İstanbul | Avropanın mədəniyyət paytaxtı

  • Turizm
Dünyada iki qitədə (Avropa və Asiya) yerləşən yeganə şəhər İstanbuldur. Özündə zəngin tarixi və mədəniyyəti yaşadan, 2 000 illik tarixi boyunca 3 böyük imperiyanın paytaxtı kimi tarixin hər üzünü görən məkan. Başdan-başa zəngin mədəniyyət abidələri ilə dolu şəhər və muzey. İstanbulu tanımaq üçün onun haqqında oxumaq, danışılanları dinləmək yetərli deyilmiş. Bunun üçün mütləq tarix qoxan küçələri addım-addım dolaşmaq, dünya üzərindəki ən böyük imperiyalardan - Bizans və Osmanlıdan qalan mirası yerində görmək, hər küncündə özün üçün kəşflər etmək lazımmış. Bu ecazkar şəhəri kəşf etdikcə tanımağa başlayırsan, tanıdıqca sevirsən. Qardaş ölkənin ən böyük şəhərinə ilk dəfə ayaq basanda məndə yaranan birinci təəssürat belə oldu: Napoleon Bonapart heç də yanılmayıb.

Kəşf etdikcə tanınan, tanındıqca sevilən şəhər
Böyüklüyünə görə dünyanın beşinci şəhəri olan, 8500 illik tarixə malik İstanbul həm də Türkiyənin mədəni, iqtisadi və maliyyə mərkəzidir. Mərmərə dənizi, dənizdə görünən adalar, məşhur Xəlic limanı, İstanbulu Avropa və Asiya ilə birləşdirən körpü, Bosfor boğazı bu şəhərə xüsusi gözəllik verir və bu gözəlliyin fonunda o, dünyanın tayı-bərabəri olmayan şəhərinə çevrilir.
Hər addımında insana tarixi xatırladan qədimliklə müasirliyi, şərqlə qərbi özündə yaşadan İstanbul Avropa Birliyi Mədəniyyət Nazirləri Şurasının qərarı ilə 2010-cu ildə Avropanın mədəniyyət paytaxtı seçildi. İstanbulun tarixi abidələrinin çoxu YUNESKO-nun Dünya İrsi siyahısına daxil edilib. Şəhərdə ən böyük tarixi abidələr Sultan Əhməd meydanındadır. Roma, Bizans və Osmanlı imperatorluqlarının izlərini özündə yaşadan meydanda məşhur Sultan Əhməd camesi, Topqapı sarayı və Ayasofya məbədi yerləşir.


Tayı-bərabəri olmayan Sultan Əhməd camesi

Türk və islam dünyasının ən möhtəşəm abidələrindən biri olan Sultan Əhməd məscidi həm də muzey kimi fəaliyyət göstərir. Namaz vaxtı buraya turistlərin girişi dayandırılır. 1609-1616-cı illərdə inşa edilən və klassik türk sənətinin örnəyi olan bu abidə 6 minarəyə malik yeganə camedir. Qeyd edim ki, İstanbulun ən gözəl mənzərəsi dənizdən görünür. Bu şahanə mənzərədə isə camenin silueti özünə xüsusi yer alır.
Böyük dəhlizdən içəriyə daxil olduqda sanki əsrarəngiz məkana düşürsən və zəngin rəngarəng bəzəklərlə qarşılaşırsan. Məscidi üç tərəfdən əhatəyə alan dəhlizlərin divarları sayı 20 mini ötən şahanə İznik çiniləri ilə bəzədilib. Bunların yuxarısı və qübbənin içəriləri boya işidir. Bütün camelərdə olduğu kimi, burada da yer xalılarla döşənib. Baş girişin qarşısında qərar tutan mehrabın yanında əsrarəngiz oymalı mərmər minbər olduqca cəlbedicidir.
Cameni beş sıra ilə əhatəyə alan 260 pəncərəsinin rəngli şüşələrindən süzülən işıq əsrarəngiz effekt yaradır. Sultan Əhməd camesinin əsl özəlliklərindən biri bol işıqlı olmasıdır. Bu gözəlliyi saatlarla dayanıb müşahidə etmək olar.

Qosqoca imperatorluğun möhtəşəm sarayı
İstanbulda ilk Osmanlı sarayının təməli Fateh Sultan Mehmet tərəfindən Bəyazid səmtində atılmışdır. 1454-1458-ci illərdə taxtadan tikilən köhnə sarayın hərəmlik və salamlıq bölümləri mövcud idi. Yeni sarayın (Topqapı sarayı) tikintisi 1466-cı ildə başlanmış, 1478-ci ildə bitirilmişdir. İqamətgah tikildiyi dövrdən başlayaraq sultanların həyata keçirdiyi bir çox dəyişiklik və əlavələrə məruz qalıb. Hündür qala divarları və darvaza ilə əhatəyə alınan saray öz möhtəşəmliyini bu gün də saxlayır. İstanbula gəldikdə ən çox ziyarət edilən bu tarixi abidə tək bir bina şəklində deyil, müxtəlif binalardan, köşk və dairələrdən ibarət kompleksdir. Dolmabağça sarayı tikilənə qədər saray 380 il Osmanlı dövlətinin idarə mərkəzi və Osmanlı sultanlarının rəsmi iqamətgahı olmuşdur. 1853-cü ildə Osmanlı Sultan Abdülməcidin göstərişi ilə iqamətgahın Dolmabağça sarayına köçürülməsi nəticəsində rəsmən saray statusu üzərindən götürülmüşdür.


Cümhuriyyət dövründə yekunlaşan bərpa işləri nəticəsində Topqapı sarayı əvvəlki möhtəşəmliyinə qovuşa bildi. O, 1924-cü ildən muzey kimi fəaliyyət göstərir. Xarici görkəmi olduqca sadə olan saray içəridən yüksək memarlıq üslubu ilə bəzədilib. Bura sultanın rəsmi iqamətgahı olmaqla bərabər rəsmi dövlət işlərinin mərkəzi, nazirlərin toplandığı məkan, dövlət xəzinəsi, dəftərxanası və alış-verişlərin həyata keçirildiyi yer olub. İmperiyanın ən ali məktəbi, universiteti və s. bu sarayda yerləşirdi. Bab-i Humayun kimi tanınan imperiya qapısından sarayın həyətinə daxil olursan. Sarayda nümayiş etdirilən muzey əşyalarının bir çoxu dünyada bənzəri olmayan şah əsərlərdir.

Saray kompleksinə daxil olan Çinili qəsri və Arxeologiya muzeyi də bu həyətdədir. Sarayda turistlərin ən çox diqqətini çəkən müqəddəs əmanətlərin saxlandığı 4 otaqdan ibarət muzeydir. Bu muzeydə sultanlara məxsus qiymətli şəxsi əşyalarla bərabər zaman-zaman Osmanlı sultanlarına bəxşiş edilən qiymətli hədiyyələr də qorunub saxlanılır. Şəxsi kolleksiyalarda yerləşdirilən və güclü mühafizə edilən eksponatların qarşısında saatlarla dayanmaq olar. Məsələn, Birinci Dünya müharibəsi zamanı məhv olmaması üçün Məkkədən İstanbula gətirilmiş peyğəmbərə məxsus əşyalar, qızıl taxtlar, bəzək əşyaları və digərləri orta əsr dövrü ilə bağlı zəngin təəssürat yaradır. Rəşidi xəlifələrinə məxsus silahlar, peyğəmbərlərə aid xatirə əşyaları da bu bölmədə saxlanılır.


Bitib tükənməyən təəssüratlar məkanı - Ayasofya

İslam dininə sitayiş edənlərlə xristianların birgəyaşayışının mümkünlüyünü sübut edən abidə - Ayasofya. Bizans dövrünün ən gözəl memarlıq və sənət nümunəsini özündə birləşdirən bu tarixi memarlıq abidəsi 916 illik müddət ərzində kilsə olaraq istifadə edilsə də, 1453-cü ildən sonrakı dövrdə - Sultan Mehmetin İstanbulu fəthindən sonra məscidə çevrilib. Türkiyə Cümhuriyyətinin elan olunmasından sonra isə - 1935-ci ildə Atatürkün əmri ilə muzey olaraq istifadə edilməyə başlanıldı. Ayasofya dünyada həm məscidi, həm də kilsəni özündə birləşdirən yeganə abidədir. Abidənin içərisini gəzdikcə həm xristianlığa, həm də islam dininə aid nişanələri gördükcə təəccüblənməyə bilmirsən. Türklər İstanbulu fəth etdikdən sonra islam qanunlarının dövlət idarəetməsində hakim olmasına rəğmən belə bir xristian məbədinin qorunması Osmanlı imperatorluğunda mövcud olmuş tolerantlıq mühitindən xəbər verir.

İstanbulun fəthindən sonra abidə məscidə çevrilsə də, kilsədəki rəsmlər məhv edilmədi. Sadəcə üzərinə gips çəkildi. Elə bunun nəticəsidir ki, bu gün həmin əsərlər Bizans dövrünün yadigarı kimi bu günədək gəlib çıxmışdır. Bu, türklərin digər xalqların mədəniyyətinə, dininə necə böyük hörmətlə yanaşmalarının göstəricisidir. 15 əsrlik tarixi olan Ayasofya məbədi hazırda dünyanın ən qədim abidə və tikililəri sırasında yer alıb. O, böyüklüyünə görə isə dünyanın dördüncü kilsəsi sayılır. Ayasofyanın memarlıq üslubu ilə yanaşı, mozaikaları da mühüm rol oynayır. Geometrik, bitki formalarına uyğun olan müxtəlif motivləri özündə birləşdirən mozaikalar IX-XII yüzilliklərdə hazırlanıb. Bunlara imperator qapısı üzərində, absis hesab olunan hissədə, çıxış qapısı üzərində və üst mərtəbədəki qalereyada rast gəlmək mümkündür. Ayasofyadakı bu zəngin mozaika və detallar, üstəlik islam və xristianlığa aid elementlər insanda bitib-tükənməyən təəssürat yaradır.


Suyun 1500 illik nağılı

İstanbulda gördüyüm ən çox əfsanəvi və nağılabənzər məkan Yerəbatan sərnici oldu. Yerin üzərindən sanki birdən-birə alaqaranlıq məkana düşürsən. Üzərində sular sızan divarlar parıldayır. Bitib-tükənməyən sütun sıraları sanki budanmış meşədəki ağac gövdələridir. Ayağının altındakı 1-2 metrlik suda balıqlar üzür. Su üzərindəki beton platformalarla irəliləyib bu əfsanəni bir qədər dərk etmək, özün üçün reallaşdırmaq istəyirsən. Əcnəbilərin "Bazilika" adlandırdığı Yerəbatan sərnici şəhərdə ən böyük qapalı və yeraltı su anbarıdır. Sultan Əhməd meydanında qərar tutan Yerəbatan sərnici 542-ci ildə Bizans imperatoru Yustinian tərəfindən sarayın su ehtiyacını ödəmək üçün inşa edilib. İstanbulun ən böyük çatışmazlığı şəhərdə su mənbələrinin azlıq etməsi olub. Lakin sərniclər bu problemin qarşısını alıb. Bunlardan ən böyüyü Ayasofyanın qarşısında yer alan və Bizans dövründə şəhəri su ehtiyatı ilə təmin edən Yerəbatan sərnicidir. Ona Yerəbatan saray da deyirdilər. İçəriyə girdikdə bənzətmənin yanlış olmadığını görmək olur.

1980-ci ildə sərnic bütünlüklə boşaldılıb bərpa edilib və hər tərəfini gəzə bilmək üçün beton platformalar salınıb. 1985-1988-ci illərdə İstanbul Böyükşəhər bələdiyyəsi təmizlik işləri apararaq sərnicin dibini təmizləyib. Qeyd edək ki, sərnicin uzunluğu 145 metr, eni 65 metrdir. 12 sıra olmaq etibarilə 336 sütuna malikdir. Son bərpa işləri zamanı qup-quru olan sərnicə yenidən su buraxılıb. İndi oradakı su 1-2 metr dərinliyindədir. İstanbul Böyükşəhər bələdiyyəsi sərnicdən mədəniyyət tədbirləri zamanı istifadə edir. Sərnicdə ən çox diqqəti cəlb edən şimal-qərb küncündəki iki sütunun altında yerləşdirilən iki meduza başıdır. Onlar Roma dövrü heykəltəraşlığının şah əsəri nümunələrindən hesab olunur. İçində balıqların üzdüyü suyun üzərinə yerləşdirilmiş platformalar sərnicin ən çox maraq çəkən yerinə - gözlərinin içinə baxanları daşa çevirdiyinə inanılan bu meduza başlarının yanına aparır. Nərdivanla aşağı enib onları yaxından seyr etdikdə həm də bu qədim türk şəhərində qorunan Roma memarlığının bir parçası ilə tanışlıq imkanı qazanırsan.


Meduza başlarının pisliklərdən qorunmaq üçün buraya gətirildiyi bildirilir. Sərnicə əfsanəvilik gətirən detallardan biri də "Ağlayan sütün"dur. Üzərində göz yaşları və göz şəkilləri işlənmiş sütunun özəlliyi həqiqətən də ondan ibarətdir ki, digərlərindən fərqli olaraq o, nəmlidir. Əl vurduqda, su damcılarını hiss edirsən.

Bazarlar, almanların ərməğanı və Tikilidaş
İstanbula gələn hər bir turist şəhərin bazarlarına üz tutur. İstanbulun ən qədim bazarlarından olan təbii dərmanların, ədviyyatların, çiçək toxumlarının, nadir bitki köklərinin satıldığı Misir bazarı 1660-cı ildə Turhan Sultan tərəfindən tikdirilib. İstanbulda əsl böyük bazar isə Sultan Süleyman Qanuni tərəfindən inşa etdirilən Qapalıçarşıdır (Örtülü bazar). Hər iki abidə bərpa edilərək qorunub saxlanmaqla yanaşı, həm də bazar kimi fəaliyyət göstərir. Sultan Əhməd meydanında növbəti tanış olduğum abidə camenin qarşısındakı Alman çeşməsi oldu. Çeşmə alman imperatoru Vilhelmin İstanbulu ziyarəti zamanı, 1901-ci ildə alman hökuməti tərəfindən hədiyyə edilib. Onun bütün parçaları da Almaniyada emal edildiyi üçün Alman çeşməsi adlandırılır. Çeşmənin üzərindəki hündür qübbənin içərisi tamamilə qızıldan hazırlanıb.


Sən demə, İstanbulda qədim Misirə aid abidə də varmış. Ayasofyanın yanında qarşımıza çıxan və Tikilidaş adlandırılan bu abidə Misirdən gətirilib. Üzərindəki heroqliflərin yalnız XVIII əsrdə oxunduğundan həm Bizans, həm də Osmanlı dövründə bu işarələrin şər ruhları qovduğuna inanılırdı. İstanbulda olduğum müddətdə yalnız Sultan Əhməd meydanındakı bu abidələrlə tanışlığa vaxtım çatdı. Amma bu şəhərdə görə bilmədiyim nə qədər qədim maddi-mədəniyyət abidələri mövcuddur. Təəssüf ki, onların hamısını ziyarət etməyə zaman yetmədi. İstanbulu tərk etdikdə isə beynimdə yaranmış təəssürat belə oldu: bu gün dünya mədəniyyətlərarası dialoqun yollarını axtarır, İstanbul isə qoruyub saxladığı Roma, Bizans abidələrinin simasında bunun mümkünlüyünü bütün dünyaya məharətlə nümayiş etdirir.


Mənbə: Milli Məclis jurnalı / Mehparə Sultanova
Həmçinin bax: Laplandiya, Hindistan, Misir, Nyu-York, İslandiya, Türkiyə,  Filippin, Tailand 
 

0 şərh