Havay adaları

  • Turizm

Havay adaları dünyanın ən gözəl yerlərindən biridir. Sakit okeanda yerləşən bu ada insanı özünə valeh edən incini xatırladır. Burada bir neçə gün dincəlmək insanın yaddaşında əbədi həkk olunur və o bunu ömrünün sonuna kimi unuda bilmir. Sakit okeanın düz mərkəzində yerləşən Havay adaları 17 min kvadratkilometrlik ərazini əhatə edən 8 böyük və 12 kiçik adadan ibarətdir Bu adalardan ən böyüyü Havay adasıdır. Onun ərazisi 11 minkvadrat kilometrdir. Bölgənin bütün iri adaları - Havay, Kaxulavi, Oaxu, Maui və Kauai təpələrdən, dağlardan və ilboyu yamyaşıl olan meşəliklərdən ibarətdir.

Havay adalarının şimal-qərbindəki atollalar sualtı vulkanik qayaların davamıdırlar. Bu vulkanlar həssas vulkanlardan hesab edilirlər və onlarda tez-tez püskürmə müşahidə olunur. Onu da deyək ki, Havay adaları 1778-ci ildə ingilis dəniz səyyahı Ceyms Kuk tərəfindən kəşf edilib. Kuk adalara admiral Sandviçin adını verdi. Havay adaları uzun müddət bu adla tanındı və indinin özündə belə adalar iki adla tanınır. 1850-ci ildə Havay adalarının paytaxtı Oaxu adasında yerləşən Honolulu oldu. Havay adalarının əhalisinin 80 faizi Honoluluda yaşayır. 1898-ci ildə Havay adaları ABŞ tərəfindən işğal edildi. 1959-cu ildə isə adalar rəsmi şəkildə ABŞ-ın 50-ci ştatı elan edildi.

Havay adaları

İqlimi

Havay adaları tropik iqlim qurşağındadır. Burada yayda havanın temperaturu 29-32 dərəcə, qışda isə 18-21 dərəcə olur. Çox təsadüfi hallarda qışda havanın temperaturu 16 dərəcəyədək enir. Düzdür, qışda nadir hallarda dağlarda qar da yağır, ancaq tez də əriyir. Havay adalarında ən çox yağıntı qış aylarında düşür. Burada qış aylarında oktyabr-aprel aylarında tez-tez yağışlar yağır. May-sentyabr ayları Havay adalarında yay mövsümü hesab edilir. Havay adalarına özünəməxsusluq verən bir cəhət də iyun ayından noyabra kimi bölgədə hökmranlıq edən qasırğalardır. Amma Meksika sahillərindən başlayan qasırğa Havay adalarına çatana kimi dağıdıcı gücünü itirir.

Əhalisi

2007-ci ilə olan məlumata görə, Havay adalarının əhalisi 1 milyon 283,4 min nəfərdir. Adada yaşayan əhalinin milli tərkibi də rəngarəngdir. Əhalinin 25 faizini Avropadan gələnlərin varisləri - portuqaliyalılar, ispanlar və digərləri təşkil edir. Havaylılar ümumi əhalinin 22, yaponlar 15, filippinlilər 11, çinlilər isə 3 faizini təşkil edirlər. Adanın rəsmi dövlət dili isə havay və ingilis dilləridir.

Havay adalarında ABŞ-ın Perl Harbor hərbi dəniz bazası yerləşir. 1941-ci ildə Yaponiya Havay adalarına hücum edərək buradakı ABŞ hərbi dəniz donanmasını darmadağın etdi. ABŞ hər il bu kədərli hadisəni adada xüsusi anma mərasimi keçirməklə yad edir.

Vulkanlar

Havay adalarında Yer kürəsinin iki ən aktiv vulkanı fəaliyyət göstərir. Mauna-Loa adlanan birinci vulkan dünyada ən hündür vulkanlardan biri hesab edilir. O, dəniz səthindən 4169 metr hündürlükdə püskürür. Dənizin dibindən ölçdükdə isə Mauna-Loa vulkanının hündürlüyü 10 min metrdən yüksəkdir və bu səviyyəyə görə o, dünyanın ən hündür zirvəsi olan Everstdən də ucadır. Mauna-Lova vulkanı 4,5 ildən bir püskürür.

İkinci ən aktiv vulkan olan Kilaueanın hündürlüyü 1247 metrdir. Amma, Kilauea vulkanı Mauna-Loa ilə müqayisədə hər il püskürür. Havay vulkanları püskürərkən okean sahillərinə qədər sel axınını xatırladan böyük qızmar lava axınları əmələ gəlir. Bu axınlar dənizə tökülərək bir andaca soyuyur və ərimiş şüşəvari material əmələ gətirir. Nəticədə sahilboyu yüzlərlə metr uzanan sahədə sanki gözoxşayan şüşəvari bir xalı sərilib. Bu qeyri-adi gözəlliyi qoruyub saxlamaq və onu tədqiq etmək məqsədi ilə hələ 1916-cı ildə Havay adalarında Vulkan Milli Parkı yaradıldı. Park 93 min hektar ərazini əhatə edir. Parkın yaradılmasından məqsəd bura gələn turistlərin diqqətini Havay adalarının əsrarəngiz özəlliklərinə cəlb etməkdir. Parkın ərazisinin yarıdan çoxu, Mauna-Loa və Kilauea rütubətli tropik meşələrlə, müxtəlif növ bitkilərlə zəngindir. Parkda dünyada mövcud olan 2500 bitki növü var. Bundan əlavə, parkın ərazisində hazırda dünyada nəsli kəsilmiş onlarla bitki növu qorunaraq saxlanılır. Milli parkın ərazisində həmçinin oxia, maman, akasiya ağacları, tropik iqlimə xas olan otlar, ekzotik kollar var. Ancaq insanı daha çox təəccübləndirən parkın mərkəzində vulkan lavaları ilə əhatələnmiş Kau səhrasıdır. Bu səhranı tropik rütubətli iqlimin hökm sürdüyü ərazidə canlı möcüzə hesab edirlər.

Qızıl çimərliklər

Havay adaları dənizin boynundan asılan bir incini, başa qoyulan gözəl bir tacı xatırladır. Burada çoxlu sayda çimərliklər fəaliyyət göstərir. Qızılı qumlu, özünəməxsus müalicəvi əhəmiyyətə malik olan çimərliklər ilboyu turistlərlə aşıb-daşır. Adada ekzotik bitkilər, ilin bütün fəsillərində yamyaşıl olan dağlar, qeyri-adi təsir bağışlayan dərin yarğanlar, sərt qayalıqlar, məhsuldar vadilər insanı maqnit kimi özünə cəlb edir. Günəş şüaları altında Havay adalarının qızılı qumlu çimərlikləri ətrafa qəribə bir rəngarənglik bəxş edir. Bu ecazkar gözəlliyə daha bir gözəlliyi isə dəniz dalğalarının özü ilə sahilə daşıdığı ağappaq köpüklər gətirir.

 

Havay adaları öz təbii gözəlliyinə görə dünyanın 10 ən məşhur turist bölgələrindən biri hesab edilir. Burada istirahət etmək və dincəlmək üçün bütün şərait mövcuddur. İnsan Havay adalarının əsrarəngiz guşələrində özünü olduqca rahat və sərbəst hiss edir. Havay adaları turistlər üçün ən ideal bir mərkəzdir. Tropik meşələri gəzmək, vəhşi təbiətin qoynunda olmaq, gecələri ocaq başında, səyyar və rahat çadırlarda keçirmək adamda nağıllar dünyasına səyahət etmək təsiri bağışlayır. Adaların şimal hissəsində dərin yarğanlar üstünlük təşkil edir. Burada kiçik çaylar axır və onlar yarğanlardan tökülərək şəlalələr əmələ gətirir. Şəlalələr yarğanlardan uçan quşları xatırladır. Onlar elə bil havada rəqs edirlər. Bu rəqs isə sirli, təbiətin özünün bəstələdiyi bir musiqiyə çevrilərək insanı tamam başqa bir aləmə aparır.

Havay adalarında turistləri cəlb edən tarixi, mədəni abidələr də az deyil. Onlardan biri də ölkənin paytaxtı Honoluludakı məşhur İolani kral sarayıdır. Bu saray hər gün turistlərlə dolu olur. Kavaiaxao adasındakı qədim dəniz mərkəzi və kilsə də turistlərin sevə-sevə ziyarət etdikləri yerlərdəndir.

Müəllif: Əziz Mustafa
Mənbə: Zaman qəzeti

1 şərh

məryam
Ora gozel yerdi. Teshekkurler