Tavanın təmiri texnologiyası

İstənilən binanın təmiri məhz tavandan başlayır. Təmir üçün hansı materialların seçilməsindən asılı olmayaraq, hazırlıq işləri eynidir. Yalnız asma və qurulma konstruksiyalı tavanlardan başqa, bütün digər növ tavanlarda təmir aparılanda malalama tələb olunur.
Tavan təmirə necə hazırlanır?
tavanı təmirə hazırlamaq üçün əvvəlcə onu köhnə dekorativ materialların qalıqlarından təmizləmək lazımdır. Bunun üçün tavanın səthi dəmir rəngsaz malası ilə qaşınır, suvanır və son malalama aparılır. Sonrakı işlər təmirin növündən asılı olaraq dəyişir. Tavanın rənglənməsi
Beləliklə, mənzilin tavanının təmir edilməsi ardıcıllığı:
• tavanın malalanması və rənglənməsi;
• tavana divar kağızlarının yapışdırılması;
• tavana penopolistirol konstruksiyaların və plitələrin yapışdırılması;
• asma tavanların quraşdırılması.
Tavanın malalanma və rənglənmə texnologiyası nədən ibarətdir?
İdeal düz səthi əldə etmək üçün tavana yapışdırılmış plitələrin birləşmə xətləri hamarlanmalıdır. Bunun üçün başlanğıc və son malalama aparılmalıdır. Bu məqsədlə tavana əvvəlcə boya ilə astar çəkilir. Boya süngərli mütəkkə və yaxud enli fırça ilə çəkilir və quruması gözlənilir. İlkin mala materialı otaq hərarətində olan su ilə qatılır və qatı kütlə alınanadək qarışdırırlar.
Qarışdırma elektrik drelinin patronuna geydirilmiş mikser ağızlığının köməyi ilə aparılsa, daha keyfiyyətli alınar. Qarışıq 1 sm-dən artıq plitələrarası boşluqlara xırdagözlü rəngsaz toru vasitəsilə çəkilir. Tor boşluq xəttinin tən ortasına yerləşdirilir və hazırlanmış qatı malalama kütləsi ilə möhkəmləndirilir. Plitələrarası boşluqlar hamarlanandan sonra bütün tavan malalanır. Əlavə olaraq bir daha astarlanır, sonra nazik qatla son malalama aparılır. Quruyandan sonra sumbata kağızı ilə hamarlanır, astar çəkilir və boya ilə rənglənir.
Tavan əvvəlki kimi təmirə hazırlanır. Yalnız ilkin malalama aparılır. İridənəli sumbata kağızı ilə hamarlanır və astar çəkilir. Kağızların yapışdırılma istiqamətini hər kəs özü seçir: tavanın eninə, yoxsa uzununa. İş aşağıdakı ardıcıllıqla aparılır:
süngərli mütəkkə və yaxud enli fırça ilə tavana kağız zolağının eni, üstəgəl 10 sm artıq yapışqan çəkilir;
divar kağızı divardan başlayaraq çəkilir, təmiz süngərli mütəkkə ilə bütün uzunu boyu hamarlanır;
kağızın kənarlarından çıxan yapışqan quru əsgi ilə silinir;
digər kağız əvvəlkinə elə birləşdirilməlidir ki, yapışdırılma xətti bilinməsin.
Çoxları tavan üçün divar kağızı seçməkdə çətinlik çəkir.
Tavan üçün hansı divar kağızlarının seçilməsi daha məqsədəuyğundur?
Tavan üçün seçilən material yüngül, rahat yapışan, açıq rəng çalarlarında olmalıdır.Məsələn, kağız əsaslı materiallar tavan üçün dahaməsləhətdir.
Tavan təmirində ən əlverişli vasitələrdən biri penopolistrol plitələrdir. Hamarlanmış səthə malik tavan belə plitələri yapışdırmaq üçün münbit sahədir.
Penopolistirol plitələrin yapışdırılma texnologiyası necədir?
Adətən, plitələr tavanın mərkəzindən kənarlara doğru yapışdırılır. Yaxşı yapışma əldə etmək üçün plitələrin arxa tərəfi drelə bərkidilmiş metal ağızlı fırça ilə işlənir.
Yapışqan plitənin beş nöqtəsinə qoyulur (kənarlara və mərkəzə). Plitə tavanın nişanlanmış nöqtəsinə qoyulub bir neçə dəqiqə sonra götürülür, sonra birdəfəlik yapışdırılır. Yapışqan tutmamış plitə düzəldilərək yerinə yaxşıca oturdulur.
Divara çəkilmiş kağızlarla tavanın lövhələri arasında qalmış ara məsafələr penopolistroldan hazırlanmış karnizlə tutulur. Divarlar və tavan işlənib qurtarandan sonra karnizlər qoyulur..
Gipskarton lövhələrdən yığılan və işıqlandırılması olan asma tavan çox etibarlı və möhkəm quruluşa malikdir. Onun üstünlükləri aşağıdakılardır:
  • qüsursuz düz səth;
  • kommunikasiya xətlərini və tavanarası sahəni gizlətmə imkanı;
  • müxtəlif həndəsi formalarla bir neçə səviyyənin qurulması;
  • istənilən işləmə materialından istifadə imkanı;
  • tavanın öncə hamarlanmasının tələb olunmaması.
Gipskarton tavanın quraşdırma texnologiyası nədən ibarətdir?Gipskarton lövhələrin bərkidilməsi
Gipskarton öncədən tavana vurulmuş quraşdırma profillərinə bərkidilir. Onlar üç yerə ayrılır və hər biri quraşdırmanın mühüm tərkib hissəsi hesab edilir: aparıcı profil, uzununa profil, istiqamətləndirici profil (otağın perimetrinə quraşdırılır).
Tavanın düz və hündür olması aparıcı və uzununa profillərin bərkidildiyi asmaların uzunluğundan asılıdır.
Onların kəsişmə nöqtələri «krab»  adlanan elementlə bərkidilir. Gipskarton lövhələr bilavasitə bu profillərə bərkidilir. Sonra ara məsafələrdə son malalama aparılır, astar çəkilir və rənglənir.


Müəllif: Natik Axundov, Hümeyir Əhmədov, Fəridə Şərifova
Mənbə: Ümumtəhsil məktəblərinin 8-ci sinfi üçün TEXNOLOGİYA fənni üzrə DƏRSLİK

0 şərh