Rəssam və kino sənəti

Əsrlərboyu yaradıcı insanlar təsviri canlandırmağı, onu hərəkətə gətirməyi arzulayırdılar. Fotoqrafiya meydana çıxdıqdan sonra yalnız kiçik bir addım atmaq qalırdı: kino lentini, çəkiliş və proyeksiya üçün kino aparatlarını yaratmaq və ekranı əvəz edən ağ parça asmaq. Bu da baş verdi. Parisdə Lümyer qardaşları “Qatarın gəlişi” adlı ilk qısa kinolenti nümayiş etdirdikləri gün — 22 mart 1895-ci il kinonun yaranma günü hesab olundu.
Əvvəlcə kino ağ-qara, səssiz idi, filmdə isə əsas ifadə vasitəsi təsvirin özü, onun hərəkət möcüzəsi oldu. Kinematoqrafın bu inkişaf mərhələsi “Böyük lal” adını almışdı. Səssiz kino dövrünə şöhrəti əfsanəvi Çarli Çaplin gətirmişdi.
Fotoqrafiya kimi, kino da tədricən öz dilini və bədii Yura dövrünün parkı  filmindən kadrxüsusiyyətlərini axtarırdı. Fotoqrafiya kimi, incəsənətdə öz əhəmiyyətini sübuta yetirmək üçün kino da rəngkarlığı təqlid edirdi.
Əvvəlcə filmləri hər yerdə — musiqi salonlarında, klublarda və hətta mağazalarda göstərirdilər. 1908-ci ildə isə kino nümayişi üçün ilk teatrlar tikməyə başladılar.
Film ayrı-ayrı fraqmentlərlə — planlarla çəkilir. Planların ardıcıl birləşdirilməsi montaj adlanır. Planların ardıcıllıq qaydası bizim ekranda gördüklərimizə məna verir. Film yaradıcılarının görmək istədikləri və düşündükləri məhz seçimdə və montajda öz əksini tapır. Montaj — kinematoqrafın1 bədii-obrazlı təkrarsızlığının əsasıdır. Səsin yaranması kinoda “inqilab” yaratdı. Kinoda söz və musiqinin olması bugünkü filmlərin təsvirdən daha çox, süjetin inkişafı və aktyor oyununun xırdalıqları üzərində qurulmasına səbəb oldu.
Rəngin kino ekranlarına gəlişi kino tarixində mühüm addım idi, lakin rəng kino üçün səs qədər inqilabi hadisə olmadı. Çünki rəng — kino təsvirinin yalnız yeni, “rəngli” tərəfi idi. Rəngkarlıqda və filmdə rəngin bədii mahiyyəti fərqlidir. Rəngkarlıqda rəng — rəssamın icadı, obrazın yaradılmasında isə ən mühüm vasitədir. Kinoda isə rəng müəllifin istəyindən asılı olmayaraq ekrana çıxır. O, təbii gerçəkliyin oxşarı, surətidir.
Ekranda baş verən hadisə zaman içində inkişaf edir. Təsvir, nitq və musiqini vahid bir obrazda birləşdirmək bacarığı kinokompozisiya sənətini təşkil edir. Teatr rəssamından fərqli olaraq kino rəssamı real obyektlərdən və həyatda mövcud olan əsl əşyalardan ibarət real dünyanın obrazını yaradır. Teatrda olduğu kimi, kinoda da geyim və qrimin yaranmasında rəssamın rolu əvəzsizdir. Ekranda gördüklərimiz bədii kollektivin yaradıcılığıdır və təkcə rəssamın işi ilə məhdudlaşmır. Bu prosesə, ilk növbədə, rejissor və operator qoşulur.
Kino mühitinin yaranması eskiz və çertyojlardan başlayır. Bu yaradıcı işin nəticəsində meydana çıxan mühit filmin ən mühüm obrazına çevrilir.
Texnologiyanın sonrakı inkişafı — dairəvi panoramdan stereotəsvirədək — kino sənətini, ümumiyyətlə, dəyişmədi.
Sonra yeni mərhələ — kompüterin xüsusi effektləri, stereotəsvir (3D effekti) meydana çıxdı.
Yarandığı gündən insanların dünyagörüşünü formalaşdıran, hər bir xalqın tarixini, milli adət-ənənəsini yaşadan, həyatın bütün sahələrinə nüfuz edən kino sənəti bəşəriyyətin ən böyük kəşflərindən biridir. Kino yeganə sənət növüdür ki, özündə mədəniyyətin bir neçə sahəsini birləşdirir. Kinonun bir üstünlüyü də əyaniliyində, inandırma gücünə malik olmasındadır.
Azərbaycan kino sənəti bütövlükdə tamaşaçıların estetik zövqünün və dünyagörüşünün formalaşdırılmasında mühüm rol oynamış, xalqımızın milli ruhunun qorunub saxlanması işinə xidmət etmişdir.
Kino sənətinə ölkəmizdə maraq bu gün də böyükdür, çünki hər bir film, yaradılan hər bir ekran əsəri xalqımızın tarixini, mədəniyyətini özündə yaşadaraq gələcək nəsillərə milli ruhu çatdırır. Film qədər heç nə belə tez köhnəlmir, amma düşüncələrimizi və dünyamızı heç nə kino qədər qorumur.


Müəllif: Kəmalə Cəfərzadə
Mənbə: Təsviri İncəsənət — 9 Ümumtəhsil məktəblərinin 9- cu sinfi üçün Təsviri İncəsənət fənni üzrə DƏRSLİK

0 şərh