Siqaret və Dişlər

Stomatoloqa müraciət edən pasientlərin bir qismində diş ətində iltihab, diş ətinin çəkilməsi və dişlərin laxlaması əlamətləri müşahidə edilir. Bu pasientlərin böyük bir hissəsi siqaret çəkən insanlardır.

Amma bu insanların əksəriyyəti siqaretin tərkibindəki tütünün yanma məhsullarının dişlərə və bütövlükdə ağız boşluğu toxumalarına ziyanlı olmasından xəbərsizdirlər.

Siqaret tüstüsü ilə ağız boşluğuna 100-dən çox zəhərli maddə daxil olur. Bunlardan ammonyak, aseton, metanol, nikotin, metan, fenol birləşmələri, karbon oksid, arsen, kadmium, sinil turşusu kimi maddələri göstərmək olar.


                siqaret və dişlər

Siqaret tüstüsü ağız boşluğu toxumalarına bir neçə istiqamətdə zərərli təsir edir.
Siqaretin yanma məhsulları dişlərin üzərinə çökərək orada bakteriyaların toplanması üçün əlverişli şərait yaradır.

Siqaret çəkilən zaman isti tüstü ilə nəfəs alınan soyuq havanın növbələşməsi dişin mina qatında mikroçatlar əmələ gətirir. Əmələ gələn mikroçatlar sonradan daha da böyüməyə başlayaraq mina qatının altında yerləşən və möhkəmliyi nisbətən az olan dentin qatının bakteriyaların ifraz etdiyi turşunun təsirindən zədələnməsinə və bununla da kariyesin əmələ gəlməsinə səbəb olur.

Müəllif : Dr. Elvin Məmmədzadə
Mənbə : tibb-dunyasi.com 

0 şərh