Baham adaları

Dünyanın ən gözəl guşələrindən və insanı heyrətə salan məkanlarından biri də Baham adalarıdır. İrili-xırdalı 700 adadan ibarət olan Baham adaları ABŞ-ın Florida ştatının yaxınlığında, Kubanın şimal-şərqində yerləşir.
Dünyanın ən gözəl guşələrindən və insanı heyrətə salan məkanlarından biri də Baham adalarıdır. İrili-xırdalı 700 adadan ibarət olan Baham adaları ABŞ-ın Florida ştatının yaxınlığında, Kubanın şimal-şərqində yerləşir. Bahamdakı 700 adadan yalnız 30-da insanlar məskunlaşıblar. Adalar Atlantik okeanın ortasındakı kəhraba boyunbağını xatırladır. 970 kilometrlik məsafədə Atlantik okeanının şimal-qərbindən cənub şərqinə uzanan Baham adalarının ərazisi 260 min kvadrat kilometrdir. Bu ərazinin yalnız 14 min kvadratkilometri qurunun payına düşür. Qalan ərazi isə adalardaxili su hövzələri və adalara bitişik olan okean əraziləridir. Bahamın ən böyük adaları Nyu-Providens, Andros, Böyük Baham, Elyutera və və Böyük İnaquadır.

Baham adalari

Adalarda böyük əksəriyyəti təsadüfi hallarda rast gəlinən və dairəvi formada olan təpələr üstünlük təşkil edir. Onlar dənizdən göylərə can atan günəbaxanları xatırladırlar. Baham adalarındakı ən hündür dağ isə Ket-Aylenddəki Maunt Alverniya dağı hesab edilir. Maunt Alverniya dağının hündürlüyü 61 metrdir.

Baham adaları başdan ayağa talalar şəklində olan və bir-birlərindən heç nə bitməyən sərt qayalıqlarla ayrılan şam meşələri ilə örtülüb. Böyük Abako və Andros adalarında isə həmişəyaşıl enliyarpaq tropik meşələr üstünlük təşkil edir. Adaların dəniz sahilləri boyunca palma ağacları uzanıb gedir və onlar adalara füsunkar bir gözəllik verirlər. Baham adaları ananas, apelsin, banan və digər tropik meyvələri ilə də şöhrət qazanıb. Bundan əlavə, adalarda şəkər qamışı plantasiyaları da çoxluq təşkil edir. Okeanın ən səfalı yerlərindən birində yerləşməsi ilə əlaqədar adalarda çoxlu sayda nəsli kəsilməkdə olan və adları “Qırmızı kitab”a düşən nadir quşlar yaşayırlar.

Adaların sahilləri boyunca nadir hallarda rast gəlinən ağ qumlu çimərliklər gəniz uzandıqca uzanıb gedir. Baham adalarında çaylar mövcud deyil. Amma adalarda duzlu göllərin sayı kifayət qədərdir. Əvəzində isə adasahili ərazilər balıqla zəngindir. Adalarda yarasalar çoxluq təşkil edirlər və gecələr onlar alçaqdan uçuşaraq qəribə mənzərə əmələ gətirirlər.

Baham adaları 1492-ci ildə məşhur dəniz səyyahı Xristofor Kolumb tərəfindən kəşf edilib. Ada uzun əsrlər dəniz quldurları və macəra axtaranların məskəni olub. 300 il ərzində Baham adaları ingilislərin koloniyası (müstəmləkəsi) olub. 1973-cü ildə ada əhalisi müstəqilliyini elan edib və hazırda ada-dövlət Böyük Britaniya Birliyinin üzvüdür. Baham adalarının iqlimi isti və rütubətli tropik iqlimidir. Qolfstrimin təsiri altında adalarda qış demək olar ki, hiss edilmir. Məhz buna görə də ABŞ-ın məşhur siyasi xadimi Corc Vaşinqton Baham adalarını əbədi iyun ayı adaları adlandırıb. Qışda çox təsadüfi hallarda temperatur+15 dərəcədən aşağı enir. Yayda isə temperatur+32 dərəcədən yuxarı qalxmır. Adalara yağışlar, adətən, sentyabr-oktyabr və may-iyun aylarında yağır. Yağıntıların illik həcmi 1000-1500 millimetrdir. Adalar okeanda yerləşdiyi üçün tez-tez tropik qasırğaların hücumuna məruz qalır. Adaların əhalisi əsasən mulatlardan və zəncilərdən ibarətdir. Onlar əsasən Böyük İnaquanın cənub və Abako adasının şimalında yaşayırlar. Ümumiyyətlə, götürdükdə isə adalardakı əhalinin 70 faizi Nyu-Providens adasında yaşayır.

Baham adalarının paytaxtı Nyu-Providens adasında yerləşən Nassau (Nasso) şəhəridir. Nassau dünyanın məşhur of-şor mərkəzlərindən biri hesab edilir. Ona görə də Nassau şəhəri beynəlxalq aləmdə tropiklərin Sürixi kimi məşhurdur. Nassauda dünyanın 400-dən artıq trast fondları və bankları mövcuddur.

Nassau müasir şəhərdir, burada müasir və keçmiş arxitekturanı özündə birləşdirən çoxsaylı binalar mövcuddur. Şəhər sanki mağazaların içində itib batır. Burada dünyanın istənilən ölkəsində istehsal edilən müxtəlif təyinatlı mallara rast gəlmək mümkündür. Ötən əsrin 60-cı illərinin sonlarında Nassauda beynəlxalq standartlara cavab verən müasir hava limanı inşa edildi. Bundan sonra Nassauya gələn turistlərin sayı sürətlə artmağa başladı. Hazırda təkcə Nassau şəhərini hər il 3 milyona yaxın turist ziyarət edir.

Royal Towers, Atlantis, Bahamas

Baham adalarına məşhurluq gətirən və onu sevdirən, şübhəsiz ki, onun dəbdəbəli kurortları və kazinolarıdır. Ölkənin əsas kurortları və istirahət ocaqları Paradiz (Cənnət) adasında yerləşir.

Baham adalarının, belə demək mümkünsə, ən gözəl məkanlarından biri də Andros adası ilə Floridanın cənub sahilləri arasında yerləşən Bimini adasıdır. Bu adanı, adətən, Ernest Heminquey adası da adlandırırlar. Vaxtı ilə Heminquey bu adada yaşamış və orada özünün məşhur “Sahib olmaq və ya olmamaq” romanını yazıb. Bimini, ümumiyyətlə, delfinlər adası kimi də tanınır. Adanın sahilləri delfinlərin ən çox sevdikləri yerlərdir. Adada çoxlu sayda oteller var və bura turistlərin ən çox sevdikləri yerdir. Bimini həmçinin Baham adlarının balıqçılar mərkəzi hesab edilir. Rəvayətə görə Bimini əfsanəvi Atlantidanın qalıqlarıdır.

Uzunluğu 100 kilometr, eni isə cəmisi 5 kilometr olan Lonq-Aylend adası da Baham adalarının ən gözəl məkanlarındandır. Burada insan ayağı dəyməyən yerlər kifayət qədər çoxdur. Ada öz çimərlikləri ilə məşhurdur.

Müəllif: Əziz Mustafa
Mənbə: Zaman qəzeti

Həmçinin bax:

 

1 şərh

Bakılı
Gələcəkdə getməyi planlaşdırıram, inşAllah.