Tailand - min məbəd və min gülüş ölkəsi

Tailandın paytaxtı Banqkok Cənub Şərqi Asiyanın incisi hesab edilir. Banqkok 200 il bundan əvvəl kiçik bir balıqçı qəsəbəsi idi. Tay dilindən tərcümədə Banqkok qısaca olaraq mələklər ölkəsi mənasını verir. Amma Banqkokun tam adının tay dilində mənası belədir: “Mələklər, ölməz hökmdarlar, 9 qiymətli qaş-daş, kral sarayları”.
Tailand unikal ekzotik bir ölkədir və bu da oraya səyahət edənlərə böyük təsir bağışlyayır. Tailandın ərazisi 513 min 115 kvadratkilometr, əhalisi 66,8 milyon nəfərdir artıqdır. Ölkə bütövlüklə Hind-Çin yarımadasında yerləşir. Yalnız Tailandın cənub hissəsi Malay yarımadasına düşür. Şimalda və qərbdə ölkə Birma, şimal-şərqdə Laos, qərbdə Kamboca, cənubda isə Malayziya ilə sərhəddir. Tailandda yaşayan əhalinin 90 faizi buddistdir. Tailand 1939-cu ilə kimi Siam krallığı adı ilə tanınıb.Tailand tropik meşələrin qoynunda yerləşdiyi üçün təbiəti ilin bütün fəsillərində gözəl və ecazkardır. Tailand turistlər və qonaqlar arasında “Min məbəd və min gülüş” ölkəsi kimi də məşhurdur.


Bankok - qədim və ekzotik şəhər

Tailand,Cənuş Şərqi AsiyaTailandın paytaxtı Bankok Cənub Şərqi Asiyanın incisi hesab edilir. Bankok 200 il bundan əvvəl kiçik bir balıqçı qəsəbəsi idi. Tay dilindən tərcümədə Bankok qısaca olaraq mələklər ölkəsi mənasını verir. Amma Bankokun tam adının tay dilində mənası belədir: “Mələklər, ölməz hökmdarlar, 9 qiymətli qaş-daş, kral sarayları”.

Burada qədim memarlıq inciləri günümüzə qədər mühafizə edilərək saxlanılıb. Onlardan biri də 1783-cü ildə inşa edilən Böyük Kral sarayıdır. Saray nəinki Asiyanın, həm də dünya memarlığının incilərindən hesab edilir. Ona görə də bu saray Tailanda gələn qonaqları və turistləri özünə heyran edir. Sarayın şimal hissəsində yerləşən Zümrüd Budda məbədi və qızıl taxtda əyləşən Buddanın heykəli öz gözəlliyi ilə ecazkar təsir bağışlayır. Bundan əlavə, Bankokdakı Qızıl Budda məbədindəki qızıldan hazırlanan və 5,5 ton ağırlığında olan Buddanın heykəli də turistlər tərəfindən maraqla qarşılanır. Ümumiyyətlə, Bankokda memarlıq inciləri hesab edilən 400-dən artıq məbəd var.


Füsunkar iqlim

May-sentyabr aylarında Tailand xoş ətri ilə insanın ağlını başından alan rəngarəng güllər diyarına çevrilir. Sanki Tailandın hər guşəsi mahir bir rəssamın əli ilə çəkilən bir rəsm əsəridir. Tailandın mülayim qışı var və burada temperatur qışda belə 22-25 dərəcədən aşağı düşmür. Ona görə də il boyu Tailand turistlər üçün cəlbedici olur. Tailandlıları fərqləndirən bir xüsusiyyət də onların ölkəyə gələn qonaqları razı salmaq üçün bütün imkanlardan istifadə etmələridir. Tailandlılar qonaqların özlərini evdə hiss etmələri üçün ən cüzi, diqqəti cəlb etməyən incəlikləri belə, nəzərə alıblar. Tailandı turistlər üçün cəzbedici edən amillərdən biri də qiymətlərin ucuz olmasıdır. Burada cüzi xərclə arzuedilən səviyyədə dincəlmək mümkündür.

Tailandın təbiəti də özünəməxsusluğu ilə Cənub Şərqi Asiyada təkraredilməzdir. Tailand - yüksək dağlar, sıx meşələr, bolsulu çaylar, qızılı qumlu çimərliklər, çoxsaylı ekzotik bitkilər ölkəsidir. Mavi dənizlər, lacivərd sular və dəniz qoynunda yerləşən səfalı adalar olduqca gözəldir. Burada təbiət ilkin yaradılışında olduğu kimi, öz təbiiliyini və gözəlliyini qoruyub saxlaya bilib.


Cəngəllikləri xatırladan parklar

Bankokdakı parklar əsl istirahət mərkəzləridir. Bu parklar milli memarlıq ənənələrinə uyğun salınıb. Məsələn, turistlərin ən çox ziyarət etdikləri “Mecik Lend” parkında oyun və istirahət karuselləri, təbiətin qoynunda xüsusi zövqlə uyumaq və dincəlmək üçün yarıaçıq yataq çarpayıları, dünyanın istənilən ölkəsinin telekanallarını seyr etmək üçün televizorlar var. Parkların böyük hissəsi keçilməz meşəlikləri xatırladır və insan burada özünü vəhşi təbiətin qoynunda olduğu kimi hiss edir. Parkda texniki vasitələrlə vəhşi təbiət özünəməxsus şəkildə sintezdədir. Bankokdakı “Park Siti” daha çox süni gölləri, şəlaləri və attraksionları ilə məşhurdur. “Safari Uorld” parkında isə Afrika və Asiya heyvanları və 4000-dən artıq quş növü saxlanılır. “Safari Uorld” parkı dünyanın ən zəngin təbii zooparklarından biridir və bura da müxtəlif ölkələrdən gələn turistləri maqnit kimi özünə cəlb edir. Qeyd edək ki, Tailandda 60-dan yuxarı milli park fəaliyyət göstərir.

 

Rəngarəng və ekzotik mətbəx

Tailand gözəllikləri,buddist məbədiTailandın mətbəxi də özü kimi özünəməxsus və təkraredilməzdir. Bu mətbəx Tailanda gələnlər üçün ekzotik təsir bağışlayır. Tailandın əlverişli iqlim şəraitinə malik olması burada ildə iki, bəzən də üç dəfə məhsul götürməyə imkan verir. Tərəvəz burada il boyu yetişir və həmişə süfrədə göy-göyərti olur. Tailandın əlverişli iqlimə malik olması onun mətbəxinin də olduqca zəngin olmasına gətirib çıxarıb. Bir sözlə, Tailandda ilin bütün fəsillərində bazarlar aşıb-daşır. Ona görə də Tailandda aclıqdan danışsan səni başa düşməyəcəklər. Ölkədə ərzaq bolluğu tay dilində “aclıq” sözünün olmamasında da özünü göstərir.

Tailandlılar öz mətbəxlərində ətdən, balıqdan, həmçinin yuxarıda qeyd etdiyimiz kimi, çoxçeşidli meyvə-tərəvəzdən geniş istifadə edirlər. Tailandda xüsusilə bayramlarda mətbəxlər daha zəngin və rəngarəng olur. Bu zaman milli mətbəxə xas olan bütün yeməklər süfrəyə gətirilir. Ona görə də zəngin tay mətbəxi ilə ilk dəfə tanış olan qonaqlar, xüsusilə Avropa ölkələrindən olan turistlər heyrətlərini gizlədə bilmirlər. Tay mətbəxini fərqləndirən bir xüsusiyyət də süfrəyə verilən yeməklərin olduqca gözəl, müxtəlif formalarda hazırlanmasıdır. Bəzən yeməklərə baxanda elə bilirsən ki, məşhur bir rəssamın insanı valeh edən rəsm əsəri qarşındasan.

Tay mətbəxinin bir xüsusiyyəti də var: belə ki, süfrədə milli mətbəxin ənənələrinə uyğun şəkildə hökmən düyü, sarımsaq, kokos, limon, zəncəfil kökü və koriandr (keşniş) olmalıdır.


Turizm mərkəzi

Tailand-cənnətin bir guşəsiTailandı həm də Asiyanın turizm paytaxtı adlandırırlar. Burada turistlərin istər göz yaşı kimi saf suları olan dəniz sahillərində, istərsə də təbiətin yaşıl qoynunda, çay kənarlarında, xüsusi mini-otellərdə (bir neçə nəfərlik, həmçinin ailəliklə) dincəlməsi üçün lazım olan bütün şərait yaradılıb. Ötən əsrin 60-cı illərində Tailandda turizm sürətlə inkişaf etməyə başladı. Ölkənin müxtəlif yerlərində bir-birinin ardınca yüzlərlə istirahət ocaqları, müasir mehmanxanalar inşa edildi. Tailandın ən məşhur kurort əraziləri isə bunlardır: Bankok, Çianq Mae, Pattayya, Pxukat şəhərləri, Samui və Xua-xin adaları.

Tailandda istirahət edən turistlər göz yaşı kimi təmiz mavi dəniz sahillərində, müalicəvi qum çimərliklərində özlərini olduqca rahat hiss edirlər.

Yazını internet materialları əsasında Əziz Mustafa hazırlayıb.

2 şərh

bankir
bəzi yerdə Bankok yaılıb bəzisində Banqkok.
Cavid
Çox gözəl hazırlanıb, ümumiyyətlə cənub-şərqi Asiya ölkələrinin çoxu maraqlı və görməyə dəyər yerlərdir amma hamısını birləşdirən bir əsas xüsusiyyət var, sizcə bu nədir? :)