İnformasiyanın ölçülməsi

Rəvayətə görə, Lakoniyanın Sparta şəhərinə yaxınlaşan Makedoniya çarı II Filipp spartalılara belə bir müraciətnamə göndərir:
“Mən bütün Yunanıstanı fəth etmişəm, dünyanın ən yaxşı qoşunu məndədir. Təslim olun, çünki əgər şəhərin darvazalarını sındırsam, əgər qala divarlarını dağıtsam, əgər Spartanı zorla alsam, onda heç kəsə aman verilməyəcək və şəhər yerlə yeksan olunacaq!”
Bu müraciətnaməyə spartalıların cavabı çox qısa olmuşdur – “Əgər”. Makedoniya çarı II Filipp
İnsanların ünsiyyətdə olduğu təbii dillərin də əsasını kodlar təşkil edir. Şifahi ünsiyyət zamanı bu kodlar səslərlə, yazıda isə simvollarla verilir. Ona görə də mətn şəklində verilmiş informasiyanın həcmi onu təşkil edən simvolların (hərflərin, durğu işarələrinin) sayından asılı olur. Başqa sözlə, mətn şəklində informasiya nə qədər yığcam ifadə olunarsa, onun tutduğu yer də bir o qədər az olar. Məsələn, belə bir xəbər gəlir: “Siz müsabiqədən keçmisiniz”. Kompüterdə qəbul olunduğu kimi, hər bir hərfi (o cümlədən sözlərarası boşluğu da) bir baytla kodlaşdırsaq, göstərilən məlumat 26 bayt, yaxud 26 * 8 = 208 bit yer tutacaq. Məlumatı “Müsabiqədən keçmisiniz”, yaxud sadəcə, “Keçmisiniz” şəklində qısaltsaq, həmin qiymət uyğun olaraq 176 və 80 bit olacaq. Qabaqcadan razılaşsaq ki, 1 müsabiqədən keçməyi, 0 isə müsabiqədən keçməməyi bildirir, onda bütün informasiya 1 bitə sığışacaq.
Görkəmli alman riyaziyyatçısı Peter Qustav Lejön Dirixle (1805 – 1859) çox söz işlətməyi xoşlamazdı. Oğlu olanda o, qohumlarına belə bir teleqram göndərmişdi:“2 + 1 = 3”.
Kompüterdə hər növ informasiyanın, o cümlədən mətn informasiyasının ikilik kodlarla göstərildiyini bilirsiniz. Ona görə də kompüterdə mətn informasiyasının həcmi onu təşkil edən simvolların sayı ilə yanaşı, yaddaşda hər bir simvola ayrılan bitlərin sayından da asılıdır. Kompüterlərdə simvolları kodlaşdırmaq üçün müxtəlif vaxtlarda müxtəlif kodlaşdırma üsulları tətbiq olunub. Hazırda bunlardan ASCII və UNICODE daha geniş istifadə olunur. ASCII (“askii” kimi tələffüz olunur) kodlaşdırmasında hər bir simvol 8 bit, yaxud 1 bayt vasitəsilə kodlaşdırılır. UNICODE (“yunikod” kimi tələffüz olunur) kodlaşdırmasında isə bu məqsədlə 16 bit, yaxud 2 baytdan istifadə olunur. Deməli, ASCII kodlaşdırmasında verilən hər hansı mətn UNICODE kodlaşdırması ilə müqayisədə kompüterin yaddaşında 2 dəfə az yer tutur.
Mətndə olan ədədlər də eyni qaydada kodlaşdırılır. Başqa sözlə, ədədin hər bir rəqəmi ayrıca simvol kimi ya 1 bayt (ASCII kodlaşdırmasında), ya da 2 bayt (UNICODE kodlaşdırmasında) yer tutur. Ancaq bildiyiniz kimi, ədədlərin 2-lik say sistemində yazılışı daha yığcam alınır. Nümunə üçün 19 ədədinin hər iki variantda kodlaşdırılmasına baxaq. Mətndə olan ədədin hər bir rəqəmi ASCII koduna uyğun olaraq 8 bitlə kodlaşdırılır. Yəni 19 ədədinin kodlaşdırılması üçün 16 bit (2 bayt) tələb olunur:
1 – 00110001, 9 – 00111001.
Hesablamalar zamanı isə bu ədəd (19) ikilik say sisteminə çevrilərək kodlaşdırılır:
1910 = 000100112.
Göründüyü kimi, ikinci halda 19 ədədi yaddaşda 1 bayt yer tutur.


Müəllif: Ramin Mahmudzadə, İsmayıl Sadıqov, Naidə İsayeva
Mənbə: İnformatika — 8 Ümumtəhsil məktəblərinin 8-ci sinfi üçün İnformatika fənni üzrə Dərslik

0 şərh