5G haqqında hər şey

Yeni mobil texnologiya nəslinin gəlişi hər zaman cəmiyyətdə Elektromaqnit Sahəsinin (EMS) təsirləri barədə debatların qızışması ilə müşayət olunur. Bu baxımdan 5G də istisna olmadı. Belə ki, bu texnologiyanın tətbiqi, xüsusən də bununla bağlı millimetr dalğa spektri (mmWave) və kiçik hücrə texnologiyası kimi mövzular KİV-lərdə qızğın müzakirələrə və yanlış informasiya axınına səbəb oldu.
Bu məqalədə 5G texnologiyası ilə tanışlıq, 5G şəbəkəsinin işləmə prinsiplərinin izahı, həmçinin EMS-in təsiri və beynəlxalq təhlükəsizlik qaydaları barədə danışılacaq.
5G texnologiyasının təhlükəli olması barədə yanlış məlumatların yayılmasında kütləvi informasiya vasitələrinin də rolu az deyil. Bu yazı ilə 5G, ictimai səhiyyə və ətraf mühit barədə ortaya çıxan əsas suallara cavab veriləcək.
5G nədir
5G nədir?
5G – mobil şəbəkənin cəmiyyətdə rolunu yeni mərhələyə çıxaracaq növbəti nəsil simsiz əlaqə texnologiyasıdır. Giqabaytlıq məlumat ötürücülüyünə sahib tətbiqləri dəstəkləyən bu texnologiya, aşağı gecikmə və yüksək etibarlılıq təmin edəcək, həmçinin Əşyalar İnterneti (IoT) fəlsəfəsi üzərindən əvvəlkindən daha geniş sayda və keyfiyyətdə əlaqələr qurulmasına xidmət edəcək.
Texniki baxımdan 5G hazırda istifadədə olan şəbəkələrdən 100 dəfə daha güclü ötürücülüyü olan, xidmət və tətbiqlərdə ani virtual əlçatımlılığı dəstəkləyən və gecikmə səviyyəsi əhəmiyyətli dərəcədə aşağı olan bir sistemdir. Bundan başqa o, bölünmüş şəbəkə funksiyasına da malikdir ki, bu da şəbəkənin ayrı-ayrı hissələrinə müəyyən xidmətləri tətbiq etməyə imkan yaradır.
5G şəbəkəsi necə işləyir?
5G şəbəkəsi ağıllı antenlər və kiçik hücrələr (ötürücülər) şəbəkəsi vasitəsilə radiosiqnalları lazım olan yerə çatdırır.
Bu gün istifadə olunan paylayıcı antenlər projektor kimi radio dalğaları ətrafa yayır. Yeni 5G ağıllı antenləri isə sanki cib fənəri kimi siqnalı yalnız lazım olan yerə nişanlı şəkildə göndərir və bununla da gərəksiz şüalanma baş vermir. Beləliklə 5G-nin smart antenləri siqnalın ötürülmə həcmini və effektivliyini artırır.
Kiçik hücrəli ötürücülər günümüzdə də mobil şəbəkələrin qurulmasında onların ötürücülük qabiliyyətinin artırılması üçün istifadə olunur (buna WiFi və MiFi şəbəkələrini misal göstərə bilərik). 5G şəbəkələrində isə onların sayı və keyfiyyəti daha da artırılacaq. Bu cür kiçik ötürücü hücrələr küçə işıqlandırma dirəklərinə və ya mobil rabitənin 80%-ni təşkil edən binalara quraşdırıla bilər.
5G siqnallarının böyük hissəsi indi də istifadədə olan 3G, 4G və WiFi tezliklərində olacaq. Ona görə də hazırda istifadədə olan antenləri də 5G şəbəkəsinə uyğunlaşdırmaq mümkün olacaq.
Siqnalötürmə gücünü artırmaq üçün 5G şəbəkəsində həmçinin daha yüksək tezliklərədən də istifadə olunacaq. Bu tezliklər günümüzdə də mobil və peyk rabitəsində başqa məqsədlərlə istifadə olunur. Bu tezliklər millimetrlik dalğalar (mmW və ya mmWaves) kimi tanınır.
5G şəbəkəsinin mərkəzi hissəsi avtonom 5G şəbəkələrinə keçidə qədər ilkin olaraq 4G idarə funksiyalı tezliklərdə işləyəcək.
 
Beynəlxalq şüalandırma üzrə qaydalar hansılardır və nə üçün bu qaydalar vacibdir?
İonlaşdırmayan Radiasiyadan Beynəlxalq Müdafiə komitəsi (ICNIRP) tərəfindən ilk dəfə 1998-ci ildə dərc olunmuş EMF (RF-EMF) radiotezliklərinin şüalandırma qabiliyyətini məhdudlaşdırma üzrə qaydaların məqsədi işçiləri və ümumilikdə cəmiyyəti qorumaqdır. Bütün simsiz texnolgiyalar da bu qaydalar və ya milli qanunları nəzərə alaraq yaradılır. Ümumdünya Səhiyyə Təşkilatı da rəsmi olaraq bu müstəqil, qeyri-hökümət təşkilatını tanıyır.
ICNIRP-in 1998-ci ildə hazırladığı qaydalar toplusu mobil rabitədə istifadə olunan paylayıcı antenlər və müxtəlif mobil qurğuların şüalandırma gücünü məhdudlaşdıran əsas hüquqi sənəddir. Bu qaydalar dünyanın böyük hissəsində tətbiq olunur və ÜST tərəfindən də dəstəklənir.
2020-ci ilin martında ICNIRP-in 1998-ci ildə hazırladığı qaydalar toplusu yenilənib və burada əvvəlki tezliklərlə bərabər 5G şəbəkəsinin istifadə etdiyi tezliklər də nəzərə alınıb.
ICNIRP-in son yenilənmiş qaydalar toplusu, elektromaqnit sahəsinin 5G şəbəkəsində istifadə olunan tezliklər daxil bütün spektri əlimizdə olan elmi məlumatlara söykənən tədqiqatlara əsasən tərtib olunub.
Yenilənmiş qaydalarda bildirilir ki, 5G texnologiyası hətta 1998-ci ildə qəbul olunmuş təhlükəsizlik qaydalarına da tam uyğun gəlir. Yenilənmiş qaydalar isə 6GHz tezliyindən yüksək tezlikli dalğaların təhlükəsizlik xüsusiyyətlərini daha detallı şəkildə nəzərə alır.
Ümumdünya Səhiyyə Təşkilatı isə ICNIRP-in qaydalarında göstərilmiş limitdən aşağı dalğa tezliklərində yayılan elektromaqnit şüalarının sağlamlığa hər hansı elmə məlum təsirinin olmadığını təsdiqləyib.
ICNIRP məsləhət görür ki, milli hökümətlər bu təşkilatın 2020-ci ildə yenilənmiş qaydalar toplusunu əldə rəhbər tutsunlar.
 
Elektromaqnit sahəsinin şüalanma limitini nə üçün nəzərə almaq lazımdır?
ÜST ciddi şəkildə insanların səhhətinin qorunması istiqamətində eyni və ya oxşar standartların tətbiqini təşviq edir və ICNIRP-in tərtib etdiyi qaydalar toplusunu dəstəkləyir.
ÜST həmçinin bildirir ki, ayrı-ayrı dövlətlərin mobil rabitə sahəsində qoyduğu məhdudiyyətlərlə beynəlxalq qaydalar arasında yaranan ziddiyyət həm tənzimləyici, həm də bu istiqamətdə qanunverici qurumlar üçün çətinliklər yaradır. Bu da öz növbəzində öz məhsulunu bazarın tələblərinə uyğunlaşdırmağa çalışan rabitə operatorları və istehsalçılar üçün əlavə problemlərə səbəb olur.
Aşırı məhdudiyyətlər əhali üçün əlavə sağlamlıq üstünlükləri yaratmır və elektromaqnit şüalanmasının həcmini azaltmır. Əksinə belə məhdudiyyətlər şəbəkənin effektivliyini aşağı salır və beləliklə keyfiyyətli rabitə qurmaq üçün ötürücü antenlərin sayının artırılmasına səbəb olur.
 
Mobil rabitə təhlükəsizdirmi?
Mobil rabitədə istifadə olunan radio siqnallar onilliklərdir ki mövcuddur və onlar çox geniş tədqiq olunub. Günümüzün 5G şəbəkələrində istifadə olunan və gələcəkdə bu istiqamətdə istifadəsi planlaşdırılan radiotezliklər müxtəlif milli və beynəlxalq təhlükəsizlik qaydalarına tam uyğun şəkildə ayarlanıb.
2020-ci ilin martında ICNIRP bəyan etdi ki, 1998-ci ildə qəbul olunmuş qaydalar toplusu hələ də qüvvədədir və 100 kiloherzlə 300 giqahers arasında radiosiqnalların orqanizm üçün təhlükəsiz olduğu faktı dəyişməz olaraq qalır. 5G şəbəkələrində 1GHz-in altında, 1-6 GHz arası və 6 GHz-də yüksək tezliklərdən istifadə olunacaq. Mobil telefonlar, tabletlər və s. ötürücü cihazlar üçün 6GHz-in altında tezliklərdə istifadə zamanı qaydalar dəyişməz olaraq qalır. 2020-ci ildə qəbul olunmuş yeniləmə yalnız 6GHz-in üstündə olan tezliklərə aiddir. Bu yeniləmə daha çox rabitə industriyasının bir müddətdir gözlədiyi yeniləmədir və 5G cihazlarının bazara uyğunluğunu ölçmək üçün test üsulları artıq mövcuddur. İctimai səhiyyə institutları və ekspert qrupları yekdil olaraq həmfikirdirlər ki, mövcud qaydalar toplusu içi azyaşlılar olmaqla bütün toplumu sağlamlıq risklərindən qoruyacaq.
Mobil operatorlar yerli tənzimləyici institutları bu sahədə qəbul olunmuş beynəlxalq standartları yerli bazara tətbiq etməklə həm bu sahədə çalışan insanları, həm mobil istifadəçiləri, həm də bütövlükdə cəmiyyəti qorumağa çağırır.

Ən çox verilən suallar
Mobil texnologiyaların hər yeni nəslinin sağlamlığa təsirləri ilə bağlı cəmiyyətdə gərgin müzakirələrə səbəb olması adi hal alıb. Amma bununla yanaşı belə yeniliklər həm də yeni və hərtərəfli elmi təftişlərlə müşayət olunur. Bu təftiş və tədqiqatlar nəticəsində belə texnologiyaların tətbiqi ilə bağlı beynəlxalq qaydalar formalaşır.
Buna baxmayaraq KİV-lərdə 5G ilə bağlı müxtəlif elmi əsası olmayan nağıllar dolaşmaqda davam edir. Aşağıda belə miflərdən ən geniş yayılmışlarına cavab veriləcək.
 
5G xərçəng yaradırmı?
Xərçəngin Beynəlxalq Araşdırma Agentliyi (IARC) radio dalğaları xərçəngin yaranmasına təsiri sıralamasında turşuya qoyulmuş tərəvəzlərlə eyni kateqoriyada qiymətləndirib. Yəni radio siqnalların xərçəngyaratma xassələrinə dair çox məhdud sübutlar var. Misal üçün bişmiş (və ya başqa cür hazırlanmış) ət bu baxımdan daha yüksək kanserogen təsirə malikdir. Belə ki, hazırlanmış ətin xərçəngyaranmaya təsiri barədə daha ciddi dəlillər mövcuddur.
ICNIRP bildirir ki, mobil rabitənin bütün dünyada geniş yayıldığı illər ərzində aparılan müşahidələr bu dövrdə beyin xərçəngi hallarının nəzərəçarpacaq dərəcədə artmasını göstərməyib. Ona görə də radio siqnalların beyin xərçənginə səbəb olmasına dair sübut yoxdur.
ÜST bildirir ki, aparılan hərtərəfli tədqiqatlar ötürücü antenlərin yaydığı radio siqnalların xərçəng və ya başqa xəstəliklərə səbəb olması barədə heç bir sübut ortaya çıxarmayıb.
2020-ci ildə ABŞ-ın nüfuzlu Qida və Dərman İdarəsi (FDA), radio siqnalların xərçəngə təsiri üzrə heyvanlar üzərində aparılan sınaqlar və epidemioloji tədqiqatlar nəticəsində belə qərara gəlib ki, hal-hazırda mobil telefonların istifadə etdiyi radio tezliklərin hər hansı sağlıq problemlərinin yaranmasında rolu barədə heç bir istinad oluna biləcək elmi dəlil yoxdur.
 
Bəlkə 5G-ni geniş istifadəçi kütləsinin ixtiyarına verməzdən əvvəl onun tam təhlükəsiz olduğuna əmin olmaq üçün daha çox tədqiqatlara ehtiyac var?
Son 20 il ərizində radio dalğaların xassələri hərtərəfli geniş tədqiq olunub. Bu tədqiqatlar bu gün də davam edir. Bununla bağlı ÜST-ün 2020-ci ilin fevralında yaydığı sənəddə bildirilir ki, hal-hazırda aparılmış çoxsaylı tədqiqatlar simsiz rabitədə istifadə olunan radio dalğaların orqanizmə hər hansı mənfi təsirinin olduğunu aşkarlamayıb və əgər bu sahədə qəbul olunmuş beynəlxalq qaydalara riayət olunarsa, bu texnologiyaların insan orqanizminə hansısa neqativ təsiri gözlənilmir.
Ciddi və çoxsaylı elmi mənbələrə dayanaraq beynəlxalq tənzimləyici qaydalar 5G şəbəkəsində istifadə olunan bütün tezlikləri nəzərə alır. Bununla belə Qlobal Mobil Rabitə Sistemi (GSMA) və onun üzvləri bu sahədə aparılan bütün müstəqil tədqiqatları alqışlayır.

5G ətraf mühit üçün təhlükəlidirmi?
Mobil şəbəkələrdə istifadə olunan radio dalğaların insan orqanizminə təsirini tənzimləyən beynəlxalq qaydalar toplusu, eyni zamanda bu dalğaların ətraf mühitə təsirini də normativləşdirir. Almaniyanın Milli Şüalanmadan Qoruma İdarəsi (Bundesamt für Strahlenschutz) bəyan edir ki, beynəlxalq tənzimləyici qaydalara riayət olunduğu təqdirdə mobil rabitədə istifadə olunan radio dalğaların təbiətə mənfi təsiri barədə heç bir inandırıcı elmi dəlil mövcud deyil. Bundan əlavə Niderlandın Antenna Bürosu (Antennebureau) da 5G tezliklərinin quşlar üçün təhlükəli olduğuna dair yayılan konspiroloji nəzəriyyələri təkzib edir. Ümumiyyətlə yeni nəsil 5G texnologiyası radio siqnalların yayılmasının 90%-ə qədər azaldılmasını nəzərdə tutur. Bu ağıllı sistem siqnalın yalnız lazım olan yerə göndərilməsini və lazımsız zaman və məkanlarda isə yuxu rejiminə keçməsini ehtiva edir.
Eşitmişəm ki, mobil radio dalğaları uşaqlara daha pis təsir edir. Uşağı belə təsirdən necə qorumaq olar?
Bu sahədə də çoxsaylı müstəqil tədqiqatlar aparılıb. Gəlinən nəticə budur ki, qəbul olunmuş beynəlxalq qaydalar cəmiyyətin bütün kəsimlərini, həmçinin də uşaqları nəzərə alır. Radio dalğaların məhz uşaq orqanizminə təsiri istiqamətində bəzi tədqiqatlar günümüzdə də davam edir və bu mövzu alimlərin diqqət mərkəzindədir. Əgər bu istiqamətdə hansısa faktlar aşkarlanarsa, onlar mütləq beynəlxalq şüa təhlükəsizliyi qaydalar toplusunun yenilənməsinə səbəb olacaq.
Bəzi dövlətlərdə uşaq və yeniyetmələrin mobil cihazlar və WiFi şəbəkəli cihazların istifadəsini könüllü şəkildə məhdudlaşdırmaya dair tövsiyələr verilir. Buna səbəb odur ki, baxmayaraq ki, bu cihazların dalğalarının orqanizmə mənfi təsiri sübut olunmayıb, ola bilər ki, uzunmüddətli istifadə gələcəkdə hansısa kumulyativ mənfi effektlərə səbəb olsun. Amma Ümumdünya Səhiyyə Təşkilatının qənaəti belədir ki, adı çəkilən qrup insanlar üçün hər hansı xüsusi məhdudiyyət tədbirlərinin tətbiqinə heç bir ehtiyac yoxdur.
Mobil telefonlar elə hazırlanır ki, keyfiyyətli rabitə üçün ən minimal enerjidən istifadə etsinlər. Ona görə də şəbəkənin yaxşı olduğu yerlərdə mobil qurğular avtomatik olaraq gücü buna uyğun olaraq azaldırlar.

Sosial şəbəkələrdə oxumuşam ki, 5G COVID-19 yayır. Bu doğrudurmu?
Birmənalı olaraq YOX! Ümumdünya Səhiyyə Təşkilatı bəyan edib ki, 5G ilə COVID-19 arasında heç bir əlaqə yoxdur və təsdiqləyib ki, viruslar radio siqnallar və/və ya mobil şəbəkələrdə heç cür hərəkət edə bilməzlər.
ÜST bir daha xatırladır ki, COVID hava-damcı yolu ilə yoluxmuş şəxsin öskürməsi, asqırması və ya danışığı zamanı yayılır.
5G mobil şəbəkəsi COVID-19 yaymır və GSMA bütün dünya ölkələrinin hökumətlərini yanlış informasiya axınına və bu şəbəkəyə qarşı vandalizm hallarına qarşı ciddi tədbirlər görməyə çağırır.
 
Deyilir ki, 5G dalğaları hidrometereoloji xidmətlərin işinə təsir edir və bunun hava proqnozlarının dəqiqliyinə təsiri ola bilər. Bu doğrudurmu?
Beynəlxalq Telekommunikasiya Birliyi (ITU) tərəfindən aparılan texniki tədqiqatlar təsdiqləyir ki, 5G dalğalarının metereoloji xidmətlər daxil heç bir mövcud xidmətlərə mənfi təsiri yoxdur. Ümumiyyətlə hava proqnozu xidmətlərinin istifadə etdikləri tezliklərlə 5G tezlikləri arasında heç bir əlaqə yoxdur. Beləliklə də 5G heç bir şəkildə hava proqnozlarının hazırlanmasına təsir edə bilməz.
 
5G texnologiyasının inkişafı mənim elektromaqnit dalğaları ilə şüalanma səviyyəmi artıracaqmı?
5G mövcud mobil şəbəkələrə əlavə olunduqdan və tam gücü ilə işləməyə başladıqdan sonra elektromaqnit şüalanma əmsalı bəzi yerlərdə, xüsusən də şəbəkəyə daxil olunan yeni ərazilərdə bir az arta bilər. Amma ümumi 5G şüalanma əmsalında artım olmayacaq. Özəl 5G şəbəkələri üzərində aparılan ölçülər göstərir ki, şüalanma səviyyəsi əvvəlki səviyyədə qalacaq. Daha gəlişmiş ötürücülər yalnız buna ehtiyac olan yerlərdə quraşdırılacaq. Bu zaman da hücrə ötürücülərinin sayı artırılacaq ki, şüalanma səviyyəsini minimal həddə saxlamaq mümkün olsun.
 
Çox sayda hücrə ötürücüləri o deməkdir ki, 5G şüalanma səviyyəsini qaldıracaq?
5G şəbəkəsinin qurulmasının əsas məqsədi böyük həcmli məlumatların sürətli ötürülməsini təmin etməkdir. Hücrə ötürücülər də bu məqsədlərə uyğun sistemlərdir. Özəl 5G şəbəkələri üzərində aparılan təftişlər göstərir ki, hücrə ötürücülərinin tətbiqi ümumi şüalanma səviyyəsinin artımı ilə müşayət olunmur və beynəlxalq tənzimləyici qaydaların icazə verdiyi dalğa diapazonunun kiçik bir hissəsini təşkil edir.

5G şəbəkəsi və cihazları üçün test standartları mövcuddurmu?
Mobil şəbəkələri tənzimləmək üçün tərtib olunmuş beynəlxalq standartlar bütün nəzərdə tutulmuş 5G şəbəkələrinə də aiddir.
İlkin mərhələdə 5G hazırda istifadə olunan 3G/4G ilə eyni tezlikləri paylaşacaq və bu gün də istifadə edilən bir çox cihazlar eyni zamanda 5G xidmətlərindən də istifadə edə biləcəklər.
Hazırki tezliklərdən yüksək tezliklərdə işləyəcək 5G cihazları üçün yeni test prosedurları hazırlanmaqdadır və yeni standartlar üzərində də iş gedir.
Beynəlxalq Elektrotexniki Komitə hazırki test metodları barədə Texniki Hesabatını təqdim edib. Tamamlanmış beynəlxalq texniki standartlar isə 2021-ci ildə hazır olacaq.
 
5G şəbəkələrinin qadağan olunmasına çağıran çoxsaylı imzatoplama kampaniyalarına nə cavab verirsiniz?
Bu petisiyalarda istinad olunan elm, bu məsələyə birmənalı şəkildə öz münasibətini bildirib və beynəlxalq elmi cameənin bu mövzuda rəyi belədir ki, qəbul olunmuş beynəlxalq qaydalar toplusu cəmiyyətin bütün təbəqələrini və ətraf mühiti mümkün olacaq bütün mənfi təsirlərdən qoruyur.
 
 
 
Müəllif: Hacı Hacıyev
Mənbə: azlogos.eu

Oxşar məqalələr

 

0 şərh