Tozsoran alarkən nələrə diqqət etməlisiz

Evdə təmizlik üçün hər gün kifayət qədər vaxt sərf etsək də otaqda mebel, xalça, palaz və digər əşyaların üzərinə qonan tozun öhdəsindən gəlmək o qədər də asan deyildir. Məhz buna qarşı ən gözəl mübarizə metodu tozsoran maşındır. Tozsoran  maşınlar hava nasosunun köməyi ilə çirkləri və tozu sora bilən elektrik cihazıdır. O, adətən döşəmələrin təmizlənməsi üçün tətbiq edilir. Sorma zamanı toz və qırıntı maşındakı xüsusi torbaya yığılır. İndi tozsoran maşın demək olar hər bir evdə mövcuddur. Əgər əvvəllər tozsoran maşınlar məhdud şəkildə idisə, hal-hazırda müasir bazar onun müxtəlif tip və funksiyaları yerinə yetirən növləri ilə zəngindir. Ona görə də istehlakçı tərəfindən tozsoran maşın seçilməsi aktual məsələyə çevrilmişdir.
Tozsoran maşın alarkən diqqətli olun
Tozsoran seçərkən onun xüsusiyyətlərinin nəzərə alınması vacibdir. Belə ki, tozsoran maşınların üstünlüyü ondan ibarətdir ki, onun vasitəsilə zibil hər iki istiqamətdə süpürülərək götürülür, məkanda tozun yaranması minimuma endirilir və vaxta qənaət olunur. Müəyyən dərəcədə mənfi xüsusiyyəti isə elektrik enerjisindən istifadə etməsidir.
Tozsoran maşınlar iki formada məişət və sənaye tozsaranları olaraq  qruplaşırlar. Sənaye tozsoranı istehsal sahələrində yaranan tozu, qırıntıları və başqa kiçik hissəcikləri soraraq təmizlik yaradır. Məişət tozsoranı isə daha geniş yayılmış forma olaraq mənzildə gündəlik həyatımızda istifadə olunan avadanlıqlardır.
Tozsoran maşınları bir sıra əlamətlərinə görə sinifləşdirmək olar. Bunlara təyinatı, istismar xarakteri, konstruktiv özəllikləri, komfort dərəcəsini və s. aid edə bilərik.
Təyinatından asılı olaraq quru təmizləmə və yuyucu tozsoranlar mövcuddur. Quru təmizləmə üçün tozsoranlar təyinatına görə xalça, döşəmə və s. təmizlənməsi üçün ümumi təyinatlı, avtomobil salonlarının, paltarların təmizlənməsi üçün xüsusi təyinatlı olurlar. Onların quruluşu məhz bu funksiyaların daha keyfiyyətli fəaliyyətini təmin edir. Yuyucu tozsoranlar isə hər iki funksiyanı yaş və quru təmizləməni həyata keçirə bilirlər. Yaş halda sorma bir çox məmulatları, məsələn xalçaları evdəcə təmizləməyə imkan yaradır. Bir çoxları döşəməyə tökülmüş mayeni götürmək qabiliyyətinə malikdir. Xalçaların yuyulması, mebelin təmizlənməsi, kafelin yuyulması, mənzilin əhatəli olaraq təmizlənməsi üçün idealdırlar. Yuyucu tozsoranlarda təmizləmə effekti adi tozsoranlardan daha yüksəkdir. Adi tozsoranla bir gündən bir təmizlik aparılırsa, yuyucu ilə həftədə bir dəfə kifayət edir.
İstismar xarakterinə görə tozsoranlar yerdə işləyən (6 kq-dan 8 kq. tutumadək olan) və əldə işlədilən (əsasən 3 kq. tutumadək olan) iki tipdə hazırlanır. Yerlə işlədilən tozsoranlarda korpusda hava kütləsinin istiqaməti düzünə və yayğın formada olur. Əllə işlədilən tozsoranların isə konstruktiv xüsusiyyətləri və istismar üsuluna görə tutacaqlı, çantalı, şotkalı, avtomobil üçün olan formaları mövcuddur. 
Komfort dərəcəsinə görə tozsoranlar adi və yüksək komfortlu maşınlara ayrılır. Bunların içərisində yüksək komfortlu maşınlar bir sıra üstün xüsusiyyətləri ilə seçilirlər. Məsələn bu qəbildən olan maşınlarda torba dolarkən siqnalın verilməsi və yaxud maşının avtomatik dayanması, elektromühərrikin yüksək gücünün tənzim edilməsi, filtrin tozunun təmizlənməsi, hava kütləsinin parçalanması və ya istiqamətinin dəyişdirilməsi, hava sərfinin tənzimlənməsi, məsafədən idarəetmə və s. bu kimi mexanizmlər daxildirlər. Adi tozsoranlarda isə bu funksiyalardan bəziləri olmaya bilər.

Yuxarıda sadalanan əlamətlərdən başqa tozsoranları gücünə, markasına, modelinə və s. görə də sinifləşdirmək olar.
Tozsoranın effektivliyini xarakterizə edən əlamətlərdən biri onun gücü ilə bağlıdır. Maşının gücü onun səmərəli işləməsini və enerji sərfini qiymətləndirməyə imkan verir. Belə ki, daha böyük gücə malik tozsoranlar işi daha sürətli və effektli görür, eyni zamanda çox enerji sərf edir. Ancaq tozsoranın gücü nə qədər yüksəkdirsə, o tozu bir o qədər yaxşı yığır fikiri doğru deyildir. Çünki burada tozsoranın idarə edilməsindən çox şey asılıdır.
Tozsoran maşınlar markalanarkən orada istehsalçının adı və əmtəə nişanı, tozsoranın adı və tipi, nominal cərəyan sərfi (B), enerjinin mənşə simvolu, istehsal tarixi, standartın nömrəsi və s. öz əksini tapmalıdır.
Ticarət şəbəkəsindən tozsoranı əldə edərkən mənzilin sahəsi nəzərə alınmalıdır. Əgər o qədər də böyük olmayan mənzildə yaşayırsızsa bu halda quru təmizləmə üçün nəzərdə tutulan tozsoran kifayətdir. Əldə edərkən tozsoranın gücünü və enerji sərfini nəzərə alın. Yüksək enerji sərfi tələb etməyən, sorma qabiliyyəti tələblərinizi təmin edən maşın almaq daha sərfəlidir. Maşın alarkən elə yerindəcə onu qoşub iş imkanlarını yoxlayın. Maşında hər hansı qüsur aşkar etsəniz onu almayın.
İstehlakçı üçün tozsoranın səsi də xeyli dərəcə əhəmiyyət kəsb edir və işləyərkən daha səssiz maşınlara üstünlük verilir. Səsin səviyyəsi istehsalçı zavod tərəfindən təyin edilir və bir neçə dəfə yoxlandıqdan sonra səsinin daimi səviyyəsi müəyyənləşdirilir.
Qeyd olunanlarla yanaşı hər bir istehlakçı bilməlidir ki, tozsoran maşın alarkən ilk növbədə onun keyfiyyəti ilə bağlı ticarət obyektindən zəruri məlumatları tələb edə bilər.  Eyni zamanda istehlakçı aldığı tozsoran maşının  keyfiyyətini, komplektliyini, qiymətini yoxlamaq, onun düzgün və təhlükəsiz istifadəsini nümayiş etdirmək hüququna malikdir. Satıçı isə istehlakçınun bu tələblərini yerinə yetirməyə borcludur. Ticarət obyekti texniki cəhətdən mürəkkəb mal olduğuna görə tozsoran satışa müvafiq qaydada hazırlamalı, onun yoxlanması təmin etməlidir. Ticarət şəbəkələrindən tozsoran əldə edərkən müvafiq tələblərə əməl olunmasına diqqət yetirmək zəruridir.
Eyni zamanda bilin ki, bu mallar zəmanət müddəti ilə satılmalıdır.  İstehsalçı istismar, saxlama və daşınma şərtlərini gözləməklə tozsoran maşınların keyfiyyətinə zəmanət verməlidir. Zəmanət müddəti satıcı müəssələr tərəfindən təyin edilir və müxtəlif olur. Ona görə də istehlakçılara zəmanət müddəti daha çox müəyyən edilmiş malların alınmasını tövsiyyə edirik.
Zəmanət müddəti malın zəmanət talonunda, pasportunda və ya mala əlavə olunan digər sənəddə göstərilməlidir. Mal zəmanət müddəti ilə satılarkən, satıcı məmulatın pasportunda malın bu obyektdən alındığını və malın satıldığı tarixi təsdiq edən ştamp vurur. Müvafiq qaydada müəyyən edilmiş zəmanət müddəti ərzində alınan malda qüsur və ya saxtalaşdırma aşkar edilərsə istehlakçı qanunvericiliklə müəyyən edilmiş hüquqlarını tələb edə bilər. Qanunvericiliyə əsasən belə hallarda istehlakçının zəmanət müddəti ərzində aldığı malı lazımi keyfiyyətli mala dəyişdirməyi, satış qiymətini uyğun məbləğdə azaltmağı, malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını, malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i.a.) mal ilə əvəz edilməsini, müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini tələb etmək hüquqları vardır. Əgər satıcı, istehsalçı (onların funksiyalarını yerinə yetirən müəssisələr) malın qüsurlarının istehlakçı tərəfindən istifadə və ya saxlanma qaydalarının pozulması, üçüncü şəxslərin hərəkətləri və ya təbii fəlakət nəticəsində əmələ gəldiyini sübuta yetirərsə, istehlakçının tələbləri təmin olunmur. Bu malları alarkən onun zəmanət talonu başda olmaqla bütün sənədləri tələb edin. Qeyd olunan məsələlərlə bağlı hər hansı qanun qozuntularına rast gəlsəniz dərhal DX-ə müraciət edin.
Tozsoranlarla bağlı bir məlumatı da nəzərinizə çatdırmaq istəyirik. Hazırda respublikamızda “Kirbi” markalı tozsoranların satışı həyata keçirilir. Satış alışdığımız ənənəvi üsullarla, yəni mağazalar vasitəsilə deyil, son dövrlərdə yayılmağa başlayan əhalinin yaşayış və iş yerlərinə malların çatdırılması və nümayiş etdirilməsi üsulu ilə aparılır. Bu barədə xüsusi danışmağımızın səbəbi budur ki, istehlak xassələri, iş qabiliyyəti yüksək olmaqla yanaşı bu tozsoranların qiyməti də kifayyət qədər bahadır. Xidmətə daxil olan müraciətlərə əsaslanaraq deyə bilərik ki, bəzi istehlakçılar bu malı aldıqdan və ilkin ödəniş etdikdən 1-2 gün sonra artıq peşman olub malı qaytarmaq istəyirlər.
Qeyd etdiyimiz kimi bu gün bazarda ən müxtəlif çeşidli istehlak xüsusiyyətlərinə malik, müxtəlif qiymətli tozsoranlar əsasən 2-3 illik zəmanət müddəti ilə alıcılara təklif olunur. Ona görə də istehlakçılara məsləhət görürük ki, “Kirbi” markalı tozsoranların satışı zamanı müqavilədə göstərilən 40 il zəmanət müddətinə aldanmasınlar. Belə şərtləri satıcılar əsasən istehlakçıları cəlb etmək üçün təklif edirlər. Öz büdcənizə, məişət ehtiyaclarınıza uyğun tozsoranlar seçməklə bu kimi problemlərlə rastlaşmaqdan sığortalana bilərsiz.
 
 
 
Mənbə: consumer.gov.az

0 şərh