Gözətrafı sahəsi üçün maskalar

Gözətrafı sahələrə də maskalar etmək lazımdır. Yuxarıda qeyd etdiyimiz kimi, üz nahiyəsinə maskalar çəkərkən gözətrafı sahələrə onları çəkmirlər. Ancaq bu sahələrin də əlavə nəmləndirilməyə və qidalandırılmaya xeyli ehtiyacı vardır. Kosmetik firmalar məhz bu sahələr üçün xüsusi maskalar buraxır. Aşağıda ev şəraitində hazırlanan müxtəlif maskalar təqdim olunur. Bu maskalar həftə ərzində 2 dəfə istifadə oluna bilər.

— Xirda-xırda doğranmış cəfərini iki nəmləndirilmiş pambıq diskinin üzərinə qoyaraq qapalı şəkildə olan gözlərinizin üstünə qoyun. 15 dəqiqədən sonra onları götürərək bu sahə üçün nəzərdə tutulan krem sürtün.

— Kəsilmiş üzüm giləsini yüngül hərəkətlərlə göz qapaqlarına sürtmək olar.

— Xiyar şirəsi gözətrafı sahəni yaxşı tonuslaşdırır. Bu məqsədlə 10-15 dəqiqə müddətinə göz qapaqlarının üzərinə nazik doğranmış xiyar dilimləri qoymaq olar.

— 1 çay qaşığı xiyar şirəsinin üzərinə 1 çay qaşığı quru süd əlavə edərək qarışdırın. Alınan qarışığı göz qapaqlarının üzərinə sürtərək 10 dəqiqə keçdikdən sonra ehtiyatla nəm tamponla xaric edin.

— Badam və ya ərik yağını gözətrafı sahələrə sürtərək, onun yaxşı sorulması üçün barmaqlarınızın yumşaq ucları ilə dərini yüngülcə döyəcləyin. Təxminən 30 dəqiqə keçdikdən sonra yağın qalıqlarını ehtiyatla, dərini dartmadan yumşaq salfetlə təmizləyin. Sonradan şişkinliyin əmələ gəlməsindən ehtiyatlanaraq, həmin sahəyə əlavə olaraq krem sürtülməsinə ehtiyac olmur. Bu maskanı 1 ay müddətində hər axşam etmək olar.

— Qaynadılaraq soyudulmuş süddə yaxşı-yaxşı isladılmış tamponları qapalı şəkildə olan göz qapaqlarının üzərinə qoyub 5 dəqiqə saxlayın. Sonra yenə 2 dəfə isladın və təkrar edin. Sonra üzünüzu yuyaraq gözlərinizin ətrafına bu sahə üçün nəzərdə tutulan krem sürtün.

— Təzə çəkilmiş aloye şirəsində 2 pambıq diskini isladaraq gözlərinizin üzərinə qoyun. 20 dəqiqə keçdikdən sonra onu xaric edib bu sahə üçün nəzərdə tutulan krem sürtün.

— Vitamin E-nin yağlı məhlulundan 20 damcı götürərək, üzərinə 1/2 çay qaşığı çaytikanı yağı əlavə edərək qarışdırın. Yatmamışdan ən azı 1,5-2 saat əvvəl bu maskanı qalın layla üst və aşağı göz qapaqlarının dərisinə sürtün. 10-15 dəqiqədən sonra salfet ilə silin. Bu maskadan sonra krem çəkilmir.

— Zeytun yağını bir neçə damcı limon şirəsi ilə qarışdıraraq gözətrafı sahələrin dərisinə sürtüb, barmaq uclarının yastıqçaları ilə yüngül hərəkətlərlə dəriyə döyəcləyin. 15 dəqiqə keçdikdən sonra qalıqları yumşaq salfet ilə xaric edin.

— 1 yumurta sarısını çalaraq 1/2 çay qaşığı balla qarışdırın. Göz qapaqlarına sürtərək 10 dəqiqə saxladıqdan sonra qalıqlarını xaric edin və krem çəkin.

Gözətrafı sahələrin dərisinin hamarlaşdırılması və erkən qırışların profilaktikası üçün cökə, çobanyastığı, tozağacı bitkilərindən hazırlanan dəmləmələr də yaxşı kömək edir. Bitkidən 1 çay qaşığı götürərək üzərinə 1/2 stəkan qaynar su əlavə edilir. 10-15 dəqiqə dəmlədikdən sonra süzgəcdən keçirilir. Pampıq diskləri dəmləmə ilə isladaraq 3-5 dəqiqəliyinə gözlərinizin üzərinə qoyun. Bu kompresləri hər gün etmək olar.

 

0 şərh