Mobil rabitə texnologiyaları

Mobil telefonlar nisbətən yaxın zamanlarda meydana çıxsa da, artıq həyatımızın ayrılmaz hissəsinə çevrilib. Mobil rabitə (mobile communication) dedikdə biri və ya bir neçəsinin yeri dəyişilə bilən abonentlər arasındakı radio rabitəsi nəzərdə tutulur. Mobil rabitənin növlərindən biri hücrəsəl rabitədir (cellular Communications). İndi insanların əksəriyyəti bu və ya digər dərəcədə hücrəsəl rabitə operatorlarının xidmətlərindən yararlanır. Bu rabitə növü çox böyük sürətlə bir neçə istiqamətdə inkişaf edir. Bir tərəfdən mobil rabitə operatorlarının təqdim etdiyi xidmətlərin çeşidi  artır.                                                                                                          rabitə texnologiyaları                                              Digər tərəfdən mobil telefon aparatlarının özlərinin funksional imkanları genişlənir. Üçüncü istiqamət — telefonların ölçülərinin kiçilməsi isə artıq müəyyən həddə çatıb və daha həlledici amil hesab edilmir.Mövcud hücrəsəl rabitə standartlarının rəngarəngliyinə (GSM, CDMA ...) və onların həyata keçirilmə xüsusiyyətlərinin çoxluğuna baxmayaraq, belə sistemlərin qurulması və işləmə alqoritmləri bir çox cəhətdən bənzərdir.Məlumdur ki, hər hansı ərazini nəzəri olaraq eyni formalı zonalara bölmək üçün (zonaların kəasişməməsi və heç bir boş sahənin qalmaması şərti ilə) üç düzgün həndəsi fiqurdan istifadə etmək olar: üçbucaq, kvadrat və altıbucaqlı. Bu örtüklərin içərisində ən səmərəli olanı altıbucaqlıdır. Səbəb isə çox sadədir: dairəvi əhatə sahəsi olan baza stansiyalarını (antenləri) məhz altıbucaqlıların mərkəzində yerləşdirməklə ərazini, demək olar ki, ideal örtmək mümkündür.
Eyni zamanda çoxlu sayda abonentə xidmət göstərilməsi tələb olunduğu yerlərdə daha kiçikölçülü zonalar yaradılır. Bu halda ilkin altıbucaqlı kiçikölçülü yeddi altıbucaqlıya (pikohücrələrə) bölünür. Bu zaman şəbəkənin qalan strukturu pozulmur. Əlbəttə, düzgün həndəsi formalı iş zonalarına nail olunması praktikada heç də həmişə mümkün olmur. Radiodalğaların yayılma məsafəsi ərazinin relyefindən — təpələrdən, yarğanlardan, dağlardan, böyük binalardan və başqa maneələrdən asılıdır. Onlar iş zonalarının formasını təhrif edir və baza stansiyalarını ciddi həndəsi nizamla yerləşdirməyə imkan vermir.
Hücrəsəl sistemin əsas elementləri bunlardır: abonent avadanlığı (mobil radio-telefonlar), xidmət ərazisində yerləşdirilmiş baza stansiyaları şəbəkəsi və kommutasiya mərkəzi.
Hər bir baza stansiyası çoxkanallı qəbuledici-ötürücü qurğudur və hər qurğu öz hücrəsinin hüdudlarındakı abonentlərə xidmət göstərir. Bütün baza stansiyaları xüsusi rabitə xətləri (naqilli və ya radio-rele) vasitəsilə kommutasiya mərkəzi ilə birləşdirilir.
Kommutasiya mərkəzi şəbəkənin idarəolunmasını təmin edir və, əslində xüsusi avtomat telefon stansiyasıdır. Orada hücrəsəl şəbəkənin bütün abonentləri haqqında məlumat saxlanılır, abonentlərin erişim hüquqları yoxlanılır və onlar tanınır (kimliyi müəyyənləşdirilir), informasiya emal edilir və saxlanılır.
Onun başqa funksiyaları da vardır: mobil telefonların siqnallarının izlənməsi, telefon bir hücrədən başqasına hərəkət etdikdə estafetin başqa stansiyaya ötürülməsi, küylər və ya nasazlıqlar yarandıqda hücrələrdə kanalların kommutasiyası və ən başlıcası — hücrəsəl şəbəkə abonentinin yığdığı nömrəyə uyğun olaraq başqa abonent ilə bağlantı qurulması, yaxud şəhər, şəhərlərarası və ya beynəlxalq telefon şəbəkəsinə çıxılması.
Hücrəsəl şəbəkənin elementlərinin iş prinsipini sadə şəkildə belə təsvir etmək olar. Hər bir baza stansiyasında idarəedici adlandırılan xüsusi kanal var və bütün hücrəsəl telefonlar çağırış gözləyərək bu kanaldaki siqnallara «qulaq asır». Abonent zəng etmək istədikdə nömrəni yığdıqdan dərhal sonra radiotelefon avtomatik olaraq sərbəst kanal axtarmağa başlayır. Onu aşkarladıqda öz parametrlərini və yığılmış nömrəni baza stansiyası vasitəsilə hücrəsəl şəbəkə kommutatoruna ötürür. Abonentin parametrlərini yoxladıqdan sonra kommutasiya mərkəzi bağlantını həyata keçirir. Əks istiqamətdə — hücrəsəl şəbəkə abonenti çağırıldıqda kommutator belə bir abonentin olmasını öz verilənlər bazasında yoxlayır və radiotelefonu hər bir hücrədə axtarmağa başlayır. Abonentin radiotelefonu bu çağırışı idarəedici kanal vasitəsilə qəbul edərək onu təsdiqləyir və beləliklə də özünün hücrəsəl şəbəkədə yerini təyin edir. Bundan sonra kommutator verilmiş hücrədə boş danışıq kanalı tapır və bağlantını ona keçirir.
Kommutator bağlantını təşkil etməklə yanaşı, radiotelefonların siqnallarını rabitə prosesində də daim izləyir. Əgər avadanlıqlarda nasazlıq yaranarsa və ya küylər əmələ gələrsə, kommutator başqa bir boş kanal tapır və danışığı ona keçirir. Bağlantı prosesində abonentin öz yerini dəyişməsi siqnalların səviyyəsinin çox aşağı düşməsinə səbəb ola bilər. Onda kommutator bağlantını abonentə daha yaxın olan başqa bir baza stansiyasına keçirir. Bu keçirmə o qədər sürətlə baş verir ki, abonent bunu hiss etmir.
Mobil telefonların əlavə funksiyaları (kalkulyator, təqvim), demək olar ki, həmişə olmuşdur. Ancaq zaman keçdikcə buraxılan yeni intellektul modellər daha geniş imkanlara malik olmuşdur.
Ona görə də belə telefonların artan funksional imkanlarını və hesablama gücünü xüsusi vurğulamaq üçün «smartfon» (ingiliscə: smartphone — ağıllı telefon) termini daxil edilmişdir.
Smartfonlar adi mobil telefonlardan onlarda yetərincə inkişaf etmiş əməliyyat sisteminin olması ilə fərqlənir. Smartfonlann əməliyyat sistemləri adi mobil telefonların əməliyyat sistemlərindən fərqli olaraq, kənar gəlişdiricilərə (developer) açıqdır, yəni kənar gəlişdiricilər də smartfonlar üçün proqram təminatı hazırlaya bilər. Əlavə tətbiqi proqramların quraşdırılması smartfonların funksionallığını adi telefonlarla müqayisədə əhəmiyyətli dərəcədə yaxşılaşdıra. Ancaq yeni model mobil telefonlarda da artıq sadələşdirilmiş brauzer və elektron poçtla işləmək üçün vasitələr vardır.

Müəllif: Ramin Mahmudzadə, İsmayıl Sadıqov, Naidə İsayeva
Mənbə: İnformatika 11 — Ümumtəhsil məktəblərinin 11-ci sinfi üçün İnformatika fənni üzrə DƏRSLİK 

0 şərh