Komfortlu həyat üçün yüksək texnologiyalar

Texnologiya istehsalçıları davamlı olaraq, həyatı asanlaşdırmağa, rahatlaşdırmağa və təhlükəsizləşdirməyə çalışırlar. Nəticədə maraqlı və həqiqətən də lazımlı əşyalar yaranır.  Aşağıda belə yeni əşyaların bəziləri ilə tanış ola bilərsiniz:
“Always Home Cam”
2020-ci ilin sentyabr ayında “Ring” texnologiya şirkəti ev təhlükəsizlik sistemləri üçün maraqlı bir yenilik təqdim etdi. Ənənəvi “CCTV” kameralar görüntüləri sabit nöqtələrdən ötürür, “Always Home Cam” dronu isə evin ətrafında uçaraq çəkiliş aparır. İşdə olarkən, evdə baş verənləri smartfon ekranında real vaxtda görə bilərsiniz.
Ring
Qurğu tamamilə avtonom işləyir. “Always Home Cam”ın istifadəsi yaşayış evinin təhlükəsizliyini tamamilə yeni səviyyədə qoruyur. Məsələn, yarıyoldan evə qayıtmadan ütünü söndürdüyünüzü, pəncərələri örtdüyünüzü və digər şeyləri smartfonunuz vasitəsilə drona komanda veməklə yoxlaya bilərsiniz.

“Reon Pocket”
Reon Pocket
Yaponiyada keçirilməsi nəzərdə tutulan 2020-ci il Yay Olimpiya Oyunlarına “Sony” şirkəti maraqlı bir qurğu işləyib hazırlamışdı. “Reon Pocket” adlı xırda cihaz boyunun aşağısında, kürəkdə paltarın altına yerləşdirilir. Hava şəraitindən asılı olaraq, qızdırıcı və ya kondisioner rolunu oynayır. Cihaz smartfonla idarə oluna bilir, temperaturu əl ilə və ya avtomatik şəkildə seçmək olur. Hərəkətdən asılı olaraq “Reon Pocket” dərəcəni artırıb-azaldır. Səssiz işləyən bu cihaz qızdırıcı rejimdə 2,5 saat, soyutma rejimində isə 2 saat enerji saxlayır.

Kalea
Kalea
“Kalea” qurğusu alman mühəndisləri tərəfindən hazırlanıb. Xarici görünüşcə adi zibil qabına oxşasa da, bu yüksək texnologiya məhsulu qida tullantılarını yenidən emal edərək gübrəyə çevirir. Üstəlik, gübrəyə çevrilmə prosesi əhəmiyyətli dərəcədə sürətli gedir və cəmi iki gün çəkir. Birinci, qəbuledici bunkerdən tullantılar əzilib qurudulduğu ilk kameraya daxil olur. Sonra hazırlanmış kütlə, «zibil» mikroorqanizmlərinin metabolizmasını artıran xüsusi bir mikroiqlim ilə ikinci bölməyə nəql olunur.  Sonda isə istifadəçinin smartfonuna siqnal səsi göndərilir ki, hazır gübrəni çıxarıb bostana və ya dibçəklərə töksün.
Qeyd edək ki, bu cihazı istifadə edərkən ətrafa zibillərin pis qoxusu yayılmır. Zibil vedrəsi xüsusi filtr sistemi ilə təchiz edilib.

Kibus
Kibus
İspan startapı əsasında hazırlanan digər bir cihaz isə ev heyvanları olan insanların həyatını rahatlaşdırıb. “Kibus” aparatına məhsulları əlavə etməklə və idarə panelində yemə saatını, porsiyanın miqdarını göstərməklə işinizin arxasınca gedə bilərsiniz. Cihaz içərisinə tökülən məhsulları 6 dəqiqə ərzində qarışdırır və xüsusi musiqili siqnal səsi ilə ev heyvanlarını yeməyə dəvət edir.

“Googstick”
Googstick
Texnologiyanın son dərəcə inkişaf etməsinə baxmayaraq, hələ də kağızdan istifadə edilir. Kitab, jurnallarda hər hansı naməlum anlayışla qarşılaşdıqda tez “Google”da yazıb axtarmağa öyrəşmişik. “Googstick” qadjeti istənilən kağız vərəqini sensor üzlüyə keçirmək imkanına malikdir.
Cihaz böyük olmayan silindr formasındadır və yuxarıda yerləşən kamerası vantuzlarla stola birləşdirilir. O, smartfon, notbuk və ya planşetlə sinxronizasiya olunur və geriyə yalnız lazımi sözü barmaqla göstərmək qalır. Təkcə söz deyil, lazım gələrsə bütöv bir abzas və ya cümlə də seçilə bilər. Qadjet 12 dili dəstəkləyir. Onun köməyi ilə əcnəbi yazarların əsərlərini və alimlərin elmi işlərini orijinal dildən oxumaq olar.
 

Müəllif: Nubar Süleymanova,
Mənbə: “İki sahil”
 

0 şərh