Osmanlılar haqqında az bilinən 7 TARİXİ FAKT

1. Osmanlı dövləti 1299-cu ildə Söğütdə deyil, 1302-ci ildə Yalovada qurulub : 

Osmanlı İmperiyasının yaranma tarixi 1299-cu il olaraq qəbul edilib. Ancaq ortaya çıxan yeni tarixi faktlar bunun əksinə olduğunu göstərir. Tarixçi Xəlil İnalcık bununla bağlı belə deyir: "'Osmanlı İmperiyası Karacahisarda paytaxtını qurduğu zaman əksəriyyəti müsəlman olan xalq qazı təyin edilməsini və xütbə oxunmasını istəyir. Bu, baş tutur. Bu hadisəni isə tədqiqatçılar 2 əsr sonra 1299-cu il olaraq qəbul ediblər. Türk ənənələrində xaqanlığa namizəd olanlardan birinin zəfər qazanması lazımdır. Bu, Tanrının ona qut — müqəddəslik verməsi şəklində təsvir edilir. Osman Qazi sərhəddə öz dövründəki alplarla mübarizə aparır. Bu hadisə tarixə Bafeus Döyüşü adıyla düşüb — . Osmanlı Qazi üçün bu döyüşü qazanmaq həm də ona görə lazım olur ki, ondan sonra xanədana oturacaq şəxs — yəni oğlu qeyd-şərtsiz varis olacaq. Orta Əsrlərdə xanədana sahib olmaq həm də dövlət demək idi. Bu dövlətin təminatı isə Osmanlının 1302-ci ildə Yalovada Bizansa qarşı qazandığı böyük Bafeus Zəfəri olur.Bu döyüşdən sonra Osmanlının şöhrəti yayılır və türklər onun ətrafına toplaşmağa başlayır. Bir müddət sonra böyük bir ordu formalaşır. Belə bir uğurun əldə edilməsi həm də tanrı tərəfindən verilmiş qut-  müqəddəslik vergisinin göstərici olduğuna inanılır. Özündən sonra oğlu Orxan heç bir maneə olmadan taxta keçir" (Qaynaq: Xəlil İnalcık)

 
Osmanlı İmperiyası                            
2. Osmanlı ailəsi Qayı Boyuna mənsub deyil

Qayı Boyu oğuzların Bozox qolundan mənsub olduğu bir boydur. Oğuz dastanına görə, xanlıq Oğuz Xandan sonra Gün Xanın haqqı olub, ondan sonra da bütün Türk qəbilələri üzərində suverenlik Gün Xanın oğulu Qayı və soyuna aiddir. İddiaya görə Osman Qazi bir silsilə halında Qayının nəvəsidir.Ancaq bu iddia II Murad zamanında — 1440-cı illərdə Yazıcızadə tərəfindən ortaya atılıb. Bu iddianın ortaya atılmasının səbəbi belədir: Həmin dövrdə Əmir Teymurun oğlu Şahruh öz hökmdarlığını qəbul etdirmək üçün işğal etməzdən əvvəl hər hansı bir əyalətin rəhbərinə cübbə göndərərmiş ki, geyinsin. Kim bu cübbəni geyinərmişsə, bu, Şahruhun hökmdarlığını tanımaq demək imiş və təmin torpaqlarda qan tökülməzmiş. Kim qəbul etməzmişsə, o torpaqlarda qan tökülər, həmin dövlət işğal edilərmiş. Belə bir vaxtda II Murad Teymur və oğullarına Oğuz Xan soyundan olduğunu deyir.II Murad bu iddianı ortaya atmaqla həm Əmir Teymurun hakimiyyətini qəbul etməmək, həm də Qayı boyuna söykənməklə öz hökmranlığını tanınmağa çalışıb. Yəni Qayı nəzəriyyəsi Osmanlı xanədanını ucaltmaq və siyasi olaraq müstəqilləşdirmək üçün ortaya atılmış bir iddiadan ibarətdir. (Qaynaq: Xəlil İnalcık)

3. Şeyx Edebali Vefaiyyə təriqətindəndir

Osmanlı İmperiyasının ilk illərində yaşayan və fiqh alimi, eyni zamanda Mövlana, Hacı Bektaşı Vəli kimi Anadolu dahilərinin söhbətlərində haqqında bəhs edilən Şeyx Edebali bu imperiyanın ideya atası sayıla bilər. Şeyx Edebali Əbul Vəfa əl Bağdadi tərəfindən qurulan, şiə və sünnülüyün bəzi xüsusiyyətlərini özündə birləşdirən Vefaiyye təriqətinin mənsublarından biridir. Vefaiyye təriqətinin öndərlərindən olan Ata İlyas 1237-ci ildə Anadoluda yaşayan türkmənlərə öndərlik edərək Anadolu Səlcuqlu Dövlətinə qarşı «Ata Qiyamı» adlanan üsyana cəhd edib. Üsyan bu günki şiə əhalisinin sıx olaraq yaşandığı bölgələrə yayılmış və ancaq səlcuqlu ordusunun muzdlu Firəng (fransız) əsgərlərinin istifadə etməsiylə çətinliklə basdırılmışdır. Üsyandan sonra Vefaiyye təriqətinin şeyx və dərvişləri ətraf bəyliklərə köç etmək məcburiyyətində qalırlar. Edebali da bu şəkildə Osmanlı torpaqlarında yerləşir. Osmanlı bəyliyinə yerləşən və islam fiqhi mövzularında önəmli fikirləri ilə seçilən Edebali Osmanlı dövlətinin də quruluşuna öndərlik edib. (Qaynaq: Xəlil İnalcık)

4. Ulubatlı Həsən adlı şəxs heç yaşamayıb

İlber Ortaylıya görə, «Ulubatlı Həsən (İstanbulun fəthi zamanı Bizans torpağına bayraq sancan ilk əsgər — red.) hekayəsini yazanlar son dövr Bizans — Osmanlı tarixçiləridir. Bayrağı sancan biri olub, amma bu, Ulubatlı deyil. Tarixi qeydlərdə Ulubatlı Həsən adlı birisi yoxdur.» (Qaynaq: «Milliyyət»)Elə tarixçi Ərxan Tiryəkçi də Ulubatlı Həsənin olmadığını bir çox dəlillərlə sübut etməyə çalışır: " Ulubatlı Həsən adlı biri haqqında dövrün qaynaqlarında danışılmır. 16-cı əsrin sonlarında ortaya çıxmış bir xarakterdir. «Saxta Francis» olaraq xatırlanan və daha sonrakı tarixlərdə Francisin əsərinə geniş əlavələr edən Melissinosun yazdığı kitabda adı çəkilir. Francis İstanbulun fəthini canlı olaraq yaşayıb, 1401 və 1477-ci il tarixlərindəki hadisələri izah edən bir kitab qələmə alıb.  Əgər Ulubatlı Həsən deyə biri olsaydı onun əsərini genişlədən Melissinosun deyil, Francisin öz əsərlərində adına rast gəlinərdi. Fateh dövrü qaynaqlarında surlara ilk çıxan şəxslərlər bağlı fərqli məlumatlar var. Alban əsilli Balaban Bəy də onlardan biridir. Osmanlı dövrünün fəthin bayram olaraq qeyd olunmasında onun adı ön plana çıxarılır. II məşrutiyyət dövrünün fəthi qeydiyyatında da onun adı tarixi mənbələrdən keçir. Buna görə Bizans torpaqlarına ilk baayraq sancan Ulubatlı deyil, alban əsilli Balaban bəyin olduğuna daha çox inanılır". (Qaynaq: Son Aşırt)

5. Osmanlı dövlətində sekulyar hüquq sistemi olub

Ortodoks anlayışına görə, hakimiyyət qeydsiz-şərtsiz Allahındır. Kainat da Allahın mülküdür. Allah tamamilə hakim olduğu üçün hüququn da tək qaynağı Allahın özüdür. Allah hökmlərini peyğəmbər  Muhammədə göndərib və bu hökmlər «Qurani Kərim»də qeyd olunub. Bu hökmlərdən başqa digər hökmləri qanuniləşdirmək şəriətə ziddir.Ancaq 10-cu əsrdə islamiyyəti qəbul edən türklər fiqhə, bu səbəbdən də şəriətə yeni bir anlayışla yaxınlaşaraq, hökmdarların vasitəsilə çıxardıqları fərmanlarla dövlət təşkilatı, hərbi məsələlər, vergi, torpaq mülkiyyəti və cəza hüququ üzrə şəriətdən müstəqil, həm də  zəngin bir hüquq külliyyatı ortaya qoymuşdur. Osmanlının qurulmasının ilk illərində hüquqi qaydalar hazırlanarkən fiqh elm adamları ilə məsləhətləşmələr aparılmış, daha sonra eyni məqsəd üçün Şeyxülislamlıq təşkilatı qurulmuşdu. Amma Fatehdən sonra bu vəziyyət tamamilə dəyişmişdir. Fateh öz dünyəvi nüfuzundan və suverenlik haqqından qaynaqlanan hökmlər verməyə başlamışdır. (Qaynaq: Xəlil İnalcık)

6. Osmanlı hökmdarları şərab içib, eyş-işrət məclisi qurub

«Xas-bağça» saraylarda hökmdara aid olan və yalnız onların, eləcə də yaxınlarının daxil ola bildikləri məkan olub. «Ayş-ü-tarab» musiqili əyləncə və ziyafət deməkdir. Professor Xəlil İnalcık «Xas bağçada  Ayş-ü-tarab» əsərində «Fatehin saray bağçalarında eyş-işrət məclisləri təşkil etməsinə şübhə yoxdur» yazır və «Dünyanın dağdağasından xilas olmaq üçün nədimlərin və sərv boyluların eyş-işrət məclisinə yönəldiyini göstərən beytlər sadəcə bir ədəbi məcazdan ibarət deyil. Avni (Fatehin təxəllüsü) gözəlliklər qarşısında „din-ü imanı zəbt edə bilməz“ deyir». Əsərdə Fateh Sultan Məmmədin beytlərində keçən içki ilə əlaqədar misallara yer verilir. Şeyxülislam və tarixçi  Hoca Sadeddin Əfəndiyə görə, özünü şəraba verən ilk Osmanlı hökmdarı Yıldırım Bayezid olub. «Osmanlı İmperatorluğunun baş tablosu» əsərinin müəllifi Muradcan Tosunyanın rəvayətinə görə, II. Bayezid (ö. 1512) də içkiyə çox meylli imiş. Bütün ziyafətlərində saray əyanlarını içkiyə qonaq edər və ya içki içməyənləri buna məcbur edərmiş. Tarixçi Peçeviyə (ö. 1650) görə isə «Osmanlı ölkəsinə xəlifəliyi gətirməklə tanınan Yavuz Sultan Səlim (ö. 1520) gözəl səsi olanları və yaxşı saz çalanları bir otağa toplayar və səhərə qədər eyş-işrət edərmiş.  Osmanlı hökmdarlarının içki ilə bağlı xeyli faktlar tarixi mənbələrdə öz əksini tapıb.

7. İlk spirtli içki fabriki Osmanlı hökmdarının dövründə açılıb

İlk rakı (Türkiyədə içilən xüsusi spirtli içki — red.) fabriki 1880-ci illərdə Sultan II. Abdulhəmid dövründə və  maliyyə nazirlərindən biri olan Sarıcazade Ragıp Paşa tərəfindən Tekirdağ yolu üzərində Umurca Cütlüyündə qurulub. Umurca Rakı Fabrikində çıxarılan „Umurca“ rakısı və əsl adı „Bozcaada“ (Tenedos) rakısı olan „Dəniz Qızı“ rakısı dövrün ən keyfiyyətli rakılarından  idi. Osmanlılar dövründə İstanbulda da rakı emalatxanaları olub.

Müəllif :  Nuray
Mənbə : ANN.Az 

0 şərh