Hun dövləti

Qədim hunların ərazisi və məşğuliyyəti. Hunlar türk mənşəli tayfalardan biri olmuşlar. Onlar Orxon və Selenqa çayları arasındakı ərazidə yaşamışlar. Hunların əsas məşğuliyyəti ovçuluq, sonralar isə köçəri maldarlıq olmuşdur. Ona görə də geniş otlaq sahələrinə olan ehtiyac onları daim yeni ərazilər ələ keçirməyə sövq edirdi.
 
İlk Hun dövlətinin meydana gəlməsi. Böyük Hun dövləti Mərkəzi Asiyada yaranmış ilk türk dövləti olmuşdur. Vahid Hun dövləti e.ə. 220-ci ildə 21 tayfanın birləşməsindən yaranmışdır. Bu tayfa ittifaqına Teoman tanhu başçılıq edirdi. «Tanhu» sözü sonralar yabqu, kağan, xaqan şəklində işlənmişdir. Teoman qüvvətli bir ordu yaradıb, Çinə hücum etmişdi. Çinlilər hunların hücumlarının qarşısını almaq üçün e.ə. 214-cü ildə Böyük Çin səddini inşa etməyə başladılar. Hunlar Çin torpaqlarını tutmuş, hətta Çin imperatoru ilə qohumluq əlaqələri də yaratmışdılar. Bu yaxınlıqdan istifadə edən çinlilər Hun ordusunun döyüş üsullarını öyrəndilər. Çünki Teoman tanhudan sonra hakimiyyətə gələn oğlu Metenin zamanında hunlar güclü süvari qoşun yaratmışdılar. Hun ordusu öz döyüş üsulları ilə məğlubedilməz sayılırdı.
hun dovleti
Hun imperiyasının parçalanması. Çindən Mərkəzi Asiyaya və Avropaya gedən «İpək yolu»na nəzarət uğrunda hunlarla çinlilər arasında mübarizə gedirdi. E.ə. 58-ci ildə anası çinli olan şahzadə Hun hökmdarı seçildi. O, Çin dövlətinin himayəsini qəbul etmək istədi. Lakin türk qızından olan qardaşı Çiçi ona qarşı çıxdı və mərkəzi şəhəri tutub tanhu oldu. Beləliklə, Böyük Hun imperiyası iki hissəyə: qərb və şərq huni arına parçalandı.
 
E.ə. 36-cı ildə qərb hunları Tanrı dağlarının şimalını, İssık gölünün ətrafını, Mərkəzi Asiyanı tutub ərazilərini qərbə tərəf genişləndirdilər. Elə həmin ildə çinlilər Qərbi Hun dövlətinin paytaxtını tutdular. «İpək yolu» üzərində yerləşən şəhərlər qarət edilib dağıdıldı. Qərb hunları Ural dağlarına tərəf çəkildilər. Şərq hunları isə çinlilərin hakimiyyətini qəbul etdilər. Lakin 18 illik asılılıqdan sonra müstəqillik qazandılar. Onların bir hissəsi qərbə köç edərək qərb hunlarına qarışdılar. Bir hissəsi isə yenə Çinə tabe oldu. Bu tayfalardan çinlilər içərisində öz varlıqlarını qoruyub saxlayanlar sonralar qüdrətli Göytürk dövlətinin yaradılmasında mühüm rol oynadılar.
 
Din və mədəniyyət. Hunlar səma, yerüstü, yeraltı tanrılara və ruhlara inanırdılar. Ən ulu səma tanrıları Günəş və Ay tanrıları sayılırdı.
Qədim hunların inancına görə pis ruhlar yeraltı dünyanı idarə edən Yerlik tanrıya tabe idilər. Ruhlarla insanlar arasında münasibət yaradan adam şaman adlanırdı.
Hunlar dəfn zamanı ölənlərin qiymətli əşyalarını onların məzarına qoyurdular. Hun abidələrindən çoxsaylı maddi mədəniyyət nümunələri — kəmərlər, at əsləhələri və üzəri heyvan təsvirləri ilə bəzədilmiş silahlar tapılmışdır. 

0 şərh