Plastik əməliyyat

Estetik cərrahiyyəni təsadüfi olaraq «plastik» adlandırmırlar, çünki əməliyyatdan sonra pasiyentin üzü müəyyən dərəcədə təbiiliyini itirir. Plastik cərrahiyyə adını sintetik materialdan (plastika) yox, yunan sözü olan plastikosdan götürüb ki, mənası «forma vermək və ya təşkil etməkdir».

Üzdə plastik cərrahiyyə nəyə xidmət edir?


Plastik cərrahiyyə — üz və bədən quruluşunun korreksiyası və rekonstruksiyasıdır. Plastik cərrahlar pasiyentin xarici görünüşünü rekonstruksiya və kosmetik (estetik) cərrahiyyə vasitəsilə yaxşılaşdıra bilirlər. Deyirlər, plastik əməliyyatlar Qədim Hindistanda meydana gəlib. Orada cinayətkarların ağır əməllərinə görə burun uclarını kəsir və tez alnından dəri götürərək yenisini düzəldirdilər. O dövrdən plastik əməliyyata münasibət o dərəcədə dəyişib ki, indi insanlar buna öz razılığı ilə gedir və külli miqdarda pul ödəyirlər. İnsanda ən çox diqqət çəkən, əlbəttə ki, sifətdir. Üzün plastik əməliyyatı üzün toxuma və orqanlarının formasının dəyişdirilməsi, eləcə də onların yenilənməsidir (implantasiya). Amma bəzən əməliyyatdan sonra üzün harmoniyası zədələnə, təravət, təbiilik, cəlbedicilik itə bilər. Buna görə də düzgün ünvana, təcrübəli həkimə müraciət etmək lazımdır. Plastik əməliyyata müraciət etməzdən əvvəl yaxşıca düşünün:

Demək olar ki, bütün yeniyetmələr (və bir çox böyüklər) bədənlərinə və xarici görünüşlərinə birmənalı yanaşmırlar. Hər birimiz (hətta ən gözəl modellər belə) görünüşümüzdən müəyyən dərəcədə narazı qalır və nəyi isə dəyişdirməyə hazır oluruq. Xoşbəxtlikdən xarici görünüşə olan həddindən artıq hissiyyatlı münasibət insan yaşlaşdıqca keçir. Özünüzdən soruşun, sizə plastik əməliyyat lazımdır, ya siz ümumi standartlara uymaq və sadəcə, ətrafdakıların xoşuna gəlmək istəyirsiniz.

Yetkinlik dövründə bədən inkişafını dayandırmır. Həddindən artıq balaca və ya böyük görünən bədən hissələri zamanla harmoniyalı proporsiya qazanır. Məsələn, uşaqlıqda və yeniyetməlik dövründə iri və uzun görünən burun yaşlaşdıqca və üzün başqa cizgiləri formalaşdıqca tam yerində olur.

Gözəl bədən quruluşunun yaranması və onun qorunması plastik cərrah masasında deyil, idman zalında olmalıdır. Pəhriz və fitnes sağlamlıq üçün cərrah bıçağı və iynəsindən daha faydalıdır. Artıq çəkidən qurtulmaq üçün heç zaman plastik cərrahiyyəyə müraciət etməyin. Axı istənilən nəticəni əldə etmək üçün qeyri-cərrahi metodlar da az deyildir. Ola bilsin növbəti mədə anastomozu və ya liposaksiya ciddi pəhrizlə müqayisədə daha tez və effektiv həll yoludur. Amma hər iki əməliyyat istənilən pəhrizlə müqayisədə böyük risklə bağlıdır. Ona görə əməliyyata ən son həddə əl atmaq lazımdır.

Həssas insanlarda xarici görünüşlərini qiymətləndirmə emosiyalarla bağlı olur. Depressiyaya meyilli olanlar və ya xarici görünüşünü layiqincə qiymətləndirməyənlər bəzən düşünürlər ki, plastik əməliyyat onların bütün problemlərini həll edəcək. Bu, ciddi və təhlükəli yanılmadır. Onların problemi psixolojidir, ona görə belə insanlara plastik cərrahın yox, psixoterapevtin köməyi lazımdır. Bir çox cərrahlar yeniyetmələri, depressiyadan və digər psixoloji pozğunluqdan əziyyət çəkənləri emosional problemləri həll olunmayana qədər əməliyyat etməkdən imtina edirlər.

Statistikaya görə, hər il milyonlarla insan sifət cizgilərini gözəlləşdirmək üçün plastik cərrahiyyəyə müraciət edir. Əməliyyat prosedurunun müxtəlifliyinə baxmayaraq, hazırlıq 3 mərhələdən ibarətdir. Birincisi, özünü əməliyyata psixoloji olaraq hazırlamaqdır. İkincisi, səhhətinizin əməliyyata əlverişli olub-olmadığını müəyyənləşdirmək üçün laboratoriya analizlərinin və rentgen araşdırmalarının aparılmasıdır. Üçüncü mərhələ peşəkar plastik cərrahın istədiyiniz əməliyyatı edə biləcəyi və ya bilməyəcəyi barədə qərar verməsidir ki, bu da çox mühüm mərhələdir.

Plastik əməliyyatın növləri


Rinoplastika — burun əməliyyatı; blefaroplastika — göz qapaqlarının estetik əməliyyatı; rutidektomiya — üz toxumalarının dartılması; alın dərisinin dartılması; otoplastika-qulaqların plastik cərrahiyyəsi və saç əkilməsi.

Rinoplastika


Rinoplastika burnun forma və ölçülərinin dəyişməsinə yönələn əməliyyatdır. Əməliyyatdan sonra dəri örtüyü bərpa olunur. Rinoplastika həm estetik, həm də müalicə məqsədləri ilə aparılır. Əməliyyat iki formada aparılır: bəzi cərrahlar daxili rinoplastikaya üstünlük verirlər ki, bu da burnun daxildən kəsilməsidir. Çətin vaxtlarda isə “açıq” üsuldan istifadə olunur, bu zaman burun arakəsməsində “xarici” kəsmə aparılır. Əməliyyatdan sonra qanaxmanın qarşısını almaq üçün xəstənin burnuna tampon qoyulur. Sarğı 2-5 gün qalır və xəstə ağzıyla nəfəs alır. Bəzən isə buruna xüsusi hazırlanmış mühafizəedici örtük də qoyurlur. Bunlar gözə görünmür və əməliyyatdan 3 həftə sonra burundan götürülür. Əməliyyatdan 5-7 gün sonra xəstə əvvəlki vəziyyətinə qayıdır. İlk sarğı əməliyyatın ertəsi günü qoyulur. Şişkinlik və göz altında dəri rənginin dəyişməsi (göyərməsi) müşahidə edilir. Şişkinlik iki həftə ərzində keçsə də, toxumaların tam şişkinliyi 6 ay müddətində aradan qalxır. Bu prosedura heç bir qadağa qoyulmur, amma rinoplastikanı üzün formalaşması prosesinin sona çatmasına qədər etmək məsləhət deyil, yəni qızlarda 14 yaşdan başlayaraq, oğlanlarda isə daha yuxarı yaşlarda. Pasiyentin normal həyata qayıtması müddəti onun özünü necə hiss etməsindən asılıdır. Bəzi hallarda əməliyyat sonna 2-4 həftə ərzində eynək taxmaq məsləhət deyil, belə ki, bu nəticəni pisləşdirə bilər.

Otoplastika


Otoplastika qulaqda olan anadangəlmə və ya sonradan yaranan qüsurların aradan qaldırılmasına xidmət edir. Körpə uşaqlarda əməliyyat narkozla aparılır, yeniyetmə və böyüklərdə isə yerli keyləşdirmə yetərlidir. Əməliyyat, adətən 2-3 saat çəkir. Bəzi hallarda qığırdağın formasını dəyişmək üçün qulaq seyvanının arxasında kiçik kəsik olur. Əgər qulağın birində qüsur varsa, simmetriya olması üçün hər iki qulaq əməliyyat edilir. Qulaqlar uşaq yaşlarında 4 ilə tam formasını alır. Ona görə də otoplastika 4-14 yaşarası uşaqlarda aparılır. Bununla belə, yaş məhdudiyyəti yoxdur.Əməliyyatdan sonra bir neçə gün dərinin rənginin dəyişilməsi müşahidə edilə bilər. Xəstələrin əksəriyyəti əməliyyatdan 5 gün sonra gündəlik həyatına qayıdır. Bununla yanaşı, bir aya qədər qulağı zədələnməkdən qorumaq lazımdır.

Alın dərisin dartılması


Bu əməliyyatın 2 əsas metodu var: klassik və endoskopik. Adətən alın dərisinin dartılması əməliyyatına qadınlar və 40-60 yaşlı kişilər müraciət edirlər. Ancaq bu əməliyyatda yaş məhdudiyyəti yoxdur. Əməliyyat qırış və sallaq qaşlardan qurtulmaq üçün aparılır. Yüksək effekt almaq üçün bütün üz dərisinin dartılması məsləhətdir. Gözünün üstü sallaq olan şəxslərdə qaşların dartılması ola bilər ki, hər zaman istənilən nəticəni verməsin. Əməliyyatdan sonra kəsilən hissədə hissiyyat müvəqqəti itə bilər. Xəstə əvvəlki gündəlik vəziyyətinə 7-10 günə, bəzən isə daha tez qayıda bilir.

Bleforaplastika


Aşağı və yuxarı göz qapaqlarındakı artıq dəri və piylərin götürülməsinə yönələn əməliyyatdır. Göz qapaqlarının plastik cərrahiyyəsinin köməyi ilə gözaltı şişlərin, dərin qırışların, yuxarı göz qapaqlarının sallanmasının qarşısını almaq mümkündür. Göz əməliyyatı keçirmək üçün yaş məhdudiyyəti yoxdur. Adətən bu əməliyyatı 35 yaşdan yuxarı olanlar, xüsusilə də qadınlar keçirirlər, amma cavan yaşlarda da öz problemlərinizi həll edə bilərsiniz. Yuxarı göz qapaqlarının plastik cərrahiyyəsində xarici kəsik tətbiq edilir. Aşağı göz qapaqlarının plastik cərrahiyyəsi isə ya kirpik zonasında xarici kəsik vasitəsilə, ya da aşağı göz qapağının selikli qişasında daxili kəsikdən aparılır. Əməliyyatın birinci üç günü xəstə həkimin məsləhəti ilə göz damcıları, ağrıkəsicilərdən istifadə edə bilər. Birinci dörd həftə isə gözü zədələnmədən qorumaq lazımdır. Ay yarıma isə gözlər əvvəlki vəziyyətinə qayıdır. Blefaroplastika yüksək təqyiqli insanlara, göz quruluğundan əziyyət çəkənlərə, diabet, ürək-damar, qalxanvar vəzinin xəstəliyi zamanı əks göstərişdir. Tikişlər 5-7 gündən sonra açılır. Əməliyyatın ikinci günündən etibarən göz üçün xüsusi hərəkətlər edilir. İlk həftələr isti duş qəbul etmək, intensiv seksual münasibətlər məsləhət deyil. Toxumanın şişkinliyi və göyərmələr yavaş-yavaş keçir (2-3- həftə ərzində). Son nəticə isə 1,5 ay ərzində qiymətləndirilməlidir.

Rutidektomiya


Üz dərisinin dartılması əməliyyatı iki hissədən ibarətdir: dərialtı qırışların və digər dərialtı toxumaların dartılması və ya yağ və piydən təmizlənmiş dərinin dartılması. Üzün dartılması üçün dəridə kəsimlər də ola bilər. Dərinin kəsilməsi başın saç hissəsindən, qulaq seyvanının arxasından başlayır. Əməliyyatdan sonra qulaq seyvanının arxa hissəsində kiçik drenaj qoyula bilər ki, qanda olan artıq maddələr təmizlənsin. Bu da 1-2 günə təmizlənir. Sonra tənzif sarğı qoyulur, ertəsi gün isə açılır. Üz dərisinin dartılması əməliyyatını, adətən 40-55 yaşlı kişi və qadınlar keçirirlər. Ola bilər digər yaş hədlərində də effektiv nəticə alınsın. Əməliyyatdan bir neçə gün sonra dərinin hissiyyatı azala, üz rəngi solğunlaşa bilər. Birinci üç gündə üz toxumalarının əvvəlki vəziyyətini alması üçün masaj və fizioterapiya prosedurları məsləhət görülür. Son nəticələr isə bir-iki aya özünü göstərir.

Saç köçürülməsi


Əməliyyat saçların donor sahəsindən tükü tökülmüş hissəyə köçürülməsindən ibarətdir. Bu, qraft (üzərində bir neçə tük olan balaca dəri hissəsi) adlanan transplantatların köməyilə həyata keçirilir. Qraftlar forma və ölçüsünə görə müxtəlif ola bilər — yumru qraft (10-15 tük), miniqraft (2-4 tük), mikroqraft (1-2 tük), həmçinin 30-40 tükdən ibarət qraft. İriölçülü qraftlar donor sahədən polad nazik borucuq formasında olan xüsusi alət vasitəsilə ayrılır. Digər növdə olan qraftlar isə cərrah bıçağı ilə kəsilir. Lazımi nəticə əldə etmək üçün saç köçürülməsi aralarında bir neçə ay fərq olmaqla bir neçə mərhələdə həyata keçirilir. Ortalama olaraq bir mərhələdə iriölçülü 50 qraft, mini və mikro ölçüdə isə 700 qraft köçürülür. Əməliyyatdan sonra baş yuyulur və cunayla sarınır. Bəzi hallarda 1-2 günlük sarğı bağlanır. Hər növ saç köçürülməsində pasiyentin öz saçından istifadə olunur. Boyun ardında və yan tərəflərdə sağlam saçı olanlarda əməliyyat daha uğurlu alınır, çünki donor sahə kimi məhz bu sahələrə müraciət olunur. Şəkərli diabet, qan laxtalanması pozğunluğu və dəri xəstəliyi olanlara bu əməliyyat əks göstərişdir. Sarğı əməliyyatdan1 gün sonra, tikişlər isə 7-10 gün sonra sökülür. 3 həftə ərzində fiziki yüklənmədən, alkoqol qəbulundan, isti duşdan, intensiv seksual əlaqədən uzaq olmaq lazımdır.
Həmçinin bax: Azərbaycanda estetik əməliyyatlar

11 şərh

cahandar
məlumata görə təşəkkür
bahar
məlumata görə təşəkkürlər.Rinoplastika haqqında düşünürdüm.Faydalı oldu
rdgr

men burundan əməliyyat oldum problem var idi

neticede emeliyyat etdirib lap fındıq boyda olsa da burnum əsla və də qətiyyən gözəllik üçün o əziyyəti çəkə bilmərəm)))))))

Ferbara
Anlamadın. Bəs burundan nə üçün əməliyyat olundunuz?
Çox ağrıtdı?
rdgr
tibbdə olan adını deyə bilməyəcəm amma ət əmələ gəlmişdi onu kəsdilər (artıq ət yox)

ağrı bir yana

3 günde 4 kq vermek mümkündü

 o andakı halı tesevvur etmek isteyen burnunu tutaraq bircı çay qaşığı maye udsun ve eziyyetin şahidi olsun)
Ferbara
Ola bilər.
Mən də burnumu əməliyyat etdirmişəm. Məndə nəfəs almaq çətin idi. Amma buna baxmayaraq məndən soruşsanız ki, burun ağrısı nədi, deyərəm bilmirəm. Çünki heç bir ağrım olmayıb.
umud600
Maraqlı mövzudur.Doğurdan da artıq çəkini əməliyyat vasitəsilə azaltmaq ən azı büdcəyə edilən xəyanətdir. Dünyada ilk plastik əməliyyat kişi üzərində aparılıb.Ən ağır plastik əməliyyat isə qadının kişiyə çevrilmə əməliyyatıdır.
JonHolmes
Salam aleykum. Otoplastika qulaq əməliyyatını siz harda edirsiniz.Qiyməti nə qədərdir? Mümkünsə adresi yazasınız və bu əməliyyat haqqında geniş məlumat versəniz sevinərəm.
Rene

Qeyd: Burnun estetik əməliyyatı rinoplastika, tənəffüs problemlərini həll etmək üçün aparılan əməliyyat isə setoplastikadır. Rinoplastika zamanı setoplastikanı da həyata keçirmək mümkündür. Burun və qulağın estetik əməliyyatının LOR Cərrah tərəfindən aparılması daha yaxşıdır.

Rene
setoplastikaseptoplastika
doYwanka
bizim bir qohum qizin burnu elede onu qane etmirdi emeliyyat olundu ve coooox deyiwildi. o derecedeki bir burun emeliyyati insani buqeder deyiwir bilmezdim.