Tarixlə müasirliyin kəsişdiyi Lissabon

Çayın kənarında, yaşıllığı bol bir Avropa şəhəri xəyal edin. O şəhərin tarixi, ensiz küçələrində, sarı, köhnə, birvaqonlu tramvaylar var. Şəhər müasirləşir, inkişaf edir, eyni zamanda qədim üzünü də qoruyur: tarixinə sayğı duyur, köhnə tikililərə toxunmur, incitmir… Qısası, gəzdikcə şəhərin ruhunu duyursan.
Bir tərəfi çay, mavilik, yeni tikililər, müasirlik, digər tərəfi isə tarixi tikililər, yüksəklik…
Söhbət Taxo (Tejo) çayının sahilində, yeddi təpə üzərində yerləşən Lissabondan (Lisboa) gedir. Portuqaliyanın paytaxtı və ən böyük şəhəridir. İstanbul və Roma kimi 7 təpə üzərində qurulub. Lissabon
Məncə, Lissabon bizim səyahətçilər arasında çox da məşhur deyil. “Facebook”-da 2000-dən artıq dostum var. Aralarında səyahət edənlər, səyahətçilər çoxdur, ancaq hələ sırf gəzmək üçün Lissabona gedənini xatırlamıram. Bir-iki dəfə görmüşəm, o da iş səyahəti, təlim, konfrans və s. məqsədli olub. Hə, bir də, bu yaxınlarda fransız jurnalist dostumun “Instagram”da Lissabondan foto paylaşdığını gördüm. Təxmini belə bir başlıqla: “Bu şəhəri sadəcə anlamaq, ruhunu duymaq lazımdır”.
Şəhəri İstanbula, Romaya, İzmirə və s. bənzədənlər var. Mənsə deyərdim, heç yerə bənzəmir, elə özüdür ki var..
Bir tərəfi müasirliyi ilə seçilir. Yeni binaları, modern restoranları, mağazaları, digər tərəfi isə tarixiliyi ilə gözəldir. Tarixi hissəsinin ensiz küçələrini sarı tramvaylar bəzəyir.
O sarı tramvaylar var ha, bax, onlar Lissabonun bütün görməli yerlərindən keçirlər. Mən bir dəfə şəhəri piyada gəzdim, doymadım. İkinci dəfə isə tramvaya minib, 2-3 dövrə vurdum. Lissabona səyahətimin 31-ci günü gəldiyimi, həmin günlərin hamısını dayanmadan gəzdiyimi düşünsək, pis nəticə sayılmaz
Alfama – Lissabonun Sao Jorge Qalası ilə Taxo çayı arasında, yoxuşda qurulmuş köhnə məhəlləsidir. Adı ərəbcədən götürülüb (Al-hamma), “hamam” deməkdir. Burada çoxsaylı tarixi binalar və barlar var.
Bir də çay kənarında, yeni salınmış, müasir yaşayış bölgəsi və yaxınlığındakı Belem adlanan yerə gedə bilərsiniz. Buradakı Belem qalasını da ziyarət etmək olar. Muzey sevənlər, Tarix Muzeyi, Dənizçilik Muzeyinə baş çəkə bilərsiniz. Bilirsiniz, Portuqaliya dənizçilik sahəsində dünyada məşhurdur. Yox, muzeyə xərcləməyə pulunuz qalmayıbsa, üzülməyin. Şəhər özü canlı muzeydir elə. Gəzməklə də Portuqaliyanı, portuqaliyalıları, Lissabonu, bu şəhərin sakinlərini tanıya bilərsiniz.
Görülməyi gözləyən Müqəddəs Məryəm Katedralı (Santa Maria Maior) da var. Lissabonlular buranı “Se” deyə də adlandırırlar. Şəhərin ən köhnə kilsələrdəndir.
Alış-veriş etmək istəyirsinizsə, Rua Agusta küçəsinə gedin. Sağı-solu brend markalara aid mağazalarla doludur. Buradan Portuqaliya, Lissabona aid suvenirlər, dostlarınıza əl işlərindən olan hədiyyələr də tapa bilərsiniz. Küçənin ortasını kənardakı restoranların rəngli masaları bəzəyir. Canınız yemək çəkirsə, burada qarnınızı doyura bilərsiniz.
Rua Agustanın sonu Taxo çayına açılır. Başlanğıcını İspaniyadan götürən çay Lissabondan Atlantik okeanına tökülür. Bu arada, İspaniya Portuqaliyanın yeganə qonşusudur

0 şərh