Alın yazısı haqqında hekayə

Birisi hasardan aşıb özgənin bağına təpildi, acgözlüklə döşəndi meyvələrin canına. Bağ yiyəsi bunu görüb:
— Oğru lələ, — dedi, — gözümün qabağında arsız-arsız bağımı talan eləyirsən, ancaq utanıb-qızarmaq, ya rüsxət istəmək heç ağlına da gəlmir. Məndən qorxmursansa, heç olmaya Allahdan qorx!
— Mənim nə günahım var, — oğru dedi. — Mən Allahın quluyam. Bu meyvələri bizə Allah verib. Mənim bura gəlməyim də ancaq Allahın işidi. 

Bağ yiyəsi dedi:
— Nə deyirəm, ola bilsin, sən haqlısan. Əgər dünyada hər işi Allahın adına yazmaq olarsa, onda mən Allahın qəzəbinin icraçısı kimi səni — Allahın günahkar bəndəsini Allahın ağacına sarıyacam!
Bağ yiyəsi dediyi kimi də elədi, sonra da bir ağac götürüb döşəndi oğrunun canına. Oğru qışqırmağa başladı:

— Aman, neyləyirsən, əl saxla! Heç nəyin üstündə Allahın yaratdığına əl qaldırıb özünü günaha batırma!
Bağ yiyəsi də belə dedi:
— Bu dərsi mən səndən aldım, oğru lələ. Burda sənin məntiqindən qıraq nə var ki — Allah bəndəsi Allahın ağacıyla Allah bəndəsini döyür. Mənim qəzəbim də, əllərim də, sənin cəmdəyin də, bu ağac da — hamısı Allahındı!

Cəlaləddin Rumi
«Məsnəvi»dən hekayə

0 şərh