İlan sancmaları zamanı ilk tibbi yardım

ilan sancmalarıİlan sancmaları üçün xarakterik əlamət 1-2 qanayan nöqtədən ibarət olan yara və güclü ağrının olmasıdır. Sancma yerində dəri qızarır, şişkinləşir, göyərmələr yaranır.

Zərərçəkəndə ürəkbulanma, qusma, soyuq tər, nəfəsalmanın çətinləşməsi, yuxululuq qeyd olunur. Dərhal “təcili yardım” çağırın!

“Təcili yardım” gələnə qədər: 

— Zərərçəkəni təcili halda, ayaqları bir qədər yuxarı olmaqla uzadın və tam sakitlik təmin edin. Zərərçəkən heç bir halda hərəkət etməməlidir. “Təcili yardım” maşınına qədər onu xərəkdə aparmaq lazımdır! 

— İmkan olduqda sancmadan sonrakı ilk 10 dəqiqə ərzində yaradan zəhəri sıxıb çıxarmağa çalışmaq lazımdır. Bunun üçün yara sahəsində dərini elə sıxın ki, oradan bir neçə damcı maye çıxsın.

— Sonra yaranı təmiz su ilə yuyub, yod və ya “zelyonka” ilə dezinfeksiya edin və üzərinə steril sarğı qoyun. Ətraf şişdikdə, sarğını bir qədər boşaltmaq lazımdır. 

— Zədələnmiş ətrafı (ayağı və ya qolu) hərəkətsiz vəziyyətdə fiksə etmək lazımdır. Sınıqlarda olduğu kimi, ətrafa şin qoyulur və ya zədələnmiş ətraf sağlam ətrafa bağlanır. Bu yolla zəhərin orqanizmə yayılma sürəti azalır. 

— Sarğının üzərinə, zəhərin sorulma sürətini azaltmaq üçün, paketə qoyulmuş buz və ya soyuq kompres qoymaq lazımdır. 

— Zərərçəkənə çox miqdarda maye (çay, su), antihistamin və ağrıkəsici dərmanlar verin. 

Əgər xəstənin vəziyyəti çox ağır deyilsə, onu təcili olaraq maşında xəstəxanaya çatdırmaq lazımdır. Lakin bir çox ağır hallarda xəstənin xəstəxanaya müstəqil surətdə aparılması xeyli təhlükəli ola bilər! Yaxşısı budur ki, zərərçəkəni xəstəxanaya “təcili yardım” briqadası çatdırsın! Xəstəxanada zərərçəkənə xüsusi zərdab vurulacaq və s. 

Zəhərin uzun müddət ərzində təsir etməsi və vaxtında düzgün tibbi yardımın göstərilmədiyi təqdirdə zərərçəkəndə əvvəlcə həyacanlılıq, daha sonra isə əzginlik, dərinin avazıması, nəbzin sürətlənməsi, başgicəllənmə, kəskin zəiflik, arterial təzyiqin enməsi, huşun itirilməsi, tənəffüsün və ürək döyünməsinin dayanması ilə müşayət olunan şok başlaya bilər. 

İlan sancması zamanı heç bir halda yaranı yandırmaq (isti bir şeylə və s.), bu yerdə dərini kəsmək, jqut qoymaq, zərərçəkənə alkoqol içkiləri vermək olmaz!

Mənbə: saglamolun.az 

 

0 şərh