Belçika

  • Turizm

Belçika Krallığından danışanda çox ehtiyatlı olmaq lazımdır və biz də buna əsaslanaraq, Krallıq barədə yazını Brüsselin üzərində qurmaq qərarına gəldik. Çünki monarxiya dövlətində müxtəlif dil və mədəniyyətlərin vahid formada birləşdiyi yeganə şəhər məhz paytaxt Brüsseldir. Bu şəhərə bəzən Avropanın ürəyi də deyirlər. Turistlərin ən çox sevdiyi Avropa ölkələrindən birdir.
Bekçika paytaxtı Brüssel şəhəri

77 yaşlı Kral II Albert Belçikaya 1993-cü ildən rəhbərlik edir. Əslində, digər Avropa monarxları kimi, onun da hakimiyyəti simvolikdir və monarx daha çox ölkənin vahidliyinin təcəssümüdür. Kralın daha vacib rolu isə barışdırıcı mövqetutmasıdır. Çünki Avropanın üzdə stabil görünən bu ölkəsində, həqiqətən, bu missiyaya ehtiyac var. Belçika 3 müxtəlif dildə danışan fərqli toplumların konfederasiyasıdır. Flaman, fransız və alman toplumları heç də həmişə bir-birinə qarşı tolerantlıq nümayiş etdirmir. Xüsusən də, seçki ərəfəsində siyasi ehtiraslar o qədər qızışır ki, hətta dövlət parçalanma təhlükəsi ilə üzləşir. Kralın barışdırıcı mövqeyi də məhz burada belçikalıların köməyinə çatır.

Brüssel şəhərinin görməli yerləri Avropanın ən gözəl mənzərəli yerlərindən olan Brussel
Brüssel kasıbların zənginlərlə bərabər "sıxılmadan yaşaya biləcəyi, bəlkə də ilk və son Avropa şəhəridir. Orxan Pamukun dediyi kimi, "Əgər SSRİ kommunizm qurmaq istəyirdisə, yəqin ki, oradakı yaşayış Brüsseldəki tıpdə olacaqdı". Adi bir misal, bu şəhərdə ictimai nəqliyyat rahatlığına və keyfiyyətinə görə heç də varlıların bahalı maşınlarından geri qalmır. Eyni sürət, eyni komfort! Söhbət maşınlardan düşmüşkən, şəhərdə avtomobildən çox velosiped var. Təbii ki, bu, bir tərəfdən tıxaclarla bağlıdırsa, digər tərəfdən, belçikalıların eyni zamanda bir neçə iş görmək əzmləri ilə əlaqəlidir. Yəni Brüssel sakinləri velosipedlə həm pula qənaət edir, həm fiziki gümrahlıqlarını qoruyur, həm də atmosferi avtobobil tüstüsünün zərərindən xilas etmiş olurlar. Yəqin, elə buna görədir ki, 2 milyona yaxın əhalisinin olmasına baxmayaraq, Brüsselin havası çox təmizdir. Şəhərin yaşıllığa bürünməsi göz oxşayır. Yəqin ki, yollar və binalar olmasaydı, şəhər Brüsseli əhatələmiş Sonia meşələrinə qovuşardı.

Welcome to Brussel

Avropa şəhərləri.Brüssel şəhəri
Şəhərlə daha yaxından tanış olduqda insanın qarşısında bütün istiqamətlərə yeni-yeni imkanlar açılır. Yayın ilk ayını yaşadığımız üçün, diqqəti daha çox Brüsselin turistik əhəmiyyətinə yönəltmək məqsədəuyğun olar. Hava limanının bələdçisindən qalacağım otel barədə soruşdum. Özümü soyuq avropalının laqeyd cavabına hazıriayırdım ki, fikirlərim məni yanıltdı. Almanləhcəli ingiliscəsi ilə məni salamlayan 35-36 yaşlı bir bəy öncə otelin yerini başa saldı, sonra isə düz, qatara qədər ötürdü. Bu mənim Brüssellə bağlı ilk xoş təəssüratım oldu.

Brüssel zəngin memarlıq ənənələri olan bir şəhərdir. Fransız və alman memarları tərəfindən inşa edilən binalar şəhərə qeyri-adi gözəllik bəxş edir. Mərkəzdə başdan-başa 4-6 mərtəbəli tarixi binalar üstünlük təşkil etsə də, ara-sıra şüşə və dəmir konstruksiyalı göydələnlər gözə dəyir. Hökumət orqanlarına və bələdiyyəyə aid bütün strukturlar tarixi binalarda yerləşib. Avropa İttifaqı və NATO-ya məxsus strukturlar üçün isə məxsusi yeni üslubda binalar tikilib. Bundan əlavə, şəhərin bir neçə yerində əzəməti ilə göz oxşayan kral sarayları ucalır.

Qədim memarlıq abidələri ilə zəngin Brüssel şəhəri
Brüsselin simasını, ümumilikdə, 2 memarlıq istiqaməti müəyyənləşdirir. Birincisi heyrətamiz kilsələr və bir-birindən gözəl müxtəlif heykəltəraşlıq nümunələri. Şəhərin, demək olar, bütün küçələrində Brüssel krallarının at belində heykəllərinə, kilsə müqəddəslərin abidələrinə, müxtəlif real və mifik heyvanların əks olunduğu heykəllərə rast gəlmək mümkündür. Brüsseldə turistlərin ən çox üz tutduğu məkan "Grand Place" meydanı sayılır. Hər tərəfdən qot və Roma üslublu binalarla əhatələnmiş meydan, həqiqətən, nağıl dünyasına bənzəyir. Qırmızı daşlar düzülmüş meydanı əhatələyən binaların hər biri dünya memarlığının nadir incisi hesab edilir. Buna görə də "Grand Place" 1988-ci ildən YUNESKO-nun mədəni irs siyahısına daxil edilib. "Grand Place" meydanında "Müqəddəslər" kompozisiya heykəli yerləşir. Yerli sakinlər inanır ki, həmin heykəllərə toxunan insan bütün arzularına çatır. Ona görə də "Grand Place"in bu hissəsinə turistlərin ziyarəti çox olur. Meydanın əsrarəngliyini artıran digər monumenal iş Maneken Pis heykəlidir ki, bu barədə də jurnalın ilk sayında geniş məlumat vermişik. Brüsseldə turistləri cəlb edən daha bir məşhur məkan Mini Avropa parkıdır. Parka şöhrət gətirən 103 metr hündürlüyündə olan Atom abidəsidir ki, 1958-ci ildə burada qurulub. Abidənin özünə gəlincə, Vaterkeynin memarı olduğu bu sənət nümunəsində dəmir atomun quruluşu əks olunub.

şəhərin mərkəzi dalanların biri. Avropa gözəl yerdir
Polisə işləmək, yoxsa polislə işləmək?

Brüssellilər istiqanlı və həm də çox vicdanlı insanlardır. Amma qonaqpərvərlik bu şəhərin sakinlərinə yaddır. Burada hamı özü üçün yaşayır. Bununla belə, onları biganəlikdə qınamaq da olmaz. Hər hansı bir qanunazidd və ictimai qaydalara yanlış bir hərəkət etsən, o dəqiqə ətrafdakılar polislə işbirliyinə girib, səhvini düzəltməyə çalışarlar. Polisin isə dəqiq və qərəzsiz işinə əmin ola bilərsiniz. Brüssellilər polislə işbirliyini illərdir uğurla davam etdirirlər.

Bu yazını oxuduqdan sonra səyahət eşqinə düşənlər, diqqətinizə çatdırım ki, Belçikaya getmək üçün Şengen vizasına ehtiyacınız var. Müvafiq icazəni isə Azərbaycanda Fransa səfirliyindən əldə edə bilərsiniz.

Avropanın gözəl turist məkanlarından biri kimi Macarıstan da gəzməyə layiqdir.

Müəllif: Bəhruz Heydər

 

6 şərh

Xrizoberil
çox qəşəngdir…
2ral
Məni Belçikaya göndərməlisən,Cavid.
Cavid
2ral nəzərə aldım)
Silen_ce
Super!!! Binalar çox gözəldir…
Cavid
Avropanın ürəyi 'əbəs yerə deməyiblər)
Qını
Belçikanın özünəməxsus gözəlliyi var, hamıya getməyi mən də məsləhət görərdim.