Soyuducu alarkən nələrə diqqət etmək lazımdır

İstifadə ömrünün sonuna gəlmiş bir soyuducunun tamamilə sıradan çıxmasını gözləməkdənsə onu yenisilə əvəz etmək daha ağıllı seçimdir. Çünki yeni bir soyuducu 8-10 yaşlı soyuducudan daha az enerji sərf edir.
Yeni soyuducu alarkən istədiyiniz xüsusiyyətlərə sahib, ehtiyaca uyğun ölçülərdə və mətbəxinizə ən çox yaraşan model araşdırılmalı və bunlarla yanaşı daha az enerji sərf edən soyuducu seçilməlidir.
Unutmayın ki, soyuducu paltaryuyan maşın və ya tozsoran kimi deyil, 7/24 işləyən bir cihazdır. Buna görə də soyuducunun enerji istifadəsində qənaətli olması onu seçərkən önəm verəcəyiniz faktorlardan biri olmalıdır.
Yeni soyuducu alarkən diqqətli olun
Böyük ölçülü soyuducular kiçiklərə nisbətən daha çox elektrik sərf etdiyinə görə daha yaxşı olar ki, ölçünü ehtiyacınıza uyğun müəyyənləşdirəsiniz. Məhsulun enerji sinfinə nəzər yetirərək enerjiyə qənaət səviyyəsi müəyyən oluna bilər. F hərfindən A hərfinə qədər sıralanan enerji siniflərində, ən aşağı F, ən yüksək isə A hərfi ilə göstərilir. A hərfində isə öz növbəsində A +, A ++ və A +++ seçimləri mövcuddur.
Soyuducunuzun daha uzunömürlü olması üçün ona müntəzəm qulluq etmək vacibdir. Müntəzəm qulluq soyutma sisteminin səmərəliliyini artıracaq. Qulluq deyərkən təkcə təmizlik nəzərdə tutulmur. Məsələn, avtomatik defrost sistemi ildə bir dəfə servis tərəfindən tənzimlənməli, qapıların avtomatik bağlanması üçün rejim tətbiq olunmalıdır.
Düzgün seçim edib soyuducunu evinizə gətirmək hələ son deyil. Onu necə yerləşdirməyiniz də vacib məsələdir. Soyuducu ilə divar arasında ən az 10 sm məsafə olmalıdır.Soyuducunun ətrafı toz və hava dövriyyəsinə təsir edəcək maddələrdən uzaq tutulmalıdır. Hava nə qədər rahat dövr edərsə, soyuducunuz öz işini bir o qədər yaxşı görəcək.
Soba və digər istilik mənbələrindən gələn isti hava soyuducunuzun sərin qalmaq üçün daha çox işləməsinə səbəb olur. Buna görə də onu günəş işığından və soba və ya digər istilik mənbələrindən uzaq tutmağınız məsləhətdir. Soyuducuya yerləşdirdiyiniz məhsulların daha sərin qalması üçün onların üzərindəki qalın paketləri açmağınız və nazik streç kağızlara bükməyiniz məsləhətdir.
Bundan əlavə, soyuducunuzun qapısını mümkün olduğu qədər az açın və uzun müddət açıq saxlamayın. Əks təqdirdə, böyük ölçüdə soyuq hava itkisi yaranır. Bunun üçün bazarda xüsusi xəbərdarlıq sistemi olan soyuducular da var.
Soyuducuya isti halda heç bir şey qoymayın. Bu, soyuducunun daha gərgin rejimdə işləməsinə səbəb olacaq. Duru şəkildə qoyacağınız qidaların üzərini açıq şəkildə qoymaq içəridəki nəm səviyyəsini artıraraq kompressorun daha çox işləməsinə səbəb olur.
Mətbəxinizin ən vacib avadanlıqlarından olan soyuducunu ehtiyaclarınıza uyğun düzgün seçməklə və heç də çətin olmayan müntəzəm qulluq məsləhətlərinə əməl etməklə onun ömrünü uzada və büdcənizə qənaət edə bilərsiniz!
 
 
Mənbə:  dadli.az

0 şərh