Tarixi İznik

  • Turizm
İznikİznik! Türk tarixində böyük rolu olan bu şəhəri insan qürur və böyük heyranlıqla dolaşır. Səlcuq dövlətinin paytaxtı olmuş İznik Anadoluda ilk Türk paytaxtı kimi öz əzəmətini bu gün də qoruyub saxlayır. «Üləma Yuvası» (Alimlər Diyarı) adlandırılan İznikə Türkiyənin məşhur həkim və alimlərindən biri, professor doktor İbrahim Yıldırım və onun həyat yoldaşı Fiqən xanımın dəvəti ilə getmişdim. Bu gözəl şəhəri, ailələri uzun illər öncə Türkiyəyə köç edən iki nüfuzlu Azərbaycan türkünün ailə üzvləri ilə birlikdə gəzməyim mənə xüsusi ləzzət verdi. Türklərin tarixini dərindən bilən İbrahim bəy və Fiqən xanım, İzniklə bağlı bəlkə ən yaxşı bələdçidən də yaxşı məlumatlıdırlar və bu, mənə gözəl İzniki daha geniş tanımaq imkanı verdi.
Doktor İbrahim Yıldırım əslən Qazax rayonundadır. Həkim babası adı aləmə ün salmış Qaçaq Kərəmin yaralandığı zaman onu gizlətdiyi və müalicə etdiyi üçün çar Rusiyasının qəzəbinə tuş gəlmiş və sürgünə göndərilmişdi. Sürgündən döndükdən sonra isə ailəsini gözləyən təhlükə və təzyiqlərdən qurtulmaq üçün Türkiyəyə, Amasiya bölgəsinə köçüblər. Həyat yoldaşı — gözəl ziyalı və əsil türk xanımı olan Fiqən xanım isə ünlü Azərbaycan şairi Molla Vəli Vidadinin nəticəsidir. Azərbaycana dəlicəsinə bağlı olan və ölkəmiz müstəqilliyini əldə etdiyi illərdən başlayaraq əllərindən gələn bütün imkanlardan Azərbaycana dəstək üçün istifadə edən İbrahim bəylə Fiqən xanım həm də İznik sevdalılarıdırlar. İstanbulda yaşasalar da yay aylarında, zaman tapdıqlarında vaxtlarını İznikin əsrarəngiz təbiəti qoynunda olan evlərində keçirməyə üstünlük verirlər. İznikin tarixini dərindən bilən bu iki böyük türk aydınının bələdçiliyi ilə İzniki gəzməyin bir başqa gözəlliyi vardı. Onlar yalnız şəhəri tanıtmırdılar, onların təqdimatı böyük bir sevginin təcəllasıydı; onların tanıtımı şanlı tarix qoxuyurdu, sözləri daha aydın yarınların müjdəsi kimi gəlirdi mənə!
İznik şəhərinin adı, Osmanlı dövrünə aid türk kaşı və keramika məmulatları ilə qoşalaşıb. Eramızdan əvvəl IV əsrdən etibarən mövcud olan bu kiçik və sevimli yaşayış məntəqəsinin İstanbulu Anadoluya bağlayan yolun yaxınlığında yerləşməsi, bura canlılıq bəxş etmişdir. İstanbuldan avtomobillə 2-3 saata İznikə getmək mümkündür. İznik dünyada bənzərinə az rast gəlinən və bütünlüklə «açıq hava muzeyi» olan tarixi, antik bir şəhərdir. Yaz-qış demədən bərəkət saçan məhsuldar torpağı, özünə məxsus iqlimi və təbii gözəlliyi ilə tarixin bütün dönəmində insanlığın maraq dairəsində olmuşdur bu gözəl məkan. Gözəlliyinə doymaq mümkünsüz olan İznik gölü isə İznikə ayrı bir gözəllik verir.
   İznik golu

İznikin həm bu dediyimiz yönləri, həm də hər növ səbzə və meyvənin yetişdiyi bir yer olması ilə (sanki bir səbzə və meyvə anbarı olması ilə), dünyaca məşhur çini qabları ilə, bir sözlə, tarixi və mədəni zənginliyi ilə turizm sektoru baxımından son dərəcədə önəmli bir mərkəzdir. Yaşıllıqları, zeytunluqları, bağları və bağçaları ilə sanki bir cənnətdir İznik. Xüsusilə, günümüzə qədər gəlib çatan çoxlu sayda qədim abidələri ilə hər kəsdə heyranlıq oyandırır bu şəhər.
İznikə vurulmaq üçün onu sadəcə bir dəfə görmək kifayət edər. Bu şəhər haqqında o qədər əfsanələr var ki…
İznik həm də Türk tarixində önəmli rol oynamış bir mədəniyyət şəhəri kimi də insanı valeh edir.

Əfsanələr şəhəri İznik...
İzniklə bağlı əfsanələrdən ən məhşuru gözəllər gözəli Nikeya ilə bağlıdır. Əfsanəyə görə, Sakarya çayı ilə Tanrıça Kibelanın qızları olan Nikeya, heç vaxt ərə getməməyə and içir. O, meşədə yaşayır və ov edirmiş. Bir gün Himnes adlı bir çobanla qarşılaşır gözəl Nikeya. Çoban bir könüldən min könülə ona aşiq olur. Fəqət Nikeya çobana üz vermir və onu oxla vuraraq öldürür. Məhəbbət tanrısı Eros bu davranışdan çox məyus olur və Nikeyadan intiqam almaq üçün şərab tanrısı Dionisə müraciət edir. İşə baxın ki, Dionis də gözəl Nikeyanı çayda çimərkən görür və ona aşiq olur. Öz aqibətinin də çoban Himnesinki kimi olacağından qorxan Dionis, Nikeyanın su içdiyi çaya şərab qarışdırır və sərxoş olan Nikeyanı yoldan çıxarır. Nikeya, Dionisdən hamilə qaldıqdan sonra özünü öldürmək istəyir, lakin onun arzusuna tabe olaraq uşağı dünyaya gətirir. Dionis Hindistan səfərindən qayıdarkən Nikeyanın şərəfinə bu şəhəri salır və şəhərə sevgilisinin adını qoyur.
Haqqında əfsanələr yaradılan gözəl İznik, antik çağdan etibarən Nikeya (Nikaia) adlanıb. Amma bunlar əfsanədir. İznikin həqiqi tarixi onun əfsanələrindən də maraqlıdır. İznikdə yerləşən Karadin, Çiçəkli, Yügücək və Çakırca kurqanlarında e.ə. 2500-cü ilə qədər gedən mədəniyyətin izləri qorunub saxlanır. Bu möhtəşəm «açıq hava muzeyi» olan şəhəri mütləq görməlisiniz. Tövsiyəmə əməl edən dostlarımın heç birinin səfərlərindən peşman olmadıqlarını vurğulayaraq, hər kəsə bu gözəl şəhəri görməyi məsləhət görərdim.

İznik, Makedoniyalı Böyük İsgəndərin komandanlarından biri olan Antiqonius tərəfindən e.ə. IV əsrdə (316) qurulub. O dövrün gələnəklərinə görə, şəhərə qurucusu Antiqoniusun şərəfinə “Antiqonia” adı verilir. Böyük İsgəndərin ölümündən sonra general Antiqonius və general Lysimakhos imperatorluğu idarə etmək uğrunda müharibə etdilər və e.ə. 301-ci ildə Lysimakhos Antiqoniusa qalib gəlir, şəhəri ələ keçirərək ona xanımı Nikaianın şərəfinə Nikaia adını verdi.
E.ə. 279-cü ildə isə şəhər Vifiniya krallığı tərəfindən ələ keçirilmiş, bir müddət krallığın paytaxtı olmuş, önəmli memarlıq əsərləri ilə bəzədilmiş, adına qızıl sikkələr kəsilmiş və tarixdə “Qızıl şəhər” adı ilə yenidən şöhrət qazanmışdır. Uzun müddət Vifiniya krallığı ilə müharibə edən Roma İmperiyası paytaxt Nikaianı ələ keçirdikdən sonra bu gözəl göl şəhərinə Nikaea adını verir. Şəhər e.ə. 259-cu ildə Qotların hücumuna məruz qalır. Bundan sonra Romalılar müdafiəni gücləndirmək məqsədilə Vifiniya krallığı zamanında tikintisinə başlanan və eramızın 12-ci ilində baş verən zəlzələ nəticəsində böyük zərər görən qala divarlarını daha güclü inşa edirlər. Beləliklə, şəhər dörd əsas, on iki əlavə qapısı olan 4970 metrlik qala divarı ilə əhatə edilmişdir. Tarixi qala divarları və qapıları İznikə xüsusi bir əzəmət verir.
     İznik muzeyi
Roma imperatorluğu 476-cı ildə Şərqi və Qərbi Roma imperatorluğuna ayrılan zaman İznik sonradan Bizans adını alan Şərqi Roma imperatorluğunun sərhədləri daxilində qalır. Türk dünyasının böyük liderlərindən biri, Səlcuq Sultanı Alparslanın Bizans ordularını 1071-ci ildə Malazgirtdə məğlub etməsindən sonra türklər XI yüzildə Bizansın daxilinə doğru irəliləyirlər. Qutalmışoğlu Süleyman Şah 1075-ci ildə Nikaeanı fəth edir və şəhər 1080-cı ildə Səlcuqlu dövlətinin paytaxtına çevrilir. Adı da Nikaeanın izi anlamına gələn «İznik» olaraq dəyişdirilir. Beləliklə, İznik Anadoluda ilk Türk paytaxtı olur. 1097-ci ildə 600000 nəfərlik I Xaçlı Ordusu Qodefroy De Bouillonun rəhbərliyi altında İznikə hücum edir. Çətin müharibələrdən sonra türklər, şəhərin yağmalanmasının qarşısını almaq üçün 1097-ci ildə geri çəkilirlər. 22 illik Səlcuq hakimiyyətindən sonra İznik yenidən Bizanslıların əlinə keçir. Xaçlıların İzniki alıb Bizanslılara verməsi ilə II Bizans dönəmi başlamış olur. IV Xaçlı Səfərinə qatılan Latınlar Anadolunun içərilərində savaşmaqdansa Konstantinopolu (İstanbulu) yağmalamağı üstün tutaraq, bu şəhəri işğal edib 1204-cü ildə Latın İmperatorluğu qururlar. Bizansın lideri Theodoros Laskaris İznikə qaçıb, burada öz imperatorluğunu elan edir. Beləliklə, İznik 57 il ərzində paytaxtı Latın işğalı altında olan Bizans imperatorluğunun mərkəzi olur. Bu dövrdə şəhərin qala divarları daha da möhkəmləndirilir. Paytaxt İznikdə Laskarisdən sonra 4 imperator taxta çıxır. VIII Mixael 1261-ci ildə Konstantinopolu (İstanbulu) yenidən ələ keçirərək, Latın İmperatorluğuna son verir. Beləliklə, Konstantinapol (İstanbul) yenidən Bizans imperatorluğunun paytaxtı olur. Osmanlı imperatorluğunun qurulduğu ilk dövrlərdən etibarən Türklər İzniki fəth etməyə böyük önəm verirlər. Türk dünyasının böyük liderlərindən biri, Osmanlı imperatorluğunun genişlənməsində müstəsna xidmətləri olmuş Orxan Qazi adı ilə tanınan Sultan Orxan Bəy zamanında 1331-ci ildə İznik fəth edilir. Beləliklə, 234 illik bir aradan sonra İznik yenidən Türk idarəsinə girir. Özəlliklə, II Murad və Çandarlılar dövründə şəhər sürətlə qurulur, inkişaf edir, çoxlu sayda mədrəsə,  hamam, bazarlar və s. tikilir. İznik bir siyasi və mədəniyyət mərkəzinə çevrilir. İznik İstanbuldan Anadoluya uzanan səfər və karvan yolunun üzərində önəmli bir mərkəz olur. Özəlliklə, XIV-XVI yüzillərdə İznik Türk mədəniyyətində önəmli bir yerə sahib olur. Bir çox üləma (alim) və şairin yetişdiyi bir mədəniyyət mərkəzinə dönür. Dövrünün adlı-sanlı alimləri İznikdəki mədrəsələrdə dərs deməyə başlayırlar. Bu səbəbdən İzniki «Üləma Yuvası» (Alimlər Diyarı) adlandırırlar. İstanbulun fəthindən sonra İznikin mərkəz kimi rolu azalsa da o, bu günə qədər də Türkiyə və Türk Dünyasının önəmli qalalarından biridir.

***
İbrahim bəy, Fiqən xanım və anam Tehran müəllimə ilə birlikdə şəhəri gəzirik. Xüsusilə qeyd etmək istəyirəm ki, İzniki daha da gözəlləşdirən və etnik kökənindən, dilindən və dinindən asılı olmayaraq bu şəhərə gələn hər kəs tərəfindən sevilməsində yerli sakinlərin böyük rolu var. Sadə və qonaqpərvər izniklilər Azərbaycandan gəldiyimizi bilən kimi o qədər böyük diqqət və sevgi göstərirdilər, indi o diqqət və sevgiyə qarşılıq şükranlarımı sözlərə sığdırmağa çətinlik çəkirəm… Var olun, əziz izniklilər!
Şəhərin mərkəzində çoxlu sayda xarici turist, xüsusilə Qərb ölkələrindən gələn insanları görürük. Fiqən xanım deyir ki, onlar daha çox yaxınlıqda yerləşən qədim və xristian dünyası üçün böyük önəm daşıyan Ayasofya muzeyinə baş çəkmək üçün gəlirlər. Çünki bir zamanlar İznik xristianlığın çox önəmli dini mərkəzlərindən biri olmuşdur. İznikə bu din, 12 həvaridən biri olmuş Pyotrun çalışmaları sayəsində daxil olmuşdur. İmperator I Konstantinin dövründə xristianlıqla bağlı qadağalar götürülmüşdür. 325-ci ilin yay mövsümünün əvvəllərində Nikeya, xristianlıq tarixinin çox böyük olaylarından birinə şahid olmuşdur. Həmin hadisənin yaşandığı və bu günümüzə qədər gəlib çıxan (divarlarının şahid olduğu) məkana baş çəkirik. ...
Və burada ilk növbədə uca türk millətinin böyük mədəniyyətinin bir daha şahidi olursan, çünki hər zaman başqalarının dini inanclarına, dini abidələrinə qarşı hörmətlə yanaşılıb. Təəssüf ki, bir çox yerlərdə başqalarından bizə qarşı nəinki bu cür hörməti, dözümlülüyü görə bilmirik, üstəlik bizim izimizi silməyə cəhdlərin şahidi oluruq.
     İznik - Ayasofya

İznikdə baş verən və xristian dünyası üçün önəmli hadisə ondan ibarətdir ki, burada Senat sarayında I Sinod yığışıb. İmperator I Konstantinin də iştirak etdiyi yığıncaqda iki vacib nəzəriyyə müzakirə edilib. İsgəndəriyyəli din xadimi Arius nəzəriyyəsi, “Həzrəti İsanın Allahın oğlu olmadığı, sadə bir insan olduğu” haqqında idi. Yepiskoplar, qısa müddətdə özünə müdafiəçilər tapan bu nəzəriyyəyə etiraz edirlər. Xristian aləmi tərəfindən bu gün də müdafiə edilən, “Həzrəti İsanın Allahın oğlu olduğu” haqqında nəzəriyyə, uzun sürən mübahisələrdən sonra məhz burada qəbul edilir.
Öz nəzəriyyəsi ilə yepiskopları qəzəbləndirən Arius və dostları toplantıdan qovulur. Xristianlıqla bağlı dini bayramlar və “Nikeya qanunları” adıyla şöhrət qazanan 20 maddədən ibarət mətn də məhz bu sinoddan sonra qəbul edilib. Xristianların Türkiyə ziyarətləri sırasında İzniki görməyə üstünlük verməsinin bir səbəbi də budur. Muzey, rayon mərkəzində, şəhərin dörd alaqapısına uzanan yolların kəsişməsində yerləşir.
Bu kilsəni xristianlar üçün maraqlı edən məqamlardan biri də ondan ibarətdir ki, eramızın 787-ci ilində VII ekumenist sinod da məhz burada yığışıb. Xristian dünyası üçün önəmli bir hadisə olan VII sinod da 787-ci ildə İznik Ayasofyasında yığışıb. Bu dövrdə, İmperatriçə İrinanın təşəbbüsü ilə rəsm və heykəllə bağlı qadağalar götürülüb. Qeyd edim ki, ilk dəfə IV yüzildə tikilən kilsənin qalıqlarının üstündə, VI yüzildə Yustinian tərəfindən yenidən inşa etdirilib. XI yüzildə baş verən zəlzələ nəticəsində uçulan bina təkrar inşa edilib. Bu yeni binanın həndəsi fiqurlu rəngli mərmər döşəmə mozaikası ilə müqəddəslərin (və həvarilərin) təsvirləri olan freskaları olduqca maraqlıdır.
1331-ci ildə Orxan Qazinin İzniki fəth etməsindən sonra, bazilika tipli kilsə, məscidə çevrilib. Qanuni Süleyman dövründə Memar Sinan tərəfindən təmir edilən binada önəmli dəyişikliklər edilib, binanın ön tərəfinə bir minarə əlavə edilmiş və divarlar naxışlarla (şərq/türk-islam ornamentləri ilə) bəzədilib.

Türklərin hakimiyyətinə keçdikdən sonra İznik adını alan şəhər (özəlliklə, 1331-ci ildə Orxan Qazinin başçılığı altındakı Osmanlı ordusu tərəfindən fəth edildikdən sonra) canlanmağa başlamış, sənət, ticarət və mədəniyyət mərkəzi olmuşdur. Davudı-Qeysəri, Əbülfazil Musa, Əşfəroğlu Abdulla Rumi kimi ünlü təsəvvüfçülər İznikdə yaşamış və özlərindən sonra önəmli əsərlər qoyub getmişlər. Osmanlı dövrünün ilk məscidi, mədrəsəsi və imarəti İznikdə inşa edilmişdir. Türk memarılıq məktəbinin bu möhtəşəm abidələri insanı bu gün də valeh edir. XIV, XV və XVI yüzillərdə İznik önəmli bir sənətkarlıq mərkəzinə çevrilmişdir.
Türk dünyası sevdalılarına mütləq bu gözəl şəhəri görməyi və gəzməyi məsiləhət görərdim. Xüsusilə, İznik muzeyi kimi fəaliyyət göstərən Nilufər Xatun İmarətini görməyə dəyər.
  İznik - Nilufer Hatun imareti
Bu çox dəyərli və önəmli binanı 1388-ci ildə Osmanlı imperatoru I Murad, anası Nilufər xatunun şərəfinə tikdirmişdir. Bina Osmanlı memarlığında tərs çevrilmiş “T” planında tikilən ilk imarətdir. Üç sıra kərpiclə bir sıra daşın növbələşməsi şəklində inşa edilən tikili zəngin və rəngarəng kərpic-daş işçiliyini əks etdirməkdədir. XIX yüzilin axırlarına qədər imarət funksiyasını yerinə yetirən bina, İstiqlal savaşında yunanların işğalı əsnasında xeyli dağıdılmışdır. 1960-cı ildə bərpa edilən Nilufər Xatun İmarəti, o ilin axırında muzey olaraq xalqın istifadəsinə verilmişdir.
İznikdə və onun ətrafında tapılan arxeoloji materiallar, qazıntılar əsnasında çıxarılan əşyalar, bu muzeydə sərgilənməkdədir. Muzeyin həyətində Roma, Bizans və Osmanlı əsərləri yer almaqdadır. Bu möhtəşəm muzeydə nümayiş etdirilən «tarix»i çox az yerdə görə bilərsiniz: üç mədəniyyət, yaxud mədəniyyətin üç qatı bir arada…
Bu əsərlər arasında sütun başları, sarkofaqlar, relyeflər, məhəccər lövhələri, kürsülər, stelalar, kitabələr, novlar, sütun tamburları, xaç suyuna salma hovuzları, bişmiş gil lövhələr və islami məzar daşları xüsusilə diqqətçəkicidir. Muzeyin içərisindəki əsas bölmədə ən qədim dövrlərin keramikaları, daş əsərlər, şüşədən hazırlanmış materiallar, sikkələr, bəzək əşyaları, qəndillər, metal əşyalar göstərilməkdədir. Əsas bölməyə açılan sağ tərəfdəki otaqda Bizans və Osmanlı keramikası, soba ləvazimatı, əlyazmalar, təmbəki, pul və saat qabları, tapanca və tüfənglər, bəzək əşyaları, mətbəx ləvazimatları, etnoqrafik materiallar, Osmanlı sikkələri və s. göstərilməkdədir.
Nilufər Xatun İmarətindən ayrılıb onun yaxınlığında yerləşən Şeyx Qütbəddin Camisi və Türbəsinə baş çəkirik. Sultan II Bəyazidin vəzirlərindən Çandarlı İbrahim paşanın sifarişi ilə XV yüzildə tikilmiş caminin ancaq minarəsi qalmışdır. Şeyx Qütbəddinin türbəsi camiyə bitişikdir. Burada İznikin tanınmış müdərrislərindən olan və 1418-ci ildə vəfat edən Şeyx Qütbəddinin məzarı yerləşir. Dualarımızı oxuyub yolumuza davam edirik. – Yolumuz başqa bir Tarixə, Tarixin başqa bir yadigarına doğrudur. – İbrahim bəy və Fiqən xanımın maraqla danışdığı və İznikin simvolu halına gələn gözəl və əzəmətli Yaşıl Camini görməyə tələsirəm….
Tarixi və ən möhtəşəm maddi mədəniyyət örnəklərimizdən biri olan Yaşıl Camiyə baş çəkirik. Firuzə rəngli kaşı və kərpiclərlə bəzədilmiş minarəsi səbəbiylə Yaşıl Cami adını almışdır. Səlcuqlu minarələrinin Osmanlı memarlığındakı əksinin ən gözəl örnəklərindən biri olan bu cami, 1378-1392-ci illərdə Çandarlı Xeyrəddin paşanın sifarişi ilə Memar Hacı Musa tərəfindən tikilmişdir. İlk çağ Osmanlı memarlığında tək qübbəli camilərin ən görkəmlilərindən biridir. Caminin mərmər mehrabı da görülməyə layiq zəngin bir sənətkarlıq örnəyidir. Bənzərsiz minarə, caminin sağ küncündə ucaldılmışdır. Minarənin gövdəsi mavi və yaşıl kaşılarla (ziqzaqlı mozaika üslubu ilə) bəzədilmişdir. Bu, Anadolular demiş “umutları yeşərdən” əzəməti və gözəlliyi ilə insanı valeh edən Yaşıl Camidir...
  İznik - Yeşil cami
Türk Dünyasının böyük lider və qəhrəmanlarının ruhuna dualar oxuyub tarixi Hacı Özbək camisinə gedirik…
1333-cü ildə Hacı Özbək tərəfindən tikdirilən, tarixi ilə, bugünü ilə insanı duyğular aləminə götürən Hacı Özbək Camisi (Çarşı Camisi) isə İznikdə tikilən ən qədim Osmanlı camisidir. Kirəmitlə örtülmüş qübbəsinin çapı 8 metrdir. Cami kvadrat planlı və minarəsizdir. Xalq arasında “Çarşı məscidi” adıyla şöhrət qazanmışdır. Tikilidə kubik daşından və kərpicdən istifadə edilmişdir.
İznikin qədim və tarixi camilərindən biri də Mahmud Çələbi Camisidir. Şəhər mərkəzində yerləşən tarixi tikili, Sultan II Muradın qaynı, Çandarlı Xeyrəddin paşanın nəvəsi vəzir Mahmud Çələbinin sifarişi ilə 1442-ci ildə tikilmişdir. Tək qübbəli caminin kərpicdən hörülmüş bir minarəsi və giriş portalının üzərində bir kitabəsi var.
İznik səfəriniz zamanı bu şəhərdə çağdaş dövrümüzə gəlib çatan ən qədim Osmanlı mədrəsəsini – Süleyman Paşa Mədrəsəsini də görməlisiniz. İzniki mədəniyyət mərkəzi edən mədrəsələrdən biri olan tarixi (dini-mədəni) abidə, Türk Dünyasının böyük qəhrəmanı, Osmanlı İmperatorluğunun genişlənməsində böyük rol oynamış Orxan Qazinin oğlu Süleyman Şah tərəfindən 1332-ci ildə tikilmişdir. Bilinən ən qədim Osmanlı mədrəsəsidir. “U” planlı klassik Osmanlı mədrəsələrindən olan, 11 hücrə və bir dərs otağından meydana gələn binanın divarları XIV yüzilin I yarısından, qübbəli damı isə XV yüzilin II yarısından qalmışdır.

Davudi Kayseri Türbəsi və Çinarı
Davidi Kayseri Osmanlı dövlətinin birinci mədrəsəsi olan Süleyman Paşa mədrəsəsinin ilk müdərrislərindəndir. O, hədis və ümumiyyətlə din elmləri ilə yanaşı fəlsəfə, məntiq kimi elmlər sahəsində də dərslər vermiş və əsərlər yazmışdır. Düşüncə sistemi və görüşləri baxımından öz dövründəki və dövründən sonrakı düşünürlərə öncüllük etmişdir. Davudi Kayserinin məzarı təxminən 1251 illik bir çinarın yanındadır.
Sultan I Muradın oğlu, Yıldırım Bəyazidin qardaşı Yaqub Çələbinin sifarişi ilə XIV yüzildə tikilmiş Yaqub Çələbi Xanəgahı və Türbəsi tərs çevrilmiş “T” planlı bir binadır. Həyətdəki türbə tək qübbəlidir. Türbə onun adına tikilsə də, Yaqub Çələbinin qəbri, zənn edildiyi kimi burada yox, Bursada atası I Murad türbəsində dəfn edilmişdir. Buradan Əşrəfi-Rumi ( Əşrafzadə) Camisi və Türbəsini ziyarətə gedirik….
Eşref-i Rumi camisi
«Ey Allah ım beni senden ayırma
Beni senin didarından ayırma

Seni sevmek benim dinim imanım
İlahi din ü imandan ayırma»

-deyən Əşrəfi-Rumi camisi və türbəsi II Bəyazidin oğlu Şahənşahın xanımı Mükrimə Xatun tərəfindən XIV yüzildə tikdirilmişdir. Caminin və türbənin divarları Sultan IV Murad tərəfindən (1640-1643) çinilərlə bəzədilmişdir. Qurtuluş savaşında yunanlar tərəfindən tamamilə yıxılan cami 1950-ci ildə əslinə bənzər şəkildə yenidən inşa edilmişdir. Keçmiş camiyə aid sadəcə minarə qalmışdır ki, o da çox böyük zədə almasına baxmayaraq bərpa edilə bilmişdir.


Caminin düz yanında yerləşən türbədə XV yüzilin böyük alim və şairlərindən olan, özünü “gah muti gah asiyəm, gah alim gah amiyem” deyə tanıdan Əşrəfi-Rumi yatır.

«Ben dervişim diyen kişi
Gaye gönül verme sakın
Canını aşk odu sanup
Nefs oduna urma sakın»

-deyən Əşrəfoğlu Abdullah Rumi – Türk şair, mütəsəvvüfü. Əşrəf-i Rumi və ya Əşrəfoğlu Rumi olaraq anılır.
Əsl adı Abdullahdır. Yenə də atasının adına görə əsasən Əşrəfoğlu, Əşrəfzadə və ya İbnül Əşrəf olaraq anılmışdır. İznik doğlumlu olduğu üçün də sıx-sıx İzniki olaraq anılmış, yenə də ən sıx istifadə edilən xitabı Əşrəf-i Rumi olmuşdur.
...Əşrəfoğlu əsərlərində əsasən yalın bir türkcəni tərcih etsə də az da olsa ərəbcə və farsça sözlərdən də istifadə etmişdir. Əsərlərində təsəvvüfi təsir rahatlıqla görülür. Ən çox işlədiyi mövzu təsəvvüf olduğu kimi əsasən istifadə etdiyi motivlər və qurucu ünsürlər da təsəvvüfi imgələrdir. Bunun xaricində əsərləri əsasən dini öyüdlər də içərir (ehtiva edir). Hər nə qədər texnik baxımdan çox böyük başarı göstərməsə də, Türk təsəvvüfi xalq ədəbiyyatının ən önəmli isimlərindəndir.

«Ey hevâsına tapan,
Tövbeye gel, tövbeye,
Hakka tap, Haktan utan,
Tövbeye gel, tövbeye.»

-deyən Əşrəfoğlunun ən önəmli əsəri “Divan”ı olsa da, Müzəkinnüfus isimli ünlü bir əsəri də mövcuddur. Müzəkinnüfus dini və təsəvvüfi nəsihətlər içərən bir əsərdir. Bunlar xaricində mətbu olmayan fəqət yazma nüsxələr halında olan çeşidli əsərləri vardır: “Təriqətnamə”, “Fütüvvətnamə”, “Delail ün nübüvvə”, “İbrətnamə”, “Mazirətnamə”, “Heyrətnamə”, “Ələstnamə”, “Nəsihətnamə”, “Əsrarüttalibin”, “Münacaatnamə” və “Tacnamə”.

Bu dünyaya verme gönül
Dünya sana kalır değil.
Dünya seven dost katına
Yüz ağıyle varır değil!

Bu Dünyaya Verme Gönül (Əşrəfi-Rumi)


***

İznikin mərkəzi bölgələrinin birində yerləşən Qırğızlar Türbəsi İznikin türklər tərəfindən fəthi sırasında ciddi dəstək vermiş Qırğız türklərinin xatirəsinə Orxan Qazi tərəfindən 1331-ci ildə inşa etdirilmişdir. İçərisində 7 böyük və 1 uşaq qəbri var. Türbə memarlığı ilə (qələm işi süsləmələr baxımından da) böyük dəyər daşıyır.
Sarı Saltuk Türbəsi, Çandarlı Xeyrəddin Paşa Türbəsi, Çandarlı İbrahim Paşa Türbəsi və İmarəti, Çandarlı Xəlil Paşa Türbəsi, Xoysuzlar Türbəsi, Əxiveyn Sultan Türbəsi, Əbdülvəhhab Sancaqdarı Türbəsi İznikdəki digər məşhur və görməli türbələrdir.

İznikin qədim şəhər (qala) divarları ayrıca bir söhbətin (yazının) mövzusudur. Şəhərin iki əsas küçəsinin kəsişdiyi nöqtədən baxıldığı zaman dörd alaqapı kimi görünən və İzniki beşbucaqlı şəklində çevrələyən şəhər divarlarının uzunluğu 4970 metrdir. Tarixi qədim dövrlərə gedib çıxan şəhər divarları VIII yüzildə teatrdan gətirilən daşlar və inşaat materialları ilə yüksəldilmiş və bürclər əlavə edilmişdir.
İznikin simvolu olan qədim qapılar isə Roma imperatorları Vespasian (69-79) və Tit (79-81) dövründə hazırlanmışdır. 123-cü ildə (İmperator Adrianın dövründə) əsaslı surətdə təmir edilmişdir. İznik qapılarından çağdaş dövrümüzə gəlib çatan ən görkəmliləri İstanbul, Lefkə və Yenişəhər qapılarıdır. Göl qapısı isə xaraba haldadır. Qapılar, Roma dövrü memarlığının tikinti texnikasını və üslubunu əks etdirmək baxımından önəm daşıyır.
İznikdəki dörd alaqapının əsilində zəfər tağları olduğu və onların divarlarla bir-birinə bağlanaraq qalanı meydana gətirdiyi anlaşılmaqdadır.
    İznik
İznik antik teatrı, Göllə Yenişəhər qapısı arasındakı geniş ərazidə inşa edilmişdir. Teatr, 111-112-ci illərdə tikilmişdir. XIII yüzildə kütləvi məzarlıq kimi istifadə edilmiş, daha sonra isə burada keramika sobaları yerləşmişdir. Tamaşaçılar üçün nəzərdə tutulmuş qisminin bir hissəsi çağdaş dövrə gəlib çatmışdır. Teatrın daşları müxtəlif tikililərdə, özəlliklə şəhər divarlarının bərpasında işlədilmişdir. Bu qədim tarixi abidə sanki insanı tarixin çox dərin qatlarına apara biləcək mistik bir özəlliyə malikdir.

İznikdə dünyaca məşhur sənətkar Memar Sinanın əl izlərini də görmək mümkündür. Məsələn, Rüstəm Paşa Karvansarası… Çağdaş dövrdə, evlərin arasında qalmış divar qalıqları vəziyyətindədir. Ancaq quzey və qərb divarlarının bəzi hissələri qalmışdır. Karvansaranın, XVI yüzildə Qanuni Süleymanın sədrəzəmi Rüstəm paşa adına (Memar Sinan tərəfindən) tikildiyi güman edilməkdədir. I Murat hamamı
İznik qədim hamamları ilə də şöhrət qazanmışdır. Onların bir hissəsi hətta bu günümüzədək (istifadəyə yararlı şəkildə) gəlib çatmışdır. Şəhərin məşhur tarixi hamamları arasında İstanbul qapısına gedən yolun üstündə yerləşən İsmayıl bəy hamamı XIV yüzilə məxsus daxili memarlığı ilə xüsusi özəm daşıyan bir tikilidir. Qübbəylə örtülmüş dörd ədəd dördbucaqlı bölmədən meydana gələn hamamın hər bölməsində fərqli olan gipsdən hazırlanmış rəngli yapma bəzəklər diqqəti cəlb etməkdədir. Bu hamama “Səlcuq hamamı”, “Məscid hamamı”, “Bəylər hamamı” adları da verilməkdədir.
XV yüzilliyə aid olan Hacı Həmzə hamamının kişilər üçün olan qismi bu gün də istifadəyə açıqdır. Xalq arasında “I Murad hamamı” adı da verilən bu tikili həm kişilər, həm də qadınlar üçün nəzərdə tutulduğundan, xalq arasında «Ciftə Hamam» (iki(li) hamam) olaraq anılır. “Böyük hamam” adı da verilən Meydan hamamı isə İznikin ən önəmli üç hamamından biridir. Atatürk küçəsində yerləşən bu hamamın, XIV yüzilin axırları — XVI yüzilin I yarısında tikildiyi güman edilməkdədir. “I Murad hamamı” adı da verilməkdədir. İki hissəli hamam planında tikilən binanın isti su qismi gipsdən hazırlanmış rəngli yapma naxışlarla bəzədilmişdir. Hamamda kərpic tağlı daş divar texnikasından istifadə edilmişdir.

İznik sözün əsil mənasında bir sənət şəhəridir. İznik KAŞI SƏNƏTI ilə bütün dünyaya səs salmışdır. E.ə. III minilliyin birinci yarısından etibarən memarlıqda istifadə olunmağa başlayan kaşı, islam memarlığında eramızın IX yüzilindən üzü bəri işlədilmişdir. Bu ərazilərdə isə kaşı sənəti XIII yüzildə Səlcuqlu memarlığının zirvədə olduğu dövrdə inkişaf etmiş və çox sayda məscid, mədrəsə, türbə və sarayın divarları kaşılarla bəzədilmişdir. Anadolu Səlcuqlu Dövlətinin dağılmasından sonra çini ənənələrini Anadoluda qurulan Bəyliklər davam etdirmiş və nəhayət Osmanlı Dövlətiin qurulması ilə yeni bir dövr başlamışdır. Bəyliklər dövrünə aid önəmli əsərlərə İstanbulda Çinili Koşk Muzeyində və Berlin Dövlət Muzeyində rast gələ bilərsiniz.
1378-1391-ci illər arasında inşa edilən İznik Yaşıl Camisinin minarələrini bəzəyən ən qədim Osmanlı kaşıları, istifadə texnikası və dekorasiyası baxımından Səlcuqlu ənənələrini davam etdirməklə birlikdə, rəngləri və çalarları baxımından ondan daha zəngindir. Minarənin kaşıları yaşıl və firuzə rənglərin çalar zənginliyi ilə diqqəti cəlb etməkdədir və cami, bu rənglər səbəbiylə “Yaşıl Cami” adını almışdır. Anadolu kaşı sənəti Osmanlılarla birlikdə XIV yüzildə yeni bir mərhələyə qədəm qoymuşdur. Özəlliklə XV-XVII yüzillərdə İznik önəmli bir kaşı və keramika istehsalı mərkəzi olmuşdur. Burada hazırlanan kaşılar, paytaxt İstanbuldakı sarayların divarlarını bəzəməkdə istifadə edilirdi.

Rodos işi“İlk Osmanlı Dönəmi” olaraq adlandırılan dönəmə aid çinilər, İznik Yaşıl Cami minarəsində (1390), Bursa Yaşıl Cami və Türbəsində (1421), Bursa Muradiyə Camisində (1426), Ədirnə Muradiyə Camisində (1433), İstanbul Mahmud Paşa Türbəsində (1463), Çinili Köşkdə (1472) və.s Camilərində görülməkdədir. İstanbuldakı tikililərdə işlədilən kaşıların İznikdə istehsal edildiyi tarixi qaynaqlarda da öz əksini tapır. “Şam qrupu” və “Rodos işi” adlandırılan keramika növlərinin istehsal mərkəzi də İznik olmuşdur. İznik kaşılarında lalə, sünbülçiçəyi, nar çiçəyi, qərənfil kimi çiçək motivlərindən istifadə olunmuşdur. Bundan əlavə insan, quş, balıq, dovşan və gəmi motivlərinə də rast gəlmək mümkündür. Mavi, firuzə, yaşıl və qırmızı ən çox müraciət edilən rənglərdir.
İznikdə əl işləri çinilərinə doya bilməyəcəksiniz və bir də görəcəksiniz ki, artıq cibinizdə pulunuz qalmayıb. Buradakı qədim məkanda yerləşən gözəl sənət əsərləri olan çinilərin satıldığı emalatxanalar insanı doyasıya baxmağa vadar edir. Müxtəlif mötivli gözəl əsərlərə laqeyd qalmaq sadəcə mümkün deyil… Ancaq almağınıza dəyər, çünki evinizin ən gözəl və qiymətli əşyaları (sənət əsərləri!) olacaq. Hər halda mən peşman olmadım, dostlarım isə bu cür hədiyyələrdən çox məmnun oldular. Evimin divarlarını bəzəyən bu sənət əsərlərini görüb İznikə gedərək oranın ünlü çini ustadlarının emalatxanalarından əsərlər alanların sayı isə artır. Bu əsərləri birlikdə aldığım Fiqən xanım deyir ki, satıcılar onu görən kimi deyirlər ki, “Azərbaycandan gəlmişdilər, Qənirə xanımda olan əsərlərdən istəyirdilər.”

...Bu əsərlərdən türklərin böyük tarix və mədəniyyətinin qoxusu gəlir və insana qəribə mistik bir duyğu verir.
İznik, kaşı sənətindən əlavə, əl sənətləriylə də özünü göstərməkdədir. Sansaraq kəndində toxunan ipək xalçalar, Dərbənd kəndində əl dəzgahlarında toxunan kilimlər, Müşkülə kəndində isə naxışlı tikmə sənəti dörd göz istəyir baxmağa… Dərbənd kəndindən söz düşmüşkən, – yol kənarındakı lövhədə yazılan «Dərbəndlər köyü» adı diqqətimi bu kəndə cəlb etdi. Türk Dünyasının digər bir ucundakı Türk qalası Dəmirqapı Dərbəndi xatırladım…
Bəşəriyyətin 8 min illik mətbəx mədəniyyəti tarixinin heç bir dövründə ləzzətindən imtina edilməyən zeytun, İznikin simvollarından biridir. Göz oxşayan Zeytun sahələri insanı valeh edir. Vətəni Türkiyə olan zeytunun Mərmərədəki ən böyük istehsal mərkəzi İznikdir. İznik zeytunu süfrə zeytunudur. Dünyada istehsal olunan zeytunun 10%-ni verən Türkiyə, qara zeytun istehsalında 1-ci, süfrə zeytununda 2-ci, zeytun yağı istehsalında isə 4-cü yerdədir. Bu rəqəmlərin meydana çıxmasında İznikin rolu böyükdür. İznikin gözəl zeytunları kimi mətbəxi də öygüyə layiqdir.
Bu bölgədə mətbəx mədəniyyəti olduqca zəngindir. Tərəvəz və ət yeməklərinin demək olar ki, bütün növləri hazırlanmaqdadır. İznikə yolunuz düşsə İznik gölün sahilində sazan balığının şorbası və kababı, naqqa balığının şişliyi və buğlaması kimi müxtəlif balıq yeməklərinin dadına baxmadan geri dönməyin.

İznikin təbiətinə gəlincə…
İznik gölünün şərq sahilində bərəkətli ovada yerləşən İznikdə, ilin hər fəslində yaşıl rəngini qoruyan təbiəti və bol oksigenli təmiz havası ilə təbiət vurğunları üçün əla şərait mövcuddur. Qatırlı dağın Köristan, Ovdan, Müşkülə yaylaqları, Samanlı dağın Hacı Osman yaylağı, Sansaraq kəndi yaxınlığında 8 km.-lik distansiyasıyla Sansaraq kanyonu düşərgə salmaq yaxud təbiətin qoynunda gəzmək istəyənlər üçün əlverişli yerlərdir. Ərazidə foto-safari gəziləri təşkil edilməkdədir. Hacı Osman yaylağı otüstü xizəksürmə üçün əlverişlidir.

Və nəhayət, gözəlliyi ilə insanı özünə çəkən İznik gölü…
Təmiz və şəffaf görünüşlü İznik gölü, böyüklüyünə görə Türkiyənin beşinci təbii gölüdür. Yay aylarında göldə üzmək və xüsusən gölün güney sahilində düşərgə salaraq dincəlmək olar. İznik gölü il boyu yelkən yarışması və digər su idmanları, eləcə də həvəskar balıq ovlayanlar üçün olduqca əlverişlidir. Bu göl xüsusi ilə günəşin batışının ən gözəl mənzərəsi olan yerlərdən biridir. Günəşin doğuşu və batışı saatlarında gölün ətrafı fotoqraflarla qaynayır. Onlar dəqiqəbədəqiqə günəşin batışının gözəlliyinin fotoyaddaşa köçürürlər. Amma sadə insanlar da bu doğal gözəlliyini (doğa hadisəsini) məhz İznik gölü yaxınlığında seyr etməyi sevirlər. Məhz burada günəşin qıpqırmızı batışını bütün gözəlliyi ilə seyr etmək və fotoaparatın yaddaşına köçürmək mənə də nəsib oldu. Ünlü Övliya Çələbi bu gölü elə bir sevgiylə anlatmışdır ki, mən bu qədərini edə bilmirəm. Məncə, ən gözəli İznik gölünü görməkdir…
Gölün qərbində Türkiyənin ən geniş və ən gözəl piknik sahələri çoxlu sayda insanı özünə çəkir. Baxırsan, çadır quran kim, ailəsi ilə birlikdə təbiətin qoynundakı bu gözəllikdə dincələn kim, şənlənən kim, hələ bir qırağa çəkilib kitab oxuyan kim…
    İznik gölü
İznik gölünə baxan təpənin birinin üzərində Türklərin tarixdə qurduğu imperiyaların bayraqları dalğalanır. Dünyaya sanki bir ismarıc verən bu mənzərəni görmənizə dəyər. Bayraqların həmən yanında isə Bayraqlı Dədə Türbəsi yerləşir. Bu türbə Abdülvahab Sancaqdarı Türbəsi də adlanır. Yerli xalq deyir, bu türbə İzniki alan İslam ordularından Abdülvahab adlı bir nəfərə aiddir. VIII yüzildə İznikə hücum zamanı İslam ordularına böyük dəstək göstərdiyinə görə Türklər İzniki aldıqdan sonra onun xatirəsinə bir türbə tikdirmişlər. Əfsanəyə görə VIII yüzildə bir sancaqdar olan Abdulvahab İslam orduları İznikə hücum edərkən şəhid olmuşdur. Türbə bayraqların içərisindədir.
Buranı ziyarət edən insanlar buraya bayraqlar bağlar, arzu-dilək edərlər. Bu səbəbdən türbə xalq arasında «Bayraqlı Dədə» olaraq tanınmışdır. Biz də bayraqlarımızı taxıb, diləklərimizi edirik. Bayraqlı Dədəyə söz veririk ki, torpaqlarımızın, Qarabağın işğaldan azad edilməsi xəbərini ona da çatdıracağıq. Diləklərimizi edib gözəl İzniklə vidalaşaraq İstanbula qayıdırıq.
Yol üstü İbrahim bəy İznikdən cəmi bir neçə km aralıda yerləşən Yenişəhərə baş çəkməyi təklif edir və maraqlı bir hadisə danışır: “Təxminən 18-ci əsrdə Şamaxıdan Anadoluya köçmüş bir Azərbaycanlı, Azərbaycan Türkü ailəsi özünə bu şəhərdə 19-cu əsrdə gözəl bir mülk qurur.
Bursa Yenişehir Şamaki eviBir müddət sonra isə həmin mülkü müzey kimi istifadə etmək üçün dövlətə bağışlayır. Tək istəyi həmin müzeyin adında vətənin bir parçası olan Şamaxının adının olması olur”… və artıq neçə illərdir ki, Bursa Yenişəhər Şamaxı Evi muzeyi bu bölgənin və gələn turistlərin ən çox baş çəkdiyi məkanlardan biridir. Bu gözəl müzeyi ziyarət edirik… Çöl qapısının üzərindəki Bursa Yenişəhər Şamaxı Evi Müzeyi sözlərini görmək mənə olduqca xoş təsir edir. İki mərtəbəli bu gözəl binanı xüsusilə zənginləşdirən otaqlardakı çox zəngin əl işi süsləmələrdir. Türk memarlığının bu tayı-bərabər olmayan örnəyi gələn qonaqları özünə heyran qoyur. 
Əhsən sizə bu gözəl abidəni yaradıb, onu müzey kimi istifadə olunması üçün dövlətə verən Şamaxı ailəsi!
Bu muzeyi on minlərlə insan ziyarət edir və qədim Şamaxının adını daşıyan bu gözəl Bursa Yenişəhər Şamaxı Evi Muzeyinə baş çəkənlər muzeyin tarixçəsi öyrənən zaman Azərbaycan Türkünü də daha yaxından tanıyır. Elə muzeyin adındakı Şamaxı Evi sözü bu gözəl ailəni hörmətlə yad etmək üçün kifayət edər… Sizin kimilər çox olsun deyirik və İstanbula doğru yola düşürük. Yol boyu yolun qırağı uzunu hasarlanmamış meyvə bağlarının gözəlliyinə tamaşa edirəm. İbrahim bəydən, “yol keçən insanlar bu bağlara toxunmur?” deyə soruşuram. Deyir, “toxunur, ancaq yol kənarından başlayaraq ilk iki cərgəyə toxunurlar”. Sövq-təbii həmən “niyə iki?” deyirəm. “Bütün bağ sahibləri yol kənarındakı ili iki cərgəni yoldan keçən insanlar dadsın deyə əkirlər və yeyənlərə halal edirlər. İnsanlar da bunu bilir, iki sıradan sonraya toxunmurlar” deyir…
Rayonlarımızda, kəndlərimizdə yol boyu sahələri xatırlayıram. Bu gələnəyi bizim bölgələrdə də yaymaq lazım olduğunu; nə vaxtsa bizlərdə də (bütün Türk boylarında, türk yurdlarında) belə olmuşdur deyə düşünürəm.



Müəllif: Qənirə Paşayeva 

0 şərh