Tonal kremdən düzgün istifadə

Qeyri-bərabər yayılmış tonal krem
Tonal kremin üz dərisindən seçilməməsi üçün onu üzdə tam bərabər yaymaq vacibdir. Qeyri-bərabər paylanmış tonal kremlər təbii ki, üzdə bəzi hissələrin daha tünd bəzi hissələrin isə nisbətən daha açıq rəngdə görünməsinə səbəb olur.

Tonal kremi bərabər şəkildə üzdə rahat yaymaq üçün artıq müxtəlif forma və ölçülərdə süngərlər və fırçalar var. Düzgün vasitə seçimi ilə tonal kremi üzdə təbii görünəcək şəkildə yaymaq artıq çətin deyil.

Quruyub çatlamış dəriyə tonal krem çəkmək
Çatlamış və qabıqlı üz dərisinə tonal krem vurmaq demək olar ki, dəhşətlidir. Elə tonal krem yoxdur ki, dəridəki çatlara və qabıqlı hissələrə yığılıb xoşagəlməz görüntü yaratmasın. Bunun üçün üzünüzü vaxtı vaxtında nəmləndirməyi və ölü dəridən yaxşıca təmizləməyi unutmayın.

Əgər yenə də üzünüzdə nəzərə çarpan dərəcədə quru və çatlamış dəri varsa, onda həmin gün üzünüzə tonal krem vurmamağa çalışın.

Üz tonunun digər bədən üzvlərinin rəngindən kəskin seçilməsi
Tonal krem səhvi ən kobud makiyaj səhvlərindən biri hesab olunur. Makiyaj zamanı üzü tonal kremlə tonlaşdırarkən kremi üzə yaydığınız makiyaj fırçasını, süngəri və ya tonal kremi tətbiq etdiyiniz vasitə hansıdırsa fərq etməz, yüngülcə qulaq və boyun nahiyələrinə doğru da hərəkət etdirməyi unutmayın.

Əks halda makiyaj etdiyiniz zaman siz hiss etməsəniz də, işıqda üz tonunuzla qulaq və boyun tonunuz kəskin fərqlənəcək. Xüsusən də saçlarınızı yığdığınız günlərdə üzlə birlikdə qulaqları da azacıq tonlaşdırmağı unutmayın.

0 şərh