Xəzər xaqanlığı

Xəzər xaqanlığının ərazisi və məşğuliyyəti. Xəzərlər Sabir türklərinin davamçıları idi. 470-ci ildə Hun imperiyası dağılan­dan sonra Şərqi Avropa çöllərində yaşayan xalqlar müstəqillik qazandılar. VII əsrin əvvəllərində xəzərlər əvvəlcə Xəzər dənizinin qərb sahillərində yaşamış və sonra isə qərbə və şərqə yayılmışdılar. Xəzərlər Göytürk dövlətinin tərkibinə daxil olmuş, 634-cü ildə bu dövlət dağılandan sonra yenidən müstəqil olmuşdu. VII- IX əsrlərdə Şimali Qafqaz, Azov dənizi sahilləri, Krım yarımadasının bir hissəsi, Şərqi slavyanların bir qismi, Manqışlaqdan Aral gölünə qədər ərazi Xəzər xaqanlığına daxil idi.

Xəzərlərin paytaxtı 723-cü ilə kimi Səməndər, sonra isə İdil şəhəri olmuşdu. Şəhər Volqa çayının adı ilə adlandırılmışdır. X əsrlərdə oturaq əhali əkinçilik, maldarlıq, bağçılıq və bostançılıqla məşğul idi. Xəzərlərdə ovçuluq geniş yayılmışdı, onlar balıqçılıqla da məşğul olmuşdular. Şəhərlərdə sənətkarlıq inkişaf etmişdi.
Xəzər xaqanlığı VII-IX əsrlərdə qüdrətli dövlət idi. Ölkəni qeyri-məhdud hakimiyyətə malik xaqan idarə edirdi. Xaqanın baş məsləhətçisi irsi olan «məlik» və ya «xaqanbəyi» adlanırdı.

Şəhərlər. Ticarət əlaqələri.
Xəzərlərin əsas şəhərləri Səməndər, Sarkel, Bələncər, Tumtarakan, Xanbalıq, İdil idi. Xəzər xaqanlığında ticarət mühüm əhəmiyyətə malik idi. Xəzər xaqanlığının şəhərlərinə Skandinaviyadan xəz, kürk və s., Türküstandan ipək, qumaş, Bizansdan zinət əşyaları və s. gətirirdilər. Xəzərlərdə göytürk, yəhudi, ərəb, kiril əlifbaları işlənirdi. X əsrdə müsəlmanlıq yayılmağa başladı. Məscid, kilsə, sinaqoq, məbəd yanaşı tikilirdi. Əhalinin bir hissəsi yəhudi dinini qəbul etdi. Bu dindən meydana gələn məzhəb «qaray», buna mənsub olan türklərə «qarayimlər» deyirdilər. Xəzərlərin törəməsi olan qarayimlər müasir dövrdə Krımda, Polşada, Türkiyədə yaşayırlar.

Bizansla münasibətlər. Xəzərlər sasanilərə və ərəblərə qarşı mübarizədə Bizansla müttəfiq idi. Bizans sasanilərə və ərəblərə qarşı mübarizə aparmaq üçün dəfələrlə xəzərlərdən istifadə etmişdi. Xəzər xaqanının qızı Çiçək Bizans sarayına gəlin getmiş, onun oğlu VI Leon Bizans imperatoru olmuşdu. Xəzərlərin slavyanların üzərində böyük təsiri var idi, onlar Kiyev dövlətinin yaranmasına kömək etmişdilər. 839-cu ildə ilk slavyan birliyinin baş vəziri xaqan titulu daşıyırdı. Şərq slavyanları xəzərlərə tabe idi və onlara vergi verirdi. 882-ci ildə Oleq Kiyevi tutdu və Qədim Kiyev dövlətini Xəzər xaqanlığı nümunəsində yaratdı.

Xəzər - ərəb müharibələri.
Xəzərlər uzun müddət peçeneqlərə qarşı müharibə aparmışlar. VII əsrdə ərəblərin hücumu ilə əlaqədar xəzərlərin Azərbaycana marağı artdı. Xəzərlər 643, 653-cü ildə Bələncər yaxınlığında ərəbləri məğlub etdilər. 662-ci ildə Xəzərlər yenidən Bələncər yaxınlığında qalib gəldilər və Azərbaycana soxuldular. Alban hökmdarı Cavanşir Kür sahilində onları məğlub etdi. Xəzərlər 665-ci ildə hücuma keçdilər, lakin Cavanşir ərəblərə və xəzərlərə qarşı eyni zamanda mübarizənin çətin olmasını başa düşüb, xəzərlərlə sülh bağladı və Xəzər xaqanının qızı ilə evləndi.
Azərbaycanı ərəb qoşunu işğal etdi. Bundan sonra xəzər-ərəb müharibəsi yeni mərhələyə qədəm qoydu. 709-cu ildə xəzərlər hücum edib ərəbləri Dərbənd keçidindən qovdular, 724-cü ildə xəzərlər qıpcaqlarla ittifaq bağladılar, Arranda ərəbləri məğlub etdilər.
730-cu ildə xəzərlər hücum edib Ərdəbili tutdular, sonra Diyarbəkrə, oradan Mosula gəlib çıxdılar. Xəzərlərin hücumu Xilat şəhəri yaxınlığında dayandırıldı. Ərəblər əks hücuma keçdilər, Səməndərə qədər irəlilədilər, şəhəri tuta bilmədilər, böyük qənimətlə Dərbəndə qayıtdılar. 150 minlik qoşunla hücuma keçib xəzərlərin bütün ordusunu məhv etdilər. Xaqan sülh bağladı, islamı qəbul etdi. Xəzər-ərəb müharibəsi qurtardı, Xəzər xaqanlığı zəiflədi.

Xəzər xaqan
lığının dağılması. Xaqanlığın əyanlarının hamısı islamı qəbul etmədi, onların bir hissəsi yəhudi (iudaizm) dinini yaymağa başladılar. Xəzər xaqanı Obadi 790-cı ildə iudaizmi xaqanlığın rəsmi dini elan etdi, lakin onu və oğlanlarını öldürdülər. Hakimiyyətə Obadinin qardaşı keçdi. O, ölkəyə hücum edən peçeneqləri Dneprə qədər qovdu. Daxili çəkişmələr Xəzər xaqanlığını zəiflətdi. 965-ci ildə Kiyev knyazı Svyatoslavın hücumu Xəzər xaqanlığının dağılmasının başlanğıcını qoydu. O, Səməndər və Sarkel şəhərlərini dağıtdı. Svyatoslav Sarkel şəhərinin yerində Belaya Veja adlı qala tikdirdi. Xəzərlərin bir qismi Krıma, bir qismi də Şimali Qafqaza çəkildi. Şimali Qafqaza çəkilən xəzərlər indiki qaraçay türklərinin ulu babaları idi. X əsrdə Xəzər xaqanlı­ğına son qoyuldu, lakin -xəzərlərin adı hələ XII əsr mənbələrində çəkilirdi.

15 şərh

2ral
Məncə orta əsrlər bloquna daxil etsəydin daha yaxşı olardı.
papatürk
Niyə? Xəzərlər türk deyillər?Şəhərlərin adına baxmaq kifayətdir,türk adlarıdır.
2ral
Xəzər hökmdarlarının da adına baxmaq kifayətdir — Xanuka,İsaak,Zavulon,Yusif(İosif) ,Benyamin,  Harun(Aaron). Onlar da türk adlarıdır?
Elvin85
Azərbaycan hökmdarlarınln adlarına da bax, Məhəmməd, Həsən, Hüseyn, İsmayıl, Abbas ....  Deməli onlar ərəb imiş, bilmirmişik :)
2ral
Şərhim papatürkə cavab idi.O şəhərlərin adını arqument gətirə bilir,mən hökmdar adlarını yox?Bu bir.İkincisi də Həsən,Məhəmməd adları Hindistandan tutmuş Mərakeşə qədər hər yerdə var.Amma Xanuka yaxud Zavulon yalnız yəhudilərdə olur.
Məqsədim heç də adları əldə arqument tutmaq deyil.Demək istəyirəm ki,xəzərlərin türk olduğuna aid tutarlı sübutlar da yoxdur.
papatürk
Dinin milliyətə nə dəxli? Yəhudi adı daşımaq yəhudi olmaq deyil. Xəzərlər türkdür. Hətta Azərbaycan sözünün özündə də Xəzərbaycan tapmaq mümkündür.Farsların azər sözündənsə bu daha ağlabatan görünür. Boş yerə dənizi də Xəzər dənizi adlandırmırıq. Xəzərlər türkdür və Azərbaycanlıların etnogenezində də böyük rol oynayıblar.
Yəqin ki,A.Kestlerin yarıfantastik fikirlərinə inanmırsan:) Xəzərləri yəhudi hesab etmək olmaz. İndi aşkenazi yəhudilərinin kökünün xəzərlər olması çox dəbdədir:)
2ral
Papatürk,nəzərinə ruscadan sitat gətirirəm:
Эндрю Винклер, сам еврей по национальности, в своем интервью, данном в марте 2008 года, говорит: «Евреи не могут считаться расой, потому что современное еврейство имеет три этнически разные группы: «Ашкеназы, сефарды и восточные евреи. Самая большая этническая группа (90%) – европейские евреи или ашкеназы, являются потомками этнических тюрков-хазар. Вторая по численности группа составляет 8%. Это афро-иберийские сефарды, которые также не являются семитами. Они – потомки племени северо-африканских берберов, которые приняли иудаизм в третьем веке н.э. и только 2% современных евреев являются восточными евреями, которые имеют действительно израильское, семитское происхождение.
Bu bir. ikincisi,xəzərlərin türk olduğuna aid sübut istəyirəm. Tam tarixi sübut,daha fərziyyə yox. İndiyə kimi Xəzərlər haqda tapılmış qədim əlyazmalar yəhudi dilindədir(ərəb,bizans,rus mənbələrini saymıram,məhz xəzər xaqanlığındakı tarixi sənədlərdən danışıram), tapılmış bir-iki tanınmamış yazının isə türklərə aid olduğu sübut olunmub.
papatürk

2ral,elə həmin Kestler deyir ki,xəzərlər 13-cü qol yəhudilər kimi bir şeydir.Etnik cəhətdən yəhudi deyillər,amma dini cəhətdən hə.


Mesopotamiyadan qaçmış yəhudilər əgər Xəzər xaqanlığına gəlirsə və xaqan onların dinini(iudaizm) qəbul edirsə,bu o demək deyil ki,xəzərlər yəhudi mənşəlidir. Yəhudi yazısından fərqli olaraq xəzər yazısı başqa cürdür. Həm də məntiqlə fikirləşsək, Xəzər xaqanlığı Böyük Türk xaqanlığından sonra yaranıb.Yanında Bulqarlar,hunlar,sabirlər olub. Çox böyük ehtimalla xəzərlər də türk mənşəli olmalıdır.

2ral
Saytın tarixçisi sən olduğu üçün mübahisə etmirəm. Qoy bu bloqda da qalsın.amma mənə xəzərlərin türk olduğu barədə sübut tapmalısan.Düzdür,olmayan şeyi tapmaq olmur,amma cəh et:)
Elvin85
Xəzərlərin türk olmadığını düşünənlərdən də var imiş, «afərin». :) maraqlıdır, yəqin ki tarixçi istifadəçilərdən biri sübut yazar. hələliksə http://en.wikipedia.org/wiki/Khazars bu linkə bir bax, orda mənbələr də var.
2ral
Heç bir şey yoxdur orda. Xəzərlərin mənşəyinə aid tutarlı bir şey yoxdur. Sadəcə türkdilli olmaları fərz olunur. bəlkə də fantastik olacaq,amma bir yəhudi linqvistinin türk və yəhudi dillərinin oxşarlığına aid maraqlı məqaləsi çıxmışdı.Vaxt tapan kimi qoyacam bura. Yeri gəlmişkən, xaqan sözü ilə kaqan,eləcə də aşkenazilər arasında məşhur Kaqanoviç familiyası arasında oxşarlıq da maraqlıdır.
Elvin85
Haqlısan bu fikirlərində,türklərin altayda, yəhudilərin yaxın şərqdə, filankəsin filan yerdə formalaşması deyilsə də, heç kim bunu tam dəqiq deyə bilməz, bilmək olmaz kim vaxtilə hardan-hara köçüb, ona görə də bu sahə çox maraqlı və araşdırılmağa çox ehtiyacı olan sahədir,gələcəkdə yəqin ki daha dəqiq xəritəsi çəkiləcək xalqların mənşəyinin-miqrasiyasının və.s. Amma tarixçi olmasam da mən oxuyan qədəri ilə bilirəm ki yəhudilik məsələsi ilə xəzərlərin arasında heç bir qədim bağlılıq yoxdur, o sadəcə konkret bir hökmdarın inisiativindın doğan və əvvəlki xəzərlərlə heç bir əlaqəsi olmayan akt olub. Sadəcə ümmət-millət məsələsi yəhudilərdə fərqlidir, ziddiyət də burdan yaranıb.
2ral
sadəcə konkret bir hökmdarın inisiativindın doğan....
Hər şey daha mürəkkəbbdir. yəhudlər indiki Xazariya ərazisinə köç edəndən sonra ən mühüm etnosiyasi amilə çevriliblər.Hətta Kordova xilafətinin yəhudi vəziri ilə Xəzər xaqanı arasında yazışmalar da var. Bir maraqlı fakt da var. İudaizm yəhudi oğlanlara yalnız yəhudi qızlarla evlənməyi məvbur edir.Xəzər xaqanlığında olan yəhudi oğlanlar qız sarıdan korluq çəkirmişlər. Hətta Macarıstana elçi göndərib vakant qızlar da istəyiblər:)
Çox güman ki,xəzər xaqanlığı süqut edəndən sonra yəhudilər Şərqi Avropaya yayılıb və müasir aşkenazilərin əcdadı olublar.
Elvin85
Hiss olunur ki, sən sadəcə istəyirsən ki bu belə olsun, mövzunu da məhz bu istəkdən-süzgəcdən keçirib araşdırmısan. Düzdür mən də müəyyən əks-istəkdəyəm, amma məni başa düşmək olar, mən türkəm :) Ona görə də obyektiv olmaq ən yaxşısıdır, obyektiv olanda isə Xəzərlərin türk olduğu aydın görünür, nə qədər çox araşdırsan, o qədər çox. Yox əgər sən sübütu Xəzər xaqanının adından sənə ünvanlanmış şəxsi məktub şəklində olmasını istəyirsənsə, hə onda sən heç vaxt sübut əldə etməyəcəksən. :)
cenubzade
deyrem goresen men kimem?erebem monqolam rusam farsam yoxsa turkem?