Qızıl Orda

Qızıl ordanın ərazisi. Monqol imperiyasının parçalanması nəticəsində XIII əsrin 40-cı illərində Şərqi Avropada bir türk dövləti yarandı. Bu dövlət rus mənbələrində «Qızıl Orda», şərq mənbələrində «Cuci ulusu» adlanır. Onun ərazisinə qərbdə Dnestr sahillərindən şərqdə Tobol çayının İrtış çayına töküldüyü yerə və Sırdərya çayının aşağılarınadək olan torpaqlar daxil idi. Rus knyazlıqları Qızıl Ordaya daxil deyildi, onun vassalı idi.

Monqol qoşununun əsas hissəsini türklər təşkil edirdi. Bu dövrdə Qara dənizdən Altaya qədər ərazidə monqollar yaşayırdılar. Azlıq təşkil edən monqollar türklərlə qaynayıb-qarışır, onların dilini, mədəniyyətini qəbul edirdilər. Qızıl Orda xanlarının rəsmi fərmanları XIV əsrdən başlayaraq türk dilində yazılırdı.

Paytaxtı əvvəl Həştərxan yaxınlığında Saray-Batı şəhəri, XIII əsrin 2-ci yarısından Batı xanın qardaşı Bərkə xan tərəfindən Volqanın qolu Axtuba sahilində salınmış Saray-Bərkə şəhəri oldu. Bu şəhər ticarət yolu üzərində yerləşirdi. Monqollar taxıla olan ehtiyaclarını bulqar və Rus torpaqları hesabına ödəyirdilər. Qızıl Orda XIII əsrin 50-ci illərindən Böyük xana tabe olmadı.

Feodal münasibətlərinin formalaşması. Qızıl Ordada ən böyük feodal xan və xan ailəsinin üzvləri idi. Bunların ardınca noyonlar (türkcə bəylər) gəlirdi. Feodallara köçəri əhali at, qaramal, kumız, oturaq əhali isə taxılla vergi ödəyirdi. Əhali bu vergilərdən əlavə, dövlətin əsas vergi ödəyənləri idi. Feodallar xandan təəbələrini vergidən azad edən fərmanlar alırdılar. Belə imtiyazlı şəxslər tarxan adlanırdı. Torpağa sahib olmaq və müxtəlif məcburi işlərdən azad olmaq üçün xanın verdiyi fərman yarlıq adlanırdı. Qızıl Ordada xana tabe olmurdular. Noqay xan Qara dənizin şimal sahilindəki çöllərdə, Dunay çayının aşağı tərəfinə qədər ərazidə və Krımda köçəriləri özünə tabe etdi, lakin vuruşmaların birində öldürüldü.

Qızıl Ordada Batı xanın qardaşı Bərkə xan islam dinini qəbul etdi, XIV əsrin I yarısında Özbək xanın dövründə (1313-1342) islamdini Qızıl Ordanın rəsmi dini oldu.

Qizil Orda

Qızıl Ordanın dövlət quruluşu. Qızıl Ordada dövlətin başçısı xan adlanırdı. Xanın yanında məşvərətçi orqan məclis var idi. Xanın arvadları, oğulları, dövlətin ayrı-ayrı hissələrini idarə edən rəislər həmin məclisin üzvləri idilər. Həm də xanın yanında divan təşkil olunmuşdu. Dövlətin işlərini bəylər və əmirlər, ayrı-ayrı sahələri vəzirlər və naiblər idarə edirdilər. Baskaklar xanın işğal olunmuş ərazilərdəki nümayəndəsi idi. O, yerli hakimlərin fəaliyyətinə nəzarət edir, vergiləri toplayır, mükəlləfıyyətləri icra etdirirdi.

Qızıl Orda dövlətinin zəifləməsi və dağılması. Qızıl Orda mərkəzləşmiş dövlət deyildi və milli (etnik). mənşəyi müxtəlif olan xalqları birləşdirirdi. Yerli əyanlar xanlar arasındakı çəkişmələrdən istifadə edirdilər. Xarəzmdə, Krımda, Volqa Bulqar dövlətində Qızıl Ordadan ayrılmaq meylləri gücləndi.

1282-ci ilədək Qızıl Orda xanları dövlətin parçalanmasının qarşısını ala bilsələr də, bundan sonra çoxalan çəkişmələr və ziddiyyətlər Qızıl Ordanı xeyli zəiflətdi. Lakin özbək xan ara müharibələrinə son qoydu. Onun dövründə Qızıl Ordada türkləşmə başa çatdı. Canı bəy dövründə (1342-1357) dövlət daha da möhkəmləndi.

1357-1380-cı illərdə Qızıl Ordada ara müharibələri başlandı. Bu müddətdə 25-dən artıq xan dəyişdi. Xarəzm, Həştərxan müs­təqil oldu. Polşa və Litva Qızıl Ordaya məxsus Dnepr boyu torpaqları ələ keçirdi.

Qızıl Ordanın zəifləməsindən istifadə edən rus knyazı Dmitri Donskoy 1380-cı ildə Kulikovo çölündə Qızıl Orda xanı Mamayı məğlub etdi. Bundan sonra Əmir Teymur Toxtamış xanı (13801395) hakimiyyətə gətirdi. O, isə 1382-ci ildə Moskvanı yandırdı. Toxtamış əmir Teymurdan asılı olan ərazilərə hücum etdi. 1395ci ildə Terek çayı sahilində Əmir Teymur Toxtamış xam üçüncü dəfə məğlub etdi, Saray-Bərkə şəhərini qarət etdi. Bundan sonra Qızıl Orda qüvvətlənib dirçələ bilmədi.

XV əsrin I yarısında Orta Volqaboyunda Qazan xanlığı, Volqanın aşağı axarında Həştərxan xanlığı, Volqanın aşağı axarından, İrtış çayına qədər ərazidə Noqay ordusu, XV əsrin II yarısında Krım xanlığı, Qərbi Sibirdə Sibir xanlığı yarandı.

1472-ci ildə Əhməd xan Polşa kralının təhriki ilə Moskva üzərinə hücum etdi və müvəffəqiyyətsizliyə uğradı. Əhməd xan yenidən 1480-ci ildə Moskva knyazlığına hücum etdi. Oka çayının qolu olan Uqra çayı sahilində Əhməd xanla III İvan arasında danışıqlar nəticə vermədi. Soyuqlar düşəndə Qızıl Ordaya qayıdan Əhməd xan noqaylar tərəfindən öldürüldü. Əhməd xanın «Uqra görüşü»ndə uğursuzluğu Rusiyanın Qızıl Ordadan vassal asılılığına son qoydu. Qızıl Orda 1502-ci ildə süqut etdi.

0 şərh