Orfoqrafiya prinsipləri

Müasir türk dili orfoqrafiyasının əsasını müasir Azər­baycan yazısında olduğu kimi, üç prinsip təşkil edir: fonetik prinsip, morfoloji prinsip, tarixi-ənənəvi prinsip.
Hər iki dilin orfoqrafiyasının əsas prinsipi fonetik prinsipdir. Bu prinsipə görə dildəki hər bir səsin yazıda yalnız bir işarəsi — hərfi olur və sözlər, əsas etibarilə, eşidildiyi kimi də yazılır.
kapı, baba, okul, uçak, gelin, bilmek, biz, almak, doğal (təbii), çiçek, ölüm, yaşam
Hər iki dildə bir sıra sözlər morfoloji prinsipə əsasən yazılır, yəni hər hansı bir sözün tələffüz müxtəlifliyinə baxmayaraq, ədəbi dildə həmin sözün yazılışı bir cür qəbul edilmişdir.
qardaş, kardaş, kardeş.
şindi, şinci, şimdi.
eyi, iyi.
Azərbaycan dilində olduğu kimi, türk dilində də tarixi-ənənəvi prinsipə görə yazılan sözlər var. Bir sıra türk mənşəli və alınma sözlərin tələffüzü ilə yazılışı arasındakı fərq buradan meydana çıxır:
emr — emir, hürr — hür, aşçı — ahçı, kardaş — kardeş.
Müasir türk ədəbi dilinin orfoqrafiya prinsipləri Türk Dil Qurumu tərəfindən hazırlanan «Yeni yazım kılavuzu»nda («Yeni orfoqrafiya soraq kitabı») təsbit edilmişdir. Bu prinsiplərə türk yazısında əsasən riayət edilsə də, bir qisminin istifadəsində müəyyən dərəcədə ixtiyarilik nəzərə çarpır.

1. Böyük hərflərin işlənmə yerləri


1. Cümlələrin ilk hərfi, bütün xüsusi isimlər — insan ad və familiyaları, heyvan adları, coğrafi adlar, idarə və müəssisə, tarixi abidə, jurnal və qəzet adları və s. böyük hərflə yazılır:
Bu masadır: Aziz Nesin; Karabaş; Azerbaycan; İzmir; Akdeniz; Fırat; Aras; Türkiye Büyük Millet Meclisi; Türk Dil Kurumu; Bayezit Kulesi; «Varlık» dergisi, «Cumhuriyet» gazetesi.
 
2. Azərbaycan dilindən fərqli olaraq, türk dilində xalq, dil, din, məzhəb adlarının hamısı və bu sözlərlə düzələn ümumi isimlər böyük hərflə yazılır:
Türk, Türkçe, Azərbaycanca, Rusça, İslam, Sünnilik, Hıristiyan, Müslüman, Marksizm, Romalılar, İstanbullu, Türkoloji, Bakulü.
 
3. Cəhətlərin adları və onların qoşulduğu sözlər böyük hərflə yazılır:
Doğu, Batı, Güney, Kuzey, Güney Anadolu, Kuzey Amerika, Batı Avrupa.
 
4. Bədii əsər, məqalə, qəzet yazılan və s. başlıqlarının bütün sözləri (bağlayıcılardan və ədatlardan başqa) böyük hərflə yazılır:
Türk Dilinin Gelişmesi; Türk Yazı Dili Tarihinden; Çanlar Kimin İçin Çalıyor? Leyla ile Mecnun Eserinin Dili Üzerine.


5. Məktub başlığı (yəni məktubun əvvəlindəki xitablar), zərfin üstündəki yazıların bütün sözləri böyük hərflə yazılır.
Sevgili Anneciğim; Saygıdeğer Hocam; Bakü, Zahit Halilov Sokağı 23, Bakü Devlet Üniversitesi, Doğu Bilimleri Fakültesi.
 
6. Fəxri adlar, elmi ad və dərəcələr, peşə, vəzifə, sənət bildirən sözlər xüsusi isimlərlə birgə işlədildikdə böyük hərflə yazılır:
Profesör Abbas Zamanov, Doçent Doktor Ramazan Ahmetov, Avukat Samim Bey, Mimar Sinan;
 
7. Ay tarixi və həftənin günləri, xüsusi isimlərlə işlənən müraciət sözləri və bu sözlərin qısaltmaları, eləcə də, xüsusi isimlərin əlavələri böyük hərflə yazılır:
4 Nisan 1988, Pazartesi.
30 Haziran, Salı.
Sayın Orhan Bey; Bayan Türkan Şoray;
Sn.Müşerref Akay Hanımefendi; By. Celal Kurtuluş;
Bay İvanov, Yaşar Bey; Hasan Dayı, Ayşe Abla, Ahmet Amca.

2. Latın qrafikalı əlifbadan istifadə edən dillərdəki onomastik vahidlər türk dilində əsillərinə uyğun şəkildə yazılır:


Balzac (Balzak), Jean Jacgues Rousseau (Jan Jak Russo), Max Müller (Maks Müller), Wilhelm (Vilhelm).
Yerdə qalan dillərdən alınan xüsusi isimlər türk dilində həmin sözlərin tələffüzünə uyğun şəkildə yazılır:
Moskova, Cezayir, Çin, Japonya;
Bir sıra coğrafi adlar eşidildiyi kimi yox, tarixi-ənənəvi prinsipə görə, türk dilində vətəndaşlıq hüququ qazandıqları şəkildə yazılır:
München (Münhen) yerinə Münih
London yerinə Londra

3. Türk dilində təkrar sözləri təşkil edən komponentlər arasında Azərbaycan dilindən fərqli olaraq defis (-) işarəsi qoyulmur:


gele gele, güle güle, er geç (tez-gec),
yavaş yavaş, kab kacak, çabuk çabuk (tez-tez).

4. Hansı sözdən əvvəl gəlirsə gəlsin, o, bu, şu işarə əvəzliklərindən sonra vergül işarəsi qoyulmur:


O evdir. Bu masadır. Şu beşinci sınıf odasıdır.

5. Tək hecalı adlar köməkçi fellərlə bitişik yazılır:


affetmek — bağışlamaq
hissetmek — hiss etmək
mahvolmak — məhv olmaq
yoketmek — məhv (yox) etmək.

6. Felin bacarıq şəklini düzəldən «bilmek» sözü qoşulduğu fellə bitişik yazılır:


yapabilmek — edə bilmək, bacarmaq;
okuyabilmek — oxumağı bacarmaq;
gülebilmek — gülməyi bacarmaq;

7.Durğu işarələri


Müasir türk yazısında işlədilən durğu işarələrinin miq­darı və funksiyası, təxminən Azərbaycan dilindəki kimidir:
1) Nöqtə; 2) vergül; 3) nöqtəli vergül; 4) iki nöqtə; 5) sual işarəsi; 6) nida işarəsi; 7) üç nöqtə; 8) çox nöqtə; 9) cizgi (defis); 10) dırnaq işarəsi; 11) mötərizə (böyük və kiçik); 12) paraqraf; 13) tire işarəsi.
Bu durğu işarələrindən bəzilərinin Azərbaycan dilində yerinə yetirdikləri funksiyalardan fərqli cəhətləri aşağıdakılardır:
a) nöqtə işarəsi:
— Rəqəmlərdən sonra qoyularaq miqdar sayından sıra sayı düzəldir, yəni — ıncı, — inci, — uncu, — üncü şəkilçisi yerində işlədilir:
Çocuk 1. sınıfta okuyor — Uşaq 1-ci sinifdə oxuyur.
6. sayfada güzel bir resim var — Altıncı səhifədə gözəl bir şəkil var.
Bəzi hallarda qısaltma sözləri təşkil edən hərflərin hər birindən sonra qoyulur. Çox zaman qısaltma nöqtəsiz ya­zılır:
TC — T.C. — Türkiye Cumhuriyeti;
PTT — P.T.T. — Posta Telgraf Telefon;
TBMM — T.B.M.M. — Türkiye Büyük Millet Meclisi.
b)vergül işarəsi:
Geniş və mürəkkəb cümlələrdə cümlənin mübtədasını bariz şəkildə nəzərə çatdırmaq və daha asan müəyyənləşdirmək məqsədilə mübtədadan sonra qoyulur:
Dün gece arkadaşımın babası, bize misafir geldi
Okullar, her yıl Eylül ayının son Pazartesi sabahı açılır.
c) nida işarəsi:
— Cümlə içərisində hər hansı bir sözdən sonra mötərizəyə alınaraq (!) qoyularsa, bu, həmin sözlə ifadə edilən fikirdə mübaliğə olduğu, həmin fikrə qarşı kinayə duyulduğu nəzərə çatdırılır:
Bu bilgin kişi (!) her gece bakırı altın (!) yaparmış.
Bu alim adam hər gecə misi qızıla çevirərmiş.
Süleymanın sözlerine göre Mehmet ormanda üç aslan (!) avlamış.
d) dırnaq işarəsi:
Türk yazısında dırnaq işarəsi sətrin üstündə, yəni hərfin yuxarı hissəsində açılır və yuxarıda da bağlanır:
Eski zaman: «Isıramıyacağın eli öp» demiş. Asrımız, bilakis, «Kıramıyacağın zinciri hiç olmazsa kemir»,- der.
(Cenap Şahabettin)
Bəzi hallarda dırnaq işarəsi dialoqlarda «tire» əvəzinə işlədilir, yəni hər bir yeni cümlə dırnaq arasına alınır:
«Yarın gidiyor musun?»
«Hayır, gitmiyorum».
«Peki ne zaman gideceksin?»
«Pazartesi ya da Salı günü».
 

0 şərh