"Böyük köç" yaxud Avrasiya necə tanınmışdı

Elə vaxt gəldi ki, Altayda həddən arıq insan sıxlığı yarandı. Torpaq hamını ərzaqla təmin edə bilmədiyindən gözlər uzaqlara dikildi. Oradan dünyanın dörd tərəfinə yollar uzanırdı. Çox götür-qoydan sonra türk xalqları stepə (çöl) doğru köç etməyi qərara aldılar. Bu köç bəşər tarixində möhtəşəm hadisə idi. Onu Amerikanın kəşfi və məskunlaşdırılması ilə müqayisə etmək olar. Həmin köçü Böyük köç adlandırırdılar. Bu hadisə II əsrdə Altaydan başlamış və Avropaya tərəf istiqamət almışdı. Böyük köç üç yüz ildən artıq davam etmişdi. Üç yüz il az müddət deyil. Lakin yeni-yeni ərazilərin az vaxt ərzində məskunlaşdırılması da mümkün olan iş deyildi. Əks təqdirdə bu köç Böyük köç adlanmazdı.
altay dağları
Düzdür, türk ailələrinin kütləvi köçü əvvəllər də olmuşdu. O zaman onlar Hindistana, İrana, Orta Asiyaya köç etmişdilər. Lakin həmin köç böyük deyil, kütləvi köç xarakteri daşıyırdı. Skiflərin stepə köç etməsi də böyük köç sayılmırdı. Çünki o zamanlar türklər həm zəif, həm də azsaylı idilər.
Ən qədim türk qəbilələrindən biri olan qıpçaqlar stepə doğru ehtiyatla, eyni zamanda inamla irəliləyirdilər. Çox güman ki, Altaydan ilk köç edənlər qıpçaqlardır. Bəlkə də elə bu səbəbdən bütün köçərilərə qıpçaq deyirdilər. Onlar başqa xalqlara müyəssər ola bilməyən işlər görürdülər. Həmin vaxtlar qıpçaqlar çoxlu sayda kəşflər etmişdilər. Kəşflər onların həyatını yüngülləşdirir, özlərinə inam yaradırdı. Əks-təqdirdə onlar stepdə yaşaya bilməzdilər.
Altayın iqlimi sərt olduğuna görə torpağın məhsuldarlığı az idi. Dağlarda isə əkinəyararlı yerlər geniş deyildi. Altaylılar çıxış yolunu stepə köçməkdə görürdülər. Çünki stepdə məhsuldar torpaq yetərincə idi, lakin stepdə yaşamaq da hər kəsin işi deyildi. Step hələ çox qədimlərdən insanları qorxudurdu. Orada ocaq qalamaq üçün yanacaq, koma qurmaq üçün ağac yox idi. Stepdə çay az olduğundan mal-qara, bostan suvarmaq, hətta içmək üçün su çatışmırdı. Külək həftələrlə əsirdi. Boran olanda komalar qarın altında qalırdı. Bir sözlə, step adamların üzünə gülmürdü. Elə bu səbəbdən hətta qədim insanlar da bu yerlərdə məskən salmaqdan çəkinirdilər. Onlar dağlarda, dənizlərin qırağında, meşələrdə yaşamağı stepdə yaşamaqdan üstün tuturdular. Onlar uzaq məsafələr qət etməkdə də aciz idilər, çünki ayaqqabıları davam gətirmirdi. Ayaqyalın hərəkət etmək isə mümkün deyildi.
Bütün bu çətinliklərə baxmayaraq, Altay türklərinin yeganə çıxış yolu ancaq stepdən keçib getmək idi. Onlar zəngin otlaqlara, əkin üçün yararlı torpaqlara yetişmək üçün stepdən keçmək məcburiyyətində qalmışdılar. Maneələri dəf etmək üçün həmin dövrdə bir çox kəşflər edilmişdi. Türklər torpağı şumlamaq üçün çuqun xış hazırlamış, dəmirdən müxtəlif əmək alətləri — balta, kərki, bülöv düzəltmişdilər. İlk dəfə kərpic istehsalına da türklər başlamışdılar. Türk əkinçiləri gərgin zəhmətləri sayəsində hələ II əsrdə, hətta Böyük stepi özlərinə tabe edə bilmişdilər.
Türklər Stepin əkin sahələrini suvarmaqdan ötrü suvarma sistemləri yaratmışdılar. Taxılı əl dəyirmanlarında üyüdürdülər. Altayda dünyada ilk dəfə olaraq tirlərdən komalar, yaşayış binaları tikmişdilər. Onlar böyük köçün sonuna qədər qədim rus yaşayış yerlərinin əsasını qoymuşdular. Avropada ilk hamamları türklər tikmişdilər. Türklərin Avropaya gəlişinə qədər ingilislər, almanlar, yunanlar, o cümlədən ruslar çəlləklərdə çimirdilər. İndiyədək Avropada bir şam işığı ilə havanı isidən türk hamamının sirrini hələ də aça bilməmişlər. Rus tarixçi alimlərindən B.P.Qumilyovun, A.A.Qorskinin, İ.Y.Yermolovanın tədqiqat nəticələrinə əsasən o da məlum olmuşdur ki, köçəri adlandırılan türklər metaləridən sobalar ixtira etmişdilər. İnsanlar türklərin gəlişinə qədər də metal ilə tanış idilər. Lakin onlar metal əritməyi bacarmırdılar. Çünki metaləridən sobalardan xəbərsiz idilər. Onlar metal filizini əritmir, yandırırdılar. Metal bolluğu türkləri elmi-texniki kəşflərə gətirib çıxarmışdı. Onlar kürə tikməyi öyrənmişdilər. Bu, təkərin kəşfinə bərabər dəyərləndirilə bilər.
Türklər dəmir özül üzərində yüksəlmişdilər. Onlar atı əhliləşdirəndən sonra qılınc, nizə, xəncər meydana gəlmişdi. At minib çapmaq üçün süvari paltarı, o cümlədən şalvar icad etmişdilər.

Yeganə iş heyvanı at olduğundan at qoşulmuş arabaları təkərlər üstündə evə çevirmişdilər. Qışda isti, yayda sərin qalması üçün hər tərəfdən onu keçə örtüyə almışdılar. Keçə yağış yağanda islanmır, damcıları axıb yerə tökülürdü. Dünyanın heç bir yerində yundan türklər kimi çox tez bir vaxtda keçə düzəldə bilmirdilər. Keçə su keçirmədiyindən süvarilər ondan yapıncı kimi istifadə edir, başlarına yundan hazırlanmış keçə papaq qoyurdular. Keçədən arbabaşı deyilən gözəl xalçalar toxuyur, uzunboğaz keçə çəkmələr tikir, stepdə yaşayanlar yunu emal edərək özlərinə geyim əşyaları hazırlayırdılar. Dövrümüzdə step türklərinin vaxtilə keçədən hazırladıqları nazik yun materiallara fetr deyirlər.
Qıpçaq — ən qədim türk qəbilələrinə verilmiş addır. Doğrudan da sərt step ilə mübarizəyə ancaq güclü qəbilə tab gətirə, stepdə məskunlaşa bilərdi. Türklər öz talelərini özləri həll etdilər. Onları Altaydan qovmamışdılar. Özləri yeni həyat qurmaq üçün getmişdilər. Türk xalqının Hindistanda, Orta Asiyada, ən əsası isə Uralda və qədim Altayda vaxtilə qazanılmış zəngin həyat təcrübəsi var idi. Təəssüf ki, bunlar tarixçilər tərəfindən şərh olunmur, unutqanlıq, çox vaxt da ikili standart nümayiş etdirilir.
Həqiqətdə isə türklər stepdə qısa zaman kəsiyində şəhərlər, çayların üstündə körpülər salmış, suvarma kanalları çəkmişdilər. Bunlar türk xalqının nailiyyəti kimi yüksək dəyərləndirilməlidir.
Köçəri türklər təkərlər üstündə qurulmuş mənzillərində döşəmə üzərinə arbabaş deyilən keçə xalça salır, ortaya su qaynatmaq və yemək hazırlamaq üçün sumavar qoyurdular. Türk sumavarına hazırda rus samovarı deyilir ki, bu da həqiqətə uyğun deyil. Sumavar da, üç at qoşulmuş araba (ruslar ona «troyka» deyirlər) da türklərin böyük köçü zamanı meydana gəlmişdir. Türklər axşam düşəndə özlərinin mənzil-arabalarını dairəvi cəmləşdirməklə, bir növ, təhlükəsizlik qalası yaradırdılar.
Onlar stepə köç edəndən sonra da qədim məskənləri Altay dağlarının gözəlliklərini unutmurdular. Bunun nəticəsində stepdə türk mədəniyyətinin daha bir möcüzəsi — kurqanlar meydana gəlmişdi. Kurqanlar dağların əlilə düzəldilən surəti idi. Kurqanlar Altay ənənələrinin gözlə görünə bilən davamı kimi dəyərləndirilirdi.
Kurqanı xanın, yaxud digər görkəmli sərkərdənin dəfn olunduğu yerdə düzəldirdilər. Kurqan müqəddəs sayılırdı. Step qıpçaqları kurqanın yanında mərhumu yad edir, allah saydıqları Tenqriyə səcdə edirdilər. Mərasim əcdadların vəsiyyətlərinə tam riayət yolu ilə icra olunurdu.
Kurqanları öyrənən arxeoloqlar müəyyənləşdirmişdilər ki, step kurqanlarını torpaq tökməklə qaldırmır, inşa edirmişlər. Step qıpçaqları ilk vaxtlar ölənləri Altaydakı kimi dəfn edirdilər. Lakin stepin təbiəti fərqli olduğu üçün dəfn mərasimi ayrı cür keçirilməli idi. Halbuki ölmüş qəbilə adamlarını çox vaxt torpağa basdırmır, göylərə tapşırırdılar. Çünki qayalı dağlarda və əbədi donuşluqda qəbir qazmaq mümkün deyildi.
 
Altay dağları
 
Altaylılar mərhumun cəsədini ağ parçaya büküb müqəddəs saydıqları yerə aparar, hündür daş tava üstünə qoyandan sonra yaxın bir yerdə yağ hopdurulmış ağac budaqlarından tonqal qalayardılar. Yırtıcı quşlar tonqaldan qalxan tüstünün iyinə cəsədin yanına uçuşurdular. Bundan sonra vida daşının üzərində boz ləkələr və sür-sümük qalırdı. Belə «dəfn» mərasiminin öz fəlsəfi mənası vardı.
Türklər güman edirdilər ki, ölmək yeni həyata qovuşmaq deməkdir. Ona görə ki, insanın ruhu ölməzdir, insan öləndən sonra ruhu digər insanın və yaxud canlının daxilində özünə yer tapır. Düşünürdülər ki, ölənin cəsədini yeni həyata hədiyyə edirlər. Altaylılar digər hallarda ölənin cəsədini dağların başında torpağa basdırırdılar. Bu zaman torpaqda tirlərdən kiçicik «ev» tikirdilər. Belə qəbir-evciklər indiki dövr tabutlarının başlanğıcını qoymuşdur. Bu, qədim Altayda belə idi. Step şəraitində isə kara gəlmirdi. Odur ki, ölənləri torpağa basdırırdılar. Tanınmış adamları basdırandan sonra qəbrin üstünə dağ kimi yüksələn torpaq töküb kurqan düzəldir, zirvəsinə yırtıcı quşların yığışdıqları qədim qonaqlıq-vida daşını xatırladan abidə qoyurdular. Kurqanın içində tirlərdən kiçicik otaq qururdular. Mərhumun cəsədini həmin otağa qoyurdular. Oraya yemək, silah, müxtəlif əşyalar, öldürülmüş at və qul cəsədləri də qoyulurdu. Dəfn otağına yuxarı tərəfdən yeraltı yol da olurdu. Din xadimləri həmin yol ilə dəfn otağına düşürdülər. Kurqanların heç də hamısında yeraltı yol olmurdu. Ancaq müqəddəs sayılan şəxslərin və hökmdarların cəsədlərinin uyuduğu kurqanlarda yeraltı yol düzəldirdilər.
Kurqanlar türk torpaqlarının mənzərəsini tamam dəyişmişdi. Onlar yalnız türklərə məxsusluğu ilə tanınırdı. Qonşu xalqlar kurqan görəndə bilirdilər ki, həmin yerlər türk ərazisidir. Onların anlamında kurqan sərhəd demək idi.

Step kurqanları, bir növ, uzaqdan görünən mayak idi. Həmin səbəbdən də kurqanları yol boyu inşa edirdilər. Bu, ənənə kimi müasir dövrdə də davam etdirilir. Step məzarlıqlarını əsas gediş-gəlişli yol boyu salırlar.
Kurqan step adamı üçün səma altında ibadətgah idi. Giriş hissəsində «Haram» adlanan meydança düzəldirdilər. Həmin meydançada söhbət etmək haram sayılırdı. Orada ancaq ibadət etmək olardı. Kurqanın kəlləsində kərpicdən xeyməyə bənzər fiqur qoyurdular. IV əsrdə stepdə ilk məbədlər meydana gəlmişdi. Qıpçaqlar ibadət etdikləri həmin məbədlərə kilsə deyirdilər. Kilsə kaylasa sözündəndir. Kaylasa Tibetin qərb hissəsindəki əfsanəvi dağın adıdır.
Xeymə təsviri müqəddəs dağın konturlarının təkrarıdır. O, məhz həmin vaxtlarda ehram arxitekturasında bərqərar olmuşdur. Həmin təsvir türk dini mədəniyyətinin növbəti yeni əlaməti idi.
Böyük Altay türklərinin Avrasiya ərazisində məqsədli hərəkəti mədəniyyətin inkişafı idi. Türklər özlərinin yeni dövlətlərini yaratmaqla o zaman pərakəndə olan qədim dünyanı birləşdirmək əzmi göstərirdilər. Avrasiya məhz bu yolla tanınmışdı.
 

Müəllif: Arif HÜSEYNOV
Mənbə: anl.az

0 şərh