Orta əsrlər Azərbaycanının ərazisi və inzibati bölgüsü barədə bəzi qeydlər

Azərbaycanın orta əsrlər tarixi və xüsusilə, tarixi-siyasi coğrafiyası barədə nəzərə çatdırılan faktlar, dəlillər bir daha belə qənaətə gəlməyə imkan verir ki, həmin diyar sabit şəkildə qalmamış, onun ərazisi müxtəlif dövrlərdə, tarixi şəraitdən asılı olaraq çoxalıb-azalmışdır. İlk orta əsrlərin ortalarına kimi bu yerlərdə 2 dövlət — Atropatena və Qafqaz Albaniyası fəaliyyət göstərmişdir. Qeyd olunduğu kimi, ərəb istilaları, mənfi təsirlərinə baxmayaraq, göstərilən dövlətlərin ərazilərinin birləşərək vahid Azərbaycanın təşəkkülünə şərait yaratdı. Xilafətin hakimiyyəti döv-ründə ölkədə gedən bir sıra proseslər bu işin müvəffəqiyyətlə başa çatmasına səbəb oldu: ilk növbədə tərəflər arasında siyasi birlik yarandı; hər iki dövlət Xilafətin siyasi quruluşunu qəbul etdi və eyni siyasətlə idarə olundular.
Digər tərəfdən bu dövlətlər Xilafətin vilayətlərinə çevrildilər və qonşu müstəqil dövlətlər statusunu itirib eyni dövlətin tərkibində qonşu vilayətlər kimi fəaliyyət göstərdilər. Onların arasında tarixən mövcud olmuş dövlətlərarası sərhəd vilayətlərarası sərhədə çevrildi və öz əhəmiyyətini itirdi. Daha sonra tərəflər arasında tədricən dini, mədəni, etnik, iqtisadi,dil və s. cəhətlərdən birlik yarandı. İslam dini hər iki tərəfdə yayılaraq digər dinləri sıxışdırıb əsas dinə çevrildi və tərəflər arasında din birliyi və bunun zəminində mədəni birlik yarandı. Tərəflərin qovuşması şimal və cənubda olan türk qəbilələrinin qaynayıb-qarışmasına və nəticədə dil birliyinin yaranmasına gətirib çıxardı. Eyni dövlətin tərkibində onların arasında iqtisadi birlik gücləndi. Beləliklə, bütün bunlar və digər amillərin təsiri ilə 2 dövlətin ərazisi birləşdi və vahid Azərbaycan təşəkkül tapdı.

Uzun müddət davam etmiş həmin prosesin müvəffəqiyyətlə başa çatmasında Xilafətin parçalanmasından sonra meydana gəlmiş bəzi feodal dövlətlərinin rolu az olmamışdır. Bu baxım-dan Sacilər, Salarilər, eləcə də Atabəylər dövlətləri diqqəti cəlb edir. Həmin dövlətlər əsasən Zəncandan Dərbəndə qədər olan əraziləri əhatə etdiklərindən birləşmə prosesinə müsbət təsir etmişlər. Əksinə, Şirvanşahlar, Şəddadilər, Rəvvadilər, Ağsunqurilər dövlətləri, Əhər məlikliyi həmin prosesə mane olmuş və onun gedişinə mənfi təsir etmişlər. Nəzərə almaq lazımdır ki, bir¬ləşmə prosesinə sasanilərin hakimiyyəti dövrü də müəyyən təsir göstərmiş, birləşmənin rüşeymləri məhz bu dövrdə meydana gəlmişdir.

Vahid Azərbaycan ərazisinin sərhədləri və sahəsi barədə dəqiq fakt yoxdur və ola da bilməz. Belə ki, Azərbaycan ərazisi və sərhədləri sabit qalmamış və müxtəlif dövrlərdə, ölkənin siyasi və iqtisadi vəziyyətindən, hərbi qüdrətindən asılı olaraq çoxalıb-azalmış, daralıb-genişlənmişdir. Ölkədə siyasi, iqtisadi və hərbi cəhətdən qüdrətli, qüvvətli, inkişaf etmiş, hərbi qüdrətə malik vahid dövlətin mövcud olduğu vaxtlarda Azərbaycan ərazisi artmış, onun sərhədləri genişlənmiş, əksinə, feodal pərakəndəliyinin hökm sürdüyü, xarici həmlələrin çoxaldığı, daxili sabitliyin pozulduğu vaxtlarda ölkə ərazisi də azalmış, sərhədləri daralmış, torpaqlarının bir qismi itirilmişdir. Orta əsrlər Azərbaycanı Xilafətin hökmranlığı, Sacilər, Salarilər, xüsusilə Atabəylər və Səfəvilər dövlətləri dövründə daha geniş ərazilərə malik olmuşdur. Onun sərhədləri cənubda Zəncan, Sainqala ərazilərinin cənub tərəfindən, cənubi-qərbdə Urmiya gölünün qərbindəki ərazilərdən, şimal-qərbdə Göycə mahalının qərbindən, şimalda isə tarixi Şəki vilayətinin və Dərbəndin şimalından keçirdi. Bu dövrlərdə Göycə mahalı bütövlüklə və Borçalı ərazisi Azərbaycanın tərkibində olmuşdur. Monqol hökmranlığı, Qaraqoyunlu və Ağqoyunlular dövlətləri dövründə isə Azərbaycanın sərhədləri şimal-qərbdə Göycə gölünün ortasından keçirdi və Göycə mahalının qərb hissəsi itirilmişdi. Bunun səbəbi XIII əsrin 20-30-cu illərində Şərqdə cərəyan edən siyasi hadisələr və onların Azərbaycana olan mənfi təsiri idi. Belə ki, xristian dünyasının islam aləminə qarşı mübarizəsi və bu işdə monqollardan istifadə etmələri təkcə Azər-baycan üçün deyil, əslində bütün müsəlman ölkələri üçün zərərli nəticələr verdi. İlk monqol xanları Bağdadda Abbasilər Xilafətinə son qoydular (1258), müsəlman ölkələrində, eləcə də Azərbaycanda islam dininə biganə münasibət bəslədilər, onu dövlət dini statusundan məhrum etdilər, digər tərəfdən ermənilərin və Avropanın xristian dini xadimlərinin fitvası ilə islam-türk dünyasına qarşı mübarizə şiddətləndi. Nəticədə, islam ölkələrində və Azərbaycanda ictimai-iqtisadi və siyasi baxımdan tənəzzül başladı. Bütün bunlar Azərbaycanın qərb torpaqlarının itirilməsinə, Göycə mahalının yarısının Ermənistana ilhaqına gətirib çıxardı. İlk mənbələrdə də Azərbaycanla Ermənistanın sərhədinin bu dövrdə Göycə gölündən keçdiyi açıq şəkildə əks olunmuşdur. Belə bir vəziyyət XV əsrdə də davam etmişdir.
Göycə mahalının qərb hissəsi səfəvilər dövründə yenidən Azərbaycan vilayətinin tərkibinə daxil olur və Borçalı ərazisi kimi, dövlətin fəaliyyətinin sonuna qədər onun tərkibində qalır. 1743-cü ildə, məlum olduğu kimi, Borçalı Nadir şah tərəfindən gürcü çarı Teymuraza verilir, Göycənin qərb hissəsi də sonrakı dövrlərdə, XX əsrin əvvəllərində itirilir.

Orta əsrlər Azərbaycanın inzibati-ərazi bölgüsünü müəyyənləşdirmək üçün ilk növbədə «Azərbaycan» istilahının özünün mənasını, daha doğrusu bu adla hansı ərazilərin nəzərdə tutulduğunu dəqiqləşdirmək vacibdir. Əsasən coğrafi-ərazi anlayış olan «Azərbaycan» sözü ilə orta əsrlərdə iki ərazi anlaşılırdı: ilk növbədə, bu ad ilə Xilafət dövründə birləşməyə başlamış vahid ərazi — Dərbənddən Zəncana, Xəzərdən Göycə mahalının qərbinə qədər olan ərazi nəzərdə tutulurdu. Digər tərəfdən Azərbaycan adı ilə vahid Azərbaycanın bir hissəsi, tarixi Atropatena əraziləri, yəni müasir Cənubi Azərbaycan torpaqları nəzərdə tutulurdu. Deməli, vahid Azərbaycanın mahallarından biri Azərbaycan mahalı idi. İnzibati-ərazi bölgüsü baxımından vahid Azərbaycan vilayəti aşağıdakı iri hissələrə — mahallara ayrılmışdı: Azərbaycan (Atropatena ərazisi), Arran, Şirvan, Muğan. Həmin hissələr isə öz növbəsində daha kiçik inzibati vahidlərə bölünmüşdü. Onların tərkibində Şəki, Naxçıvan, Qaradağ, Qarabağ, Güştasfi, Arasbar adlanan inzibati vahidlər mövcud olmuşdur. Şəki Şirvanın tərkibində, Qaradağ Azərbaycan mahalının tərkibində, Qarabağ, Naxçıvan, Güştasfi və Arasbar Arranın tərkibində idi. Azərbaycan ərazisi siyasi-inzibati-idarəçilik baxımından isə müxtəlif vaxtlarda tümənlərə, bəylərbəyliklərə, xanlıqlara, sultanlıqlara, məlikliklərə və s. ayrılmışdır.

Vahid Azərbaycanın sahəsini, ərazisinin miqdarını, ölçüsünü əks etdirən faktlar, göstəricilər də az olduğu qədər müxtəlifdir. Bunun səbəbi ərazilərimizin tarixən çoxalıb-azalmasıdır. Orta əsrlər Azərbaycanının ərazisi sabit qalmadığından onun neçə min kvadrat kilometr, nə qədər olması barədə vahid rəqəm axtarmağa dəyməz. Qeyd olunduğu kimi, XIII-XV əsrlərdə Azərbay-can ərazisi yığcam olduğundan onun ölçüsü də az olmalıdır. Həmin əsrlərdən əvvəlki və sonrakı dövrlərdə ərazimiz daha geniş olmuş və deməli, onu əks etdirən rəqəmlər də böyük olmalıdır. Azərbaycan ərazisi barədə orta əsr mənbələrində cüzi və həm də, dolaşıq faktlara, rəqəmlərə təsadüf olunur. XIV əsr müəllifi Həmdullah Qəzvininin məlumatı bu baxımdan maraqlıdır. O, bildirir ki, Azərbaycan ərazisinin Bakıdan Xalxala kimi uzunluğu 95 fərsəng (təxminən 617 km), Bacrəvandan Sinan dağlarına kimi eni 55 fərsəngdir (təxminən 357 km). Buradan Azərbaycanın 220.269 kv. km sahəyə malik olduğu müəyyənləşir. Qeyd olunduğu kimi, müəllif burada yalnız Azərbaycan mahalının, yəni vahid Azərbaycanın bir hissəsi olan Azərbaycan mahalının, tarixi Atropatenanın sahəsini, ərazisini nəzərdə tutmuşdur. O, həmin ərazinin inzibati bölgüsünü verərkən də bilavasitə Cənubi Azərbaycan şəhərlərindən danışır və digər tərəfdən vahid Azərbaycanın başqa ərazilərini — mahallarını — Arran, Muğan, Şirvan və Güştasfini ayrı-ayrılıqda şərh edir, lakin onların sahəsinin nə qədər olduğunu göstərmir. Bu fakt özlüyündə müəllifin qeyd etdiyi rəqəmin təkcə müasir Cənubi Azərbaycan ərazisinə aid olduğunu bildirir.

Arranın sahəsi barədə də ilk mənbələrdə müəyyən rəqəmlərə rast gəlinir. Anonim «Əcaib əd-dünya» (XIII əsr) əsərində Arranın uzunluğunun 40 fərsəng (təxminən 260 km), eninin isə 30 fərsəng (təxminən 195 km) olduğunu göstərən fakt mövcuddur. Buradan Arran ərazisinin 50.700 kv. km olduğu müəyyənləşir. Şirvan və Muğan ərazilərinin sahəsi barədə isə ilk mənbələrdə məlumata təsadüf olunmur (ən azı bizə məlum deyil). Bununla yanaşı, Şirvan və Muğan ərazilərinin birlikdə Arran ərazisindən 2 dəfə artıq olduğunu söyləmək olar və onların təxminən 100.000 kv. km sahəni əhatə etdiyini qəbul etmək mümkündür.

Tədqiqatçıların Azərbaycan ərazisi haqda verdikləri rəqəmlər də diqqəti cəlb edir. XX əsrin əvvəllərində M.Vəliyev (Baharlı) Azərbaycanın 200,5 min kv. km əraziyə malik olduğunu yazırdı. Qeyd edək ki, bu rəqəm mövcud rəqəmlərin ən kiçiyidir və bəlkə də müəllif yalnız Cənubi Azərbaycanı (Atropatenanı) nəzərdə tutmuşdur. Akademik B.A.Budaqov tarixi Azərbaycanın 221,6 min kv. km əraziyə malik olduğunu xəbər verir. Onun göstərdiyi rəqəm XIV əsr müəllifi Həmdullah Qəzvininin məlumatı ilə təxminən eynidir (220.269 kv. km). Lakin bir məsələni nəzərdən qaçırmaq lazım deyil ki, Həmdullah Qəzvininin qeyd etdiyi rəqəm vahid Azərbaycanın deyil, onun tərkibindəki Azərbaycan mahalının (tarixi Atropatenanın) torpaqlarını əks etdirir. Deməli, B.A.Budaqovun göstərdiyi rəqəm də yalnız Azərbaycan mahalına şamil oluna bilər. Lakin müəllif, XIX əsrin ilk rübündə Azərbaycanın Rusiya və İran arasında parçalanması dövründə 135.000 kv. km ərazinin İranın tərkibində qaldığını, 86.000 kv. km ərazinin isə Rusiyaya birləşdirildiyini yazmaqla, həmin rəqəmi vahid Azərbaycana şamil edir. Bəlli olduğu kimi, Rusiyaya ilhaq olunmuş ərazilərin sahəsi daha çox olmuş (təx. 140.000 kv. km), 86.000 kv. km ərazi yalnız 1920-ci illərdən sonra əlimizdə qalan ərazilər idi. Azərbaycanın orta əsrlər ərazisinin ölçüsü barədə növbəti rəqəm 300.000 kv. km-dir. Onun müəllifləri (Q.Cavadov, R.Hüseynov) bunu tarixi faktlarla əsaslandırmırlar. Tarixi ədəbiyyatda verilən digər rəqəm əvvəlkilərdən köklü surətdə fərqlənir: M. Dəmirli və M. Məmmədlinin məlumatına görə, vahid Azərbaycanın sahəsi 410.000 kv. km olmuşdur və XIX-XX əsrlərdə cərəyan etmiş siyasi hadisələr, müharibələr nəticəsində həmin ərazi 5 hissəyə bölünmüşdür. Onun 280.000 kv. km İranın tərkibində qalmış (indiki Cənubi Azərbaycan), 70.000 kv. km sahəsi, müəlliflərə görə, hal-hazırda Azərbaycan Respublikasının nəzarətindədir, 50.000 kv. km ərazi Ermənistan tərəfindən tutulmuş, Dərbənd ərazisi Rusiyanın, Borçalı isə Gürcüstanın tərkibindədir. Göründüyü kimi, Azərbaycanın orta əsrlərdəki sahəsini əks etdirən rəqəmlər biri-birindən əsaslı şəkildə fərqlənir. Azərbaycanın sahəsinin dəqiqləşdirilməsi vacib olduğu qədər də, siyasi əhəmiyyət kəsb edir.

Bununla belə, orta əsrlər Azərbaycanının sahəsi barədə ilk mənbələrin məlumatının azlığı, tədqiqatçıların fikirlərindəki müxtəliflik vahid Azərbaycanın sahəsini dəqiq müəyyənləşdirməyə imkan vermir. Orta əsrlər vahid Azərbaycanın sahəsini müəyyənləşdirərkən ilk növbədə belə bir mühüm faktı nəzərə almaq lazımdır ki, həmin dövrlərdə, daha dəqiq desək, Xilafətin dövründən başlayaraq XIX əsrin əvvəllərinə kimi, əksər vaxtlarda Azərbaycan (Atropatena), Arran, Şirvan, Muğan və onların tərkibində olan Naxçıvan, Qaradağ, Qarabağ, Şəki, Güştasfi və Arasbar əraziləri siyasi-inzibati, ictimai-iqtisadi, mədəni və s. baxımdan vahid Azərbaycanın tərkib hissələri olmuş və eyni inzibati vahidə daxil idilər. Görkəmli rus şərqşünası A.Yakubovskinin yazdığı kimi, orta əsrlərdə Azərbaycan adı ilə İran və Sovet Azərbaycanını nəzərdə tuturdular. Digər tərəfdən, vahid Azərbaycanın hüdudları, sərhədləri Göycə mahalının qərbindən (bəzi vaxtlarda Göycə gölünün ortasından) Xəzərə və Gilan vilayətinə, Zəncanın cənubundan (bəzən Həmədandan) Dərbəndin şimalına qədər uzandığından ölkənin sahəsini müəyyənləş-dirərkən həmin ərazilərdəki müasir vilayətlərin, mahalların ərazilərini diqqət mərkəzində saxlamaq vacibdir. Odur ki, orta əsrlərdəki vahid Azərbaycanın ərazisinin, sahəsinin müasir Cənubi Azərbaycan (280.000 kv. km və ya 221,6 min kv. km), Şimali Azərbaycan (tarixi Arran,
Şirvan və Muğan əraziləri — təx. 97.000 kv. km), 1806-cı ildə çar Rusiyasına ilhaq olunmuş Dər-bənd xanlığının ərazisi (təx. 10.000 kv. km), eləcə də İrəvan xanlığının və Borçalı mahalının ərazilərinin cəmindən ibarət olduğunu qəbul etmək daha düzgün və məntiqli hesab olunmalıdır. Göstərilən ərazilərin cəmi isə heç də kiçik deyildir və Azərbaycanın orta əsrlərdə ən azı 400.000 kv. km-dən artıq əraziyə malik olduğunu söyləməyə imkan verir. Daha dəqiq rəqəm isə gələcək tədqiqatlar nəticəsində əldə oluna bilər.

tarix elmləri doktoru,professor Vaqif Ziyəddin oğlu Piriyev
AZƏRBAYCANIN TARİXİ-SİYASİ COĞRAFİYASI
 

0 şərh