Oduncaq və metal məmulatların bəzədilməsi

Bəzəmə işləri məmulatların hazırlanmasında sonuncu əməliyyatdır.
Oduncaq məmulatlarını nəmdən, çatlamadan və çürümədən qorumaq və onlara gözəl xarici görünüş vermək üçün bəzəmədə rəngləmədən istifadə edirlər.
Hazır oduncaq məmulatları boya ilə rəngləmək olar. Bunun üçün rəngbərəng boyaq tozları (piqmentlər*) həlledicidə həll edilir və onlara aşqarlar** qatılır. Həlledicilər iki cür olur — təbii və süni. Təbii həlledicilər əlif, çətənə və kətan yağları, süni həlledicilər isə neft emalı məhsullarıdır. Yağlı boyaların təbii həlledicisi olan əlif, kətan və çətənə yağlarını 275°C temperatura qədər qızdırmaqla alırlar. Rənglənmiş səthin kəsiyi
Boyalar qatılaşdırılmış, eləcə də artıq həll edilmiş və istifadəyə hazır şəkildə olur. Qatılaşdırılmış boyaları işlətməzdən öncə əsaslı surətdə həlledici ilə qarışdıraraq həll etmək lazımdır.
Oduncaqdan hazırlanmış məmulatları boyamazdan əvvəl qurudur, sonra səthini astarla (məs:, əlif yağı ilə) örtür, deşikləri, çatları və boşluqları pastaşəkilli kütlə ilə — suvaqla doldururlar .
Suvaq çəkilən səthi rəngsaz malası ilə hamarlayırlar. Quruduqdan sonra məmulatın səthini cilalayıcı sumbata kağızı ilə cilalayıb, sonra fırça ilə təmizləyirlər. Bütün bunlardan sonra məmulatı rəngləyirlər.
Boyanı fırça ilə oduncağın lifləri boyu nizamlı hərəkətlərlə məmulatın səthinə hopdura-hopdura yaxırlar.
Məmulatları səthi süngərli val (valik) ilə daha tez və asanlıqla rəngləmək olar. Rəngləmədən əvvəl fırçanı və süngərli valı həlledicidə saxlayıb bir qədər yumşaldır, sonra işlədirlər.
Rəngləməni qurtardıqdan sonra fırça və ya süngərli valı həlledicidə yuyub təmizləmək lazımdır. Fırçanı boyada çox qısa müddətdə tüklərini tamamilə batırmaqla saxlamaq olar .
Sərt poladdan olan detalların bəzədilməsinə məmulatın səthlərinin məxməri yeyə və ya xırda zərrəcikli cilalayıcı sumbata kağızı ilə son emalı, dekorativ və ya paslanmaya (korroziyaya) qarşı örtmələrin yaxılması daxildir. Metal məmulatları boya, emal, lak, nazik metal qat və s. ilə örtürlər.
Metal məmulatların səthlərinin qoruyucu oksidli təbəqə ilə (oksidləşmə təbəqəsi) örtülməsi geniş tətbiq olunur. Bunun üçün məmulatı sobada qızdırır və xüsusi qarışıqda soyudurlar. Belə məmulatların səthi qara və ya tünd göy rəngdə olur. Bəzədilmənin bu üsulu parlaq qara rəng verilmə (qaraltma) adlanır. Müəssisələrdə metal məmulatların paslanmadan mühafizəyə görə bəzədilməsini müxtəlif peşələr üzrə fəhlələr: qalayla örtməni — qalayçılar, xrom, nikkel və başqa metallarla örtməni — metallurqlar yerinə yetirir. Fəhlələr metalların və ərintilərini xassələrini, məmulatları bəzəmək üçün qurğuların quruluşunu yaxşı bilməlidirlər.


Müəllif: Natiq Axundov, Hümeyir Əhmədov,Fəridə Şərifova, Xuraman Səlimova
Mənbə: Texnologiya 6 Ümumtəhsil məktəblərinin 6- cı sinfi üçün Texnologiya fənni üzrə Dərslik

Oxşar məqalələr

0 şərh