Saitlərin tələffüzü

Türk dilinin saitləri ilə Azərbaycan dili saitlərinin tələffüzündə əsaslı fərq yoxdur. Saitlərin qısa və uzunluğu da əsasən eynidir.
Azərbaycan dilində olduğu kimi türk dilində də başqa dillərdən alınan bir sıra sözlərlə saitlər uzanır. Məsələn: aile, davet, alim, adalet, ceza, istiklal və s. Bununla yanaşı, yadda saxlamaq lazımdır ki, Azərbaycan dilindən fərqli olaraq türk dilində alınma sözlərdə saitlərin uzun və ya qısa tələffüzü sözün lüğət mənasını dəyişdirmək xüsusiyyətinə malikdir.
Məs.:

adet (adət)

- ədəd

adet (aadət)

- adət-ənənə

ama (ama)

- amma

ama (aamaa)

- kor

şura (şura)

- bura

şura (şuura)

- şura (elmi)

hala (hala)

- bibi

hala (haalaa)

- hələ, indiyə qədər

Digər tərəfdən, türk dilində "ğ" hərfinin qalın saitlərlə heca qurduğu hallarda tələffüz edilməməsi həmin saitlərin uzun söylənməsini tələb edir. Bu bəzən türk ədəbi tələffüzündə diftonq meydana gətirir.
Məs.:


dağ (daa)

- dağ

buğday (buuday)

- buğda

bağlaç (baalaç)

- bağlayıcı

yağmur (yaamur)

- yağış

soğuk (souk)

- soyuq

koğuş (kouş)

- hücrə

ağır (aır)

- ağır

ağız (aız)

- ağız

Bu qəbildən olan sözlərdə də saitlərin qısa tələffüzü bəzən sözün lüğət mənasını dəyişir.
Məs.:


da (oda)

- otaq

o dağ (o daa)

- o dağ

ağaç (aaç)

- ağac

aç (aç)

- aç (açmaq feli)

sağlık (saalık)

- sağlıq, səhhət

salık (salık)

- xəbər, tövsiyə

"E" saiti. Bu türk dilinin nisbətən spesifik saitidir; iki danışıq səsinin "e" və "ə" səslərinin yazıda işarəsidir.
"E" saitinin "e" və ya "ə" kimi tələffüzünün sabit bir qaydaya tabe olmaması, türk orfoepiyası ilə əlaqədar kitablarda qəti şəkildə müəyyənləşdirilməməsi həmin saitin səciyyələndirilməsini çətinləşdirir. Bununla yanaşı, "e" saitinin düzgün tələffüzü üçün aşağıdakı halları bilmək lazımdır.
1. "E" saitinin "e" səsi kimi tələffüz olunduğu yerlər:
a) sözün əvvəlində:

ev - ev
eş - həyat yoldaşı, tay
ek - əlavə, şəkilçi
elçi - elçi, səfir
eylül - sentyabr
ekim - oktyabr
eyvallah - xudahafiz

b) iki və daha çox hecalı sözlərin ilk hecasında:

geniş - geniş
keçi - keçi
seyrici - tamaşaçı
yeşil - yaşıl

c) Avropa dillərindən türkcəyə keçən sözlərin, insan və yer adlarının bütün hecalarında:

elektrik - elektrik
telefon - telefon
bisiklet - velosiped
İsveç -İsveç
enerji - enerji

2. "E" saitinin "ə" səsi kimi tələffüz olunduğu yerlər:
a) Türk mənşəli, eləcə də ərəb və fars dilindən alınma sözlərin orta və son hecalarında:

anne (annə) - ana
kardeş (kardəş) - qardaş
teyze (teyzə) - xala
erkek (erkək) - kişi
ördek (ördək) - ördək
mücadele (mücadələ) - mübarizə
perşembe (perşəmbə) - cümə axşamı
oğrenci (öyrənci) - şagird, tələbə
yedek (yedək) - ehtiyat

b) samitlə bitən təkhecalı sözlərin əksəriyyətində:

ben (bən) - mən
sen (sən) - sən
şen (şən) - şən
ses (səs) - səs
sert (sərt) - kar (məs., samit)
pek (pək) - çox
tek (tək) - tək
ter (tər) - tər

c) Türk dilindəki şəkilçi, bağlayıcı və qoşmaların hamısında:

gelmek (gəlmək) - gəlmək
evde (evdə) - evdə
ile (ilə) - ilə
önce (öncə) - öncə, əvvəl

Qeyd edək ki, türk dilindəki "ə" səsi Azərbaycan di­linin "ə" səsi ilə tam eynilik təşkil etmir. Türk dilində bu səs nisbətən qapalı tələffüz olunur. Əlbəttə, "e" saitinin sözdə "e" və ya "ə" kimi tələffüzü yalnız nitq qüsurudur və məna-fərqləndirici fonem xüsusiyyəti daşımır. Lakin bununla yanaşı, müasir türk dilində həmin səslərin müxtəlif fonemlər kimi çıxış edərək, sözlərin lüğət mənasını dəyişdirdiyi hallar da var.
Məs.:
el (el) - yad, el
əl (əl) - əl
bellemek (belləmək) - belləmək (yer qazmaq mənasında)
bellemek (bəlləmək) - əzbərləmək, hesab etmək.

SAİTLƏRİN YERİ

Türk dilində a, e, i, ı, u, ü saitlərin sözün hər yerində əvvəlində, ortasında və sonunda işlənir.
o, ö saitləri sözün yalnız ilk hecasında işlənir. Lakin bir neçə türkmənşəli və alınma sözlər müstəsnalıq təşkil edir (horoz, doktor, direktör, kriko, traktör və s.).
Bu saitlər şəkilçilərin tərkibində də işlənmir. İndiki zamanın "yor" şəkilçisi müstəsnalıq təşkil edir. Şəkilçilərdə iştirak edən "e" saiti isə yalnız "ə" səsini verir.
Azərbaycan dilində fərqli olaraq türk dilində sözün əvvəlində "ı" saiti işlənir, buna görə də həmin saitlə başlayan sözlərin tələffüzünə diqqət etmək, "i"ləşdirməkdən qaçmaq lazımdır.
Məs.:
ılık, ışık, ısıtmak, ırk (ilıq, işıq, isitmək, irq və s.).

Çalışmalar

1. Aşağıdakı sözlərdə "e" saitinin "ə" səsinin verdiyi halları müəyyənləşdirib altından xətt çəkin:
ev, ek, ben, sen, geniş, eylül, bilmek, yeşil, kardeş, ördek, yedek, öğrenci, sert, tek.

2. Sözləri köçürün, uzanan saitlərin altından xətt çəkin və həmin sözlərin düzgün tələffüzünü öyrənin:
Ama (amma), ama (kor), şura (şura), şura (bura), hala (bibi), hala (hələ), adet (adət), adet (ədəd) yağmur, soğuk, ağır, koğuş, bağlaç, oda, bazı, sağlık, salık.

Tapşırıqlar

1. Verilmiş sözlərdə dilarxası və dilönü saitləri tapıb, onların digər əlamətlərini yazın.
baba, hala, Yılmaz, yılan, ilçe, okul, memur, ütü, ülke, öğretmen.

2. Verilmiş əlamətlərinə görə saitləri tapın.
1) incə, dodaqlanmayan, gen sait;
2) qalın, dodaqlanan, gen sait;
3) incə, dodaqlanan, dar sait;
4) qalın, dodaq­lanmayan, gen sait;
5) incə, dodaqlanmayan, dar sait;
6) qa­lın, dodaqlanmayan, dar sait;
7) incə, dodaqlanan, gen sait;
8) qalın, dodaqlanan, dar sait.

3. "ı" saiti ilə başlayan aşağıdakı sözlərin mənalarını və düzgün tələffüzünü öyrənin.
ılık, ışık, ırgat, ısırmak, ısı, ırk, ılıca, ısınmak, ıslık, ısmarlamak, ışın, ışıldak, ısrar.

 

 

0 şərh