Yay üçün ən yaxşı üz maskaları

Yayda üz dərimiz istinin, tozun təsirilə tez-tez yağlanır. Bu yağlanmanın qarşısını təbii üsullarla almağa çalışırıq. Çünki kimyəvi məhsullar isti yay günlərində üz dərsini daha da yağlandıra bilər.

Yağlı dərilər üçün olan üz maskaları dərini qurudub və təmizləməklə yanaşı, ona nəmlik də bəxş edir. Buna görə də, qızmar yay günlərində yağlı üz dərinizlə mübarizə aparmayasınız deyə sizə bir-birindən də yaxşı nəticə göstərəcək 5 ən yaxşı ev üsulu maskanı təqdim edirik.

Məsamələri daraltmaq üçün
Bu maska üçün sizə 1 ədəd yumurta və ¼ hissə limon lazımdır. Yumurtanın ağını çalın, üzərinə limonun suyunu sıxıb yenidən qarışdırın. Təmizlənmiş üzə bir qat bu qarışımı çəkin və qurumağını gözləyin. Quruduqdan sonra bir daha üzərindən maskanı çəkin, 15 dəqiqə qurumağını gözləyin. Və soyuq su ilə yuyun. Maskanın effektli olması üçün maskadan sonra üzünüzə uyğun yüngül tərkibli nəmləndirici krem çəkin.

Təmizləyici maska
Bunun üçün sizə 1 ədəd yumurta ağı, 8-10 kapsul çayağacı yağı, 1 ç.q bal və yulaf əzməsi lazım olacaq. Bütün bunları qarışdırın və təmiz üz dərinizə çəkin. 15 dəqiqə saxlayın və soyuq su ilə yuyun. Bu maska sizin dərinizə quruluq təsiri bəxş edəcək.

Qidalandırıcı maska
Üz dərinizi nəmləndirib və qidalandırmaq üçün sizə əriklə meyvəli maska resepti kömək ola bilər. 1 ədəd əriyi blenderdən püre halına gələnə qədər keçirin, üzərinə 1 x.q. süd əlavə edin. Üz və boyun dərinizə çəkin, 10 dəqiqədən sonra soyuq su ilə yuyun.

Bir az quruluq bəxş edən maska
Əla nəticə üçün adi çörək mayası kifayətdir. 1 x.q. quru maya, 1 x.q. qatıq və 1 x.q. limon suyunu yaxşıca qarışdırın, təmiz üz dərinizə çəkin. 25 dəqiqədən saxladıqdan sonra soyuq su ilə yuyun. Maskadan sonra üzünüzü nəmləndirmək üçün dərinizə uyğun yüngül tərkibli nəmləndirici krem çəkin.

Yağlı parlaqlıqdan qurtulmaq üçün maska
Yağlı dəridən azad olmaq üçün ən yaxşı maska seçimlərindən biri sözsüz ki, gil maskalarıdır. Bu maskalar tıxanmış məsamələri açır, yağlı parıltını aradan götürür və sızanaqları qurudur. 1 ç.q. gili otaq istiliyində olan suda həll edin. Çalışın qatı kütlə alınsın. Alınan məhlulu üz və boyun dərinizə çəkin, 20-25 dəqiqə saxlayın, soyuq su ilə yuyun. Bu maskanı ağ ya da ki, mavi gildən etsəniz yaxşı olar. Gil ilə maskanı həftədə 2 dəfə edə bilərsiniz.

0 şərh