9-12 əsrlər Azərbaycanının tarixi-siyasi coğrafiyası

Bilindiyi kimi, IX əsrdə Xilafətin tədricən zəifləməsi prosesi getmiş və onun müxtəlif hissələrə parçalanması ilə nəticələnmişdir. Buna səbəb Xilafətə tabe olan ölkələrdə azadlıq hərəkatının və müharibələrin genişlənməsi, feodal prosesinin inkişafı nəticəsində mərkəzi hakimiyyətə tabe olmaq istəməyən qüvvələrin artması, Xilafət daxilində çəkişmələrin çoxalması və s. amillər idi. VIII əsrin son rübündən yayılmağa başlamış xürrəmilik və Babəkin başçılığı ilə 20 ildən çox davam edən xalq azadlıq hərəkatı Xilafətin zəifləməsində əsaslı təsirə malik oldu. Həmin dövrdə Mərakeşdə, Əlcəzairdə, Tunisdə, Liviyada, bir müddət sonra Yəməndə (Zeydilər), Xorasanda (Tahirilər) müstəqil dövlət yaratdılar.

Babək hərəkatının yatırılmasına baxmayaraq Azərbaycanda və ətraf ərazilərdə müstəqillik meylləri daha da artdı. Təbəristanda (Ələvilər), İranda (Səffarilər), Misirdə (Tulunilər), Xorasan və Orta Asiyada (Samanilər) yerli feodal dövlətləri meydana gəldi. Yerli hakimlər Xilafətin təsirindən çıxır və öz müstəqilliklərinə nail olurdular. Azərbaycanda bu prosesin əsası IX əsrin ortalarında qoyuldu. Ölkə ərazisində Şirvanşahlar (861) və daha sonra Sacilər (898) dövləti təşəkkül tapdı. X əsrdə və sonralar Salarilər (942), Şəddadilər (971), Rəvvadilər (981) dövlətləri fəaliyyətə başladı. Daha sonralar ölkə ərazisi Səlcuq imperiyasının tərkibinə qatıldı və nəhayət, XII əsrdə Azərbaycan Atabəyləri hakimiyyətə gəldilər. IX-XII əsrlərdə ölkə ərazisində Şəki məlikliyi, Sünik və Arsax-Xaçın knyazlığı, Dərbənd əmirliyi, Əhər məlikliyi, Ağsunqurilər dövləti (Marağada) və s. qurumlar da fəaliyyət göstərmişdir. Göründüyü kimi, IX-XII əsrlərdə Azərbaycanda müxtəlif feodal dövlətləri mövcud olmuşdur. Onların bəzisi Azərbaycanın bütün ərazisini, tarixi Atropatena və Qafqaz Albaniyası torpaqlarını əhatə etsələr də, digərləri ölkənin bu və ya başqa ərazilərində fəaliyyət göstərmişlər. Mövcud siyasi vəziyyət Azərbaycanın tarixi-siyasi coğrafiyasına ciddi təsir göstərmiş və bu istiqamətdə tez-tez dəyişikliklərin baş verməsinə səbəb olmuşdur. Bununla yanaşı, göstərilən dövrdə Azərbaycan vahid şəkildə mövcud olmuş, onun ərazisi Dərbənddən Zəncana, Xəzərdən Göycə mahalının qərbinə kimi olan torpaqları əhatə etmişdir. X əsr müəllifi İbn əl-Havqəl Cənubi Qafqaz bölgəsinin təsvirini verdiyi xəritəsində bölgənin vilayətlərinin dəqiq hüdudlarını göstərir. Müəllif vahid Azərbaycanın 2 iri vilayətinin, yəni Azərbaycan — Adurbadaqan və Arranın (Albaniyanın) Araz çayı ilə sərhədləndiyini qeyd edir. Ermənistan isə onun xəritəsində Van (Xilat) gölü ilə Araz çayının yuxarı axarı arasında yerləşdirilmişdir. Bu fakt Arrana qarşı erməni iddialarına tutarlı cavabdır.

Yuxarıda adı çəkilən feodal dövlətlərinin tarixi-siyasi coğrafiyası barədə şərh olunan qısa məlumat Azərbaycanın həmin əsrlərdəki ümumi mənzərəsinin qavranılmasına yardım etmiş olar.
Hələ VI əsrin I yarısında Şabran və Gilgil çayları arasında sasanilər tərəfindən yaradılmış Şirvanşahlar dövləti təxminən 1000 il (1538-ci ilədək) fəaliyyət göstərmişdir. Dövlətin sərhədləri sonradan genişlənmiş və cənubda Kür çayı, şimalda Dərbənd və Samur çayı, qərbdə Göyçay və Şəki, şərqdə Xəzər dənizi ilə əhatə olunmuşdu. Paytaxtı Şamaxı (Yəzidiyə) şəhəri olmuşdur. Şirvan ərazisi IX-X əsrlərdə qədim Albaniyanın müəyyən hissəsini təşkil edirdi. İlk mənbələrin məlumatına görə, X əsrdə Şirvan əsasən 3 nahiyədən — Şirvan (Şərvan), Xursan və Laican nahiyələrindən ibarət idi. Xursan Dərbənd ilə Şirvan arasında yerləşirdi və Qafqaz dağına birləşirdi. Laicanın Girdiman çayı ilə Göyçay arasında yerləşdiyi qeyd olunur. IX-XI əsrlərdə Şirvanın tərkibinə Xursan və Laicandan başqa Məsqət, Dərbənd, Qəbələ, Şəki, Sənariyə, Beyləqan vilayətləri və müəyyən dövrlərdə Bərdə də daxil olmuşdur. Uzun illər fəaliyyət göstərən Şirvanşahlar dövləti ilk Şirvanşahlar, Məzyədilər (861-1027), Kəsranilər (1027-1382) və Dərbəndilər (1382-1538) tərəfindən idarə olunmuşdur. Tarixi ədəbiyyatda onların ayrı-ayrı sülalələr olması barədə mülahizələr mövcud olsa da, mütəxəssislərin fikrincə bu sülalələr əslində eyni nəsildəndirlər və dövlətin əsasını qoyan Heysəm ibn Xalidin davamçılarıdır. Onların sonralar Kəsranilər və ya Dərbəndilər kimi adlanmaları digər amillərə, səbəblərə malikdir. Z.M.Bünyadov bu məsələyə həsr etdiyi xüsusi tədqiqatında 861-1538-ci illərdə Şirvanşahlar dövlətini idarə etmiş 44 şirvanşahın şəcərəsini vermiş və buradan göründüyü kimi, Məzyədilərlə Kəsranilər və Kəsranilərlə Dərbəndilər arasında yaxın qan qohumluğu mövcuddur.

Sacilər dövləti IX əsrdə Azərbaycanda təşəkkül tapmış ikinci müstəqil dövlət idi. Onun əsasını 898-ci ildə mənşəcə türk qəbiləsindən olan Məhəmməd Afşin ibn Əbu Sac Divdad ibn Yusif qoymuş və bu dövlət 941-ci ilə qədər fəaliyyət göstərmişdir. Dövlətin ərazisi qərbdə Ani və Dvin şəhərlərindən şərqdə Xəzər dənizinə kimi uzanırdı. Şimalda Dərbənd, cənubda Zəncan əraziləri bu dövlətin tərkibinə daxil idi. Şirvan, Şəki, Xaçın, Sünik, Tiflis əmirliyi və s. hakimləri Sacilərə vergi ödəyirdilər. Yusif ibn Əbu Sacın (901-927) dövründə Azərbaycan torpaqları ilk dəfə vahid dövlətin hüdudlarında birləşdirildi. Sacilər müəyyən dövrlərdə Ermənistan ərazilərini də öz nüfuz dairələrinə ala bilmişlər. Dövlətin paytaxtı Ərdəbil şəhəri idi: paytaxt bu dövlətin təsis olunduğu vaxtlarda Marağadan Ərdəbilə köçürülmüşdür. Buna baxmayaraq, Marağa və eləcə də, Bərdə, Təbriz, Urmiya, Xoy, Salmas, Mərənd, Beyləqan və başqa şəhərlər Sacilər dövründə böyük iqtisadi və siyasi əhəmiyyət kəsb edirdilər. Sacilər dövləti əksər vaxtlarda Azərbaycanın bütün ərazisini vahid şəkildə mühafizə edib saxlamışdır. Bu cəhət Azərbaycanın sonrakı taleyinə müsbət təsir göstərmişdir. Bir tərəfdən Sacilər dövründə qədim Atropatena, Qafqaz Albaniyası və eləcə də, Şirvan əhalisi arasında etnik və mədəni və eləcə də, iqtisadi birlik daha da qüvvətləndi, digər tərəfdən mənşə etibarilə türk olan Sacilərin hakimiyyətdə olmaları indiki Azərbaycan dili və eyni sistemə daxil olan türk dilinin danışıq dili olaraq yayılması prosesini daha da inkişaf etdirdi.

X əsrdə Azərbaycanda fəaliyyətə başlayan növbəti dövlət Salarilər dövləti olmuşdur. Sacilər dövləti zəminində qurulan bu dövlət 942-981-ci illərdə, təxminən 40 il fəaliyyət göstərmiş və mütəxəssislərin fikrincə, həmin dövrdə Qafqaz və Ön Asiyada ən qüdrətli feodal dövlətlərindən biri olmuşdur. Dövlətin təsisçisi Mərzban ibn Məhəmməd mənşəcə Azərbaycana qonşu olan Deyləm (müasir Gilan) vilayətindən idi və Gilanın salarilər tayfasına mənsub olduğundan təsis etdiyi dövləti Salarilər dövləti adlandırmışdır. Salarilər dövlətinin paytaxtı da Ərdəbil şəhəri olmuşdur. Dövlətin ərazisi Qafqaz sıra dağlarından İraq və Mesopotamiya hüdudlarına, Xəzərdən Ermənistana qədər uzanırdı. Müəyyən vaxtlarda Ermənistanda hakimiyyətdə olan Baqratilər, Arsrunilər, eləcə də, Şərqi Gürcüstan (Tiflis əmirliyi), Sənariyə hakimləri Salarilərin asılılığında olmuşlar və onlara vergi ödəmişlər. Salarilər dövləti Azərbaycanın bütün ərazilərini vahid şəkildə birləşdirmişdi. Onun tərkibinə təkcə Azərbaycanın cənub əraziləri deyil, eləcə də, Arran, Şirvan (vassal kimi), Şəki, Dərbənd əraziləri də daxil idi. Bu hal ölkənin gələcək taleyinə müsbət təsir göstərdi və onun vahidliyinin qorunmasına səbəb oldu.

X əsrin son rübü ərəfəsində Azərbaycanda tarixi-siyasi coğrafiya baxımından təbəddülat baş verdi. Sacilər və Salarilər dövründə vahid dövlətin tərkibində olan Azərbaycan ərazisində paralel dövlətlər meydana gəldi. 971-ci ildə Şəddadilər Kür və Araz çayları arasında müstəqil dövlət (əmirlik) təşkil etdilər, 981-ci ildə isə Salarilər dövlətinin cənub ərazilərində Rəvvadilər hakimiyyətə gəldilər. Azərbaycanın şimal torpaqlarında isə Şirvanşah Məzyədilər hökmran idilər. Beləliklə, Azərbaycan ərazisi yenə də müxtəlif feodal dövlətlərinin nüfuz dairəsinə bölündü. Lakin, bir müddət davam edən bu vəziyyət ölkənin siyasi həyatına təsir etsə də, Azərbaycan coğrafi baxımdan öz vahidliyini əldən verməmişdi. Onun cənub hüdudları yenə də Həmədana, şimal hüdudları Dərbənddən şimala, qərb hüdudları Ani və Dvin ərazilərinə çatırdı.

Salarilərdən sonra hakimiyyətə gələn Rəvvadilər daha uzun dövrdə fəaliyyət göstərmişlər və onların fəaliyyəti 2 hissədən ibarət olmuşdur. Rəvvadilər ilk pillədə 983-1065-ci illərdə, onların davamçıları sayılan Ağsunqurilər isə sonralar, 1107-1117-ci illərdə (Marağada) fəaliyyət göstərmişlər. Rəvvadilər mənşəcə ərəb idilər. Ərəb yürüşləri dövründə Azərbaycana gələn rəvvadilər hələ VIII əsrdən başlayaraq Təbriz, Marağa, Əhər və Qaradağda hakimiyyətdə olmuş və öz müstəqillikləri uğrunda ciddi mübarizə aparmışlar. Rəvvadi Əbül-Hica 983-cü ildə hakimi olduğu Əhərdə özünü müstəqil elan etdi və Rəvvadilər dövlətinin əsasını qoydu. Rəvvadilər dövlətinin ərazisi əsasən indiki Cənubi Azərbaycan ərazisini əhatə edirdi. Ermənistan ərazisi də müəyyən vaxtlarda Rəvvadilərin nüfuz dairəsində olmuşdur. Dövlətin paytaxtı Ərdəbildən Təbrizə köçürüldü. Buna səbəb Təbrizin Ərdəbilə nisbətən tərəqqi edərək iqtisadi, siyasi və mədəni cəhətdən irəliləməsi olmuşdur. Rəvvadilər (ilk mərhələdə) 1065-ci ildə öz müstəqilliyini itirib səlcuq sultanı Alp Arslanın vassalına çevrildilər.

Şəddadilər dövləti X-XII əsrlərdə Cənubi Qafqazda fəaliyyət göstərmiş feodal dövlətlərindən biri olmuşdur. Dövlətin əsasını mənşəcə kürd olan Məhəmməd ibn Şəddad qoymuşdur. Şəddadi¬lər səlcuq sultanları ilə ittifaqa girib Bizans imperiyası, Rəvvadilər, Sacilər, Şirvanşahlar və Gürcüstan dövlətləri ilə mübarizə aparmışlar. Şəddadilər dövləti Səlcuqlarla müttəfiqlik sayəsində XI əsrdə Cənubi Qafqazda ən qüdrətli dövlətlərdən birinə çevrilmişdi. Şəddadilər dövləti əslində həmin sülalə tərəfindən idarə olunan 3 əmirliyin federasiyasından ibarət idi: Dvin əmirliyi (951-1130), Gəncə əmirliyi (971-1065) və Ani əmirliyi (1072-1199).

Gəncə (Arran-Naxçıvan-Gəncə) əmirliyi 971-1065-ci illərdə fəaliyyət göstərmişdir. Əmirliyin ərazisi Kür və Araz çayları arasındakı torpaqları əhatə edirdi. Naxçıvan, Sünik, Qafan və Arranın digər əraziləri bu əmirliyin tərkibində idi. Gəncə əmirliyi şimalda Şəki və Kaxetiya, cənubda Rəvvadilər dövləti ilə həmsərhəd olmuşdur. Müəyyən dövrlərdə Dəbil (Dvin), Şəki, Kaxetiya və Ermənistanın xeyli hissəsi Şəddadilərin nüfuz dairəsinə daxil idilər. Gəncə əmirliyin mərkəzi idi. Şəhər həmin dövrdə inkişaf edərək yüksəlmiş və bölgədə aparıcı mövqe tutmuşdur.

IX-XII əsrlərdə Azərbaycanda fəaliyyət göstərmiş dövlətlərə ümumi nəzər yetirildikdə onların müxtəlif qəbilələr, mənşəcə müxtəlif olan sülalələr tərəfindən təsis olunduqları diqqəti cəlb edir. Göstərildiyi kimi, şirvanşahlar ərəb, sacilər türk, salarilər İran (Gilan), rəvvadilər ərəb, şəddadilər isə kürd mənşəli olmuşlar. Buradan qeyri-elmi, qeyri-məntiqi mülahizələr də meydana çıxa bilər və həmin dövlətlərə varislik edənlər tapılar. Lakin, məsələnin bu tərzdə qoyulması məntiqi və elmi əsasa malik deyildir. Çünki, mənşəcə müxtəlif olan qəbilələr, sülalələr tərəfindən qurulmuş bu dövlətləri birləşdirən mühüm bir cəhət vardır: onların hamısı Azərbaycan ərazisində təşəkkül tapmış və milli zəmində fəaliyyət göstərmişlər. Paytaxtları Azərbaycan şəhərləri — Marağa, Ərdəbil, Təbriz, Gəncə, Şamaxı olmuşdur. Digər tərəfdən həmin qəbilələrdən, sülalələrdən bəziləri, xüsusilə ərəblər, uzun müddət Azərbaycanda yaşadıqlarından artıq yerli əhali arasında assimilyasiyaya uğrayaraq öz mənşələrini unutmaq səviyyəsinə çatmışdı. Məhz bunları nəzərə alaraq, ölkə tarixində mühüm rol oynayan həmin dövlətlərin «Azərbaycan feodal dövlətləri» adlanması elmi və məntiqi hesab olunur.
XI əsrin ortalarında Orta və Yaxın Şərqdə mühüm tarixi hadisə baş verdi. Orta Asiya, İran, Suriya, Kiçik Asiya və digər əraziləri özündə birləşdirən Səlcuq imperiyası meydana gəldi (1038-1157). Azərbaycan ərazisi də onun tərkibinə qatıldı. Məlum olduğu kimi, həmin dövrdə Azərbaycanda əsasən Rəvvadilər, Şəddadilər və Şirvanşahlar dövlətləri fəaliyyət göstərirdi. Səlcuq yürüşləri nəticəsində Rəvvadilərin və Şəddadilərin fəaliyyətlərinə son qoyuldu, Şirvanşahlar isə daxili müstəqilliyini əllərində saxlaya bilsələr də, çox zəiflədilər.

Azərbaycanın Səlcuq imperiyası tərkibinə daxil olması ölkənin tarixi-siyasi və tarixi-etnik coğrafiyasına əsaslı təsir göstərdi. Belə ki, ölkə daxilində mövcud olan parçalanmaya qismən son qoyuldu. Rəvvadilərin, Şəddadilərin və eləcə də, Şirvanşahların nüfuz dairəsində olan ərazilər imperiyanın tərkibində yenidən vahid şəkildə birləşdirildi və Azərbaycan vilayəti kimi tanındı. Digər tərəfdən səlcuqların Azərbaycana axını ölkədə əhalinin etnik tərkibinə əsaslı təsir göstərdi. Bilindiyi kimi, 24 tayfadan ibarət oğuzlar arasında qınıq tayfası xüsusi fərqlənirdi və səlcuqlar bu tayfadan idilər. 119 il davam etmiş səlcuq dövrü türkdilli xalqların, o cümlədən Azərbaycan xalqının hərbi-siyasi, iqtisadi-ictimai və mənəvi sahələrdə vahid birliyinin yaranması-na səbəb oldu. XI əsrin ortalarında isə qıpçaqların Azərbaycana axını və türk-oğuz dili daşıyıcısı olan bu tayfaların Azərbaycanda yaşayan türklərlə qaynayıb-qarışması ölkənin etnik mənzərəsinə təsir etdi. Azərbaycanın şimal və cənub hissələrində oğuz dilli türklərin üstünlüyü getdikcə artdı. Son nəticədə türkdilli Azərbaycan xalqının hələ ərəblərin gəlişi ərəfəsində başlayan formalaşma prosesi tam şəkildə başa çatdı. Böyük axınla Azərbaycana gələn oğuz türkləri bu prosesi sürətləndirdi. Türk dili fars dili ilə yanaşı Azərbaycanda elm, mədəniyyət dilinə çevrildi. Bununla bərabər Azərbaycan ərazisində qafqazdilli və irandilli xalqlar da yaşamaqda davam edirdilər. Həmin dövrdə də Azərbaycan əhalisi etnik tərkibinə görə fərqlənirdi və ölkə çoxsaylı xalqların, etnik qrupların, etnoqrafik azlıqların birgə yaşadığı diyar idi.

Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, bəzi tarixçilər (F.Sümər) səlcuq dövrünü Azərbaycan xalqının türkləşməsi prosesinin əsas mərhələlərindən hesab edirlər. Əslində söhbət əhalinin türkləşməsindən deyil, ölkə əhalisi tərkibində türklərin sayının daha da artmasından gedə bilər. Çünki türklər əvvəllər də bu ərazilərdə yaşamış və digərlərinə nisbətən heç də azlıq təşkil etməmişlər. Sonralar Azərbaycana gələn türklər, o cümlədən səlcuqlar buradakı türklərin sayının çoxalmasına xidmət etmişlər və göstərildiyi kimi, türkdilli Azərbaycan xalqının formalaşması prosesi başa çatmışdır.
Səlcuqların fəaliyyəti nəticəsində imperiyanın tərkibində atabəylik institutu meydana gəldi. İmperiyanın ayrı-ayrı yerlərində səlcuq vəliəhdlərinin tərbiyəçiləri (lələləri) hakimiyyətə yiyələnməyə başladılar.

Atabəylik institutu 10 qola şaxələndi: Şamda Burilər, Mosulda Zəngilər, İbrildə Beytəkinlər, Diyarbəkirdə Artukilər, Xilatda Sekmanilər, Farsda Salqarilər, Luristanda Xəzərəspilər, Kermanda Qutluqxanilər, Orta Asiyada Xarəzmşahlar və nəhayət, Azərbaycanda Eldənizlər hakimiyyəti ələ aldılar. İmperiyanın daxilində cərəyan edən həmin prosesdən istifadə edən və II Toğrulun oğlu Arslan Şahın atabəyi olan Şəmsəddin Eldəniz 1136-cı ildə Azərbaycanda müstəqil Atabəy Eldənizlər dövləti təsis etdi. Atabəylər dövləti 1225-ci ilə kimi fəaliyyət göstərdi. Bundan sonra Xarəzmşahların nümayəndəsi Calaləddin, qısa müddətdə olsa da, Azərbaycanda hakimiyyət sürmüşdür.
Eldənizlər dövlətinin ərazisi əsasən Azərbaycanın cənub torpaqlarını və şimali-qərbi İran vilayətlərini əhatə edirdi. Arran və Şirvan əraziləri də bu dövlətin nüfuz dairəsinə daxil idi. Şirvanşahlar daxili müstəqilliyini qorusalar da, Atabəylərin vassalları idilər. Azərbaycanda fəaliyyət göstərən Ağsunqurilər dövləti və Əhər məlikliyi də Atabəylərin asılılığında olmuşlar. Ağsunqurilər Marağa ərazisində (paytaxt Marağa şəhəri idi), Əhər məlikliyi isə Əhər, Mişkin və Sarab ərazilərində fəaliyyət göstərirdi.
Eldənizlər dövlətinin paytaxtları müxtəlif vaxtlarda Naxçıvan, Həmədan, Təbriz, İsfahan, Marağa olmuşdur. Buna səbəb səlcuqlarda olduğu kimi, Eldənizlərin də ilkin köçəri həyat tərzinə uyğun fəaliyyət göstərmələri, xəzinə və hərbi nəqliyyatı həmişə öz yanlarında saxlamaları və harada məskən salsalar oranı mərkəz kimi qəbul etmələri olmuşdur.
Eldənizlər dövlətinin ərazisi bir sıra vilayət və əyalətlərə bölünmüşdü. Onun tərkibinə bütün dövrlərdə Azərbaycan, Fars İraqı, Rey və Həmədan vilayətləri daxil olmuşdur. Azərbaycan ərazisi, geniş mənada götürüldükdə Azərbaycan, Naxçıvan, Qaradağ, Talış, Muğan, Arran, Şirvan və Şəki əyalətlərinə bölünmüşdü. Azərbaycanın şimal sərhədləri Dərbənddən şimala, qərb sərhədləri Ani şəhərinə və Gürcüstana, cənub sərhədləri Mosul atabəyliyi və Həmədan hüdudlarına, cənubi-şərqdə isə Gilan və Qəzvinə kimi uzanırdı. Əsas şəhərləri sırasına Təbriz, Naxçıvan, Marağa, Ərdəbil, Şamaxı, Gəncə, Şəmkir, Dərbənd, Beyləqan, Xoy, Urmiya, Bakı və s. daxil idi. Onların bəzilərində 100 mindən artıq əhali var idi.
Nəticə olaraq qeyd etmək lazımdır ki, Atəbəylər dövrü Azərbaycanın tarixi-siyasi coğrafiyası baxımından mühüm əhəmiyyət kəsb edir. Həmin dövrdə Azərbaycan əraziləri artmış, vilayət kimi onun hüdudları genişlənmişdir və demək olar ki, orta əsrlərdə Azərbaycanın ən geniş ərazilərindən biri bu dövrdə mövcud olmuşdur. Bununla yanaşı, Atabəylər Azərbaycanın daxilində siyasi cəhətdən vahid dövlət yarada bilməmişlər və ölkənin müxtəlif yerlərində vassal dövlətlər və dövlət qurumları öz fəaliyyətini davam etdirmişlər.

tarix elmləri doktoru,professor Vaqif Ziyəddin oğlu Piriyev
AZƏRBAYCANIN TARİXİ-SİYASİ COĞRAFİYASI
loading...

0 şərh