əhalinin geniş kütlələri FVDK-nı dəstəkləmədi və 22 avqust 1991-ci ildə onun üzvləri həbs edildi.
Avqust çevrilişi məğlubiyyətə uğrasa və M.S.Qorbaçov Kremlə qayıtsa da, Sovet İttifaqının əvvəlki vəziyyətə qayıtması və status-kvonun bərpası baş vermədi! M.S.Qorbaçovun özünün fıkrincə, avqust çevrilişi suveren dövlətlər arasında yeni ittifaq münasibətlərinin formalaşması prosesini pozdu və yalnız dövlətin deyil, cəmiyyətin də dezinteqrasiyasını sürətləndirərək, ona dönməz xarakter verdi.
Avqust hadisələrindən sonra ittifaq respublikalarının liderləri real siyasətdə «suverenlik» anlayışını yalnız dövlət mystəqilliyi anlamında işlətməyə başladılar: 12 respublika 1991-ci ilin 20 avqustundan 17 dekabrına qədər bu barədə konstitusiya aktları qəbul etdi. Azərbaycanda belə sənəd 18 oktyabr 1991-ci ildə qəbul edildi. Xüsusilə, söhbət yeni rəhbərliyin iqtisadiyyat və hakimiyyət sahəsində maraq və üstünlüklərinin mümkün məhdudlaşdırılmasından söhbət getdikdə, artıq heç kəs aza razı olmurdu. Odur ki, Baltikyanı ölkələrin hesabına bir qədər kiçilmiş SSRİ ərazisində «qiyamdan» sonra vahid dövləti qoruyub saxlamaq tərəfdarlarının federasiya-konfederasiya yaratmaq üzrə səyləri (Xalq Deputatları Qurultayının 2 sentyabr 1991-ci ildə səs verdiyi Suveren Dövlətlər İttifaqı ideyası) puça çıxdı. Müstəqil Dövlətlərin Birliyinin yaradılması barədə Rusiya, Ukrayna və Belorusiya liderlərinin 8 dekabr 1991-ci ildə imzaladığı və 21 dekabrda daha 8 respublikanın dəstəklədiyi Belovejsk razılaşması mərkəz və müttəfıq respublikalar arasında «suverenliklə» bağlı mübahisələrə son qoydu. Tale belə gətirdi ki, sovet dövlətçiliyinin təməlində duran etno-ərazi suverenliyi ideyası 74 ildən sonra SSRİ-nin dağılmasında həlledici rol oynadı.
SSRİ-nin dağılmasının heç də sonuncu olmayan səbəblərindən biri də xarici amillə - Sovet İttifaqının «soyuq müharibə»də məğbiyyətilə bağlıdır.
Amerikalı politoloq P.Şveyner yazırdı: «Sovet İttifaqı öz-özünə, zaman bizim tərəfımizdə olduğundan iflasa uğramadı. Kreml SMT-nin (strateji müdafıə təşəbbüsü - müəl.) kumumetiv təsiri, müdafıə xərclərinin artması, Polşa və Əfqanıstanda geosiyasi maneələrlə, enerji daşıyıcıları ixracından sabit valyutada on milyonlarla dollar itirilməsi, texnologiyalardan istifadənin məhdudlaşdırılması ilə üzləşməsəydi, onun bu təlatümlərə duruş gətirəcəyini məntiqi şəkildə təxmin etmək mümkün idi. Sovet kommunizmi istənilən beynəlxalq mühitdə özünü məhvetmə bacarığına malik olan orqanizm deyildi. Amerika siyasəti sovet tarixinin kursunu dəyişdirə bilərdi və dəyişdirdi də».
Amerikanın məşhur dövlət və ictimai xadimlərinin: «Amerikanın «soyuq müharibədə» qələbəsi ABŞ-ın Sovet İttifaqının dağıdılmasına yönəldilmiş məqsədyönlü, planlı və çoxsahəli strategiyasının nəticəsi idi» kimi açıq etirafları məlumdur. Məsələn, C.Vulsi MKİ-yə direktor vəzifəsinə təyin olunması ilə bağlı Senat dinləmələrində keçmiş Sovet İttifaqı barədə demişdi: «Bəli, nəhəng əjdahanı biz öldürmüşük». ABŞın o zamankı prezidenti C.Buş İttifaq dağıldıqdan sonra qeyd etmişdi ki, «bu, bizim qələbəmişdir, MKİ-nin qələbəsidir». B.Skaukrozm (Buşun milli təhlükəsizlik üzrə məsləhətçisi) «Nezavisimaya qazeta»nın müxbirinə müsahibəsində bildirirdi ki, «Kreml üzərində sovet bayrağının birdəfəlik endirilməsinə ilk reaksiyam, bunun əldə edilməsində öz rolumuz üçün duyduğum qürur hissi oldu. Biz Sovet İttifaqını bu istiqamətə yönəltmək üçün səylə işləyirdik».
Bunun arxasında, hələ II Dünya müharibəsinin sonunda SSRİ ilə mübarizə strategiyasına dair A.L.Dallesin təkliflərindən başlayaraq, əvvəlki rəhbərliklərin məşhur göstərişləri bir yana, prezidentlər R.Reyqan, C.Buşun xüsusi proqramları dayanırdı.
SSRİ-yə qarşı «soyuq müharibə» aparılmasına dair bütün bu planların təməlində Sovet İttifaqını daxildən, dünyanın özü kimi köhnə olan, bir xalqı digərinin əleyhinə qaldırmaq üsulları vasitəsilə dağıdılması göstərişi dururdu. Təkcə ABŞ-ın deyil, Qərbin digər dövlətlərinin də məqsədi, sadəcə, planetə yayılmaqda olan kommunizmi məhv etmək yox, həm də Sovet İttifaqını zəiflətmək, parçalamaq, dünya iqtisadiyyatının qloballaşlması şəraitində onun nəhəng təbii ehtiyatlarına yiyələnmək idi. Deməli, bu, nəhənglərin dünya hegemonluğu uğrunda geosiyasi, ümumdünya-tarixi səciyyə daşıyan mübarizəsi idi.
Beləliklə, SSRİ-nin dağılmasının səbəbləri (tarixi meyllilik, daxili aşınma, xarici «dünya» təcavüzü) uzunmüddətli köklərə malik idi və 1991-ci ildə onun avtomatik süqutu kimi açıqlana bilməz. Dəqiq proqrama malik olmayan və ölkədə xaosa gətirib çıxaran Qorbaçov yenidənqurması da bu məsələdə taleyüklü rol oynadı. Beləliklə, SSRİ-nin sürətli süqutu Sovet dövlətinin mövcudluğunun sonuncu onilliyində həyatının bütün tərəflərini: iqtisadiyyatı, siyasəti, o cümlədən milli, sosial-mədəni və mənəvi mühiti bürümüş kompleks və çoxqatlı böhran kontekstində tamamilə izah olunandır.

Müəlliflər: dosent. A.Ə.Rzayev, dosent N.Z.Məmmədov, dosent R.G.Həsənov, baş müəllim. V.R.Nəbiyev

0 şərh