Azərbaycan Xalq Cümhuriyyəti: ərazisi, sərhədləri, inzibati-ərazi bölgüsü

1917-ci ilin fevral burjua inqilabından sonra Cənubi Qafqazda siyasi vəziyyət gərginləşir və regiondakı vilayətlər özlərinin gələcək fəaliyyətləri üçün tədbirlər görməyə başlayırlar. Çox keç-mədən Tiflisdə Cənubi Qafqazın qanunvericilik orqanı sayılan Zaqafqaziya seymi fəaliyyətə başlayır (23.II.1918). Azərbaycanın seymdəki fraksiyasına M.Ə.Rəsulzadənin başçılığı ilə 44 deputat daxil idi. 1918-ci ilin aprelin 22-də Zaqafqaziya Federativ Respublikası elan olunur və Azərbaycandan onun tərkibinə 5 nümayəndə daxil edilir. Lakin bu tədbirlərin heç biri bölgənin vəziyyətini tənzimləyə bilmir, mövcud ziddiyyətləri aradan qaldırmır. Seymin səbatsızlığını görən Gürcüstan onun tərkibindən çıxır (26.V.1918) və beləliklə də, Zaqafqaziya seyminin buraxıldığı elan olunur. Mayın 27-də seymdəki Azərbaycan fraksiyası fövqəladə iclas keçirib Milli şura yaradır. Milli şura mayın 28-də Azərbaycanın dövlət müstəqilliyinin elan olunması barədə qərar qəbul edir və «İstiqlal bəyannaməsi» hazırlanaraq dünyanın böyük dövlətlərinə göndərilir. Bununla da, Azərbaycan Cümhuriyyəti fəaliyyətə başlayır. İyunun əvvəllərində Tiflisdən Gəncəyə köçən Azərbaycan hökuməti bir sıra maneələrlə üzləşsə də, Türkiyə ilə olan anlaşılmazlığın qarşısı alınır. Daha sonra Bakı sovetinin Gəncə üzərinə yürüşü dəf olunur və nəhayət, sentyabrın 15-də Bakı azad edilərək dövlət idarəçiliyi burada cəmləşir. Lakin dövlət quruculuğu sahəsində ilk ciddi addımlarını atan Azərbaycan Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərə bildi. Onun fəaliyyət dövrü 3 mərhələyə ayrılır: hökumətin ilk addımları və tədbirləri dövrü (VI-XII.1918); dövlətin möhkəmlənməsi dövrü (XII.1918-XII.1919); Azərbaycan Cümhuriyyətinin zəifləməsi və süqutu dövrü (XII.1919-IV.1920).

Şərqdə, islam aləmində və türk dünyasında demokratik idarə üsulunu tətbiq etmiş ilk Respublika sayılan Azərbaycan Cümhuriyyəti 1920-ci ilin əvvəllərində bir sıra daxili və xarici amillər üzündən tədricən zəifləməyə başladı və həmin ilin aprelin 27-dən 28-nə keçən gecə Bakıya soxulan XI ordu tərəfindən süquta uğradıldı. Qısa müddətdə mövcud olmasına baxmayaraq, Azərbaycan Cümhuriyyəti Azərbaycan tarixində xüsusi mövqeyə malikdir və Azərbaycan dövlətçiliyinin bərpası, demokratik idarə üsulunun tətbiqi baxımından müstəsna əhə-miyyət kəsb edir.

Azərbaycan Cümhuriyyətinin əldə etdiyi nailiyyətlər içərisində ölkə ərazisinin nisbətən qorunub saxlanılması mənəvi və siyasi cəhətdən diqqəti cəlb edir. Ümumiyyətlə götürüldükdə, Azərbaycan hökuməti ərazi məsələsində 3 tərəfli təsirlərə məruz qalmışdı. Bir tərəfdən, Lənkəranda yad qüvvələr Azərbaycan hökumətini tanımır, digər tərəfdən Qarabağ, Zəngəzur, Naxçıvanda erməni daşnaqlarının təcavüzü artır, üçüncü tərəfdən isə şimaldan denikinçilər Azərbaycanın müstəqilliyinə təhlükə yaradırdılar. Həmin qısa dövr ərzində Azərbaycanda tarixi-siyasi coğrafiya baxımından bir sıra işlər görülmüş, tədbirlər həyata keçirilmişdir. Təəssüf ki, Azərbaycan hökumətinin bu sahədəki ilk addımı uğursuz oldu. Bilindiyi kimi, Cənubi Qafqazda seym buraxıldıqdan sonra yeni yaranmış dövlətlərin sərhədlərini müəyyən etmək zərurəti meydana çıxdı. İlk günlərdə erməni nümayəndələri İrəvan şəhərinin Ermənistanın paytaxtı edilməsi barədə Azərbaycan hökumətinə müraciət etdi. Batumda 1918-ci ilin mayın 29-da keçirilən danışıqlarda Azərbaycan tərəfi İrəvanın, eləcə də, Eçmiəzzin qəzasının Ermənistana ve-rilməsinə razılaşdı. Türkiyənin bu işə müsbət münasibət bəsləməsi də məsələnin həmin şəkildə həllində az rol oynamadı. Lakin bunun əvəzində ermənilər Qarabağın dağlıq hissəsinə olan iddialarından əl çəkməli idilər. Tarix göstərdi ki, ermənilər həmin iddialarından vaz keçmədilər. Azərbaycan milli şurasının bu addımı isə kobud səhv və ümummilli mənafeyə vurulmuş ağır zərbə oldu. Tarix boyu Azərbaycanın tərkib hissəsi olmuş, sonralar İrəvan xanlığının ərazisi olan torpaqlar — Göycə mahalının qərb hissəsi faktiki olaraq əldən çıxdı. Azərbaycanın qərb sərhədləri Göycə gölü ilə məhdudlaşdı. Göycə gölü iki respublika — Azərbaycan və Ermənistan arasında sərhəd zonasına çevrildi. Gölün şərq hissəsi «Göycə dairəsi» statusu ilə Azərbaycan Cümhuriyyətinin tərkibində qaldı. Onun ərazisi əsrin ilk illərindəki Yeni Bayəzid qəzasının şərq torpaqlarını əhatə edirdi və Göycə gölünün şimalındakı Maralicə dağın qərbindən başlayaraq gölün şərq tərəfi ilə cənuba doğru uzanır və Maraldağın qərbinə çatırdı.

Ermənistanın Naxçıvana olan iddiaları isə puç oldu. 1918-ci ilin avqustun 7-də K.Qarabəkir paşanın başçılığı ilə türk ordusu Naxçıvana daxil olur və Andronikin buradakı özbaşınalığına son qoyulur. Lakin türk ordusu Naxçıvandan (ümumiyyətlə, Qafqazdan) çıxdıqdan sonra vəziyyət yenidən kəskinləşir. Ermənilərin növbəti həmlələrinin qarşısını almaq üçün 1918-ci ilin noyabrında yerli azərbaycanlı əhalisi Naxçıvanda Araz-Türk Respublikası təsis edir. Mərkəzi əvvəl Qəmərli, sonra isə Naxçıvan olan həmin Respublikaya Naxçıvan, Şərur-Dərələyəz və Ordubad qəzaları, Sərdarabad, Uluxanlı, Vedibasar, Qəmərli və Mehri əraziləri daxil idi. 1919-cu ilin mart ayına kimi fəaliyyət göstərmiş həmin respublika bölgənin ermənilərin əlinə keçməsinin qarşısını aldı, Azərbaycan Xalq Cümhuriyyətinin bütövlüyünü təmin etdi. Araz-Türk Respublikasının süqutu ərəfəsində, 1919-cu ilin fevralın 28-də hökumətin qərarı ilə Naxçıvan general-qubernatorluğu yaradıldı. Onun tərkibinə Naxçıvan, Ordubad, Şərur-Dərələyəz,Vedibasar və s. ərazilər daxil idi. Buna baxmayaraq, 1919-cu ilin may-iyun aylarında ingilis komandanlığının razılığı ilə Naxçıvan bölgəsində erməni idarəçiliyi təşkil olundu. Buna ciddi narazılıq edən Naxçıvan əhalisi iyulun 19-25-də hərbi əməliyyatlar keçirərək erməni qoşunlarını darmadağın etdi və «erməni idarəçiliyi» iflasa uğradı. Ermənilərin Azərbaycan ərazilərini ələ keçirmək üçün etdikləri sonrakı cəhdlərin, o cümlədən Paris sülh konfransındakı cəhdlərinin də qarşısı alındı.

Ermənistan hökuməti əldə etdiyi güzəştə (İrəvana yiyələnməsinə) baxmayaraq Azərbaycana təcavüzünü gücləndirir və yeni ərazləri — Zəngəzuru, Qarabağı, Naxçıvanı ələ keçirməyə cəhd göstərirdi. Ciddi səhvə yol vermiş Azərbaycan hökuməti daha yeni ərazilər itirməmək naminə mühüm tədbirlər həyata keçirirdi və məhz bunun sayəsində hökumət sonrakı fəaliyyəti dövründə Azərbaycanın ərazilərini qoruyub saxlaya bildi. Qarabağ ermənilərin ən çox iddiasında olduqları ərazi kimi qalırdı. [Buranın əhalisinin 400.000 nəfəri azərbaycanlı və kürd, cəmi 170.000 nəfəri erməni idi. Ermənilərin «Müstəqil Qarabağ Respublikası», «Vahid Rusiya», «Sovet Rusiyasının Qarabağ hissəsi» və s. kimi demaqoq şüarlarla pərdələnən cəhdlərinin qarşısı alınırdı. Bu məqsədlə Azərbaycan hökuməti 1919-cu ilin yanvarın 15-də Zəngəzur, Şuşa, Cavanşir və Cəbrayıl qəzaları hüdudlarında «Qarabağ general-qubernatorluğu» təsis edir və Xosrovbəy Sultanov qubernator təyin olunur. Erməni tərəfi bu qərarı «ermənilərin ərazi hüquqlarına qarşı qəsd» adlandıraraq etiraz etdikdə Azərbaycan hökuməti onlara layiqli cavab verir və bildirir ki, həmin ərazilər Azərbaycanın mübahisə doğurmayan əraziləridir və Ermənistanın etirazı Azərbaycanın daxili işlərinə qarışmaq kimi qiymətləndirilməlidir. Beləliklə, Qarabağ məsələsində daşnaqlar susdurulur. Qarabağ general-qubernatorluğunun fəaliyyəti nəticəsində daşnaq Andronikin dəstələri darmadağın olunur, Şuşada ermənilərin özbaşınalığına son qoyulur və avqust ayında Dağlıq Qarabağ erməniləri ilə danışıqlar aparılaraq onların bu ərazidə Azərbaycanın suverenliyini qəbul etmələri barədə razılıq əldə olunur. Lakin 1919-cu ilin noyabrın 23-də Azərbaycan və Ermənistan hökumətləri arasındakı razılaşmaya görə tərəflər Zəngəzurdan qoşun hissələrini çıxarmalı idi. Azərbaycan hökuməti məsələnin tam həllini gözləmədən erməni «səmimiliyinə» inanıb öz qoşunlarını Zəngəzurdan çıxardı. Ermənistan isə vəziyyətdən istifadə edib bölgəyə əlavə qoşun hissələri yeritdi və Zəngəzurda daha iri miqyaslı əməliyyatlar keçirdi. Zəngəzurdakı vəziyyətin nizamlanması uzun mübarizəyə səbəb oldusa da, Qarabağdakı uğurlu döyüşlərdən sonra Azərbaycan üçün müsbət həll olundu.

Ümumiyyətlə götürüldükdə, Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyət göstərdiyi dövrdə ölkə ərazisinin bütövlüyünü mühafizə edə bildi, onu yad ünsürlərdən təmizlədi. 1918-ci ilin iyunun 26-da Zaqatala mahalına (dairəsinə) aid məsələ Gürcüstanla Azərbaycan arasında müzakirə olundu və sülh yolu ilə həllini tapdı: əhalisinin 91,9 %-nin müsəlman olduğu bu ərazinin Azərbaycana aidiyyəti rəsmiləşdirildi. Rus qiyamçılarının əlində olan Lənkəran qəzası yenidən Azərbaycana qaytarıldı (3.IX.1919), Qarabağ erməniləri ilə razılaşma əldə edildi və 1919-cu ilin avqustun 19-da keçirilmiş Dağlıq Qarabağ ermənilərinin VII qurultayında onların Azərbaycan hökumətini tanımalarına nail olundu, Naxçıvanın inzibati cəhətdən Azərbaycana aidiyyəti təmin edildi. Hökumətin cəhdləri nəticəsində 1920-ci ilin aprelin sonunadək ölkə ərazisinin 1919-cu ilin noyabrın 23-nə kimi olan vəziyyəti bərpa olundu.
Azərbaycan Cümhuriyyətinin ərazisi, sahəsi, inzibati bölgüsü diqqəti cəlb edən əsas məsələlərdəndir. Qeyd etmək lazımdır ki, 1920-ci ildə Azərbaycanın Xarici İşlər Nazirliyi infor-masiya şöbəsi tərəfindən tərtib edilmiş «Azərbaycan Respublikasının xəritəsi» (rusca), eləcə də, 1994-cü ildə nəşr olunmuş «Azərbaycan Respublikasının xəritəsi. 1918-1920-ci illər» (rusca) adlı xəritələr dövlətin ərazisinin dəqiq müəyyənləşdirilməsinə imkan verir. İkinci xəritənin məziyyətlərindən biri burada yer adlarının — toponimlərin həmin dövrdəki adlarla əks olunmasıdır. Xəritə həddən çox yüklənmiş və tərtibçilər hər bir kiçik yaşayış məntəqəsinin də xəritədə əksinə cəhd göstərmişlər.

Azərbaycan Cümhuriyyətinin sahəsi 113.895,97 kv. km olmuşdur. Bunun təxminən 97,3 min kv. km (97.298 kv. km) mübahisəsiz ərazilər, təqribən 16,6 min kv. km-i isə mübahisəli ərazilər hesab olunurdu. Mübahisəli ərazilərin 7,9 min kv. km-i İrəvan quberniyasına, 8,7 min kv. km-i isə Tiflis quberniyasına daxil idi. Mübahisəsiz ərazilər aşağıdakılardan ibarət idi:
1.    Bakı quberniyası — sahəsi 39.075 kv.km — buraya Cavad (Salyan), Lənkəran, Göyçay, Şamaxı və Quba qəzaları daxil idi;
2.    Gəncə quberniyası — sahəsi 44.371 kv.km idi. Tərkibində Gəncə, Şamxor (Şəmkür), Qazax, Tovuz, Nuxa, Şuşa, Ağdaş (Ərəş), Cavanşir (Tərtər), Cəbrayıl, Zəngəzur qəzalarını birləşdirirdi;
3.    Zaqatala quberniyası — sahəsi 3.993 kv. km idi. Tərkibinə Əliabad, Car-Muxax, Qax, Almalı, Balakən sahələri daxil idi, onun tərkibində qəzalar yox idi;
4.    Əvvəllər İrəvan quberniyasının tərkibində olmuş Naxçıvan və Şərur-Dərələyəz qəzaları. Onların sahəsi 9,859 kv. km idi.
Göstərildiyi kimi, mübahisəsiz ərazilərin ümumi sahəsi 97.298 kv. km olmuşdur.

Mübahisəli ərazilər isə, qeyd edildiyi kimi, təqribən 16,6 min kv. km olmuş və 2 istiqamətdə — Ermənistan və Gürcüstanla mübahisələrin obyektinə çevrilmişdi. 1920-ci ildə tərtib olunmuş xəritədən göründüyü kimi, Ermənistanla mübahisəli ərazilər İrəvan quberniyasının qərb hissələri — xüsusilə Göycə gölünün bir az cənubundan və Naxçıvan və Şərur-Dərələyəzin qərbindən tutmuş Kasak çayına kimi Arazın hər iki sahili — Böyük Vədi, Eçmiəzzin, İqdır və s. ərazilər idi. Həmin ərazilər tarixi Çuxur-Səəd bəylərbəyliyinin və İrəvan xanlığının ərazilərinə uyğun gəlirdi. Gürcüstanla mübahisəli ərazilərə isə Qarayazı, Axalski və Siqnaq qəzasının cənub hissələri daxil idi. Qarayazı düzü Gəncə-Qazax düzənliyinin davamı olub, həm etnik, həm də iqtisadi cəhətdən onunla bağlı idi. Buranın sakinlərinin 90%-i azərbaycanlı olmuşdur. Bu ərazi 1918-ci ildə Gürcüstan tərəfindən tutulmuş və onun Tiflis qəzasının tərkibində olması faktı əsas götürülmüşdür. Əhalisinin əksəriyyəti (73,5%) azərbaycanlılar təşkil edən Axalski qəzası da türk qoşunları Qafqazdan çıxdıqdan sonra gürcülər tərəfindən zəbt edilmişdir. Siqnaq qəzasının qərbində gürcülər, şərqində isə azərbaycanlılar yaşayırdı.

Azərbaycan Cümhuriyyətinin sərhədlərinə, hüdudlarına gəldikdə bu məsələdə 2 cəhəti nəzərə almaq lazımdır: mübahisəli ərazilər nəzərə alınarsa Azərbaycan Cümhuriyyətinin sər-hədləri daha geniş olmuş, cənubi-qərbdə Kasax çayının Araza qovuşduğu yerə, şimali-qərbdə isə təqribən Tiflisə kimi uzanmışdır. Yalnız mübahisəsiz ərazilər, yəni 97,3 min kv. km-lik ərazi nəzərdə tutularsa, dövlətin sərhədləri aşağıdakı istiqamətlərdən, məntəqələrdən keçmişdir: şərqdə Xəzər dənizi ilə hüdudlanan Azərbaycan Cümhuriyyəti sərhədləri Astara ərazisinin cənubundan Talış dağları istiqaməti ilə qərbə tərəf uzanırdı. Daha sonra şimala tərəf uzanaraq Araz çayına çatan sərhədlər çayın axarının əks istiqamətində irəliləyərək Naxçıvanın cənubi-qərbində Sədərək yaşayış məntəqəsinə çatır və buradan şimali-şərq istiqamətində, Soğanlı məntəqəsindən isə birbaşa şimala gedərək Göycə gölünə qovuşurdu. Göycə gölü Azərbaycan Cümhuriyyəti ilə Ermənistan arasında sərhəd idi və Göycə mahalının şərq hissəsi Azərbaycanın, gölün qərbi isə Ermənistanın tərkibində idi. Göycədən şimalda Azərbaycan Cümhuriyyətinin sərhədləri yenə də şimala doğru istiqamətlənmiş, Qazax mahalının şimalından təqribən Qabırlı çayı ilə şərqə, daha sonra yenidən şimala və şimali-qərbə, nəhayət, Zaqatala dairəsinin şimalından cənubi-şərqə və yenə də şimali-şərqə uzanırdı. Daha sonra Samur çayı boyunca uzanan sərhədlər Xəzərə qovuşurdu.

Azərbaycan Cümhuriyyətinin mübahisəsiz sahələrinin inzibati-ərazi bölgüsü quberniyalar, qəzalar, dairələr və məntəqələr sistemində müəyyənləşmişdi. Daha doğrusu, həmin ərazilərdə mövcud olmuş əvvəlki ərazi bölgüsü qalırdı; yeganə dəyişiklik Göycə gölünün şərq hissəsində təsis olunmuş «Göycə dairəsi» idi. Dövlətin tərkibindəki Bakı quberniyası Bakı, Cavad, Lənkəran, Göyçay, Şamaxı və Quba qəzalarını, Gəncə quberniyası Gəncə, Şamxor, Qazax, Tavuz, Nuxa, Şuşa, Ağdaş, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzalarını, Zaqatala dairəsi isə Əliabad, Car-Muxax, Qax, Almalı, Balakən ərazilərini əhatə edirdi. Azərbaycan Cümhuriyyətinin torpaqlarının bir qismi isə əvvəllər İrəvan quberniyasının tərkibində olmuş Naxçıvan və Şərur-Dərələyəz qəzalarından ibarət idi. Quberniyalar 1920-ci ildə ləğv olundu. Qəzaların əksəriyyəti isə 1929-cu ildəki inzibati-ərazi islahatına kimi fəaliyyətini davam etdirdi.
Qəzalar da öz növbəsində daha kiçik inzibati vahidlərə — məntəqələrə bölünmüşdü. Azərbaycan Xalq Cümhuriyyətinin ərazi-inzibati bölgüsünü (qəzalar və dairələr üzrə) göstərən aşağıdakı təqribi cədvəl dövlətin bu baxımdan ümumi mənzərəsini təsəvvür etməyə imkan verir (məlumat 1918-1920-ci illəri əhatə edən xəritə — bax: 76 — əsasında Azərbaycan Cümhuriyyətinin fəaliyyəti dövrünə uyğun tərtib edilmişdir):
AXC inzibati ərazi bölgusu
Qısa məlumatdan göründüyü kimi, cəmi 23 ay fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyəti Şimali Azərbaycan torpaqlarının mühafizəsini həyata keçirə bilmiş və Azərbaycanın bütövlüyünü əsasən qoruyub saxlamışdır.

tarix elmləri doktoru,professor Vaqif Ziyəddin oğlu Piriyev
AZƏRBAYCANIN TARİXİ-SİYASİ COĞRAFİYASI

0 şərh