Kosmetikadan istifadə qaydaları

Kosmetik vasitələrlə üzün bəzi qüsurlarını gizltmək mümkündür. Lakin ondan lazımi qaydada istifadə edilməlidir. Bəzi qadınlar dekorativ kosmetikanın incəliklərini bilmədikləri üçün ondan heç istifadə etmir, bəziləri də dəblə ayaqlaşmağa tələsərək sifətlərinə həddən artıq rəng çəkirlər.

Azərbaycanda, bəlkə də bütün Şərq ölkələrində qızlar toy gününə kimi kosmetikadan istifadə etməzdilər. Axı qızlar onsuz da gəncliyin onlara bəxş etdiyi sevincdən gözəl və təravətli görünürlər. Qadınlar isə əksinə, hər səhər heç olmasa yarım saat özləri ilə məşğul olmalıdırlar.

Hər bir qadın öz sifətinin təbii rəngini bilməli və ondan kənara çıxmamalıdır. Məsələn, qarabuğdayı qadınlar üzlərini kremlə ağardırlarsa da, boyun-boğazın, qolların dərisi qarbuğdayı qaldığı üçün daha pis görünürlər.

Sifətə kosmetika çəkməyə əslində qrim deyilir. Qrim 2 cür olur: gecə və gündüz qrimi. Gündüz qrimi bir qədər açıq, nəzəri cəlb etməyən, gecə qrimi isə bir qədər tünd olur və tez nəzərə çarpır (toya, nişana, ictimai yerlərə gedərkən çəkilən qrim).

Qrim sifətin dərisi, gözlərin və saçın rəngi ilə uyğun gəlməlidir. Məsələn, qara saçlı qadınlara raşel, qəhvəyi saçlı qadınlara açıq çəhrayı raşel, açıq saçlı qadınlara isə çəhrayı, ağ kirşan və tonlaşdırıcı kremlər yaraşır.

Gözəl gözlər sifətin yaraşığıdır. Gözlərə gözəlliyi isə kipriklər və qaşlar verir, ona görə də, kipriklərə çox fikir vermək lazımdır. Gözdə tez-tez itdirsəyi çıxdıqda o, kipriklərin tökülməsinə səbəb olur. Belə hallarda həkimin bütün göstərişlərinə dürüst əməl etmək lazımdır.

Kipriklər nazilmiş və seyrəlmişsə, onları tuş ilə rəngləmək olar, ancaq fikir vermək lazımdır ki, tuş keyfiyyətli olsun. Kipriklər ancaq gecə qrimi zamanı rənglənir. Bundan hər gün istifadə etməyin.

Kiprik və qaşları rəngləyərkən çalışın ki, saçların rəngi ilə uyğun gəlsin.

Dodaqlar sifətə ifadə verir, ona görə də dodağa dodaq boyası çəkərkən çox ehtiyatlı olmaq lazımdır. Dodaqlara parlaq rənglər çəkmək olmaz, bunu ancaq gecə qrimləri zamanı eləmək olar. Dodaq boyasının rəngi dırnaqların boyasına və hətta paltarın rənginə uyğun olmalıdır.

Kosmetikanın bir inkaredilməz qaydası onun məxfi olması və sifətdə nəzərə çarpmamasıdır.

Qadınlar ətirdən də kosmetika kimi ehtiyatla istifadə etməlidirlər. Ətri qulaqların ardına, buxaq dəliyinə, arxadan saçların altına, gicgahlara, qolun dirsək büküşünə vurmaq lazımdır. Yayda günəş şüaları dəyən yerlərə ətir vurmaq olmaz. Günəş şüaları altında ətir dəridə silinməyən ləkələr əmələ gətirir.

 

0 şərh