GÖYTÜRK XAQANLIĞI və onun varisləri

VI əsrdə türklərin tarixinə şanlı səhifələr yazan Göytürk xaqanlığı yarandı. Təxminən 500 il ərzində göytürklərin dövlətçilik ənənəsini UYĞUR DÖVLƏTİ, uyğurlardan sonra isə OĞUZ DÖVLƏTİ davam etdirdi. 
Böyük Hun imperatorluğunun dağılmasından sonra Şimali Çinin düzənliklərində türk tayfalarının yaratdığı Jujan dövləti mövcud idi. 552-ci ildə Jujan dövlətinin tabeliyində olan Bumın xaqan özünü «il xaqan», yəni elin hökmdarı elan etdi. O, jujanlara qalib gəlib Göytürk dövlətinin əsasını qoydu. Ötükən şəhəri paytaxt oldu. «Türk» sözünün mənası möhkəm, güclü deməkdir. Bumın xaqan qədim türklərin çox nüfuzlu Aşina qəbiləsindən idi. Əfsanəyə görə, bu qəbilə qurddan törəmişdi. Aşina qəbiləsindən olanlara «göydən enmiş türklər» — göytürklər deyirdilər. Bumın xaqanın yaratdığı bu dövlət Göytürk xaqanlığı adlanırdı.goyturkXaqanlığın bayrağında qurd başının şəkli vardı. Dövlətə xaqan başçılıq edirdi. O həm də ordu komandanı idi. Yabqu xaqandan sonra ikinci şəxs sayılırdı. Taxt-tacın vəliəhdi tigin titulu daşıyırdı. Xaqanlıqda ən yüksək əyan titulu şad idi.Muğan xaqanın dövründə Çin türklərdən asılı vəziyyətə düşdü. İstəmi xaqan Şimali Qafqazı tutaraq Bizans torpaqları üzərinə hücum etdi. Beləliklə, Göytürk dövləti qüdrətli imperatorluğa çevrildi. Daxili çəkişmələr, hakimiyyət uğırunda mübarizə nəticəsində VII əsrin əvvəllərində Birinci Göytürk imperatorluğu parçalandı. Mərkəzi Monqolustan olmaqla Şərqi Göytürk və mərkəzi Yeddisu olmaqla Qərbi Göytürk dövlətləri yarandı. Çox keçmədən bu dövlətlər Çindən asılı vəziyyətə düşdülər. Lakin azadlıqsevər türklər asılı vəziyyətlə barışmırdılar, tez-tez üsyanlar edirdilər. Ən məşhur üsyanlardan birinə Kür şad başçılıq edirdi. «İltəris xaqan». VII əsrin 80-ci illərində türk sərkərdəsi Qutluq xanın başçılığı ilə Çinə qarşı yeni bir hərəkat başlandı. Nəticədə 682-ci ildə İkinci Göytürk imperatorluğu yarandı. Qutluq xan «İltəris» (eli xilas edən) adı ilə xaqan elan edildi. İltəris xaqan dövləti gücləndirmək üçün bir sıra tədbirlər gördü. Dövrünün tanınmış alimi Tonyukuk baş məsləhətçi təyin edildi. Orduda süvari hissələrinin sayı artırıldı. İltəris qurd başlı bayraq altında ayrı-ayrı türk xaqanlarını birləşdirdi. Onun dövründə ölkədə sabitlik, əmin-amanlıq yarandı.
İltəris xaqanın vəfatından sonra hakimiyyətə qardaşı Qapağan xaqan gəldi. Çünki İltərisin oğlanları Bilgə və Kül tigin azyaşlı idilər. Qapağan xaqanın başlıca siyasəti ordunu daha da gücləndirmək, təsərrüfatı canlandırmaq və Mərkəzi Asiya türklərini vahid dövlətdə birləşdirmək idi. Bu yolda Çin başlıca maneə olduğu üçün o, Çinə yürüş etdi. Göytürk ordusu Sakit okeana qədər irəlilədi. Çin Göytürklərdən asılılığı qəbul etməyə məcbur oldu.

Qapağan xaqandan sonra hakimiyyətə Bilgə xaqan gəldi. O, kiçik qardaşı Kül tigin və müdrik Tonyukukla birlikdə dövləti bacarıqla idarə etməyə başladı. Bilgə xaqanın əsas məqsədi türkləri bir xalq kimi qoruyub saxlamaq idi. Döyüşlərin birində Kül tigin həlak oldu. Bilgə xaqan qardaşını təntənə ilə dəfn edib, ona möhtəşəm abidə ucaltdırdı. Həmin abidə bu gün də əzəmətini itirməmişdir. Qardaşının ölümündən bir neçə il sonra Bilgə xaqan sui-qəsd nəticəsində öldürüldü.Sonralar uyğurların və digər türk tayfalarının üsyanları nəticəsində Göytürk dövləti zəiflədi və 744-cü ildə dağıldı. 

Uyğur xaqanlığının yaranması

Göytürk imperatorluğu dağıldıqdan sonra Qutluq Bilgə Gül xaqan 744-cü ildə Uyğur xaqanlığının əsasını qoydu. Dövlətin paytaxtı Orxon çayı sahilində yerləşən Ordu şəhəri idi. Dövlətin ərazisi Altaydan Mancuriyaya, Xəzər dənizindən Qobi səhrasınadək uzanırdı. Atasının ölümündən sonra Moyon Çur (745—759) xaqan oldu. O, Çinin paytaxtını tutub devrilmiş Çin imperatorunun hakimiyyətini bərpa etdi. Əldə edilən razılığa görə, Çin Uyğur dövlətinə hər il ipəklə bac verməli idi. Bögü xaqanın (759—779) hakimiyyəti dövründə Çinin bütün ticarət əlaqələrinə nəzarət uyğurların əlinə keçdi. Bögü xaqan Çinə hücum edən tibetliləri darmadağın etdi. Çətin coğrafi şəraitə baxmayaraq, uyğurlar zəngin təsərrüfat həyatına malik idilər. Maldarlıq və əkinçilik təsərrüfat həyatında mühüm yer tuturdu. Dəmirçilik, zərgərlik, toxuculuq, xüsusilə xalçaçılıq sahəsi inkişaf etmişdi. Böyük İpək yolu buradan keçdiyi üçün bir çox ölkələrlə ticarət əlaqələri qurulmuşdu. Uyğurlar böyük şəhərlər salmışdılar. Şəhərlər arasında çox abad yollar çəkilmişdi. Bu yollardan indi də istifadə edilir.uygur xaqanligiUyğurlar avropalılardan xeyli əvvəl kağız istehsal etmiş və mətbəə yaratmışdılar. Onlar kitab çap edirdilər. Bağa Tarkanın (779—789) hakimiyyəti dövründə iqtisadiyyat daha da yüksəldi. Lakin IX əsrin birinci yarısından başlayaraq Uyğur xaqanlığı zəifləməyə başladı. 842-ci ildə qırğızlar üsyan qaldıraraq Uyğur dövlətinə son qoydular. 

Oğuz dövlətinin yaranması

Uyğur dövləti dağıldıqdan sonra Seyhun çayı və Xəzər dənizi arasında yerləşən türk boyları birləşib tarixi mənbələrdə Oğuz dövləti və ya Yabqu dövləti kimi qeyd olunan dövlət yaratdılar.Ölkənin mərkəzi Yenikənd şəhəri idi. Dövlətin başında yabqu adlanan hökmdar dururdu. Yabqudan sonra səlahiyyət sahibi olan subaşı orduya başçılıq edirdi. Gülərgin deyilən məmur yabqunun vəkili sayılırdı. Dövlət başçısının yanında divan fəaliyyət göstərirdi. Şəhərlərdən vergiyığan məmurlar təhsildar adlanırdı. Oğuz dövlətində ordunun əsasını mükəmməl silahlanmış atlı qoşun təşkil edirdi.

Oğuzların İslam dinini qəbul etməsi. Oğuz axınları

İslam dinini qəbul edənə qədər oğuzlar Göy tanrıya inanırdılar. 950-ci ildə oğuzlar İslam dinini qəbul etdilər. Bu dini qəbul edən oğuzları türkmən adlandırmağa başladılar. İslam dini oğuzlar arasında hakim dinə çevrildi. Türk xalqlarının mədəniyyəti daha da inkişaf etdi, İslam və türk ənənələri birləşdi.Daxili çəkişmələr Oğuz dövlətini zəiflədirdi. Bu vəziyyətdən istifadə edən qıpçaqlar 1000-ci ildə Oğuz dövlətinə son qoydular. Dövlət süqut etdikdən sonra oğuzların müxtəlif istiqamətlərə yeni axınları başladı. Onların bir hissəsi Qara dənizin şimalında məskunlaşdı, digər qismi isə İran, İraq, Azərbaycan və Anadoluya yayıldı. 

0 şərh