Kənd uşaqlarının dişləri niyə çürük olur?

Görəsən keçmişdə dişləri necə təmizləyirdilər? Həyat yoldaşını Böyük Vətən müharibəsində itirmiş Nurayə nənənin ömrünün sonuna qədər öz dişləri ilə qidalanması uşaq vaxtlarımdan məni çox maraqlandırırdı. Çox sevinirəm ki, sağlığında bunu Nurayə nənədən öyrənə bildim. Sən demə, o dövrdə duz və kömürü ocaq külü ilə qarışdırıb dişlərini belə sürtürlərmiş.
İndi isə dişləri qorumaq üçün saysız-hesabsız imkanlar var. Bəs niyə bəzi valideynlər bu imkanlardan istifadə etmirlər?
Orta məktəb şagirdləri üzərində apardığım müşahidələrdə məni narahat edən bir sıra problemlərlə qarşılaşdım. Belə ki, fiziki cəhətdən tamamilə sağlam olan uşaqların dişləri çox pis vəziyyətdə idi.
Qeyd edim ki, insan orqanizmi özlüyündə bir vəhdət təşkil edir. Hər hansı bir üzvün və ya orqanın nasazlığı müəyyən mənada bütün orqanizmə təsir göstərir. Xüsusilə də, tam yetkinləşməmiş uşaq orqanizmində bu, öz əksini daha qabarıq büruzə verir. Maraqlıdır, görəsən kənd yerində yaşayan, təmiz hava, təzə qidalar qəbul edən, hər gün süd içən, qatıq, pendir yeyən uşaqların dişləri niyə çürük olur? Apardığım sorğu nəticəsində məlum oldu ki, çox az uşaqlar dişlərini fırçalayırlar. Əksər uşaqların isə diş fırçası yoxdur. Qərara gəldim ki, onlar arasında təbliğat aparım, ilk növbədə, uşaqlara, həmçinin valideynlərə dişə qulluğun nə qədər vacib olduğuınu aşılayım. Uşaqlara dişləri gündə neçə dəfə və necə təmizləməyi izah etsəm də, arzu etdiyim nəticə hasil olmadı. Təbii ki, burada uşaqları günahkar hesab etmək olmaz. Bunda biz həkimlərin və valideynlərin laqeydliyi daha çoxdur. Belə ki, həkimlər bu sahədə lazımi səhiyyə maarifi aparmırlar. Digər tərəfdən, əgər valideyn özü dişlərinə lazımınca qulluq etmirsə, bunu uşağa necə aşılaya bilər?
Uşaq həkimi kimi fəaliyyət göstərdiyim kənddə uzun təbliğatlardan sonra bir valideynə diş fırçası aldıra bildim. Fırçaladıqdan sonra qadının günlərlə diş ağrısı çəkdiyinin şahidi oldum. Uzun müddət fırçalanmayan dişlər birdən fırçalandıqda kariyesli sahələrin üstü açılmış və qadında diş ağrıları başlamışdı. Başqa bir faktı da diqqətinizə çatdırım. Diş ağrısından dayana bilməyən bir uşağı müayinə edərkən məlum oldu ki, onların evində hamı bir diş fırçasından istifadə edir. Sizcə, təkcə bu iki misal həyəcan siqnalı vermək üçün kifayət deyilmi? Ehtimal ki, Azərbaycanın digər kəndlərində də buna bənzər problemlər mövcuddur. Elə isə, uşaqların bu sahədə vəziyyətlərinin çox acınacaqlı olduğunu söyləmək mümkündür. Qəbul etməliyik ki, bu cür problemlər bizim gələcəyimiz olan uşaqların sağlamlığında silinməz izlər buraxır. Ona görə də məktəblərdə mütəşəkkil olaraq səhiyyə maarifi məşğələlərinin keçirilməsinə çox böyük ehtiyac var.

Müəllif: YEGANƏ MƏMMƏDOVA
Mənbə: Zaman qəzeti

0 şərh