Dənizlər kraliçası , kanallar və körpülər şəhəri

Ömrümdə məndən bu qədər üzr və yol istəyən olmamışdı. Bu şəhərdə addımbaşı kiməsə yol vermək üçün kənara çəkilməli olursan. Yollar dar, turist çox… 118 adadan ibarət Vensiyadayıq…
İtaliyanın şimal-şərqində olan Venesiya mənim üçün dünyanın ən gözəl şəhərlərindəndir. Adına “Dənizlər kraliçası”, kanallar, körpülər şəhəri də deyilir. 170 kanalı, 400-ə yaxın körpüsü var. Venesiya o qədər gözəl, arzulanan şəhərdir ki, buraya gələ bildiyim üçün özümü həm şanslı, həm də nağıl qəhrəmanı kimi hiss edirdim. Yayı həm çox isti keçir, həm də turistlərlə dolub-daşır. Gözün qalır möhtəşəm saraylarda, binalarda bir də ayılırsan ki, kiminsə ayağını əzmisən. Deyirlər, şəhərdə 200-dən çox tarixi saray var.
Venesiya
Küçələrində gəzəndə qulağına uzaqdan, həzin meh kimi Vivaldinin 4 fəslinin (italyanca: Le quattro stagioni) sədası gəlir. Belə də olmalıdır, çünki Vivaldinin şəhəridir. Deyilənə görə o, Venesiyadakı kilsələrin birində 35 il musiqi dərsi verib. Görən bu 35 ildə nə qədər tələbəsi olub? Düşünmədən edə bilmirsən.
Gəzib-görməli yerlərin başında San-Marko meydanı gəlir. Turistlərin qaynadığı, göyərçinlərin uçuşduğu gözəl bir məkandır. Məşhur “San Marko Bazilikası” da bu meydandadır. Yerlilər San Markonun Venesiyanın qoruyucusu olduğuna inanırlar. Sümüklərini İsgəndəriyyədən gətiriblər. Buradakı Bazilikanın içində saxlayırlar.
Getmişkən müqəddəs Mark kilsəsinə də baş çəkin (829-832; 1073-95 illərdə yenidən tikilib). Venesiyanın ən gözəl memarlıq abidəsi sayılır.
Görülməsi gərəkən daha bir yer də 170 kanalın ən böyüyüdür. “Böyük kanal” deyirlər. Üzərində 3 körpü var. Ən məşhuru “Riyalto”dur. Uzunluğu 3 km, eni 50 metrdir.
“Peggy Guggenhein” muzeyini də unutmayın. İçində möhtəşəm əsərlər var. Muzeyə, sənətə marağı olanlar mütləq gedib görsünlər.
Venesiya
Vaxtınız qalsa, Venesiyanın ətrafındakı adaları da görün. Bunların içində Murano, Burano, Tirçello çox gözəldir. Rəngarəng evlərin, kiçik kanalların və körpülərin olduğu bu qəsəbələrin sakinləri şüşədən bəzək əşyaları düzəldirlər. Şüşə emalatxanalarını ziyarət edə, əşyaların düzəldilməsini izləyə, istədiyiniz suveniri ala bilərsiniz.
Şəhərin dar küçələri pizza və pasta (spagetti) restoranları ilə doludur. Normal ölçülü pizza 6-10, spagetti isə 6-7 avrodan başlayır. Ən bahalısı dəniz məhsulları ilə olandır ki, 44 avro qiyməti var.
Səyahətçilər Venesiyaya getmənin ən yaxşı vaxtının yaz və payız olduğunu deyirlər. Xüsusən də mayı tövsiyyə edilər. Ancaq biz iyulda getmişdik. Çox isti, bürkü, ağcaqanadlı və basırıq idi. Ancaq bu, mənim arzusunda olduğum şəhərdən zövq almama mane olmadı.
Mən hansı mövsümün daha məsləhətli olduğunu gedib gələndən sonra bildim.


Mənbə: seyahetchi.com

0 şərh