Dərinin qocalması

Çox təəssüf ki, dərinin qocalmasını geri döndərmək mümkün deyil. Bu prosesi ancaq və ancaq ləngitmək olar. Plastik cərrahiyyə əməliyyatları və kosmetik vasitələr qocalmanın qarşısını alan ən effektli, eyni zamanda ən bahalı vasitələrdir. Amma bunlarsız da keçinmək olar.
dərinin qocalmasıƏvvəlcə illərlə dəridə əmələ gələn dəyişiklikləri, qocalmanı sürətləndirən və gücləndirən faktorları aydınlaşdıraq. Bundan sonra dərinin uzun müddət gənc qalmasına kömək edəcək qulluq üçün adi vasitələr, hamının imkanı daxilində olan pəhrizlər və bir sıra başqa effektli, lakin sadə üsullardan istifadə etmək asan olacaq. Bu vasitələr dərini həm də möhkəmlədir və gümrahlaşdırır. Alimlər müəyyənləşdiriblər ki, dəridə qocalma prossesi yetkinlik dövrünün başa çatması ilə başlayır. Ona görə də dəriyə qulluğa 15-17 yaşdan başlamaq lazımdır. Kiçik qırışların yaranması və dərinləşməsi, yanaqların elastikliyini itirməsi, göz altı şişlərin əmələ gəlməsi də məhz bu dövrdə başlayır. Dəri daha nazik və şəffaf olur, rəngi sarıya doğru dəyişməyə başlayır.
Yaş artdıqca dəridə lamisə reseptorlarının sayı və uyğun olaraq toxunma və sığala qarşı həssaslıq da azalır. 70 yaşda isə insan bu həssaslığın üçdə birini itirir. Dəri quruyur, piy vəzlərinin ifrazı zəifləyir. Dərinin üst qatında piy turşularının miqdarının azalması onun infeksiyalara və xarici faktorlara qarşı mübarizəsini də zəiflədir. Elastiklik yox olur. Epidermis hüceyrələrinin əmələ gəlməsi prosesinin, immunitetin səviyyəsi azalır, qan dövranı, hava və maddələr mübadiləsi pisləşir, sərbəst və ziyanlı radikallar artır. Bu xoşagəlməz proseslər güclü təsirə, təzyiqə və günəş şüalarına məruz qalan hissələrdə daha çox nəzərə çarpır.

Qocalma prosesini gücləndirən "risk faktorları"


* Stres dərinin enerji ehtiyatlarını tükədərək onun qoruyucu funksiyasını zəiflədir.
* Sintetik materiallar, küçələrdəki duz, toz, süni liflər dərinin üst qatında kimyəvi və elektrik münasibətləri dəyişir.
* Hava buraxmayan rezin ayaqqabılar dərinin üst qatına neqativ təsir göstərir.
* Duzlu dəniz suyu, külək və şaxta yağlılığı azaldır və dərini qurudur. Yaşadığınız evin quruluğu və nəmişliyin çatışmazlığı da dəriyə eyni cür təsir göstərir.
* Siqaret dərini zəiflədir və rəngini bozardır.
* Orqanizmin bütün xəstəlikləri və onların müalicəsi üçün istifadə olunan preparatlar qocalmanı sürətləndirir.
* Gün şüaları hüceyrələrin quruluşuna mənfi təsir göstərən sərbəst radikalların əmələ gəlməsinə imkan yaradaraq dərini qurudur.
* Mimikaların artıqlığı alında, dodaq və burun ətrafı qatlarda erkən qırışların əmələ gəlməsinə səbəb olur.
* Diş düzümündəki qüsurlar, düzgün qoyulmamış protezlər və qapaqlar dodağın üst qatında qırışlar və qatlar əmələ gətirir.
* Davamlı ciddi pəhrizlər dərini vacib qida maddələrindən məhrum edir və bu da dərinin qurumasına və qırışların əmələ gəlməsinə səbəb olur.

Dərinin sağlamlığını qorumaq üçün vacib olan maddələr

* Hər gün ən azı iki litr su.
* Bitki mənşəli qidalarda olan karbohidratlar.
* Qoz, fındıq, ispanaq, göyərti, buğda, qara kişmişin tərkibində olan "E" viatmini dərinin qocalmasına səbəb olan sərbəst radikalları neytrallaşdırır.
* "S" vitamini dəriyə tarımlıq verən kollogenlərin əmələ gəlməsi üçün vacibdir. Bu vitamin sitrus meyvələri, çiyələk, kələm, pomidor, kivi, qara qarağat və yaşıl bibərdə var.
* "A" vitamini dəri toxumasının inkişafına və regenersiyasına kömək edir. Bu vitamin yerkökü, ispanaq, ərik, qırmızı və qara bibərdə olur. Onun çatışmazlığı dərinin elastikliyinin azalmasına gətirir. "A" vitamininin sinklə reaksiyaya girərək, dəriyə möhkəmlik və elastiklik verən kollogen və elastinin əmələ gəlməsində iştirak edir.
Yeni əmələ gəlmiş epidermis hüceyrəsi 2 həftə ərzində dərinin bütün qatlarından keçərək üst qata çıxır. Bundan sonra hüceyrə daha 2 həftə yaşayır və sonra ölür. Ona görə də dəriyə kompleks şəkildə qulluğun nəticəsini 1 ay gözləmək lazımdır. Çünki cavanlaşma ancaq bir ay sonra, yeni hüceyrələr üçün yer açıldıqdan sonra başlayır.
Dərinin nəmləndirilməsinə xüsusi diqqət yetirmək lazımdır. Su ilə yuyunma dərini sakitləşdirir və nəmləndirir, onun yumşaqlığını bərpa edir. Yayda və quru havalarda nəmləndirmə üçün spreylərdən istifadə etmək lazımdır. Belə spreyləri ev şəraitində hazırlamaq olar. Bunun üçün suya tünd dəmli çay, çobanyastığı və ya itburnu dəmi əlavə edin. Bu maye ilə üzünüzü silin. Aşağıdakı otları dəmləyib bu maye ilə yuyunmaq dəriyə yaxşı təsir göstərir:

* Mayaotu qozası və adaçayının eyni miqdarda qarışığı;
* Eyni miqdarda boymadərən, bağayarpağı qarışığı;
* Çobanyastığı, adaçayı, qatırquyruğu, cökə çiçəyi qarışığının 2 qaşığına 1 stəkan qaynar su əlavə edib 30 dəqiqə saxladıqdan sonra süzün və istifadə edin;
* 1 xörək qaşığı quru qızılgül ləçəyinə (adaçayı, çobanyastığı, cəfəri, bağayarpağı, aloye) 1,5-2 stəkan qaynar su əlavə edin. 2 saatdan sonra süzün və 1 xörək qaşığı istənilən turş meyvə və ya giləmeyvə şirəsi ilə qarışdırın. Dərini lazımlı maddələrlə təmin etmək üçün qidalandırmaq lazımdır. Təbii maddələrdən sadə üsulla hazırlanmış maskalar bunun üçün ən yaxşı vasitədir.
* Cəfəri şirəsini eyni miqdarda xama ilə qarışdırıb üzünüzə çəkin. 15-20 dəqiqədən sonra soyuq su ilə yuyun. Bu dərini həm vitaminlə təmin edir, həm tənzimləyir, həm də ağardıcı təsir göstərir.
* Sürtkəcdən keçirilmiş xiyardan 10 dəqiqəlik maska dərini dincəldir.
* Təzə çiyələk şirəsini, yaxud yeni cücərmiş buğdanı əzib istifadə etdiyiniz kremlə qarışdırıb, qırışlara qarşı effektli maska əldə edə bilərsiniz. Müəyyən olunub ki, qadınların 70-75 faizinin dərisi həddən ziyadə həssas olur. Buna görə də kosmetik vasitə seçərkən üzərində "həssas dəri üçün" yazısının olmasına diqqət yetirin. Bu xoşagəlməz nəticələrdən uzaq olmağa kömək edər. Dərinin cavan qalmasına kömək edən effektli kosmetik vasitələr, kremlər, gellər, qidalandırıcı maskaların tərkibində aşağıdakı maddələr olur.
* enzimlər kimyəvi reaksiyaların komponentləridir. Onlar ölmüş hüceyrələri dəridən kənarlaşdırır, dərini günəşdən qoruyur, kollogen və elastinin yaranmasında iştirak edir.
* liposomlar qidalandırıcı maddələri dərinin ən dərin qatına qədər aparan membran kürələridir.
* turşular (limon, süd, şərab, alma turşuları) - qurumuş hüceyrələrin tökülməsinə və dərinin yenilənməsinə xidmət edir.
* antiturşular - erkən qocalmaya səbəb olan sərbəst radikalları neytrallaşdırır.
Yuxarıda qeyd edildiyi kimi, mimikalar dərinin erkən qırışmasına səbəb olur. Buna görə də üz ifadələrinə diqqət yetirmək lazımdır. Ən yaxşısı isə üz əzələlərini möhkəmlədən gimnastikadan istifadə etməkdir. Bu, qan dövranını yaxşılaşdırır, tonusu artırır, əzələ toxumalarını qismən yeniləşdirir,funksiyaları yaxşılaşdırır. Gimnastikanın təsiri ən yaxşı qulluqdan belə effektlidir.

Sifətə qulluq üçün gimnastika hərəkətləri

Bu hərəkətləri səhər güzgü qarşısında, telefonla danışarkən, yemək bişirərkən etmək olar. Nəticəni tezliklə görəcəksiniz. Hərəkətlərin hər biri ayrı-ayrılıqda üz-kəllə əzələlərinin möhkəmlənməsinə xidmət edir. 1.Gözlərinizi möhkəm örtün. Üçə qədər sayın və geniş açın. Bir qədər pauza verdikdən sonra təkrar edin. Hərəkət 5 dəfə təkrar olunmalıdır.
2. Hər əlin iki barmağı ilə gözlərin kənarlarını tutaraq yuxarıdakı hərəkəti təkrar edin.
3. Burunun kənarlarını genişləndirməklə nəfəs alın və ağzınızla nəfəsi buraxın.
4. Dişlərinizi sıxın. Dodaqların künclərini mümkün qədər yana dartaraq ağzınızla nəfəs alın və burnunuzla nəfəsi buraxın.
5. Dişlərinizi sıxın. Ağzınızla nəfəs alaraq, yanaqlarınızı şişirdin.
6. Yanaqların tam dartılmasına nail olmaqla burnunuzla nəfəs alın, ağzınızla nəfəsi buraxın.
7. Burnunuzla nəfəs alaraq başınızı yavaş-yavaş arxaya əyin. Sonra nəfəsi ağzınızla buraxaraq başı əvvəlki vəziyyətə qaytarın.
8. Dərindən nəfəs alaraq başınızı əvvəl sağ, sonra sol çiyninizə doğru əyin. Çiyinlərin qalxmamasına diqqət yetirin.
9. Başınızı əvvəlcə sağa, sonra da sola dairəvi hərəkət etdirin.
10. Başınızı hər iki istiqamətdə mümkün qədər döndərin.
11.Çənənizi mümkün qədər irəli uzadın, bu zaman nəfəs alın. Nəfəsi buraxarkən ilkin vəziyyətə qayıdın.
Hərəkətləri hər gün, ilk vaxtlar 2-3, sonralar isə 10 dəfəyə qədər təkrar etmək lazımdır.
 

0 şərh