Uşaqlarda karies

Karies — dişin sümük toxumasının müxtəlif mikroblar tərəfindən zədələnməsi olub bir çox səbəblər nəticəsində baş verir. Ən çox yayılmış səbəblər isə aşağıdakılardır:

— ağız boşluğunun mikroblarla yuksək dərəcədə çirklənməsi;

— ağız şirəsi suyunun azalması və tərkibinin dəyişməsi;

— dişin sümük toxumasının möhkəmliyinin azalması.

Karies diş ərpi olan yerdə (dişlərin arasında, diş ilə damaq arasında, diş səthindəki yuvacıqlarda) inkişaf edir. Dişlərini təmizləməyən və çox konfet, makaron, peçenye, kartof püresi yeyən uşaqlarda diş ərpinin daha artıq miqdarda toplanması qeyd edilir. Diş ərpi minlərlə mikroblar üçün yaxşı yaşayış mühitidir (onlardan ən təhlükəlisi streptokokklardır). Bu mikroblar diş emalını və dentin təbəqəsini dağıdaraq son nəticədə kariesin əmələ gəlməsinə səbəb olurlar.

Çoxsayli mikrob toplumlarının əmələ gəlməsi üçün orta hesabla 12 saat tələb olunur.Məhz buna görə də dişləri gündə iki dəfə təmizləmək məsləhət görülür. Bu mikroblar xüsusilə gecə vaxtları daha aktiv olurlar. Buna görə də valideynlər öz uşaqlarına dişlərini düzgün şəkildə təmizləməyi öyrətməlidirlər. Bu, kariyesin profilaktikası üçün ən yaxşı vasitədir.

Bir çox valideynlər hesab edirlər ki, uşaqlarda olan müvəqqəti “süd” dişlərin kariesini müalicə etmək lazım deyil, çünki bir müddət keçdikdən sonra bu dişlər onsuz da düşəcəklər.
Bu çox səhv bir fikir hesab olunur! Karies çox təhlükəli bir xəstəlikdir. O yalnız dişin dağılmasına və sonda itirilməsinə səbəb olmur. Kariesli diş daim infeksiya mənbəyi olub son nəticədə ağız-udlağın, həmçinin daxili orqanların da iltihab xəstəliklərinə səbəb ola bilər. Bundan başqa, karies özünün digər daha ağır fəsadları ilə də qorxuludur. Çünki iltihab prosesi diş köküətrafı sümük toxumasına keçərək periodontit xəstəliyinə, çənə sümüklərinə keçdikdə isə daha qorxulu hesab edilən osteomielit xəstəliyinə səbəb ola bilər. Buna görə də kariesli dişləri (müvəqqəti və ya daimi olmasından asılı olmayaraq) mütləq müalicə etmək lazımdır.

Kariesin səbəblərindən biri də ağız şirəsinin çatışmazlığıdır. Ağız şirəsi qida qalıqlarını yuyur və antiseptik təsir edir (ağız şirəsinin tərkibinə xüsusi antimikrob zülal vardır). Əgər hər hansı bir xəstəlik səbəbindən (immunitetin pozulması, bağırsaq xəstəlikləri) uşağın ağız şirəsinin miqdarı və keyfiyyəti aşağı düşərsə agız boşluğundakı kariesli dişlərin miqdarı az bir müddətdən sonra artmış olur. Saqqız çeynənməsi ağız şirəsinin artmasına səbəb olur. Məhz buna görə stomatoloqlar gün ərzində yeməkdən sonra 3-4 dəfə olmaqla 5-7 dəqiqə (bundan artıq məsləhət deyil!) ərzində saqqız çeynəməyi məsləhət görürlər. Saqqızın tərkibində dişin emalına müsbət təsir göstərən xüsusi maddələrin (kselit və s.) olması daha məsləhətli olardı.
 

Möhkəm emal və dentinin olması mikrobların dişlərə olan mənfi təsirinə mane olaraq kariesin də əmələ gəlməsinin qarşısını alır. Emal və dentinin möhkəmliyi irsi faktorlardan asılıdır. Bundan başqa, dişlərin möhkəmliyi uşağın ilk dövrülərdən etibarən qəbul etdiyi qidaların keyfiyyətindən, az və ya çox xəstələnməsindən də asılıdır. Yuxarı yaşlı uşaqlarda kəskin və xroniki xəstəliklərin olması, bədəndə baş verən hormonal dəyişikliklər, müxtəlif qan xəstəlikləri az bir zaman ərzində 10-dan artıq dişdə kariesin əmələ gəlməsinə səbəb ola bilər. Eyni zamanda çoxsaylı dişlərdə kariesin inkişaf etməsi bədəndə kalsium mübadiləsinin pozulmasını göstərir və mütləq olaraq həkim-pediatrın məsləhətini vacib edir.

Bundan başqa dişlərin vəziyyətinə uşaqların bir sıra zərərli vərdişləri də (çoxlu şirniyyatların yeyilməsi, isti yeməkdən sonra soyuq qazlı suyun içilməsi və ya əksinə olaraq soyuq dondurma yedikdən sonra isti qida və ya içkinin qəbul edilməsi) təsir edir.

Kariesin profilaktikası üçün aşağıdakı qaydalara əməl etmək lazımdır:

1. Ağız boşluğunun gigiyenasına əməl edin: dişləri gündə iki dəfə (səhər və axşam yeməklərindən sonra) olmaqla ftortərkibli diş pastası ilə təmizləyin.

2. Həkim məsləhətinə uyğun olaraq tərkibinə ftor və kalsium elementləri olan müvafiq həbləri qəbul etmək. Kalsium preparatlarını, bir qayda olaraq, ildə iki kurs olmaqla yazda və payızda qəbul etmək olar (pediatrla məsləhətləşin!).

3. İldə 2 dəfədən az olmayaraq (yazda və payızda) usağın yaşına və həkim məsləhətinə uyğun olaraq tərkibində polivitamin-polimineral kompleksi olan həblər qəbul edilməsi.

4. Konfet, mürəbbə, müxtəlif şirniyyatlar, makaron, peçenye və bu kimi məhsulların qəbulunu azaltmaq.

5. Vaxtaşırı stomatoloqun müayinəsindən keçməli.

6. Tərkibində ftor elementi olan xüsusi vasitələrlə ağız boşluğunu qarqara etmək.

 

0 şərh