Məişət soyuducusunun quruluşu və iş prinsipi

Məişət soyuducuları tez xarab olan qidaməhsulları, yarımfabrikatlar və hazır xörəklərin soyudulmaqla qısamüddətli saxlanması üçün nəzərdə tutulub.
Soyuducu istilik keçirməyən kamerada aşağı temperaturu qoruyub saxlaya bilən qurğudur.
Soyuducular iki növə ayrılır: qida məhsullarını saxlamaq üçün orta temperaturlu kameralar və aşağı temperaturlu dondurucular.
Sənaye ən müxtəlif quruluşlu məişət soyuducuları istehsal edir. işləmə prinsipinə görə soyuducular kompressiyalı, absorbsiyalı termoelektrik olur. Ən çox yayılan kompressiyalı dondurucularıdır. Kompressiyalı soyuducunun quruluşu necədir?Məişət soyuducusunun quruluşu
İkiqapılı soyuducunun daxilində mənfi temperaturu qoruyub saxlayan dondurma kamerası, qida məhsulları üçün saxlama hissələri (soyuducunun aşağı hissəsi) və məhsulların yerləşdirilməsi üçün rəfləri olan soyuducu kamera yerləşir. Soyuducunun maşın bölməsində soyuducu aqreqat (arxa divarında yerləşdirilib) var. Kameralar soyuducunun bayır divarlarından istilik keçirməyən materialdan xüsusi qatla ayrılır. Kameranın qarşısı qapılarla bağlanıb.
Qapının ikiqatlı divarlarında da istilik keçirməyən material var. Hər tərəfdən soyuducunu əhatə edən istilikkeçirməyən qat xaricdəki istiliyi daxilə keçməyə qoymur.
Qapı arasında hava keçə bilən məsafə olmasın deyə qapıların daxili divarına kipləşdiricisi qoyulub. Qapı bağlanarkən kipləşdirici soyuducunun qabaq səthinə kip yapışır. Soyuducunun qapıları örtülü halda sürgü ilə saxlanılır.
Soyuducunun əsas hissəsi dondurucu aqreqatdır. O soyuducunun əsas hissəsini, işlək kamerasını soyudur. Dondurucu aqreqat öz növbəsində üç əsas hissədən — kondensator, buxarlandırıcı və kompressordan* ibarətdir. Dondurucu aqreqat sistemi qapalıdır və xüsusi soyuducu qaz olan freonla doldurulmuşdur.
Freon nədir?
Freon rəngsiz, iysiz qaz və yaxud mayedir. Hər bir duru maye kimi o qaynama vəziyyətində (daha doğrusu, buxar əmələ gələndə) ətrafdakı istiliyi özünə çəkir (soyudur) və əksəriyyət qazlar kimi müəyyən təzyiq və temperaturda kondensasiya edir (mayeyə çevrilir), ətraf mühitə istilik ötürür.Dondurucu aqreqat necə işləyir?
Dondurucu aqreqatın iş prinsipi  belədir: mühərrik-kompressor freonun buxarını buxarlandırıcıdan çəkir və onları kondensatora ötürür. Kondensatorda freonun buxarı soyudulur və mayeyə çevrilir. Sonra duru maye halında freon qurutma kanallı filtr (süzgəc) və kapilyar (çox dar) boru kəməri vasitəsilə buxarlandırıcıya daxil olur. Freon buxarlandırıcıya daxil olarkən onun təzyiqi kondensasiya (maye) təzyiqindən qaynama təzyiqinə qədər düşür. Bu proses drosselləşdirmə* adlanır.
Bu zaman buxarlandırıcının kanallarına daxil olan freon qaynayır. Qaynama üçün lazım gələn istilik enerjisi buxarlandırıcının səthindən alınır və soyuducudakı hava soyuyur.
Buxarlandırıcıdan keçən duru freon buxara çevrilir və kompressorla sorulur. Bu zaman freon buxarlandırıcının daxili səthindən istilik götürür, elə bu səbəbdən də soyuducunun daxili soyuyur.
Beləliklə, kondensatorda freon yüksək təzyiq altında maye halına keçir və istilik ayırır, buxarlandırıcıda isə aşağı təzyiq hesabına qaynayır, qaz halına düşərək istiliyi udur.
Soyuducunun istismarı zamanı elektrik təhlükəsizliyi qaydaları
1. Soyuducunu elektrik şəbəkəsinə qoşmazdan əvvəl onun çəngəl və şnurda izolyasiya pozulmasını yoxlayın.
2. Soyuducunun gövdəsində qısa qapanma olduqda, onu şəbəkədən ayırın və nasazlığı aradan qaldırmaq üçün usta çağırın.
3. Soyuducuya və yerlə təbii birləşməsi olan qurğulara (qaz pilətəsi, qızdırıcı radiator, su kəməri kranı və s.) eyni zamanda toxunmayın.
4. Soyuducunun daxilini və xaricini qaydaya salmaq, onun altındakı döşəməni yumaq, nasazlıqları aradan qaldırmaq üçün elektrik çəngəlini mütləq şəbəkədən ayırın.
5. Rütubət və cərəyan keçirən döşəməli (metal, torpaq, dəmir-beton) otaqlarda soyuducuların istismarı qadağandır. Yanğından mühafizə məqsədilə soyuducuda gücü 15 vt-dan çox olan lampa quraşdırmaq qadağandır.


Müəllif: Natiq Axundov, Hümeyir Əhmədov, Fəridə Şərifova
Mənbə: Texnologiya-8 Ümumtəhsil məktəblərinin 8-ci sinfi üçün Texnologiya fənni üzrə DƏRSLİK
 

0 şərh