Qarabağ və Naxçıvan orta əsrlərdə

Bəlli olduğu kimi, Qarabağ və Naxçıvan əraziləri, ümumiyyətlə bu ərazilərin də daxil olduğu Arran vilayəti, tarix boyu mübahisə obyektinə çevrilmiş və indi də həmin mübahisələr səngiməmiş, əksinə daha da genişlənmişdir. XX əsrin sonlarında ermənilər öz məkrli siyasətləri sayəsində Qarabağın müəyyən hissəsini zəbt etsələr də, öz iddialarından əl çəkmir və yeni-yeni xülyalara — Naxçıvan torpaqlarını da ələ keçirməyə can atırlar. Bunu nəzərə alaraq Qarabağın və Naxçıvanın keçmişinə bir daha nəzər yetirmək, onların hansı ölkənin ərazisində mövcud olduqları, tarixən kiminlə bağlı olduqlarını nəzərdən keçirmək vacibdir. Bu iş bir tərəfdən tarixi və elmi həqiqətin ortaya çıxmasına yardım edər, həmin ərazilərin kimlərə məxsus olduğunu göstərər, digər tərəfdən bu ərazilərə qarşı olan yersiz iddiaların səbatsızlığını açıqlayar.

«Qarabağ» termini «xalq və bağ», «böyük bağ», «səfalı bağ» və sairə mənası kəsb edir. Bu adın Azərbaycanın Kür və Araz çayları arasındakı mənzərəli ərazilərə şamil olunması monqol-türk qəbilələrinin ölkəyə gəlmələri və hülakuların hakimiyyətə yiyələnmələri ilə bağlıdır. Bilindiyi kimi, həmin ərazi Qafqaz Albaniyasının tarixi ərazisi olub, əsasən Arsax, Sünik, Uti, Sakasena və Paytakaran vilayətlərini əhatə edirdi və bu adla da tanınırdı. Ərazinin mərkəzi hissəsi monqollar dövründə «Arran Qarabağı» kimi tanınmağa başladı. «Arran Qarabağı» termininə ilk dəfə 1284-cü ilin hadisələrinin şərhi ilə əlaqədar təsadüf olunur. F.Rəşidəddin «Camə ət-təvarix» əsərində yazır ki, həmin ildə Arran Qarabağında Hülaku şahzadəsi Konqurtayı edam edirlər. Bu ərazinin «Arran Qarabağı» adlanması da təsadüfi deyildir. Məlum olduğu kimi, istər Azərbaycanda, istərsə də Şərqin başqa ölkələrində bir sıra «Qarabağ» adlı yerlər mövcuddur. Azərbaycandakı «Təbriz Qarabağı», «Surxab Qarabağı» (və ya «Kiçik Qarabağ»), Naxçıvandakı Qarabağ, eləcə də Qarsda, Şimali Qafqazda, Türkmənistanda, Özbəkistanda, Əfqanıstanda və s. yerlərdə olan Qarabağ adlı məkanlar buna misaldır. Arran-
dakı Qarabağın «Arran Qarabağı» adlandırılması onu digər Qarabağlardan, ilk növbədə indiki Əfqanıstanın şimali-qərb və Türkmənistanın cənubi-qərb ərazilərində mövcud olmuş «Baqdis Qarabağı»ndan fərqləndirmək məqsədi güdmüşdür.
Unutmaq olmaz ki, müasir dövrdə geniş yayılmış «Dağlıq Qarabağ» termininə orta əsr mənbələrində təsadüf olunmur və bu istilah son dövrlərin məhsuludur. Orta əsrlərdə isə Qarabağ ərazisi vahid şəkildə mövcud olmuş, onun dağlıq və düzən sahələri, bölgələri tam şəkildə Qarabağ adlanmış və diyarın həmin bölgələri iqtisadi və mədəni cəhətdən sıx bağlı idilər.

Qarabağ Arranın mərkəzi hissəsini əhatə edirdi, necə deyərlər, «Arranın qəlbi» idi. XIV əsr Azərbaycan tarixçisi Əbu Bəkr əl-Əhəri Qarabağı «Arranın paytaxtı», yəni mərkəzi adlandırır. Arran Qarabağının ərazisi barədə məlumatlar az deyil. Orta əsr müəllifləri çox hallarda Qarabağı Arran ilə eyniləşdirirlər. Lakin, araşdırmalar göstərir ki, Arran daha geniş əraziləri əhatə etmişdir. Ərəb dövrünün Arranından fərqli olaraq, son orta əsrlər Arranı yalnız Kür-Araz çayları arasındakı ərazini əhatə edirdi. Onun Ermənistanla sərhəddi Göycə gölündən, Gürcüstanla sərhəddi isə Debed çayından və Hunan qalasından keçirdi. Qarabağ son orta əsrlər Arranının müəyyən hissəsini əhatə edirdi. F.Rəşidəddinin «Mükatibat» əsərində onların «Qarabağ, Muğan, Arran və Şəki vilayətləri» şəklində həmcins üzvlər kimi nəzərə çatdırılması bir daha belə qənaətə gəlməyə əsas verir ki, Qarabağ Arranın daxilində dağlıq və dağətəyi sahələri birləşdirən vahid ərazidən ibarət olmuşdur.
Mənbələrin məlumatından aydın olur ki, Qarabağın ərazisi Araz çayından başlayaraq şimali-qərb istiqamətinə uzanmış və Beyləqandan tutmuş Zəqəmçaya kimi olan əraziləri əhatə et-mişdir. Onun şərq sərhədləri Kür ilə Arazın birləşdiyi yerdən nisbətən qərbdə idi, qərb hüdudları isə Həkəri çayına çatırdı. Tərkibində Şəmkür, Gəncə, Bərdə, Ağdam, Beyləqan kimi iri şəhərlər, Zəqəm, Xanagah-Şutur, Qarxun, Dih-İsfahan, Lasub, Cuzbuq, Xeyrək, Kanqlıkənd, Bazarcıq, Ləmbəran, Yunan, Xaçındarbatlı, Qandzasar, Bəkrəbad, Xar, Sərçabil, Dolanlar, Şuşa və s. yaşayış məskənləri, Çərek, Əkna, Crabert, Matris, İzz, Xaçın, Zaris, Xayzan və s. qalalar var idi. Qarabağın dağlıq hissəsində Xaçın malikanəsi mövcud olmuş və bütün orta əsrlər boyu öz siyasi mövqeyini qoruyub saxlaya bilmişdir. Qarabağdan ölkənin mühüm ticarət yollarının bir qolu keçirdi və təxminən 300 km olan (45 fərsəng) həmin yol 10-dan artıq iri yaşayış məskənini birləşdirirdi.

Göstərildiyi kimi, ilk orta əsrlərdə Qarabağ ərazisində Qafqaz Albaniyasının bir sıra vilayətləri — Arsax, Sisiakan (Sünik), Uti, Sakasena və qismən də Paytakaran vilayətləri mövcud olmuşdur. Həmin vilayətlərin, deməli Qarabağın tarixi ərazilərinin Qafqaz Albaniyasının tərkib hissəsi olması real tarixi faktlar ilə görkəmli alim F.C.Məmmədova tərəfindən sübuta yetirilmişdir. Ərəb xilafəti, IX-XI əsr feodal dövlətləri və atabəylər dövründə də, Qarabağ Arranın tərkib hissəsi olaraq qalmış və həmin dövlətlərin siyasi, ictimai-iqtisadi və mədəni həyatında mühüm rol oynamışdır. Qarabağın mövqeyi son orta əsrlərdə daha da artmışdır. Həmin ərazi Azərbaycanda hakimiyyətdə olmuş demək olar ki, bütün hökmdarların, dövlət başçılarının istirahət yerinə çevrilmişdi. Bu baxımdan monqol hökmranlığı dövrü diqqəti daha çox cəlb edir. Təkcə onu göstərmək kifayətdir ki, monqol hökmdarlarından ikisi (Qazan xan və Arpa xan) səltənət taxtına Qarabağda çıxmış, ikisi isə (Arqun xan və Sultan Əbu Səid) Qarabağda vəfat etmişlər. XV-XVIII əsrlərdə də Qarabağ öz mövqeyini qoruyub saxlamış və Azərbaycanda fəaliyyət göstərmiş dövlətlərin və deməli, Azərbaycanın tərkibində olmuşdur.

Orta əsrlər Qarabağında bir sıra dövlət qurumları təşəkkül tapmış və fəaliyyət göstərmişlər. Girdiman hökmranlığı, Xaçın knyazlığı, Qarabağ xanlığı bu baxımdan diqqəti cəlb edir. Girdiman hökmranlığı VII əsrin əvvəllərindən Qafqaz Albaniyası ərazisində fəaliyyət göstərmişdir. Onun ərazisi əsasən indiki Şəmkür, Qazax ərazisində mövcud olmuş Girdiman vilayətini əhatə edirdi. Paytaxtı ilk vaxtlarda Girdiman qalası, sonra Bərdə şəhəri olmuşdur. Girdiman hökmranlığı Mehranilər sülaləsi tərəfindən idarə olunurdu. Albaniya hökmdarı Cavanşirin (636-680) vaxtında Girdiman yüksəliş dövrü keçirmişdir. Lakin ərəblərin, xəzərlərin hücumlarına məruz qalmış və nəhayət, 705-ci ildə Albaniya ərəblərin nüfuzuna düşdükdə onun ərazisi Arran, Muğan və Şirvan ərazilərinə bölünür. Girdiman Arranın tərkibində qalır. XIII əsrdə Qarabağın dağlıq hissəsində Xaçın məlikliyi fəaliyyətə başlayır və daxili müstəqilliyini XIX əsrin əvvəllərinə kimi qoruyub saxlaya bilir. Səfəvilər dövründə isə Qarabağda Qarabağ bəylərbəyliyi fəaliyyət göstərir. Bəylərbəylik Qarabağ torpaqları ilə yanaşı daha geniş əraziləri, Kür və Araz çayları arasındakı əraziləri əhatə edirdi. Sonralar Qarabağ bəylərbəyliyinin ərazisində 2 xanlıq — Qarabağ və Gəncə xanlıqları təşəkkül tapır. Qarabağ ərazisi əvvəlcə Qarabağ bəylərbəyliyinin, XVIII əsrin ortalarından isə Qarabağ xanlığının tərkibində olmuş və onların əsas ərazisini təşkil etmişdir. Bu dövrdə xanlığın paytaxtı Şuşa şəhəri idi. Qarabağ ərazisi 1813-cü ildə Qarabağ xanlığının tərkibində Rusiyaya ilhaq edilmiş və sonra Rusiyanın əyalətinə çevrilmişdir.

Qarabağ əhalisinin etnik tərkibi müxtəlif olduğu qədər də, müzakirə obyektinə səbəb olan məsələlərdəndir. Qədim zamanlarda Qarabağ ərazisində alban tayfaları və onlarla birlikdə barsil, savir, hun, xəzər və s. türk tayfaları yığcam şəkildə yaşamışlar. Strabonun əsərində xatırlanan Qafqaz Albaniyasının 26 dildə (ləhcədə) danışan qəbilələrinin bir qismi məhz Qarabağda məskunlaşmışdır. Akademik Z.M.Bünyadovun yazdığı kimi, Arran əhalisi monqol istilalarına qədər türkdilli xalq kimi təşəkkül tapmışdı. XIII əsr müəlliflərinin məlumatından görünür ki, Arran əhalisinin etnik tərkibi əsasən türklərdən ibarət idi: «Müsəlmanların ixtiyarında olan» Arranda «100.000 türk süvarisi vardı» və «buradakı türkmənləri bir yerə toplasaydılar, qarışqa və çəyirtkə yığnağını xatırladardı». Sonrakı əsrlərdə Azərbaycana gəlmiş türk qəbilələrinin bəzisi Qarabağ ərazisində məskunlaşmışdır. Bu baxımdan monqol yürüşləri dövrü diqqəti cəlb edir. Həmin dövrdə Azərbaycana gələn monqol-türk qəbilələrindən tamqalıq, dolan, kanqlı, qorqan, tatar, qarxun və oyrat qəbilələrinin Qarabağda məskunlaşdığı bəllidir.
Qeyd olunduğu kimi, Qarabağ əhalisinin tərkibində albanlar xüsusi yer tuturdu. Albanlar Qarabağın dağlıq hissəsində, əsasən Xaçın ərazisində yaşayırdılar. Qarabağ albanları Cənubi Qafqazın erməni və gürcü etnosları ilə bir sırada durmuş və etnik baxımdan onlardan asılı olmamışlar. XIII əsr alban tarixçisi Kirakos Gəncəli Cənubi Qafqazda yaşayan etnosları dəfələrlə «ermənilər, gürcülər və albanlar», «albanlar, ermənilər və gürcülər» və s. şəkildə, həmcins üzvlər kimi qələmə alır. Müəllif Albaniyanın, o cümlədən Arranın və onun tərkib hissəsi olan Qara-bağın, Ermənistanın ərazisi olmadığını da sezdirir. O, 1220-ci ilin hadisələrindən danışarkən yazır: «Tatarlar Dərbənd qapılarından sürətlə keçib Albaniyaya gəldilər ki, oradan Ermənistana və Gürcüstana soxulsunlar». Deməli, Albaniya adı ilə Ermənistan nəzərdə tutulmadığı kimi, alban sözü ilə də erməni etnosu anlaşılmırdı və əksinə.

Ermənilərin iddiasında olduqları Naxçıvan ərazisi də tarixən Azərbaycana məxsus olmuş və onun əzəli-əbədi diyarıdır. Naxçıvanın qədim və orta əsrlərə dair tarixi buna canlı sübutdur. Naxçıvanın tarixi-siyasi coğrafiyasına keçməzdən əvvəl «Naxçıvan» sözü və bu ad ilə məlum olan yaşayış yerlərinə nəzər yetirmək vacibdir. «Naxçıvan» adı ilə bizim Naxçıvandan başqa Qars vilayətində (Kağızman mahalında Ani, Alyam və Mren yaşayış məskənlərinin yaxınlığında), Don çayının sahilində, Van gölü sahilində və s. yerlərdə yaşayış məskənləri mövcuddur. Yeri gəlmişkən, qeyd edək ki, ermənilər Qars Naxçıvanında baş vermiş hadisələri, faktları bizim Naxçıvana şamil etməklə bu şəhərin özlərininki olduğunu əsaslandırmağa çalışırlar.

Naxçıvan ərazisi orta əsrlərdə bəzən Basfurcan (Basfuracan) kimi də adlanmışdır. XII-XIII əsrlər müəllifi Yaqut Həməvi yazır: «Basfurcan Arranda baş şəhəri Nəşava, o həmçinin Nax-çıvandır, olan mahaldır». Naxçıvanın adı orta əsr mənbələrində müxtəlif şəkildə işlənilmiş və mənalandırılmışdır. Eramızın II əsrində Klavdi Ptolemey onu Naksuan formasında işlədir. Naxçıvan kəlməsi «Nuh çıxan» (Nuhun gəmisinin quruya çıxdığı yer), «ov edilən yer», «şikargah» və s. mənalarda açıqlanır. IX-XI əsr ərəb müəllifləri şəhəri «Nəşava» adı ilə yad edirlər və bu istilah ərəb dilində «böyüyən, inkişaf edən» mənasını verir. Şəhərin adına «Nəqşi-cahan» şəklində də təsadüf olunur və «Dünyanın bəzəyi» mənası kəsb edir. Bəzi tədqiqatçılar isə Naxçıvan istilahını «xoş su məkanı» — Nax su van kimi açıqlayırlar (Y.Yusifov, Q.Qeybullayev). Onların fikrincə, «su» hissəciyi «çu» şəklinə düşmüşdür. Naxçıvanda müalicəvi suların çoxluğu da təsdiqedici amil kimi götürülür.
Naxçıvan ərazisi hələ e.ə. III əsrdən Qafqaz Albaniyasının tərkibində olmuş və bu dövlətin Araksena və sonra Sisiakan vilayətlərinə daxil idi. Dövlətin cənub sərhədləri Naxçıvanın cənubundan Araz çayı boyunca keçirdi. Dövlətin ərazisi Dərbənddən Araz çayına, İberiyadan Xəzər dənizinə kimi uzanırdı. Alban tarixçisi Musa Kalankatlı qeyd edir ki, Albaniyanın hüdudları VII-VIII əsrlərə kimi dəyişilməmişdir. Albaniya ilk orta əsrlərdə, sasanilərin nüfuz dairəsində olduğu vaxtlarda, Naxçıvan İran-Roma müharibələrinin meydanına çevrilir. Əldən-ələ keçən Naxçıvan 387-ci ildə bağlanmış müqaviləyə əsasən sasanilərin nüfuzunda qalır. VII əsrin I yarısında Naxçıvan Bizans çarı İraklinin (610-641) əlinə keçsə də, bir müddətdən sonra yenidən sasanilərə qaytarılır. Göründüyü kimi, Naxçıvan əksər vaxtlarda Qafqaz Albaniyasının tərkib hissəsi kimi fəaliyyət göstərmişdir.

654-cü ildə Azərbaycana soxulmuş ərəb qoşunları Naxçıvanı da zəbt etdi və bağlanmış müqaviləyə görə, Naxçıvan əhalisi ərəblərə vergi — cizyə və xərac ödəməli oldu. Bu zaman da-ğıdılan Naxçıvan şəhəri xəlifə I Müaviyənin (661-680) vaxtında bərpa olundu. IX əsrin 20-30-cu illərində Naxçıvan ərəblərə qarşı qalxmış Babək hərəkatının geniş yayılmış ərazilərindən biri olmuşdur. Mənbələr Naxçıvanın Babəkin nüfuz dairəsində olduğunu xəbər verirlər. Ərəb xilafəti dövründə inzibati-ərazi bölgüsü baxımından müəyyən dəyişikliklər baş versə də, Naxçıvan Azər-baycanın tərkibində qalmaqda davam edirdi. Ərəb müəllifi əl-İstəxri (820-934) Arranın hüdudlarının Dərbənddən Tiflisə, oradan Naxçıvan adlı ərazi də daxil olmaqla Araz çayına kimi uzandığını bildirir.
Naxçıvan IX əsrin sonlarında Sacilər dövlətinin tərkibinə daxil olur və X əsrin 30-cu illərinə kimi onların nüfuz dairəsində qalır. Sacilərin süqutundan sonra bir müddət saci əmiri Deysən ibn İbrahimin [932-937] ixtiyarında qalan Naxçıvan sonralar Salarilər dövlətinin tərkibinə daxil olur. Səlcuq sultanı Alp Arslan [1063-1072] Rəvvadilər sülaləsinin fəaliyyətinə son qoyduqdan sonra Naxçıvana da sahib durur və Naxçıvan şəhərində özünə xüsusi iqamətgah tikdirir. Səlcuqların Azərbaycanda canişinliyi Naxçıvanda yerləşirdi.

1146-cı ildə ölkədəki vəziyyətdən istifadə edən atabəy Eldəniz Naxçıvan vilayətini də öz torpaqlarına qatır və həmin dövrdən başlayaraq Naxçıvan şəhəri və vilayəti Eldəniz nəslinin irsi iqtasına çevrilir. Eldənizlər dövlətinin tərkibinə Azərbaycan, Arran, Naxçıvan, Fars (Əcəm) İraqı, Rey, Həmədan və s. vilayətlər daxil idi. Akad. Z.M.Bünyadov yazır ki, Naxçıvan sərhəd vilayəti kimi, xüsusi rejimdə idi; burada başqa dinə — xristianlığa etiqad edənlərin nüfuzu məhdudlaşdırılmışdı və islamın mühafizəsi üçün ciddi nəzarət mövcud idi. Naxçıvan vilayəti divan əl-xassə və ya divan əl-əla adlanan Ali divana tabe idi. Atabəylərin xəzinəsi adətən atabəyin olduğu yerdə saxlanılırdı. Əsas xəzinə Naxçıvan şəhəri yaxınlığındakı Əlincə qalasında mühafizə olunurdu. Şəmsəddin Eldənizin dövründə dövlətin bütün gəlirləri burada toplanılırdı. Naxçıvan şəhəri bir müddət Eldənizlərin paytaxtına çevrilir və XII əsrin 70-ci illərinədək mərkəz şəhəri kimi fəaliyyət göstərir. Məhəmməd Cahan Pəhləvanın dövründə [1174-1186] paytaxt Naxçıvandan Həmədana, sonra isə Təbrizə köçürülür. Eldənizlərdən sonra Naxçıvan qısa bir müddətdə xarəzmşah Məhəmmədin oğlu Cəlaləddinin nüfuzunda qalır.

Naxçıvan XIII-XIV əsrlər Azərbaycanında və ümumiyyətlə Şərqdə gedən siyasi, ictimai-iqtisadi və mədəni proseslərin, hadisələrin mərkəzlərindən birinə çevrilmişdi. Hülakuların, çoba-nilərin, cəlairilərin təyin etdikləri hakimlər tərəfindən idarə olunan Naxçıvanın bu dövrdəki inzibati-ərazi bölgüsü də diqqəti cəlb edir. Qeyd olunduğu kimi, İraqi-Əcəm, Muğan, Arran, Gür-cüstan, Ərmən və Kürdüstanla hüdudlanan Azərbaycan (indiki Cənubi Azərbaycan) inzibati baxımdan 9 tümənə ayrılmışdı. Həmdullah Qəzvininin məlumatından aydın olur ki, Naxçıvan ərazisi Azərbaycan mahalının tərkibində olmuş və onun 9 tümənindən biri idi. Naxçıvan tüməni geniş ərazini əhatə edirdi. Şərqdə Ərmən vilayəti ilə sərhədlənən bu tümən Makudan Qafan dağlarına qədər olan geniş ərazini əhatə etmiş və Xoy, Mərənd, Pişkin tümənləri və Qarabağla hüdudlanaraq Göycə gölü istiqamətində Dərələyəz silsiləsinin şimalına kimi çatırdı. Maku və Qafan əraziləri də Naxçıvan tüməninə daxil idi. Əslində Naxçıvan tüməni Arazın hər iki sahi-lindəki əraziləri birləşdirmişdi və qərbdə Dvin şəhəri də bu tümənin tərkibində idi. Ərəb coğrafi-yaşünası Yaqut əl-Həməvi yazır: Dvin «Arran vilayətində, Azərbaycanın uzaq hüdudlarında» yerləşir. Əbu Bəkr əl-Əhəri (XIV əsr) isə 1338-ci ildə Şərur və Dvin ərazilərinin Əkəncinin oğlu
Hacı bəy tərəfindən idarə olunduğunu bildirir. F.Rəşidəddinin məlumatından bəlli olur ki, Qafan ərazisi də Naxçıvan tüməninin tərkibində olmuşdur. Müəllif «Asar və əhya» («Təsir və dirçəliş») adlı əsərində 2 yerdə Qafanın Naxçıvan tüməninə aid olduğunu açıq-aydın yazır. Həmdullah Qəzvini (XIV əsr) Maku şəhərini Naxçıvan tüməninə aid olan 5 şəhərin tərkibində verir. Onun yazdığına görə, Azərbaycanın 27 iri şəhərindən 5-i — Naxçıvan, Ordubad, Azad, Əcnan və Maku şəhərləri Naxçıvan tüməninə daxil idilər. Naxçıvan tümənində həmçinin Vənənd, Qarabağlar, Giran, Culahə, Şahbuz, Şərur və sairə yaşayış yerləri, Əlincə, Sürməli, Gərni, Tağmar və b.k. qala və istehkamlar mövcud olmuşdur. Əlincə qalası tarixən Azərbaycan xalqının azadlıq mübarizəsinin dayağanı çevrilmişdir. XIII əsrin anonim «Əcaib əd-dünya» əsərində Naxçıvan şəhəri, Xudafərin və Ziyaülmülk körpüləri barədə qiymətli məlumat verilir və onun bilavasitə Azərbaycana aidliyi göstərilir. «Əcaib əd-dünya»nın və digər ilk mənbələrin faktları bir daha təsdiq edir ki, Naxçıvan XIII-XIV əsrlərdə Azərbaycanın tərkib hissəsi olmuş və onun əsas inzibati vahidlərindən birini təşkil edirdi.

XV əsrdə Naxçıvan ərazisi Azərbaycanda və ətraf ərazilərdə fəaliyyət göstərmiş türk mənşəli Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tərkibində olmuşdur. Bu dövlətlərin ərazisinə bir çox vilayətlərlə yanaşı, Ermənistan da daxil idi və həmin ərazi əslində Çuxur-Səəd adı ilə tanınırdı. Çuxur-Səəd geniş ərazini, Araz çayı vadisinin hər iki tərəfini — şimali-qərbdə Şuragel, şimali-şərqdə Göycə gölü, cənub və cənubi-şərbdə Sürməli, Naxçıvan, Maku və bəzən də Bayəzid ərazilərini əhatə etmişdir. Ermənilərin bu dövrdə Naxçıvan üzərində nüfuza malik olmalarını söyləmək ən azı qeyri-məntiqi və qeyri-elmi səslənir.
Səfəvilər dövlətinin təsisi Azərbaycanın ərazisinin genişlənməsinə səbəb olmaqla yanaşı vahid Azərbaycan ərazisinin təşəkkülünə gətirib çıxardı. İnzibati baxımdan Azərbaycan ərazisi 4 bəylərbəyliyə bölünmüşdü. Naxçıvan mərkəzi İrəvan olan Çuxur-Səəd bəylərbəyliyinin tərkibində qalırdı. İrəvan və Naxçıvan qızılbaş ustaclu qəbiləsinin iqamətgahına çevrilmişdi və bu qəbilə tərəfindən idarə olunurdu. Sonralar Çuxur-Səəddə qısa müddətə rumlu türk qəbiləsi məskunlaşdı. Göründüyü kimi, Çuxur-Səəd bəylərbəyliyi və onun tərkibindəki Naxçıvan (eləcə də İrəvan) türk qəbilələrinin sərəncamında olmuşdur.
XVIII əsrin əvvəllərində Naxçıvan ərazisinin əsas hissəsi Çuxur-Səəd bəylərbəyliyinin, Ordubad isə Təbriz bəylərbəyliyinin tərkibində idi. Naxçıvan «ölkə» kimi ustaclu tayfası tərə-findən idarə olunurdu. Dövrün siyasi hadisələrinin gedişində Naxçıvan 1724-cü ildə Türkiyənin nüfuz dairəsinə düşür, 1735-ci ilə kimi onların əlində qalır və osmanlı inzibati-ərazi bölgüsünə əsasən «Naxçıvan sancağı» adı ilə tanınır. Bu dövrdə tərtib olunmuş «Naxçıvan sancağının müfəssəl dəftəri»ndən (1727) məlum olur ki, həmin sancağın tərkibində aşağıda adı çəkilən 15 nahiyə var idi: Naxçıvan şəhəri, Naxçıvan, Əlincə, Sair Məvazi, Dərəşahbuz, Mülki-Arslan, Məvaziyi-Xatun, Qarabağ, Qışlağat, Dərəşam, Azadciran, Şorlut, Dərənürküt, Sisyan və Dərələyəz. Osmanlılar səfəvilər dövründə Naxçıvanın tərkibində olmuş Zor, Zəbil və Şərur nahiyələrini onun tərkibindən çıxararaq İrəvan əyalətinə birləşdirmişdilər. Naxçıvan sancağına 315 yaşayış məskəni daxil idi. İndiki Naxçıvan MR ərazisindən başqa, buraya müasir Ermənistanın Yexeknadzor rayonu bütövlükdə, Cermux rayonunun yarısı, Sisyan rayonunun böyük bir qismi və Mehri də daxil olmaqla rayonun bir sıra yaşayış məskənləri daxil idi. («İrəvan əyaləti və Naxçıvan sancağı xəritəsi»nə bax).

1736-cı ildə özünü şah elan edən Nadir ölkənin inzibati-ərazi bölgüsündə dəyişiklik etdi; bəylərbəyliklər ləğv olundu və vahid Azərbaycan vilayəti yaradıldı. O, Naxçıvanda yaşayan kəngərli tayfasını itaət göstərmədikləri üçün Əfqanıstana sürgün etdi və diyarın idarəsini 2 nəfərə tapşırdı: onlardan biri «hakimi-ölkə-ye Naxçıvan», digəri «hakimi-tümən-i Naxçıvan» adlanırdı. Nadirin ölümündən sonra (1747) kəngərli tayfa başçısı Heydərqulu xan Naxçıvan hakimi Ağa Həsəni hakimiyyətdən məhrum edib, özünü Naxçıvanın müstəqil xanı elan etdi. Zəngəzur dağ-larından Araz vadisinə kimi ərazini əhatə edən xanlığın mərkəzi Naxçıvan şəhəri idi. Naxçıvan xanlığı inzibati cəhətdən Əlincə, Xok, Dərələyəz, Ordubad, Əylis, Dəstə Çalanapek və Bilav ma-hallarına bölünmüşdü. Xanlığın ərazisində 2 böyük şəhər — Naxçıvan və Ordubad var idi. Naxçıvan xanlığı Qarabağ, Qaradağ, Xoy, Maku və İrəvan xanlıqları ilə həmsərhəd idi. Naxçıvan xanlığı Heydərqulu xanın ölümündən sonra (1764) tədricən zəiflədi, Rusiya-İran müharibələri dövründə əvvəlcə İranın tərkibinə (1813), sonra isə Rusiyanın tərkibinə qatıldı (1828) və onun fəaliyyətinə son qoyuldu. Naxçıvan ərazisi çar Rusiyasının inzibati bölgüsünə əsasən «qəza» statusu ilə 1841-ci ilin yanvarın 1-də Gürcüstan-İmeretiya quberniyasının tərkibinə qatıldı və daha sonra, 1849-cu ildə İrəvan quberniyasına birləşdirildi. Naxçıvan qəzası Naxçıvan, Ordubad və Dərələyəz məntəqələrindən ibarət idi. Mərkəzi Naxçıvan şəhəri olmuşdur. 1896-cı ildə Naxçıvan qəzasının sahəsi 4378 kv. km, əhalisi 86.878 nəfər idi.

Naxçıvan əhalisinin etnik tərkibi tarixən türkdilli tayfaların üstünlüyü, çoxluğu ilə diqqəti cəlb edir. Tədqiqatçıların fikrincə, hələ e.ə. VII əsrdə şimal istiqamətindən Cənubi Qafqaza gəlmiş sak tayfaları Naxçıvan ərazisində də məskunlaşmışdır. Sonralar bölgəyə qarqar, şirak, basin, alban, bulqar, xəzər, gerus və s. qəbilələr gəldilər. Eramızın ilk əsrlərində hunların tər-kibində Naxçıvana gəlmiş qədim türk mənşəli kəngər tayfası uzun əsrlər boyu burada yaşamış və bölgənin fəaliyyətində yaxından iştirak etmişlər. Bilindiyi kimi, XI-XII əsrlərdə Naxçıvana oğuz türkləri də gəlmişlər. Sonralar ustaclu, rumlu türk qəbilələri diyarda daha fəal olmuş, XVIII əsrdə isə Naxçıvan xanlığı kəngərlilər tərəfindən idarə olunmuşdur. Göründüyü kimi, tarixən Naxçıvan əhalisi türklərdən — azərbaycanlılardan ibarət olmuşdur. Dövrün mənbələrində bu barədə faktlara kifayət qədər təsadüf olunur. Məsələn, «Əcaib əd-dünya» əsərində (XIII əsr) Naxçıvanda əhalinin sıx olması, aybəniz olmaları, bədii oyma və ağac emalı sahəsində mahir olmaları, qorxmaz, qonaqpərvər və xoş xasiyyətləri ilə seçilmələri, dillərinin xoşagələn olması, xüsusilə islamın şafei təriqətinə itaət etdikləri (yəni erməni olmadıqları) və s. barədə maraqlı qeydlər verilir. «Naxçıvan sancağının müfəssəl dəftəri» də etnik məsələlərin araşdırılması baxımından diqqəti cəlb edir. Bununla yanaşı, orta əsrlər Naxçıvanında başqa xalqların, o cümlədən xristianların yaşadığı məlumdur.

Qarabağın və Naxçıvanın orta əsrlər tarixi barədə ilk mənbələrin məlumatı və tədqiqatçıların rəyləri həmin ərazilərin bütün orta əsrlər boyu, əvvəlki dövrlərdəki kimi, Azərbaycanın tərkibində olduğunu təsdiq edir. Bu ərazilərin başqalarının, ilk növbədə ermənilərin nüfuz dairəsində olması barədə mülahizələr tarixi faktlarla təkzib olunur.

tarix elmləri doktoru,professor Vaqif Ziyəddin oğlu Piriyev
AZƏRBAYCANIN TARİXİ-SİYASİ COĞRAFİYASI


 

0 şərh