Möcüzələrlə dolu ada Krit


Krit Yunanıstanın ən böyük adasıdır. Paytaxtı İraklion şəhəridir. Bu əfsanəvi məkana getmək üçün Bakı- Moskva-İraklion reysindən istifadə etməlisən. Möhtəşəm Krit mənzərəsi sübut edir ki, bura həqiqətən «Allahlar diyarı » olub. Adanın ən hündür yerində Zevsin doğulduğu «Dikteon» mağarası yerləşir. Deyilənə görə, ildə bir dəfə — Zevsin doğulduğu gün — mağaradan qəribə səslər gəlir, qeyri-adi işıq süzülür. Buna şahidlik etmək hər kəsə nəsib olmur. Möcüzəvi suyu olan Buhta Balos əsl sirlər diyarıdır. Bədənində sağalmaz yaraları olan insanlar buradakı suda çimən kimi sağalırlar.

Krit adasının gözəl qoxulu qumu, palitranı xatırladan Elafonis sahili, adı “Qırmızı kitab”a düşmüş qırmızı rəngli dağ keçisi, bir çox xəstəliklərin dərmanı olan, dünyanın heç bir yerində bitməyən şəfalı otlar Kritin xəzinəsi hesab olunur. “Agios Nicolaos” məbədi turistlərin heyran qaldığı ən sirli yerdir. Burada ətrafı limon ağacları ilə əhatələnmiş, yalnız qadınların girə bildiyi “Panaqiya Kaliviani” məbədi yerləşir. Ətri ilə insanı bihuş edən limon ağaclarının qeyri-adiliyi ondadır ki, ilin bütün fəsillərində onların üstündə həm çiçək, həm də meyvə olur.

Mətbəx
Kritdə gübrəli, dərmanla yetişdirilən meyvə-tərəvəzlərin satılması qadağandır. Buradakı yeməklər insanın immunitetini artırır, ömrü uzadır. Bütün otellərdə ərzaqlar mütəxəssislər tərəfindən yoxlanıldıqdan sonra mətbəxə göndərilir. Ən ləzzətli şorbalardan biri dəniz məhsullarından hazırlanan «Nasiotiki»dir. Kritlilərin ən məşhur yeməyi badımcan və beşamel sousundan hazırlanan «Musaku»dur. Ətli piroq «Kreatopita », ballı peçenye «Melomakaron» Krit mətbəxinin vazkeçilməz təamlarındandır. Restoranlarda türk paxlavasına da rast gəlmək mümkündür. Ən məşhur içkiləri şərabdır ki, o da yalnız çəlləklərdə satılır.
 

Unutma
Aldığın əşyaların dəyəri 10 min dollardan artıq olmamalıdır. Ölkədən tarixi suvenirlər və ikonalar çıxartmaq qadağandır. Çimərlikdə ayaqyalın gəzmək olmaz. Mağazalar səhər 8-dən günorta 2-yə kimi açıq olur. Şənbə və bazar günləri hamı istirahət edir. Adada oğru yoxdur. İnsanlar ev və avtomobillərinin qapısını açıq qoyub, istədikləri yerə gedə bilərlər.

formaggio.az 

1 şərh

Ramil
Limonun hər mövsümdə «təzə» qalmasının səbəbi yəqin ki, Kritin Şimali Afrika iqliminə sahib olmasıdır.