Siqaretin dişlərə təsiri

Siqaretin təsirindən diş minası tünd ərplə örtülür. Buna səbəb siqaret tüstüsünün tərkibindəki nikotin, qətran və fenol tərkibli birləşmələrdir. Eyni zamanda qaynar siqaret tüstüsünün dişin mina qatı ilə mütəmadi təması minanın qurumasına və onda mikroçatların əmələ gəlməsinə səbəb olur.

Belə mina kofenin, çayın, meyvələrin tərkibində olan rəngləyici piqmentlərlə çox asan rənglənir. Amma bu fakt siqaretdən gələ biləcək ziyanın çox az qismidir. Çünki, siqaret dişlərdən çox diş ətinə ziyan verir.

Alimlər müəyyən ediblər ki, diş əti xəstəliyi hallarının yarısı siqaretlə bağlıdır. Tütün həvəskarlarının parodontitdən əziyyət çəkmə ehtimalı digərlərindən 3 dəfə çoxdur. Tütün və tərkibindəki qətran parodont toxumalarının oksigenlə təhcizatını və maddələr mübadiləsini pozur. Eyni zamanda tütün ağız suyunun miqdarını və qoruyucu xüsusiyyətlərini azaldır. Nəticə isə diş ərpinin həddindən çox artması olur ki, zamanla onun mineralizasiyası diş daşlarını əmələ gətirir.

Bundan başqa tütünsevərlər C vitamininin azlığından əziyyət çəkir. Çünki, orqanizm C vitamininin böyük hissəsini nikotinin zərərli təsirinin azaldılmasına xərcləyir. C vitamini defisiti isə ağız boşluğu orqanlarının infeksiyalara müqavimətini azaldır. Bu səbəbdən də siqaret çəkən şəxslərdə stomatit, gingivit, parodontit və hətta dişlərin laxlayaraq itirilməsi halları tez-tez rast gəlinir.

Özünüzü qoruyun!

Dr. Günay Həbibzadə

0 şərh