İnsan həyatında avtomatlar və avtomatika. Avtomatik qurğuların növləri və elementləri

Avtomat (avtomatik qurğu) cihaz insanın müdaxiləsi olmadan məqsədyönlü fəaliyyət göstərə bilən texniki qurğudur.
Belə cihazlardan gündəlik həyatımızda geniş istifadə edirik. Avtomatlaşdırılmış yığım maşınlarında və avtomatlaşdırılmış xətlərdə qəzet və jurnallar hazırlanır, çap olunur və qablaşdırılır. Avtomatlaşdırılmış xətlərdə qida məhsulları çəkilir, bükülür, qablaşdırılır və yerləşdirilir. Liftlər də avtomatlaşdırılıb. Artıq çoxdandır liftçi deyilən insanın xidmətindən istifadə edilmir. Metroda bizi avtomatlaşdırılmış nəzarətçi-turniket* qarşılayır. Böyük şəhərlərdə nəqliyyatın hərəkətinə avtomatlaşdırılmış sistem (şəkil 1.) nəzarət edir.
Məişətdə isə getdikcə daha çox belə cihazlara — paltaryuyan, qabyuyan maşınlara, soyuduculara, mətbəx kombaynlarına, proqramlaşdırılmış radio və elektrik cihazlarına müraciət olunur.
İstehsalatda avtomatlaşdırma insanı ağır əmək tələb edən, sağlamlığa zərər vura biləcək işlərin yerinə yetirilməsindən azad edir, əmək məhsuldarlığını yüksəldir. Avtomatlaşdırma avtomobil, tekstil, qida sənayesinin ayrılmaz hissəsidirİşıqfor
Kənd təsərrüfatını da bu gün avtomatlaşdırılmış qurğularsız təsəvvür etmək olmaz. Örtülü şitilliklərdə, inkubatorlarda yumurtaların seçilməsi, yerləşdirilməsi və qablaşdırılmasında çox çeşidli avtomatlaşdırılmış qurğular sistemi fəaliyyət göstərir.
Avtomatika nədir?
Avtomatika elmin və texnikanın avtomatlaşdırılmış qurğuların quruluşunu və işləmə nəzəriyyəsini öyrənən sahəsidir. Maddələrin istilik təzyiqinin azacıq dəyişməsi nəticəsində qəzalar, itkilər və qüsurlarla nəticələnən, böyük sürət tələb edən texnoloji proseslərin də avtomatlaşdırılması zəruridir.
Avtomatlaşdırılmış qurğuların hansı növləri mövcuddur?
Avtomatlaşdırılmış qurğuların aşağıdakı növləri var: mexaniki, elektro-mexaniki, elektron və termoelektrik. Onlardan ən çox yayılanı elektromexaniki və elektron cihazlar — kompüterlərdir.
İnsan əməyinin məhsulu olan çoxsaylı avtomatik qurğular dörd əsas qrupa ayrılır: avtomat nəzarət, avtomat mühafizə, avtomat tənzimləmə və avtomat idarəetmə qurğuları.
Avtomat qurğular hansı hissələrdən ibarətdir?
Müasir cihazlar nə qədər mürəkkəb quruluşa malik olsalar da, əsasən, eyni tərkib hissələrindən ibarətdirlər. Hər bir avtomatlaşdırılmış qurğuda ötürücü, gücləndirici, icraedici və istehsal mexanizmləri var. Ötürücü avtomat qurğunun işığa, istiliyə, təzyiqə, səsə, rütubətə, sürətə reaksiya verən hissiyyatlı elementidir. Əksər hallarda onlar bu təsirləri ölçüyə, ötürülməyə və idarəetməyə rahat gələn elektrik siqnallarına çevirir.
Ötürücüləri müasir maşınların özünəməxsus «gözləri», «qulaqları» və həssas «barmaqları» adlandırmaq olar. Əgər siqnallar zəifdirsə, onları xüsusi qurğular — gücləndiricilər artırır. Elektrik siqnallarının gücləndirilməsi üçün elektron gücləndiricilərdən istifadə edilir.
Pilləvarı gücləndirmə elektromaqnit rele vasitəsilə icra edilir. Avtomat idarəetmə və tənzimləmə qurğularında siqnallar gücləndiricilərdən icraedici mexanizmlərə daxil olur. Onların köməyi ilə maşın və cihazların işçi orqanları hərəkətə gətirilir. İşçi orqanların hərəkətə gətirilməsi elektromaqnit və elektrik mühərrikləri vasitəsilə həyata keçirilir. Avtomat nəzarətdə siqnal müşahidə və qavrama üçün rahatlaşır.
Avtomatlaşdırılmış qurğuların elementləri ilə daha yaxından tanış olmaq üçün avtomat nəzarət qurğusunun modeli üzərində mayenin səviyyəsinə nəzarət mexanizmi ilə tanış olaq (şəkil 2).
Bu qurğunun əsas vəzifəsi çəndə olan mayenin miqdarı haqda məlumat verməkdir. Bu avtomat qurğuda siqnal ötürücü üzgəcdir (6), gücləndirici — ling (4) isə xüsusi qol (5) ilə üzgəcə bağlanmışdır.
Qabda mayenin səviyyəsinin dəyişməsi (artması və azalması) hərəkətli kontaktın (2) yerini dəyişməsinə (yuxarı və aşağı) səbəb olur. Mayenin mümkün olan ən aşağı səviyyəsində kontaktlar (1 və 2) qapanır (qırmızı lampa yanır). Səviyyə ən yüksək nöqtəyə çatanda, 2 və 3 kontaktları qapanır (yaşıl lampa yanır). Yaşıl və qırmızı lampaların işıqlanması çəndə suyun səviyyəsinin yüksək və ya alçaq olmasının göstəricisidir.
Belə qurğuların siqnal lampaları rahat yerdə quraşdırılır.


Müəllif: Natik Axundov, Hümeyr Əhmədov, Fəridə Şərifova
Mənbə: Texnologiya 8 Ümumtəhsil məktəblərinin T8-ci sinfi üçün exnologiya fənni üzrə Dərslik

0 şərh