Şri Lanka

  • Turizm

65 min 610 km2 sahəsi olan Şri-Lanka dəniz səviyyəsindən 100 metr hündürlükdə yerləşir. Bu da ona xüsusi təbii gözəllik verir. Təbii gözəlliyinə görə dünyanın çox ölkəsi Şri-Lankaya həsəd apara bilər. Burada turistlər dünyanın heç yerində rast gələ bilmədikləri qonaqpərvərliklə qarşılaşırlar. Qızılı qumlu çimərliklər, müasir şəhərlər, təbiətin bənzərsiz gözəlliyi olan şəlalələr, yaşıl çay plantasiyaları, rəngarəng çiçəklər, kokos palmaları, ekzotik meyvələr, al-əlvan rənglərə çalan tutuquşular, uzunquyruq meymunlar turistlərdə qeyri-adi təsir bağışlayır. Adada yaşayan insanların adət-ənənələri, milli mətbəxi adanın heyrətamiz gözəlliyi ilə insanı riqqətə gətirən bir ahəng təşkil edir.

Şri-Lanka ilin bütün fəsillərində gözəldir. Adanın dəniz sahilləri Şri-Lankanın boynuna salınmış bir kəhrəbanı xatırladır. Rəvayətə görə, Adəm və Həvvanın ilk ayaq basdıqları məkan da məhz Şri-Lanka olub. Tropik bitkilər, 100 kilometrlərlə uzanan çimərliklər, unikal sualtı aləm və yüksək səviyyədə xidmət göstərilməsi Şri-Lankaya hər il milyonlarla turistin axın etməsinə səbəb olur. Ona görə də Şri-Lanka dünyanın ən böyük kurort ölkələrindən biri hesab edilir. Ekvatora yaxın olduğuna görə adada yanvar-may aylarında temperatur müsbət 26-28 dərəcə arasında olur. Bu isə turistlərin dincəlməsi üçün olduqca əlverişlidir. Adaya ən çox yağıntı yayda - may-sentyabr aylarında düşür. Həmin dövrdə adada musson küləkləri, sözün əsl mənasında, ağalıq edir və onlar özləri ilə adaya çoxlu yağıntılar gətirirlər. Ona görə də, adətən, adaya ən çox turistlər oktyabr-may aylarında axın edirlər.

Shri-Lanka (Ceylon) island

Şri-Lankada turistləri cəlb edən bir amil də buradakı qədim arxitektura abidələridir.

Ölkənin paytaxtı Kolombo isə adanın ən gözəl şəhərlərindən biridir. Şəhər qədim dövrə aid olan tarixi abidələrlə zəngindir. Eyni zamanda müasir arxitektura üslubunda inşa edilən binalar şəhərə özünəməxsus bir gözəllik verir. Kolombo həm də Asiyanın ən iri liman şəhərlərindən biri hesab edilir. Şəhərdə iri kompaniyaların ofisləri, banklar, ticarət mərkəzləri, neftayırma zavodları, toxuculuq, ağac emalı, sement zavodları, yüngül sənaye müəssisələr yerləşir. Şri-Lanka həm də tolerant ölkə hesab edilir. Burada müxtəlif dinlərə sitayiş edən insanlar mehriban şəraitdə yaşayırlar. Dini və milli rəngarənglik şəhərin arxitekturasında da özünəməxsus iz buraxıb. Belə ki, inşa edilən binalarda Qərb-Şərq memarlığı və rəngarəng milli koloritlər bütün parlaqlığı ilə nəzərə çarpır. Şəhərdə çoxlu sayda məscid, məbəd və kilsə var. Kolomboda turistlərin istirahəti və dincəlməsi şəhərin tarixi abidələri ilə tanış olması, həmçinin ticarət mərkəzlərində alver edə bilməsi üçün yüksək səviyyədə şərait yaradılıb.

Şri-Lankada turistləri özünə cəlb edən şəhərlərdən biri də Anuradxapuradır. Vaxtı ilə bu şəhər Şri-Lankanın qədim paytaxtlarından biri olub. Hazırda Anuradxapura buddistlərin ən çox ziyarət etdikləri şəhərlərdəndir. Şəhərdə çoxlu sayda buddist məbədləri var. Onlardan biri də böyük ustalıqla qayada inşa edilən İsurumuniya monastırıdır. Bu məbəd təkcə buddistlərin deyil, həm də adaya gələn turistlərin daha çox ziyarət etdikləri yerlərdən biridir.

Siqiriya dağında yerləşən Siqiriya şəhəri bağlar, basseynlər və fontanları ilə məşhurdur. Şəhər ətrafında 183 metr yüksəklikdə dünya mədəni irsinin incilərindən biri hesab edilən çar Kassapın sarayı yerləşir. Sarayda çarın əmri ilə qiymətli daş-qaşlarla 100-ə yaxın qadının freskası yaradılıb. Günümüzə kimi onlardan yalnız 21 fiqur gəlib çatıb. Bu ecazkar qadın fiqurları sanki canlıdırlar və elə bil bu dəqiqə dilə gələrək insanla danışacaqlar.

Kandi şəhəri ətrafı isə turistləri geniş çay plantasiyaları ilə özünə cəlb edir. Çay plantasiyaları sanki təbiətin qoynunda çəkilən canlı rəsm əsəridir. Göz işlədikcə uzanan çay plantasiyalarından ətrafa xoş, insanı özünə valeh edən bir ətir yayılır. Təsadüfi deyil ki, Şri-Lanka çayı dünyanın ən ətirli çayı hesab edilir və onun dünyada tayı-bərabəri yoxdur.

Qalle şəhəri dəniz sahilində yerləşən qızılı, müalicəvi əhəmiyyəti olan qumları ilə diqqəti cəlb edir. Ona görə də şəhərin otelləri daim turistlərlə dolu olur.

Şri Lanka tropik adasında

Şri-Lankada toy mərasimləri də olduqca özünəməxsusdur və turistlərə ölkənin özü kimi ekzotik təsir bağışlayır. Təzə ailə həyatı quranlara hər yerdə xüsusi qayğı və diqqətlə yanaşırlar. Ənənəyə uyğun olaraq toydan əvvəl yeni ailə həyatı quranlar fillərdə okean sahilləri boyu gəzirlər.

Bir sözlə Şri-Lanka ecazkar, bənzərsiz gözəlliklərə malik ölkədir və bura gələn bir də gəlmək istəyir.

Müəllif: Əziz Mustafa
Mənbə: Zaman qəzeti

Həmçinin bax:

 

4 şərh

Frngz
Çox gözəl ada ölkəsidir, səyahətə getmək istəyərdim. Çox təşəkkür edirəm.
Medikamentoz
Səhv etmirəmsə bura Cənnətdən bir parça deyənlər də var.
azadmamedov90
hmmm…
Medikamentoz
Belə şərhlər Ban olunmaq təhlükəsi yaradır.