Parıltılı geyimlər

parıltılı paltarHər mövsüm dizaynerlər parıltılı geyimlər hazırlayırlar. Bu cür geyimlərin artıq trendə uyğun olmadığına baxmayaraq, bəzi mərasimlər üçün məhz bu cür geyimlər lazım olur. Qadınlar bu cür parıltılı geyimləri sevirlər, amma çox zaman bilmirlər ki, geyimləri vulqar görünüş almasın. Əgər siz də, parıltılı geyim seçərkən çətinliklə üzləşirsinizsə, o zaman məsləhətlərimizə baxın, bəlkə o zaman seçim etmək sizə daha rahat olar. 

Parıltılı geyimlərin üstünlüyü
Parıltılı geyim və aksessuarlar daim diqqət cəlb edir. Fərqi yoxdur bu kiçik bir yaxa sancağıdır və ya parıltılı bir köynəkdir – insanlar hər şeydən öncə sizdə bu detala diqqət yetirəcəklər. Diqqətləri parıltılı geyim və aksessuarlara konsantre etməklə siz bədəninizdəki müəyyən qüsurları da «gizlətmiş» olursunuz. Məsələn, əgər sizin nazik beliniz varsa və siz onu daha da vurğulamaq istəyirsinizsə, parıltılı bir kəmər taxın. Əgər sizin qıçlarınızdan xoşunuz gəlirsə və ətrafdakıların da onların gözəlliyini hiss etmələrini istəyirsinizsə, parıltılı bir şalvar geyinməklə bütün diqqətləri qıçlarınıza yönəldə bilərsiniz. Yaxud da əgər sizin bud hissəniz kökdürsə və siz bunun diqqət çəkməməsini istəyirsinizsə, parıltılı bir köynək bütün diqqətləri sizin beldən yuxarı hissənizə yönəldəcək. Bu məqsədlə adi parıltılı şarf da köməyinizə gələ bilər. 

Həddi aşmayın
Parıltılı geyimləri seçərkən çox ehtiyatlı olmaq lazımdır ki, bu, ətrafdakılarda barənizdə zövqsüzlük təəssüratı yaratmasın. Qayda çox sadədir: geyindiyiniz parça nə qədər çox parıltılıdırsa, siz onu bir o qədər az vurğulamalısınız. Siz parıltılı geyimi gündəlik də geyinə bilərsiniz, amma bir şərtlə ki, bu, insanların çox gözünə girməməli və sizə baxan gözləri yormamalıdır.

Əgər köksünüzsə, HEÇ VAXT parıltılı geyinməyin
Parıltılı geyim qadını olduğundan kök göstərir. Ona görə də, arıq qızlara daha gözəl yaraşır. Əgər sizin çəkiniz ideal deyilsə, amma parıltılı geyimlər sizin zəif nöqtənizdirsə, o zaman yalnız areal parıltılı geyimlər geyinin. Yəni, məsələn, əgər parıltılı köynək geyinmək istəyirsinizsə, bütöv parıltılı köynək deyil, müəyyən zolaqlar şəklində parıltılı olan köynəklər seçin.

Sadəlik gözəllikdir
Siz parıltılı geyim və aksessuarlardan istifadə etməklə onsuz da həddən çox diqqət cəlb etmiş olursunuz. Ona görə də, ahəngdar bir görünüşünüzün olmasını istəyirsinizsə, o zaman parıltılı geyimləri seçərkən dizaynın sadə olmasına diqqət yetirin.

Kombinasiya qaydaları
Parıltı + Parıltı yaxşı ideya deyil. Əgər paltarınızın bir hissəsi (məsələn, köynəyiniz) parıltılıdırsa, digəri (məsələn, şalvarınız və ya ətəyiniz) mat (neytral) olmalıdır. Bundan başqa, eleqant görünmək istəyirsinizsə, parıltılı geyimlə parıltılı aksessuarlardan istifadə etməyin. Görünüşünüzü həddən artıq yükləməyin. Hətta makiyajınız və saçınız da neytral, mümkün qədər sadə olmalıdır.

Parılıtılı don xüsusi mərasimlər üçündür
Hətta həddən artıq parıltılı olsa belə uzun, parıltılı don gecə mərasimləri üçün möhtəşəm bir seçimdir. Amma əgər siz o məclisin əsas adamlarından deyilsinizsə, bu cür geyim geyinməyiniz məsləhət deyil. Çünki gecə boyunca səbəbkarlardan çox siz diqqət mərkəzində olacaqsınız ki, bu da sizi narahat edəcək.
Ümumiyyətlə götürdükdə isə, mən hər bir qadına, xanıma xarici parıltıdan çox daxili xoşbəxlikdən yaranıb xaricə vuran təbii bir parıltı arzu edirəm. Bu məsləhətlər də, ümid edirəm, işinizə yarayacaq.