Yanıq zamanı yol verilən səhvlər

Yanıqlar cürbəcür olur, yəni qaynar su yanığı, qaynar yağ yanığı, oddan yanma, elektrikdən yanma, radiasiya yanıqları, kimyəvi yanıqlar və s.
Bir şeyi də xatırladaq ki, uşaqlar arasında baş verən yanıqlar daha çox qaynar su (məsələn, qaynar çaydanın aşması, qaynar stəkanın dağılması və s.) yanığıdır ki, bu da daha çox diqqətsizlikdən və dəcəllikdən irəli gəlir. Buna görə də yanıqlar daha çox 1-3 yaş arası uşaqlarda müşahidə edilir. Odur ki, həmişə çay dəmləyərkən və ya süfrəyə çay verərkən diqqətli olmaq lazımdır.

Bəs yanığı müalicə edərkən ilk olaraq nəyə diqqət yetirmək lazımdır? — Daha geniş nahiyəni əhatə edən və əl-üzü örtən yanıqlar mütləq xəstəxanada müalicə olunmalıdır. Yanığın nə dərəcədə dərin olduğu nəzərə alınmalıdır. Əgər yanıq səthidirsə, daha doğrusu, dərin deyilsə, 3 həftəyə, səthi deyilsə, yəni dərindirsə, daha uzun müddətə sağalır. Ümumilikdə isə sağalması 3 həftədən çox çəkən yanıqlar cərrahi müdaxilə tələb edir.

Qaynar su ilə baş vermiş yanıqları axar su altında 10-20 dəqiqə tutmaqla yanma müddətini azaltmaq olur.

Odla baş vermiş yanıqlarda isə zərərçəkən qəza yerindən uzaqlaşdırılaraq açıq havaya çıxarılmalı, süni tənəffüslə də olsa, nəfəs alması təmin edilməlidir. Hadisə zamanı yanıq yarasına heç bir dərman, yaxud heç bir maddə vurmaq olmaz. Yaranı yalnız təmiz örtüklə sarımaq və təcili şəkildə həkimə çatdırmaq lazımdır. Meydana gələ biləcək şiş səbəbilə üzük, bilərzik və digər zinət əşyaları çıxarılmalıdır. Əgər yanıq dərindirsə, izi qalır, dayazdırsa, izi qalmır və tezliklə sağalır.

Dərin yanığı izsiz sağaltmaq mümkün deyil. Lakin dərin yanıqlar düzgün müalicə olunmasa, sağalmaz və getdikcə daha ağır fəsadlara yol açar. Kiçik yanıqları günəş şüalarından qorumaq və bunun üçün yüksək faktorlu kremlərdən istifadə etmək lazımdır. Bu əsnada mütləq dərini nəmləndirən kremə də ehtiyac var. Günəş şüasından əmələ gələn yanıqlar isə öz-özünə yaxşılaşır.

Xatırladaq ki, yanıq zamanı yaraya diş pastası, qatıq və s. vurmağın heç bir mənası yoxdur. Dərin yanıqlarda isə bu maddələr son dərəcə zərərli nəticələr doğura bilər.

 

0 şərh